Kateqoriya: Dənli və texniki bitkilər
Məhsulun adı / Kodu: Buğda Toxumu Murov-2 R1 / Agro Dairy 50 kq / 121
Sort 2011-ci ildən Azərbaycan Respublikasının seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxildir və patentlə mühafizə olunur
Mənşəyi: Sort Amerika mənşəli Weels sortu ilə Spartanka (Rusiya) sortunun növdaxili hibridlərindən fərdi seçmə yolu ilə alınmışdır.
Ümumi xarakteristikası
Sort ortaboylu (98-105 sm) olub, yatmaya qarşı davamlıdır. Üçillik orta vegetasiya müddəti 202 gün olub bölgə üçün digər rayonlaşmış sortlardan 3-4 gün tez yetişir.
Növmüxtəlifliyi
Lütessensdir. Sünbülü ağ rəngdə, qılçıqsız, iyvaridir. Sünbülcüklər sünbül oxunda orta sıxlıqdadır. Sünbülcük pulcuğu oval formada olub sinirlənməsi və tilin görünüşü güclüdür. Sünbülcük pulcuğunun dişciyi
qisa, küt, çiyni ensizdir. Sortun dəni iri, qırmızı rəngdə və yumurtavari formada olub şırımın xarakteri dayaz və qayəsi tüklüdür.
Məhsuldarlığı
İnstitutun Tərtər Bölgə Təcrübə Stansiyasında orta məhsuldarlığı suvarmada 5,95 t/ha olmuşdur ki, bu da standartdan 0,4-0,7 t/ha yüksəkdir. Sortun potensial məhsuldarlığı 6,5-7,0 t/ ha-dır
Dənin keyfiyyəti
1000 dənin kütləsi 45,2-53,4 qramdır. Dənin şüşəvariliyi 82-100% arasında dəyişir. Dəndə zülalın miqdarı 15,3-16,7%, kleykovinanın miqdarı isə 30-32%-dir
Xəstəliklərə və iqlim şəraitinə davamlılğı
Sort pas xəstəliklərinə qarşı orta davamlıdır. Sürmə xəstəliklərinə süni fonda az miqdarda sirayətlənir. Qışlaması yaxşıdır
Becərilmə bölgələri və sələfləri
Sort respublikanın suvarılan aran və həmçinin nəmliklə təmin olunmuş dağətəyi bölgələrdə becərilməsi məsləhət görülür. Suvarma bölgələrində sort üçün ən yaxşı sələf çoxillik bitkilər və cərgəarası becərilən
bitkilər, dağətəyi bölgələrdə isə qara və bitkili heriklər hesab olunur.
Səpin müddəti
Suvarma şəraitində sort üçün optimal səpin müddəti oktyabrın ikinci və noyabrın birinci, dağətəyi dəmyə şəraitində isə sentyabrın ikinci və noyabrın birinci ongünlükləri aralıqları hesab olunur
Səpin norması
Suvarma şəraitində hektara 4,5-5,0 milyon, dağətəyi dəmyə şəraitində isə 4,0-4,5 milyon cücərən toxum səpilməsi tövsiyə olunur.
Gübrə norması
Sort üçün ən yüksək gübrə normaları, hektara təsiredici maddə hesabı ilə 80-100 kq fosfor, 40-60 kq kalium və 90-120 kq azot gübrələrin verilməsi hesab olunur.