Ədalətsizliyin qarşısını yanğından daha tez alan insanlar olur bəzən….
Həddindən çox ədalət həddindən böyük ədalətsizlikdir. (Siseron)
İnsanlar haqsızlığa uğradıqda, ədalətsizliklə üzləşdikdə hansı duyğuları, hisləri keçirirlər? Hamımızda bu duyğular adekvatmı olur? Hamımız ədalətsizliklə üzləşəndə buna eyni cür reaksiya veririkmi? Və yaxud hamımız bu hissi lazım olan yerdə, lazım olan zamanda keçiririkmi? Yoxsa bəzi insanlarda bu hal patalogiyaya çevrilib?
İnsanlar nə zaman ədalətsizliklə üzləşdiklərini hiss edirlər?
Gərəyincə qiymətləndirilmədiklərini düşündüklərində və hörmətsizliklə qarşılaşdıqları zaman. Maraqlı bir nüans var ki, bəzi psixoloqlar eyni zamanda düşünürlər ki, əks vəziyyətlərdə də, yəni insanlar əslində layiq olduqlarından daha çox dəyər gördükdə də ədalətsizliyə uğradıqlarını düşünürlər.
Bu hiss insanın inkşafının hansı dövründə yaranmağa başlayır? Təbii ki, insanın özünü dərk etməyə başladığı dövrdə, 3-5 yaş aralığında.
Əgər valideyn uşağa qarşı soyuq davranırsa və ona nöqsanlarını deməyə çəkinirsə bu zaman gələcəkdə həmin uşaqlarda haqsızlığa uğramışlıq hissi baş qaldırır. Eləcə də çox əsəbi, daim nöqsanlardan, səhvlərdən şikayət edən, qışqıran valideynlərə sahib uşaqlarda da bu cür problemlər yaranır.
Maraqlıdır ki, ədalətsizliklə üzləşmiş insanların haqq, ədalət haqqın da fikirləri adətən digər insanlarınkından fərqlənir. Məsələ burasındadır ki, digər, özgə insanların fikrincə ən ədalətli hökm – zərər verəni, haqq-ədaləti pozanı cəzalandırmaqdır. Lakin haqqı tapdalanmış insanlar isə dəyimiş zərərin kompensasiya olunmasını, məsələn, pulla zərərin ödənilməsi variantını daha üstün tuturlar.
Nyu-York universitetinin psixoloqu Oriel Feldman Hallun başçılığı altında belə bir eksperiment keçirilir. Eksperimentin məqsədi bu suala cavab tapmaq idi: İnsanlar haqsızlığa düçar olduqda ədalət mövhumunu necə başa düşür və reaksiyları necə olur? Eksperimentin 1-ci hissəsində 100-dən çox insan iki-iki qruplaşaraq iştirak etmişdir. İştirakçılardan birinə tapşırılır ki, dəyəri 10$ olan piroqu istədiyi nisbətdə 2 yerə bölsün. İkinci iştirakçının isə bir neçə seçimi ola bilər: bu bölgü ilə razılaşa bilər, birinci iştirakçının payını azaltmaqla onu cəzalandıra bilər, “zərərin” pulla ödənilməsini tələb edə bilər və bölgünü tərsinə tətbiq edə bilər, tərəf müqabilinə ona verdiyi hissəni qaytara bilər.
Nəticələr təəccübləndirici oldu. İştirakçıların əksəriyyəti ən “qisasçı” variant olan tərs bölgüdən imtina edərək, “zərərin” pulla ödənilməsi variantını seçdilər. Hətta tərəf müqabili pirqoun bölünməsi zamanı 10 hissədən 9-unu özünə götürsə də.
Eksperimentin 2-ci hissəsinə 3-cü şəxs daxil edilir. Hansı ki, müşahidəçi mövqeyindən çıxış edir və öz fikirlərini bildirmək hüququna malik olur. İkinci iştirakçı hansı variantı seçməli idi, necə reaksiya veməli idi, ədalətli hökm əslində necə olmalı idi suallarına cavab verir. Məlum oldu ki, müşahidəçi daha çox tərs bölgü variantını üstün tutur. Hansı ki, mövcud variantlar içərisində ən qəddarı idi. Və o, pulla ədalətin bərpa olunması variantından qəti şəkildə imtina edirdi.
Eksperimentin sonunda isə iştirakçılar – “qurban”, “zərər verən”, “müşahidəçi” növbə ilə öz rollarını dəyişirlər. Məlum oldu ki, bu insanlar öz rollarından asılı olaraq özlərini müxtəlif cür aparırlar.
Bəzi insanlar isə mövcud vəziyyətdən və reallıqdan asılı olmayaraq özlərinin daim haqsızlığa uğradığını hiss edirlər.
Özünün daim haqsızlığa uğradığını hiss edən insanlar çox həssas xarakter tipinə malik olurlar və bu xüsusiyyətlərini gizlətmək üçün böyük səy göstərirlər. Haqlarını tələb etmək bu insanların başlıca işidir.
Hər zaman mükəmməl olmağa çalışır, bütün işlərini mükəmməl bir şəkildə yerinə yetirmək istəyirlər. Çünki belə insanlar mükəmməlliyin özü ilə bərabər haqq, ədalət də gətirdiyinə inanırlar. Mükəmməliyyətçi insan tipinə malik olduqları üçün daim vaxt azlığından şikayət edirlər. Əgər “buna mən sahib olmalıyam” dedikləri şeyə başqası sahib olubsa qısqanclıq və paxıllıq hissi onları rahat buraxmır. Problemləriylə üzləşməyi bacarmırlar. Problemləri həll etməkdənsə onlardan qaçmağı üstün tuturlar. Hislərini ətrafdakı insanlardan gizlətmək və soyuqqanlı davranmaq bu insanlar üçün çox asandır.
Məsuliyyəti öz üzərinə götürmək bu tip insanların işidir. Əylənməkdənsə işləməyi üstün tuturlar. Hətta öz işləri olmasa belə boşuna vaxt keçirtməmək üçün başqalarına kömək edirlər. Bu tip insanlar həyatı boyu haqq-ədaləti bərpa etməyə çalışırlar, amma əslində ən böyük haqsızlığı məhz özlərinə qarşı edirlər. Çünki, istədikləri bir şeyə layiq olub olmadıqları haqqında daim düşünürlər. Daim başqalarına kömək etmək haqqında düşünürlər, hətta buna özlərini məcbur hiss edirlər. Bu insanlar üçün “şans” anlayışı yoxdur. Buna görə də özlərini şanslı adlandıran insanlara həmişə etiraz edirlər. İnsan layiq olduğunu alır düşüncəsi ilə yaşayırlar. İnsanlara öz sevgilərini göstərməkdə acizdirlər.
Əslində isə ən böyük haqsızlığı özlərinə qarşı etdiklərinin fərqinə varsalar bu vəziyyətdən xilas ola bilərlər. Mükəmməlliyətçilikdən uzaqlaşmaq, öz müsbət yönlərini kəşf etmək, özünə çox yüklənməmək, əyləncəyə və istirahətə vaxt ayırmaq bu tip insanlar üçün çox vacibdir.
Ədalətli olmaq və ədaləti bərpa etməyə çalışmaq çox gözəl keyfiyyətlərdir. Amma, gəlin bu işi də normasında edək. Axı, bəzən ədalətin özü də ədalətli olmur!
Aytən Eminova
Bakı Dövlət Universiteti, Psxiologiya və Sosial Elmlər fakultəsi