Saçlara qulluq edilməsində əsas şərt onların yuyulmasıdır. Mütəxəssislər uzun müddət saçları hansı tezlikdə yumaq lazım olması barədə xeyli mübahisə etdikdən sonra, belə qərara gəlmişlər ki, onları çirkləndikcə yumaq lazımdır.
Konkret bir rəqəm göstərmək çətindir, çünki saçların çirklənməsinin tezliyi bir sıra faktorlardan asılı olur: dəri və saçların tipindən, onların uzunluğundan, xanımın işin xarakterindən, ilin fəsillərindən və s. Saçları yağlı olanlar saçları normal və quru olanlara nisbətən, onları daha tez-tez yuyurlar. Qış aylarında saçlar daha tez çirklənir, çünki baş örtükləri baş dərisini “normal nəfəs almağa” qoymur ki, bunun da nəticəsində dəri daha çox piy ifraz edir. Saçlarını yığmaq üçün hər gün müxtəlif vasitələrdən (gellər, muslar, laklar) istifadə edənlərə saçlarını hər gün yumaq məsləhət görülür, çünki bu vasitələr saçları ağırlaşdırır ki, bu da onların keyfiyyətinə pis təsir edir. Saçların gündəlik yuyulmasında məhz bu məqsəd üçün nəzərdə tutulmuş yumşaq şampunlardan istifadə etmək lazımdır (bu barədə qablamanın üzərindəki qeydləri oxuyun).
Saçları isti su ilə yumaq olmaz, ancaq soyuq su ilə də yumaqdan çəkinmək lazımdır. Saçları yuyarkən suyun temperaturu təxminən 36-37° C olmalıdır. Saçlar nə qədər çox yağlı olsalar, onların yuyulması üçün istifadə edilən su da bir o qədər sərin olmalıdır.
Saçları yuyarkən başın dərisini bərk sürtmək olmaz, yuyucu hərəkətlər yumşaq və yüngül olmalıdır.
Heç bir halda nəm, kifayət qədər qurudulmamış saçlarla yatmaq olmaz. Yaş saçlar quruyarkən dəri uzun müddət ərzində soyuyur. Nəticədə dəridə qan dövranı və saçların qidalanması da pisləşir. Bütün bunlar saçların inkişafına pis təsir edərək onların daha güclü şəkildə tökülməsinə səbəb ola bilər.
Saçların yuyulması üçün vacib olan tələblərdən biri suyun yumşaq olmasıdır. Cod su saçların yuyulması üçün yararlı deyil. Saçların cod su ilə yuyulması onları nəinki təmizləmir, hətta onların zədələnməsinə səbəb olur! Cod su saçları təmizləyə bilməz. Onun tərkibində olan kalsium, maqnezium duzları sabun və dəri piyi ilə birləşərək suda həll olmayan çöküntülər əmələ gətirir. Bu çöküntülər də boz-ağ rəngli yapışqan qatla saçları örtür. Nəticədə saçlar bir-birinə yapışır, quruduqda isə quru və bərkimiş olaraq asanlıqla qırılırlar. Mənzillərimizə gələn və tərkibində bir sıra zərərli qarışıqlar (xlor, ağır metalların duzları və s.) olan su da, adətən, cod olur. Saçlar suyun tərkibində olan zərərli maddələri dərimizə nisbətən daha asanlıqla özlərinə hopdurur. Məhz buna görə iri şəhərlərin sakinləri saç problemləri ilə daha çox üzləşir və keçəlləşmədən daha çox əziyyət çəkirlər.
Beləliklə, saçların yuyulması üçün yalnız yumşaq sudan istifadə etmək lazımdır. Saçları qaynadılmış su ilə yumaq daha yaxşıdır. Əgər bunun üçün kifayət qədər vaxtınız olmazsa, suyun yumşaldılması üçün ona aşağıdakı tərkibləri əlavə etmək olar: çay sodası (1 litr suya 1 çay qaşığı), naşatır spirti (2 litr suya 1 çay qaşığı), boraks (2 litr suya 1 çay qaşığı) və ya qliserin (1 litr suya 1 çay qaşığı). Ən pis halda saçları kran suyu ilə yuyub sonra mütləq yumşaq su ilə yaxalamaq lazımdır.
Saçların yaxalanmasını onun möhkəmlənməsi ilə bir yerdə aparmaq olar. İstənilən tip saçların daha parlaq olması üçün onları turşu tərkibli su ilə yaxalamaq lazımdır. Sarısaç qadınlar üçün aşağıdakı tərkib məsləhət görülür: 1 litr suya ½ limon şirəsi. Tündsaçlı qadınlar üçün – 1 litr suya 1 xörək qaşığı 6%-li sirkə.
Bəs saçları nə ilə yumaq lazımdır? Ancaq şampunla! Hətta ən yaxşı sabun da baş dərisində və saçlarda olan qoruyucu su-lipid təbəqəni məhv edir. Nəticədə saçlar xeyli dərəcədə quru olur və daha asanlıqla qırılırlar. Bundan başqa, sabun cod su ilə qarışdıqda saçların üzərində boz tutqun ərpin əmələ gəlməsinə də səbəb olur. Heç bir halda saçları paltar sabunu ilə yumaq olmaz! O, saçlar üçün çox zərərlidir.
Sampunlar saçların yuyulması üçün bu gün ən yaxşı yuyucu vasitə hesab olunur. Ancaq şampun seçərkən xeyli ehtiyatlı olmaq lazımdır. İlk növbədə şampunu fərdi saç tipinizə görə seçmək tövsiyə olunur. Ancaq normal saçları “bütün saç tipləri üçün” sampunlarla yumaq olar. Quru və yağlı saçları mütləq ancaq bu tip saçlar üçün nəzərdə tutulan şampunla yumaq lazımdır. Əgər sizin saçlarınız qurudursa, onların yuyulması üçün “quru saçlar üçün” olan istənilən şampundan istifadə etmək də tam şəkildə düzgün deyil. Axtara-axtara “öz” şampununuzu tapmaq lazımdır. İstifadə edilən şampunları tez-tez dəyişmək olarmı? Əgər siz saçınıza tam şəkildə uyğun gələn şampun seçmisinizsə, ondan istədiyiniz müddət ərzində istifadə edə bilərsiniz. Şampunu ancaq saçlarınız, məsələn, daha yağlı və ya daha quru olduğu halda dəyişmək olar.
Saçları bu qaydalara əsasən yumaq lazımdır:
- Saçların daranması. Saçları yumağa başlarkən, xüsusən də saçlar uzun olduqda, öncədən onları yaxşıca daramaq lazımdır.
- Saçların ilıq su ilə tam isladılması.
- Saçlara şampun sürtülməsi. Saçları kifayət qədər nəmləndirdikdən sonra ovuclarınıza bir qədər (çox yox!) şampun tökərək onları birbirinə sürtərək yavaş-yavaş və səliqə ilə başın dərisinə çəkin. Heç bir zaman şampunu bilavasitə başınıza tökməyin və saçların yuyulmasında lazım olduğundan artıq şampun istifadə etməyin!
- Təzyiq edilmədən saçların ilkin yuyulması. Ovuclarınızla şampunu köpükləndirərək onunla saçlarınızı yuyun. Bu zaman saçların zədələnməməsi üçün onları möhkəm ovxalamayın.
- Saçların ilıq su ilə yaxalanması. Birinci sabunlamadan sonra, həll olmuş çirk hissəciklərinin yuyulmaqla xaric edilməsi üçün saçları təmiz su ilə yaxşı yaxalamaq lazımdır.
- Saçların “təkrar” sabunlanması. Şampunu bir daha başa çəkərək köpükləndirin. Saçların şampunla təkrar yuyulması vacibdir. Belə ki, ilkin yuyulma zamanı onların üzərindən toz və çirk xaric olunur və yalnız ikinci dəfə məhz onların özünün yuyulması baş verir.
- Başın əsas yuyulmasını onun masajı ilə birgə etmək olar.
- Saçların yaxalanması. Saçlarınızı çox diqqətlə yuyun və yaxalayın ki, çirk və şampunun qalıqlarından tamamilə təmizlənsin.
- Saçların son yaxalanması. Bu bənd saçlarını cod su ilə yumağa məcbur olanlar üçündür. Saçlarınızı yaxşı-yaxşı yuduqdan sonra, onları əvvəlcədən hazırlanmış yumşaq su ilə yaxalayın (suyun yumşaldılması haqqında yuxarıda oxuya bilərsiniz).
- Saçların qurudulması. Saçları yuyub qurtardıqdan sonra onları səliqə ilə dəsmalla sıxıb qurutmaq lazımdır. Bu zaman bir qədər qızdırılmış dəsmaldan (xüsusən də qış aylarında) istifadə etmək daha məqsədəuyğundur. Əgər istilik tələb edən xüsusi müalicəvi vasitədən istifadə etmirsinizsə, saçları uzun müddət dəsmalın içində saxlamayın. Nəmliyin saçlara uzun müddət ərzində təsir etməsi zərərlidir. Eyni zamanda onları isti fenlə, peçin quru istiliyi və ya isti günəş altında qurutmaq da çox zərərli hesab edilir. Bu halda saçlar həddindən artıq quruyur, kövrək, davamsız olur, öz parıltılığını itirir və onların qidalanması da pozulur. Saçları fenlə qurudarkən onun istiliyi çox olmamalı və qurudulması uzun müddət davam etməməlidir. Üz dərisinin, fenin havasının təsirindən həddindən artıq qurumaması üçün, öncədən üzün dərisinə krem vurmaq yaxşı olar. Hər dəfə imkan olduqca, saçları yuduqdan sonra açıq havada qurutmağa çalışın.
joy.az