Özünə qayıdır hər şey, özünə,
…Günəş istisini çəkir içinə,
Küləklər hirsini çəkir içinə,
ətrini içinə çəkir çiçəklər.
Özünə qayıdır hər şey, özünə,
Qoy, ana, başımı qoyum dizinə,
mən də qayıtmışam…
(Ramiz Rövşən)
Bu hal nə zaman baş verir? Ümumiyyətlə, tez-tezmi təkrar olunur. Psixologiyada belə bir anlayış var: Psixoloji travma. Bu travma haqqında danışaq, amma kişilərin timsalında. Xanımlar inciməsinlər deyə.
Travma nədir? özünü hansı hallarda büruzə verir?
Öncə onu qeyd etmək istərdik ki, travma hələ uşaqlıqdan – hansısa xoşagəlməz hadisədən sonra yaranır. Valideynin övladına dediyi hər hansı bir düşünülməmiş söz travma şəklində onun gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərə bilər. Bunun bəsit nümunəsini indinin özündə belə bir qisim valideynlərin övladlarına arzuolunmaz övlad olduqlarını az qala hər gün xatırlatmalarında görə bilərik. “Oğlan doğulmalıydın, sonra bildik qızsan”, “Səni istəmirdik, artıq gec idi, ona görə də dünyaya gətirdim”, bir az da qabağa gedib “sən doğulan günə daş düşəydi” və s. formada etirazlarını bildirirlər.
Kimsə deyə bilər: “Burada nə var ki? Ana qarğışı alqışdı, narahat olmağa dəyməz. Razıyıq, bu sözlərdən heç kim ölmür. Ancaq məsələ də burasındadır ki ölsəydi, ondan yaxşı olardı. Çünki həyatının qalan hissəsi bu sözün yaratmış olduğu duyğu və düşüncələr üzərində formalaşır. Dolayısı ilə uşaqların gələcəyini bu sözlər formalaşdırır. Artıq psixologiya elmi bunun doğru olduğunu bir fakt kimi ortaya qoyur və psixoloji travma kimi dəyərləndirir.
Yuxarıda valideynin övladına vurmuş olduğu bir travmatik situasiyanı xatırlatdıq. Məsələ bununla bitmir. Bitsəydi, nə dərdimiz qalacaqdı ki? Sonradan özümüzün qazandığımız, yəni “halal” travmalarımız da ortaya çıxır. Bunlardan ən geniş yayılmış olanı el dilində “sevgi travmaları” adlandırılan nəsnəni bir qədər dartışdırmaq istərdik. Baxaq içindən nələr çıxır və ya çıxarırıq.
“Sevgi travmaları” əsasən uşaqlıq dövründə formalaşır, yeniyetməlikdə daha da möhkəmlənir. Necə formalaşır? Məsələnin maraqlı tərəfi də bundan sonra gəlir.
Öncə onu qeyd edək ki, oğlan uşaqlarının böyük bir qisminin ilk sevgilisi öz doğmaca anaları olur. Bunu xırda bir müşahidə ilə valideynlər oğlan övladlarında müşahidə edə bilərlər. Ananı ataya qısqanmaq, atası kimi hərəkət etmək, ananın yanında ataya “şiddət”…
6 yaşına qədər bu hal uşaqlarda intensiv müşahidə edilir. 6 yaşdan sonra isə proses nisbətən səngiməyə başlayır. Psixoanalizdə buna latent (gizli) deyirlər. Elə həmin psixoanalizdə oğlanın anasına olan sevgisi “Edip kompleksi” adlandırılır. Bu ifadəni elmə Ziqmund Freyd gətirmişdi…
Rəvayətə görə, Çar Edip bilməyərəkdən atasını öldürüb anası ilə ailə qurur. Bu izdivacdan övladları dünyaya gəlir. Bir müddət sonra onların yaşadıqları şəhəri vəba xəstəliyi bürüyür. Kahinlərlə məsləhətləşmədən bəlli olur ki, oğul anasıyla evləndiyi üçün şəhər lənətlənib və xəstəlik yayılıb. İnsanlar o şəhəri tərk edirlər. Edip gözlərini oyur, anası Lokaste isə özünü asır.
Freyd bu mifdə həqiqət payını axtarırdı. Hansı istiqamətdə? Uşaqların əks cinsdən olan valideynlərinə qarşı bəslədikləri sevgi istiqamətində.
Eyni situasiyaya qəbul etmək istəməsək belə, gündəlik həyatımızda rast gəlirik. Bir oğlanın özündən yaşca böyük xanımı sevməsi, bağçada tərbiyəçiyə, orta məktəbdə dərs deyən müəlliməsinə vurulmaları buna misal ola bilər.
Bu prosesin özündə qəribə məqamlar var. Hər insanın sevgi modeli özünəməxsusdur. Ancaq onların əksəriyyətini birləşdirən bir məqam var. Axtarsaq, onların böyük bir qismində ana ştrixini tapa bilərik. Bu nədən qaynaqlanır. Bizə bu lazımdımı?
Məsələ burasındadır ki, hamımız hələ uşaqlıqdan həyatın fani olduğunu bilirik. “Bir gün gələn, bir gün gedər” deyib babalarımız. Ancaq uşaqlıqda biz ölümü qocalıqla bağlayırdıq. Yəni insan yalnız qocalanda ölür. Cavan ölümləri isə ölüm yox, “harasa gedib, gələcək” kimi anlayırdıq. Şüuraltı olaraq anamızın bizdən əvvəl öləcəyini düşünürdük. Ona görə də alternativlər axtarırdıq. Məsələn, anamızı gələcəkdə əvəz edə biləcək sevgilini. Tapdığımızda dayandıq, tapmayanda uzaqlaşdıq. Yenidən tapmaq üçün.
Mövzunu uzatmaq da olar. Misal üçün indinin özündə belə bəzən oğlanlar sevdiyi qıza “sən anam kimi deyilsən” deyə irad tuturlar. Başqa bir zamanda bu mövzuya yenidən qayıtmağa çalışarıq. Hələlik isə yazımızı Salam Sarvanın misraları ilə bitirmək istəyirik:
Mən səni sevmirəm, sənin qoynuna,
Səndən gizlənməyə girmişəm qadın!
1937.az