Gün ərzində ətrafımızdakı insanlarda gördüyümüz lakin nə olduğunu bilmədiyimiz, bəzən isə adını eşidib təzahür formalarından xəbərsiz olduğumuz bir nevroloji problemdən məhs edəcəyik.
Tik nədir?
Tiklər istənməyərəkdən, ani olaraq özünü göstərən, özünəməxsus xüsusiyyətləri ilə fərqlənən, hər hansı bir məqsədə xidmət etməyən əzələ sıxılmasıdır.Hərəkət çox zaman refleks şəklində insanın iradəsindən asılı olmadan təkrarlanır. Oğlanlarda qızlara nisbətən 3 dəfə çox rast gəlinir. Bir uşaqda bir neçə tik ola bilər. Statistika göstərir ki, hər 10 nəfərdən 1-indətik müşahidə olunur.İnsanlarda istənilən yaş dövründə rast gəlinsə də, ən çox müşahidə olunan dövr uşaqlıq və yeniyetməlik dövrüdür. Yaş baxımından qruplaşdırsaq əsasən 3-6 və 12-15 yaşlar arası daha sıx yayılıb. Niyə məhs bu yaşlarda? Çünki bu yaş dövrləri keçid dövrlər sayılır. Uşağın bağçaya, məktəbə adaptasiyası başlayır, ağır dərs sistemi ilə yüklənir, yeni dost çevrəsi, yeni müəllimlərlə tanış olur, günün müəyyən hissəsini valideynlərindən uzaqda keçirir, eləcə də yeniyetməlik dövründə özünü təsdiqə meyl artır, adi bir uğursuzluq emosional sferada böyük sıxıntı yaradır. Məhs bu səbəblərdən uşaq və yeniyetmələrdə gərginlik, həyəcan, sıxıntı, özünəqapanma kimi hallar əmələ gəlir ki, bu da tiklərin formalaşmasına şərait yaradır.
Tiklərin hansı növləri var?
Tiklər motor, vokal və qarışıq olur. Motor tiklər vücud hərəkətləri ilə bağlı olub, bədənin müəyyən hissələrinin təkrarlı hərəkəti ilə xarakterizə olunur. Məsələn, başı yelləmək, boyunu çevirmək, ayağı və dizi tərpətmək, barmaqları yazı yazırmış kimi hərəkət etdirmək və sair. Vokal tiklər tənəffüs sistemi ilə əlaqədar olub, başqa sözlə səsli tiklər də adlanır.Məsələn, burun çəkmək, boğaz təmizləmə, öskürmə, söhbət əsnasında ehtiyac olmadıqda belə bir sözü dəfələrlə təkrarlama və sair. Əgər tik həm səs, həm də bədən hərəkətləri ilə birgə baş verirsə bu qarışıq tiklərə aid olur, daha kəskin forması isə Touretto sindromu adlanır.
Orqanizmdə ən çox rast gəlinən bölgələr.
- Üz əzələləri, alt göz qapağının aşağıya doğru hərəkəti
- Boyun əzələləri
- Sinir sistemi ilə əlaqədar öskürmə şəklində tiklər
- Burun çəkmə, üst dodaq tikləri
- Udqunma, udurmuş kimi hərəkətlər etmə
- Boğaz təmizləmə, hıçqırıq
- Çiyin atmalar
- Dizi və ayaqları yelləmək
- Qulaqları oynatmaq, qaşları tez-tez qaldırıb endirmək
Tiklərin özünəməxsus xüsusiyyətləri hansılardır?
Tiklər keçici və qalıcı ola bilər. Əgər tikli hərəkətlər minimumn 3 ay, maksimum 1ilə qədər davam edib, sonra itirsə bu keçici tikdir. Yox əgər 1 ildən artıq davam edib və daha da kəskinləşirsə bu qalıcı tik hesab olunur. Tiklərin keçici yaxud qalıcı olması onun yaranma səbəbi ilə birbaşa bağlıdır. Yaranmasına səbəb kimi irsi amillər və sosial-psixoloji hadisələr göstərilir. Əgər valideynlərdə, eləcə də nəsildə kimdəsə tik problemi olubsa, bu cinsi xromosomlar vasitəsilə uşağa ötürülür nəticədə uşağın müəyyən yaş dövründə tikli hərəkətlər meydana çıxır. Sosial –psixoloji səbəblərə isə aşağıdakılar aiddir.
Uşağın sıxıntılarını sözlü olaraq ifadə edə bilməməsi
Problemlərini ata-ana ilə bölüşə bilməməsi
Yardım almaq mövzusunda çarəsiz qalması
Tiklər uşağın hissi vəziyyəti ilə sıx bağlıdır. Qorxu, həyəcan, diksinmə zamanı meydana çıxır. adətən, belə uşaqların ailələrində valideynlər vasvası, detalçı, qanuna hədsiz riayət edən olurlar. Digər bir psixoloji səbəbi isə təqliddir. Uşaqlar valideynlərinin, müəllimlərinin eləcə də, ətraflarındakı digər insanların hərəkətlərini təqlid etməyə başlayırlar. Belə təqlid davamlı şəkildə təkrarlanarsa vərdiş halına keçir və nəticədə tiklər ortaya çıxır. Əksər vaxtlarda tiklərə tamamlanmamış hərəkətlərin təmsilçisi də deyirlər. Xarakter baxımından davakar, təzyiq və təcavüzə meylli uşaqlar istəklərini reallaşdıra bilmədikdə bu meyl şüuraltına keçir, zamanla bu, əl-qol hərəkətləri şəklində özünü büruzə verir.
Tikləri necə aradan qaldırmaq olar?
Bəzən valideynlərdə elə düşüncə formalaşır ki, uşaq bu hərəkətləri bilərəkdən edir, istəsə dayandıra bilər. Bu barədə ailənin yanlış münasibəti tiki qalıcı hala gətirə bilər. Əslində bilməliyik ki, tikli hərəkətlər iradədən asılı olmadan baş verir.
Diqqət yetirməli olduğumuz ən vacib məqamlar bunlardır.
1.Həssas yanaşmalı
2.Tənqid etməməli
3.Töhmətdən uzaq durmalı
4.Dərslərdə ağırlığı aradan qaldırmalı
5. Həddən ziyadə detalçılıq, sərt qayda –qanun dəstəklənmir
Bəzən valideynlər uşaqların potensialından asılı olmayaraq onlardan daha çox nailiyyətlər gözləyirlər. Bu gözləntilər uşaqda ağır məsuliyyət hissi yaradır və tələb olunan davranışı sərgiləyə bilmədikdə onlarda özgüvənin enməsi, gərginlik, sıxıntının artması müşahidə olunur. Xüsusən də uşağı yaşıdlarının, qohumların arasında töhmət etmək tiklərin daha da kəskinləşməsinə səbəb ola bilər. Və valideynlər tiklərin artma və azalma tezliyini izləməli, günün hansı vaxtlarında artıb, hansı vaxtlarında azalmasına diqqət yetirməlidirlər. Bunu aşkar etməklə tiklərin azalmasına nail ola bilərik.Əgər tik kəskin forma alıbsa nevroloji müayinə və dərman müalicəsi dəstəklənən üsullar sırasındadır.
Tikləri söndürməkdə ən effektiv üsullardandır ki, valideyn, pedoqoq və psixoloq birgə işləsin.Pedoqoqlar çalışmalıdır ki, tik problemi olan uşağa qarşı digər uşaqların yanaşma tərzini tənzimləsin. Onlara uyğun bir şəkildə izah etsin ki, bu hərəkətlər yoldaşınızın öz istəyindən asılı olmadan baş verir. Ona fərqli yanaşmaqla, aramızdan uzaqlaşdırmaqla tiklərin daha da artmasına şərait yaratmış oluruq.
narinc.az