Hər il dekabr ayının 1-də Ümumdünya AİDS günü qeyd edilir. İlk dəfə 1988-ci ildə təsis edilmiş AİDS günü bu il artıq 21-ci dəfə keçirilir. HİV- infeksiyası pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir.
QIÇS (Qazanılmış Immun Çatışmazlığı Sindromu; ingiliscə: AIDS– Acquired Immune Deficiency Syndrome) – XX əsrdə zühur etmiş, buna baxmayaraq hazırda bütün dünyada çox geniş yayılmaqda olan, müasir təbabətin, həmçinin səhiyyənin, bütün bəşəriyyətin və dünya birliyinin ən qlobal problem-lərindən hesab edilən bir patologiyadır. Immun sisteminin virus mənşəli infeksion xəstəliyi olan QIÇS insan orqanizminin tam depressiyasına, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, bütün onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da bir qayda olaraq ölümlə nəticələnir. QIÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə artmaqda davam edir.
HİV nədir?
İnsanın immunçatışmazlığı virusu (İİV və yaxud HİV ) – orqanizmi infeksiyadan qoruyan T-limfositləri – hüceyrələri pozmaqla insanın immun sisteminə dağıdıcı təsir göstərən virusdur.
HİV infeksiyasına yoluxmaq və AİDS xəstəliyinə tutulmaq – eyni şey deyil. HİV infeksiyası termini o deməkdir ki, insanın qanında virusa qarşı anticisimlər aşkar olunur. Bu vəziyyətin həyatı təhlükə qarşısında qoymasına baxmayaraq bir çox HİV-ə yoluxanlar illərlə xəstələnmirlər. Lakin onlar digər insanlar üçün virus mənbəsi ola bilərlər. Vaxt keçdikcə virus orqanizmi digər xəstəliklər üçün daha zəif etməklə onun immun sistemini dağıdır.
QİÇS – Qazanılmış İmmun çatışmazlığı Sindromu deməkdir. HİV-ə yoluxmuş insanlarda müdafiə (immun) sistemi zəiflədiyinə görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.
Virus daşıyıcısı tamamilə sağlam görünə bilər.
QİÇS-ə yoluxmuş insan yoluxduğundan xəbərsiz ola bilər.
Müasir müalicə tam sağalma vermir və xəstəlik ölüm ilə nəticələnir.
AİDS diaqnozu infeksiyaya müqavimət göstərən hüceyrələrin (T-xelperlərin) səviyyəsinin 200-dən aşağı düşməsi dərəcəsində immun sisteminin zəif olduğu və pasiyentdə bir və ya bir neçə opportunistik infeksiyaların (Oİ) inkişaf etdiyi zaman HİV-ə yoluxan insana qoyulur. Opportunistik infeksiyalar – zəif immunitet fonunda inkişaf edən infeksiyadır. Onlar hətta öldürücü ola bilərlər.
Belə hesab edilir ki, hər il bu xəstəliyə yoluxmuş şəxslərin sayı iki dəfə artır. Bu qlobal problem cəmiyyətin bütün təbəqələrini əhatə edir və bütün dünya üzrə sosial-iqtisadi inkişafı sarsıdır. Xəstəliyə yoluxmuş şəxs orta hesabla 5-10 il ərzində sağlam görünür və bəzi hallarda orqanizmdə bu virusun kök salmasından heç özünün də xəbəri olmur. QIÇS-ə yoluxan xəstələrdə əvvəlcə immun sistemi zəifləyir ki, bu da artıq orqanizmin müxtəlif yoluxucu və şiş xəstəliklərindən müdafiə imkanı tamamilə tükənir. QIÇS özlüyündə bilavasitə ölümə səbəb olmur, lakin ölüm törədən digər xəstəliklərin sürətli (ağ ciyər iltihabı, digər orqanların zədələnməsi, müxtəlif infeksiyalar, xərçəng və s.) inkişafına şərait yaradır.
Belə güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada özünü göstərməyə başlamış və yeni mutant virus yerli əhaliyə meymunlardan keçmişdir. Daha sonra xəstəlik Afrikadan Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılmışdır. Lakin bu xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da aşkar olunmuşdur. Azərbaycanda ilk dəfə 1987-ci ildə müəyyən edilmiş IIV-ə (Insanın Immunçatışmazlığı Virusu) indiyədək 905 nəfər yoluxub, onların 59 nəfəri əcnəbidir. Ötən müddətdə bu xəstəlikdən 89 nəfər ölüb, 100 nəfərdən çox adam xəstəliyin ikinci mərhələsinə keçib.
QIÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verir:
- Cinsi əlaqə yolu ilə
- Damardaxili inyeksiyalar yolu ilə-narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s.
3.Transplasentar yolla-xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi (xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir). QIÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətdə ehtiyatlı olmaqdır. Hələ 20 il əvvəl QIÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi baxılmışdır. Amma bugünkü reallıq başqadır. Ən başlıcası profilaktikadır və bu, daha çox insanların özündən asılıdır. - QİÇS hansı yolla keçir?
- İV-ə yoluxmuş şəxslə prezervativsiz (kondomsuz) cinsi əlaqə zamanı.
- İİV-ə yoluxmuş şəxslə istifadə olunmuş şpris və iynələrdən narkotik və müxtəlif iynə şəklində olan dərmanların yeridilməsi zamanı.
- İİV-ə şəxsin qanı ilə təmasda olmuş tibbi alətlərin istifadəsi zamanı (qadın, diş və s. həkimlərin müayinəsi).
- Gözəllik salonları və bərbərxanalarda İİV-ə yoluxmuş şəxsin qanı ilə təmasda olmuş kəsici alətlərin istifadəsi zamanı (manikür, tatuaj, qulaq deşmə, üz qırxma və s.).
- İV-ə yoluxmuş anadan uşağa hamiləlik, doğuş və ana südü ilə qidalanma zamanı.
QİÇS Simptomları
- Çəkinin izah olunmayan itirilməsi.
- Uzun müddətli ishal.
- Səbəbsiz və xroniki kandidoz (göbələk) xəstəliyi.
- Boyunda və ya qoltuqaltı batıqlarda vəzilərin böyüməsi və ağrı verməsi.
- Bir aydan çox sürən öskürək.
- Uzun müddətli subfebril (37) qızdırma.
Xəstəlik zamanı virus immun hüceyrələrini dağıdaraq, insanın immun sistemini, yəni infeksiyalara müqavimətini heçə endirir. Beləliklə, insan adi bir infeksiyadan vəfat edir.
QİÇS-ə yoluxma
HİV infeksiyasına yoluxma-yoluxmuş insanın qanının, spermasının, uşaqlıq sekresiyasının infeksiyaya yoluxmayan insanın qanına və ya bilavasitə qana və ya selikli qişa yolu ilə keçməsi ilə baş verir. Körpənin anadan yoluxması ananın hamiləliyi dövründə (daxili bətndə), doğuş zamanı və ya döş əmizdirilməsi zamanı baş verir. Lakin bu günədək infeksiyanın tüpürcək, göz yaşı və ya əl sıxma və ya qucaqlaşma da daxil olmaqla məişət kontaktları ilə yoluxması halları qeydə alınmamışdır.
HİV-ə yoluxma riski aşağıdakı hallarda qeyri-mümkündür:
- Əl sıxması və ya digər məişət kontaktları (qucaqlaşma da daxil olma) zamanı;
- Məişət əşyalarından birgə istifadə edərkən;
- Ofis əşyalarından (telefon, kompyuter, karandaş və ya qələm də daxil olmaqla) birgə istifadə edərkən;
- Öskürərkən və ya asqırarkən;
- Saunada və ya hovuzda;
- Həşəratların sancması zamanı;
- Ev heyvanları ilə kontaktda olarkən;
- İdmanla məşğul olarkən;
- Unitazın oturacağı vasitəsilə;
- Yataq dəsti vasitəsilə.
Dünyada qeydə alınmış bütün HİV infeksiyasına yoluxma halları aşağıdakı şəkildə yoluxma yollarına bölüşdürülür:
- Cinsi yol – 70-80%;
- İnyeksion narkotiklərin istifadəsi zamanı – 5-10%;
- Hamilə və ya süd əmizdirən anadan körpəyə – 5-10%;
- Yoluxmuş qanın köçürülməsi – 3-5%;
HİV/AİDS-ə yoluxmamaq üçün hər kəs davranışına nəzarət etməli, yaşadığı həyat tərzinə məsuliyyətlə yanaşmalıdır!
QİÇS xəstəliyi öz inkişafında aşağıdakı mərhələləri keçir.
- Latent dövr.
Bir neçə həftədən bir neçə ilə qədər (hətta 15 il) ola bilər. Latent dövrün müddəti yoluxma zamanı orqanizmin immun siteminin vəziyyətindən , virusun konsentrasiyasından (miqdarından) və yoluxma mexanizmindən asılıdır. Latent dövrdə xəstənin qanında QİÇS–viruslar və onlara qarşı yaranmış anti–QİÇS-antitellər aşkar olunur. İlk dövrlərdə qanda kəskin şəkildə artan virusların miqdarı, təxminən 1,5-2 ay sonra antitellərin təsiri ilə azalır. Buna serokonverisya deyilir.
2. Generalizə olunmuş limfadenopatiya mərhələsi.
Təxminən 3-5 il davam edən bu mərhələdə müxtəlif qrup limfa düyünləri bir neçə ay müddətində böyümüş olurlar. Xəstələrdə xroniki limfadenopatiya sindromu inkişaf edir. Belə limfa düyünlərinin mikroskopik müayinəsi zamanı onlarda B-zonanın qeyri-spesifik follikulyar hiperplaziyası aşkar olunur.
3. QİÇS-önü mərhələsi.
Bir neçə il davam edir. Bu dövrdə artıq başlanmaqda olan immun çatışmazlıq fonunda xəstələrdə limfadenopatiya, qızmdıra, diareya, tərləmə, ümumi əzginlik və zəiflik (asteno-vegetativ sindrom əlamətləri), arıqlama müşahidə olunur, tez-tez yuxarı tənəffüs yollarının virus infeksiyaları, piodermiyalar, dəmrov və s. patologiyalar meydana çıxır.
4. QİÇS mərhələsi (Qazanılmış immun çatışmazlıq sindromu mərhələsi)
Təxminən 2 il davam edir. Bu mərhələdə immun sistemin tam iflici ilə əlaqədar qanda anti-QİÇS-antitellər demək olar ki, aşkar olunmur, QİÇS-virusların miqdarı isə əksinə kəskin şəkildə yüksəlir. Xəstələrdə tez-tez və ağır gedişə malik opportunist infeksiyalar, kaxeksiyalar, bəd xassəli şişlər baş verir
Xəstəliyi nə olursa-olsun hər bir xəstəyə mümkün olduğunca cəsarət və ümid vermək lazımdır. Xüsusilə, buna ehtiyacı olan QİÇS (AİDS) xəstələri həkiminə, yaxınlarına və dostlarına qarşı inam hissini itirməməli və ola bildiyi qədər normal həyat və əlaqələrini davam etdirməlidir. QİÇS-ə yaxalananlarda başlanğıcda qəbul etməmə və üsyan hissləri ortaya çıxa bilər. Bu, yalnızlıq,cəmiyyət tərəfindən təcrid olunma hissi,ümidsizlik və çarəsizlik hisslərinin yaranması ilə davam edir. Şəxs ruh düşkünlüyü yaşayır. Yuxusuzluq,iştahanın pozulması,zəifləmə,unutqanlıq,tez-tez yorulma,halsızlıq,ümidsizlik,çarəsizlik hissləri ruhi çöküntünün təzahürü ola bilər. Bu vəziyyət aradan qaldırıla bilər,amma xəstə olanları alın yazısı kimi qiymətləndirib kömək istəməyə bilər. Halbuki, mənəvi dəstək və müalicələr xəstənin həyata daha ümidlə bağlanmasını və mübarizə üçün özünü daha güclü hiss etməsini təmin edəcəkdir.
QİÇS-ə yaxalananlar çəkinmədən psixoloqa müraciət edə bilərlər. Çünki bu zaman ona sağlamlığını qoruması, həmçinin başqalarına necə davranmalı olduğu barəsində məlumat veriləcək.
Hazırladı: AYTƏN EMİNOVA