Məktəbdə psixoloji xidmət: problemlər, perspektivlər
20.02.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin fəaliyyət planına əsasən Azərbaycan Respublikasının Masallı rayonunda Rayon Təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri və psixoloqlarının iştirakı ilə “Məktəbdə psixoloji xidmət: problemlər, perspektivlər” mövzusunda konfrans-seminar keçirildi.
Tədbiri giriş sözü ilə Masalı RTŞ-nin müdiri Tariyel Əkbərov açdı. O, qonaqları təqdim edərək məktəbdə psixoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının aktuallığından danışaraq, bu tədbirin məram və məqsədi barədə iştirakçılara məlumat verdi. Sonra o, təqdimat üçün sözü Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru psixologiya elmləri doktoru Elxan Bəylərova verdi. E.B.Bəylərov öz təqdimatını 3 modul üzrə təqdim etdi:
1-ci modul: “Məktəbdə psixoloji xidmət: problemlər, perspektivlər”;
2-ci modul: “Məktəb psixoloqunun fəaliyyət istiqamətləri”;
3-cü modul: “Uşaqlarda davranış problemləri”
Təqdimatın 1-ci modulunda Təhsil Qanununa məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı edilmiş düzəlişlər, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin yaradılması, birliyin təsis etdiyi Psixologiya Elmi-Tədqiqat İnstitutunun strukturu və fəaliyyət istiqamətləri, Ümumi Təhsil haqqında Qanun və orada psixoloji xidmətə verilən önəm və s. barədə məsələlər öz əksini tapmışdı. Burada Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Müasir Azərbaycan Psixoloqları İB və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş “Məktəb Psixoloqlarının I Ümumrespublika Konfransı”nın nəticələri barədə ətraflı məlumat verildi.
Təqdimatın 2-ci modulunda məktəbdə psixoloji xidmətin təşkili, məktəb psixoloqlarının fəaliyyət istiqamətləri və işlərində diqqət yetirilməsi vacib olan məsələlər ehtiva edilmişdi.
Təqdimatın 3-cü modulunda uşaqlarda tez-tez müşahidə edilən davranış pozuntuları: aqressivlik, oğurluq, yalan, söyüş, tiklər, məktəb qorxusu, barmaq əmmə, inadkarlıq, diqqət defisiti, hiperaktivlik və s. məsələlər, onların təzahür formaları, yaranma səbəbləri və aradan qaldırılma yolları barədə praktik təklif və tövsiyələr verildi.
Təqdimatdan sonra söz Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdiri prof. İntiqam Cəbrayılova verildi. O, öz çıxışında qeyd etdi ki, bu günkü təqdimatda məktəbdə təhsil mühitinin yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı vacib problemlərdən bəhs edildi. Həqiqətən, ümumtəhsil məktəblərində keyfiyyətin təminatı həm də məktəbdə psixoloji xidmətin düzgün təşkilindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan məktəb psixoloqlarının öz fəaliyyətlərində innovativ forma və üsullara üstünlük vermələri olduqca vacibdir.
Daha sonra söz Masallı Rayon İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vafik Xəlilova verildi. O, rayon məktəblərində psixoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı və psixoloqlara fəaliyyətlərində uğurlar arzuladı.
Tədbiri RTŞ-nin müdiri Tariyel Əkbərov yekunlaşdırdı.