O gün mənim doğum günüm idi. Bəlkə də doğulduğu günün gəlməsini istəməyən yeganə insan mən olmuşam deyə fikirləşirdim hərdən. Səbəsiz deyildi həyəcanım. 18 yaşım tamam olacaqdı.Yetkinlik yaşıma çatdığımdan qaldığım uşaq evindən ayrılmalı idim. Üzüntümün dərinliyindən Tanrının məni yaşadığımız həyatdan öncə mövcud olmuş dünyadan günahlarımın cəzası kimi qadın yaradıb bu dünyaya göndərdiyini düşünmüşdüm. 18 yaşlı kimsəsiz bir qızcığazın əlindən tək başına nə gələ bilərdiki? Yaşadıqlarım həyata olan kinimi daha da artırırdı.
Ata və anamın kim olduğunu bilmirdim. Deyilənə görə,məni bir qoca kişi zibil yeşiklərinin yanından tapıb uşaq evinə təhvil vermişdi. Ailəm haqqında başqa heç bir məlumatım yox idi.
Uşaq evindən artıq ayrılma vaxtım yetişmişdi. 18 il yaşadığım və mənə qucaq açan bir ocaqdan bir dəfəlik gedəcək olmaq, əsasda hara gedəcəyimi bilməmək canımı acıdırdı. Uşaqları və bizə ana əvəzi olan müəllimələrimi çox sevirdim. Xüsusilə də Sevil xanımı. Mənim üçün çox çətin idi illərin münasibətini bir gedişlə unutdurmaq. Kollektivimizin hər biriylə görüşdükdən sonra içəri otağa keçib onunla vidalaşmağa getdim. Bilirdim,arxamda qoyub getdiyim bir tək o,məni ömürlük incidəcəkdi. Bir daha heç vaxt görməyəcəkmiş kimi baxırdım ona. Mən onu tərk edirdim. Mən həyatımın bir parçasını o evdə qoyub gedəcəkdim. Ağlaya bilməməkdən şişmişdi gözlərim. Özümə daha çox əziyyət vermədən otağı və 18 illik yuvamı tərk etdim. Onu özümlə aparmağı çox istəmişdim. Bunun mümkün olmadığını bildiyim üçün bu barədə heç kimə heç nə deməmişdim. Ona çox bağlıydım və ona olan sevgimi ətrafımdakı hər kəs bilirdi. Ona toxunmaq mənə zövq verirdi. Sadəcə onu toxunanda titrəyən əllərimi xatırlayıram. Bəlkə də onunla bir araya gəlmə şansım bütün ömrüm boyu olmayacaqdı…
Asta və eşidilməyən addımlarımın səsi şəhərin səs-küyünü ört basdır etmişdi. Ayaqlarımı tərpətdikcə hər addımımın əleyhimə işlədiyini yazırdı həyat yaddaşıma. Oysa ki,oğlan doğulsaydım küçədə də yata bilərdim ən azından. Amma mən qadın doğulmuşdum. Günahlarımın cəzası olaraq Tanrı məni qadın yaratmışdı.
Uşaq evində qalanda şəhəri gəzməyə çox vaxt sərf etmədiyimizdən Bakının sıx küçələrində azdığımın fərqinə varmamışdım. Cibimdə nə qədər pulun olduğuna və bu pulun neçə gün sağ qalacağıma bəs edəcəyinə dair heç bir fikrim yox idi. Qəribə olan isə bunun məni narahat etməsindən çox hisslərimin yavaş-yavaş buza çevrildiyini duya bilməyim idi. Sanki umursamırdım aciz və kimsəsiz olduğumu. O gün mənim doğum günüm idi.
Düşüncələrimi zəbt edənsə bir tək o idi. Ondan ayrı yaşayacağımı düşünmək hər keçən dəqiqə ağrılarımı şiddətləndirirdi. Sadəcə əllərimi xatırlayıram. Ona toxunanda titrəyən əllərimi…
Bir anlıq fikirdən ayılıb qolumdakı saatın 18:00-ı göstərdiyini gördüm. Hava yavaş-yavaş qaralmaq istəyirdi. Mənimsə hələ də qalmağa yerim yox idi. Bakının qaranlıq küçələri belə mənim qədər kimsəsiz deyildi. Ətrafımdakı mağazaları müşahidə edə-edə irəliləyirdim. Gözüm yağış damcılarının şüşələrinə iz salmış olduğu kiçik ofisin üzərinə yazılmış“Quru təmizləmə” sözünə sataşdı.İnsanlar paltarlarını təmizləməyə vermək üçün növbəyə dayanmışdı. Çantamdan Sevil müəllimənin mənə bağışladığı gödəkçəni çıxardıb onların arasına qoşuldum. Bu bəhanəylə gecəni orada keçirməyə icazə ala bilmişdim. Beləliklə,gecələrim müxtəlif binaların zirzəmilərində, vaqonlarda keçməyə başlamışdı. Oğlan olsaydım bəlkə də parkda da yata bilərdim. Amma Tanrı günahlarımın cəzası olaraq məni qadın yaratmışdı. Özümü,namusumu qorumalıydım. Çünki mən küləklər şəhərindən belə kimsəsiz biriydim və məni Tanrı belə qorumaqdan imtina etmişdi…
Bütün bunlara rəğmən güclü olmağı və həyatı dirənməyə bacardığımı hiss edirdim. Sevimli müəlliməm Sevil xanımın bir sözü var idi. “Qadın olmaq dimdik ayaqda durub həyata meydan oxumağı bacarmaqdır”.
Məni bir tək narahat edən şey onun yoxluğuydu. Əllərimi xatırladırdı mənə. Ona toxunanda titrəyən əllərimi. Bir gün onunla görüşə bilməyin ümidi ilə ayaqda durmağa çalışırdım. Kim bilir bəlkə də ümid son da belə ölmür…
Şəhəri o qədər gəzmişdim ki, artıq Bakının demək olar ki ,hər küçəsi mənə doğmalaşmışdı. 2 həftədən çox olardı uşaqlar evindən ayrılmağım. Üstümdə isə çıxarkən geyindiyim paltarlarım var idi. Müxtəlif yerlərdə gecələdiyimdən onlarda öz rəngarəngliyini itirmişdi.
İşləmək üçün bir neçə yerə müraciət etmişdim. Nəhayət,məktəblərin birində xadimə kimi işləməyə başladım. Məktəbin zirzəmisində qalmağa da icazə verildi mənə. Digər otaqlarda kamera quraşdırıldığından nəm,havasız və həşəratlarla zəngin olan zirzəmidə qalmağa məcbur olmuşdum. Bütün bunlara baxmayaraq hər keçən gün ona qarşı istəyim daha da artırdı. Hər gecə onun xəyalı ilə yuxuya gedərdim. Yaşadığım heç bir çətinlik onu mənə unutdura bilməmişdi. Qəlbimi acıdan isə ona ikinci dəfə xəyanət etməyim olmuşdu. Ona aşiq olan, ona toxunuşumla varlığımı hiss etdiyim əllərimlə insanların ayaqlarının altını süpürürdüm hər gün. Canım yanırdı,həm də çox yanırdı….
Qazandığım aylıq gəlir tələbatlarımı ödəməyə yetmirdi. Get-gedə yaşadığım həyatdan iyrənməyə başlasamda onun xəyalı məni ayaqda saxlamışdı. İşdən çıxmaq kimi bir şansım da yox idi. Nə başqa işim, nə də qalacaq yerim vardı. Amma həyat bu dəfə də məni gülünc oyunun baş rol oyunçusuna çevirmişdi. Şagirdin biriylə kobud rəftar etdiyim böhtanıyla qovuldular məni işdən. Halbuki məni o məktəbdə davranışıma görə ən çox şagirdlər sevmişdi…
Səkiylə addımlağa başlamışdım. Narın yağış damcıları yeni aldığım köynəyimi isladırdı. Yolun qırağında oturmuş tütək çalaraq pul qazanan uşağa sataşdı gözlərim. Gözlərimin önündə canlanmışdı sanki kimsəsizliyim. Onun yanında oturdum. Söhbət etməyə çalışsam da mənə əhəmiyyət vermirdi. Mənə məni xatırladırsan deyə qulaqlarına pıçıldayıb ayağa qalxdım və oradan uzaqlaşdım. Mağazaya girib yemək almaq istəyəndə çantamı həmin uşağın yanında unutduğumu anladım. Dünya başıma yıxılmışdı sanki. Dünyada məndən başqa kimsəsiz və yardıma möhtac başqa birinin olmadığına inanmışdım artıq. Axı Tanrı niyə belə edirdi? Doğurdanmı mən bu qədər əziyyətə layiq idim?
Uşaq olan yerə qayıdanda heç də təəccüblənmədim. Getmişdi. Son ümidimi də özüylə apararaq getmişdi…
Əllərimə baxmağa utanırdım. Bir gəncin əllərindən daha çox yaşlı qadının əllərini xatırladırdı. Qırışmış və solğunlaşmışdı. Ona üçüncü dəfə etdiyim xəyanətin ağırlığını beynimə həkk edə bilmirdim. Öz əllərimlə son ümidimi uşağın yanında tərk etmişdim. Onu doğum günümdə tərk etdiyim kimi.
Qəfildən sol çiynimdə bir əlin olduğunu hiss edib diksindim.Arxaya çevriləndə yaşadıqlarımın təsirindən əvvəlcə onu tanıya bilməmişdim. “Sən o qızsan,o müsabiqədə hamını heyrətə gətirən Sevda!”dedi. Onunla iştirak etdiyim yarışmada tanış olmuşduq. Müəllimlərin ən istedadlısı və tanınmışı idi. Məşhur Elman Səfərov. İştirak etdiyim müsabiqədə münsif kimi çıxış etmiş və mənə ən yüksək səsi o vermişdi. “Əgər qəbul etsən səni məktəbimə birabaşa müəllimə kimi götürmək istəyirəm. Sənin kimi istedadlı gənclərə ehtiyacımız böyükdür. Bütün təlabatlarını da ödəməyə hazıram”söylədi. Bu sözləri eşidədə az öncə Tarıya etmiş olduğum sitəmə görə utanmışdım. Tanrı məni bağışlamışdı. Etmədiyim günahlarımı bağışlamışdı. Amma bunun həqiqət olduğuna inana bilmirdim. Mən nəhayət ki,xəyallarıma qovuşacaqdım. Mən onu görəcək,ona toxunacaqdım. Bu bilirsiz mənim üçün nə demək idi?
Elman müəllimin təkidi ilə onun ailəsinə qonaq oldum. Çay və yemək sürfəsindən sonra məni otağa dəvət etdi. O qədər həyəcanlanmışdım ki,ürəyimin səsinin qulaqlarımda vurduğunu müəllim eşidəcək deyə qorxurdum. Qapını açıb içəri girəndə həyatım boyu adını eşidibdə yaşaya bilmədiyim xoşbəxtliyin nə demək olduğunu anladım.Sən demə insan sevincdən də ölə bilərmiş. Bu o idi. Tam qarşımda mənim canlı əfsanəm dayanmışdı. Ona yaxınlaşıb öpməyə və toxunmağa başladım. Göz yaşımdan bir damla düşdü üzərinə. Üzr istədim ona məcburən etmiş olduğum xəyanətlərə görə. Bütün gücümü toplayıb çalmağa başladım. Bəli, mən pionist idim. Bethovenin “Ay işığı” əsərini gözü yumulu ifa etdim. İfanı dayandırdığımda Elman müəllimin heyrətlə mənə baxdığını gördüm. “Sən bir sənətkarsan Sevda!”
Məni isə düşündürən və cavab axtardığım suallar var idi Çox keçmədi ki,axtardığım bütün suallarıma cavab tapdım. Elman Səfərov məni zibillikdə tapıb uşaq evinə qoyan şəxs idi. Müsabiqədə birinci olmağıma da o yardımçı olmuşdu. Mən uşaq evindən ayrılandan sonra axtarmış və nəhayət bu gün tapa bilmişdi. Həyatımın bir parçası olan pioninomun da orda qalmasına izin verməmiş, öz evinə gətizdirmişdi. Yeri gəlmişkən mənə o pioninonuda məhz o hədiyyə etmişdi.
Hal-hazırda onun şəxsi musiqi məktəbində ən yaxşı pionistlərdən biriyəm. Rahatlıqla Bakının ən yaxşı pionistiyəm də deyə bilərəm. Üstəlik evim və xoşbəxt ailəm də var.
“Belə bir şey idi qadın olmaq. Dərdlərinin ağırlığından əyilmiş qəddinə,alın yazısının qırışdırdığı sir-sifətinə,ağlaya bilməməkdən şişmiş göz qapalarına rəğmən dimdik ayaqda durub dünyaya meydan oxumağı bacarmaq idi”
Nəzrin Rüstəmova