Kulis Azərbaycan Yazıçılar Birliyinin katibi, “Neftçi” Futbol Klubu Müşahidə Şurasının sədri, İnterpolun fəxri səfiri, “Pen-klub”un prezidenti, Xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayevin kaspi.az saytına müsahibəsini təqdim edir.
Vaxtını kitab oxumaqla keçirən uşaq
1959-cu il aprelin 7-də Bakıda dünyaya göz açıb. Atası Akif müəllim Böyük Vətən müharibəsinin iştirakçısı olub, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb. Anası isə Azərbaycan Sovet Həmkarlar Təşkilatının sədri, sonradan 25 il Marksizm Leninizm Universitetinin rektoru olub.
Ailədə 2 qardaşdan böyüyü olan həmsöhbətimiz kiçik yaşlarından vaxtını əsasən evlərindəki böyük kitabxanada keçirməyi xoşlayıb. Nadinc uşaq olmadığını deyir: “Vaxtımı əsasən kitab oxumaqla keçirirdim. Bütün janrda olan əsərləri oxuyurdum, amma macəra janrında yazılanları daha çox sevirdim. Aleksandr Düma, Jül Vern, Mayn Rid uşaqlıqdan çox sevdiyim yazıçılardır”.
“Riyaziyyatı sevmirdim”
Bakıda 189 saylı orta məktəbdə təhsil alan yazıçı dərslərindən də yaxşı qiymətlər alıb, müxtəlif fənlər üzrə rayon, şəhər olimpiadalarının qalibi olub: “Amma dərs oxumaq mənim üçün maraqsız idi, xüsusən riyaziyyatı sevmirdim. Müəllimə də hər dəfə əsəbiləşirdi ki, gedib olimpiadada 1-ci yeri qazanıram, amma ona qulaq asmıram. Riyaziyyat imtahanında qəzet, kitab oxuyurdum, gözləyirdim ki, uşaqlardan biri mənə düşən məsələni həll etsin, mən də köçürüb müəllimə verim. Özüm fikirləşib məsələni həll etməyi xoşlamırdım. Tarix və ədəbiyyatdan isə 10 il ərzində bir dənə də “4” almamışam. Bu fənləri çox sevirdim”.
“Bizim dostluğumuzu uşaqlarımız davam etdirdi”
Gələn il Ç.Abdullayevin orta məktəbə getməyinin 50 ili tamam olacaq. 1966-cı ildə birinci sinfə birgə getdikləri 4-5 sinif yoldaşı ilə indi də dostluq edir: “Uşaqlığımız çox maraqlı keçib. 1966-cı ildə 1-ci sinfə gedəndə Bakının abı-havası çox maraqlı idi. Valideynlərimiz bir-birlərini yaxşı tanıyırdı, ailəvi gediş-gəlişimiz var idi. Hamımız da Hüsü Hacıyev küçəsində yaşayırdıq. Bizim uşaqlarımız da bir məktəbi qurtarıb, bir sinifdə oxuyublar, indi də dostdurlar”.
“Sinif yoldaşlarım başlarını keçəl qırxdırdı”
Orta məktəb xatirələrini bizimlə bölüşən yazıçı 1972-ci ildə “Beatles” qrupunun Bakıda məşhur olduğunu deyir: “Sinfimizdə 16 oğlan var idi, hamımız saçımızı “Beatles” qrupunun üzvləri kimi uzatmışdıq. Məktəbin direktor müavini bir gün sinfimizə gəldi və tələb etdi ki, hamımız bərbərxanaya gedib saçımızı qırxdıraq. Mən və ən yaxın dostum Elşad Nəsirov harasa getmişdik deyə, saçımızı uşaqlarla birgə deyil, ayrıca düzəltdirdik. Bizim xəbərimiz yox idi ki, 14 oğlan sözü bir yerə qoyublar ki, etiraz əlaməti olaraq hamısı saçlarını keçəl qırxdırsın. Sabahısı oğlanların 14-ü də keçəl vəziyyətdə məktəbə gəldilər. Dustağa oxşayırdılar. Direktor onları görüb çox əsəbiləşdi. Həm hava soyuq idi, həm də qızlar onlara güldüklərindən hamısı kepkada gəzirdilər. Sinifdə iki adam, mən və dostum Elşad Nəsirov başımızı qırxdırmadıq. O hadisənin üstündən 50 ilə yaxın vaxt keçib. Saçlarını keçəl qırxdıran oğlanların 14-nün də indi yaxşı saçları var. Sinfimizdən yalnız iki nəfər – mən və Elşad keçəlik”. (gülür – L.M.)
Hüquqşünas baba, nəvə, nəticə, kötücə…
Orta məktəbi iki “4”lə bitirib hüquqşünas olmağa qərar verir: “Birinci sinifdən bilirdim ki, hüquqa verəcəyəm. Çünki babam, ulu babam, atam, əmim, qardaşım, digər qohumlarım hüquqşünas olublar. Övladlarımın ikisi də, qızım, oğlum da hüquqşünasdır və İngiltərədə çox məşhur şirkətlərdə çalışırlar. Çox sevinirəm ki, mən də bu peşəni seçmişəm. Bu peşə mənə çox şey verib. Mən hüququ bitirməsəydim, bu qədər kitab yaza bilməzdim. Yazıçılar Birliyində də qanunları bilmək maliyyə məsələlərini idarə etməkdə mənə yardımçıdır”.
“14 general bir komandada oynayırdıq”
Atası vəzifədə olsa da, hüquq fakültəsinə daxil olmasında onun heç bir rolunun olmadığını deyir: “Dediyim kimi, orta məktəbdə yaxşı oxuduğuma görə ali məktəbə qəbul zamanı tapşırığa ehtiyacım yox idi. Qrupumuzda oxuyanların 99 faizi o vaxt vəzifədə olanların – nazirlərin, baş nazirin, baş nazirin müavinlərinin, prokurorun, Ali Məhkəmənin sədrinin uşaqları idi. Qrup yoldaşlarımızla boş vaxtlarımızda futbol oynamağı sevirdik. Bizim futbol komandamız həmişə qalib gələrdi. Arada pulla da oynayır və hamını udurduq. O vaxtkı komandanın oyunçuları arasından 14 general çıxıb. Qrup yoldaşlarımızdan hazırda nazir, prokuror, məhkəmə sədri, nazir müavini işləyənlər var. Qrup nümayəndəmiz indi Milli Təhlükəsizlik nazirinin müavini general-leytenant Əli Şəfiyev idi. Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Əli Şəfiyevlə eyni partanı bölüşürdü. Onların arxasında indiki Ağır Cinayətlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyev və hazırda iqtisadiyyat və sənaye nazirinin müavini postunda çalışan Niyazi Səfərov otururdu. O biri tərəfdə hazırda Qobustan rayonunun icra hakimi olan İsmayıl Vəliyevin partası gəlirdi. Bizim qəbul imtahanı komissiyasının sədri isə indiki Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev idi. Mənim sonuncu imtahanımda ingilis dilindən aldığım “5”i Ramiz müəllim yazmışdı”.
“Heç olmasa müharibədə kimin qalib gəldiyini bilirsən?”
Həmsöhbətimiz tələbə yoldaşları arasında oxumayanların da olduğunu deyir: “Qrup yoldaşlarımızdan biri çox savadsız idi. İmtahanda müəllim ona “a bala, mən professoram, mənim seçkidə bir səsim var, bəs sənin nə qədər səsin var?” sualını verdi. Biz də ona barmağımızla bir göstərirdik. O da 2 göstərdiyimizi düşünüb müəllimə seçkidə 2 səsinin olduğunu dedi. Müəllim çox əsəbiləşdi və onu universitetdən qovacağını bildirdi. Bir dəfə də atası çox böyük vəzifədə işləyən qrup yoldaşlarımızdan birini müəllimimiz Marat Mixayloviç Altmana tapşırmışdılar. Müəllimimiz də İkinci Dünya Müharibəsində hərbi qırıcı təyyarəçi olmuşdu. Çox maraqlı insan idi. Elə uşaqların içərisində dedi ki, “bilirəm, heç nə bilmirsən, amma nə edim, səni tapşırıblar”. Müəllim qiymət yazmaq üçün buna asan suallar verməyə başladı. Əvvəlcə Ştirlis (“Baharın 17 anı”) filmindən danışmağı, bunu bilmədikdə “Üç muşketyor” filminin məzmununu danışmağını istədi. Amma tələbə heç birinə baxmamışdı. Bu dəfə müəllim İkinci Dünya Müharibəsinin nə vaxt başladığını, tələbə bunu bilmədikdə müharibənin bitdiyi tarixi soruşdu. Qrup yoldaşımız buna da düzgün cavab verə bilmədi. Müəllim axırıncı sualı verdiyini, bu sualı cavablandıracağı təqdirdə, ona qiymət yazacağını dedi.
Müəllim: “Müharibədə kim qalib gəlib, heç olmasa bunu bilirsən?”. Tələbə müəllimə baxıb cavab verməyə qorxdu və susdu.
Müəllim: “Başa düşdüm, qorxursan deməyə, heç olmasa, susdun, “3” qoyuram”.
“Fuad Ələsgərov indi də bu əhvalatı danışır”
Ç.Abdullayev özüylə bağlı maraqlı bir əhvalatı da bizimlə bölüşdü: “Heç kəs dərsə hazır deyildi və vaxtı uzatmaq lazım idi ki, müəllim uşaqları durğuzmasın. Məndən xahiş etdilər ki, bir şey danışım, vaxt getsin. Lövhəyə çıxıb düz 40 dəqiqə İngiltərə Konstitusiyasından danışdım. Müəllim təmkinlə qulaq asdı, qurtarandan sonra dedi ki, “əla danışdın, amma İngiltərənin konstitusiyası yoxdur”. İndi hansı xarici ölkəyə gedirəm, səfirlər, nazirlər deyirlər ki, Fuad Ələsgərov onlara bu əhvalatı danışıb”.
“Müəllimimizi işdən çıxartdırdıq”
Yazıçı müəllimlərindən birini necə işdən uzaqlaşdırdıqlarından da söhbət açdı: “Müəllimlərimizdən biri bizə heç vaxt dərsdən nə icazə verir, nə də qaçmağımıza şərait yaratmırdı ki, gedib futbol oynayaq. Qrup yoldaşlarımızdan 2-3 nəfər professoru işdən uzaqlaşdırmaq üçün plan cızdıq. O vaxt təzə və köhnə İnturist, bir də Abşeron restoranları dəbdə idi. Biz hər axşam üç restorana da gedib çalğıçılara 3 manat verirdik və orada mahnılardan birinin həmin professorun şərəfinə çalındığını bildirirdilər. Guya həmin professor restoranda oturub və onun üçün mahnı səsləndirilir. Bunu da gedib Mərkəzi Komitəyə çatdırırdılar. Professoru hər gün Mərkəzi Komitəyə, rektoratlığa çağırırdılar ki, sərxoşluğa son versin. O da and içirdi ki, ömründə içki içməyib. Cavabında bildirirdilər ki, hər gün restoranlarda onun şərəfinə mahnı sifariş edilir. Müəllimimizin restoranlardan “yığışmadığını” görüb axırda işdən çıxardılar. Hələ də bu hadisə yadıma düşəndə özümü günahkar sayıram”.
“O vaxt kitab oxumayana gülürdülər”
Sonda Ç.Abdullayev gənclərə kitab oxumağı tövsiyə etdi: “Düzdür, bizim vaxtımızda da səviyyəsiz insanlar var idi, amma biz hamımız kitab oxuyurduq. O vaxt kitab oxumayan adama gülürdülər. Biz Rusiyadan xarici ədəbiyyat, çoxlu jurnallar sifariş verib oxuyur, müzakirə edirdik. İndi mütaliə etməyən gənclərimiz başa düşmürlər ki, öz həyatlarını necə korlayırlar və həyatlarını kitab oxumaqla necə dəyişə bilərlər. Demirəm, mənim kitablarımı oxusunlar. Əsas odur ki, kitab oxusunlar. Kitab oxumayan insan bədbəxt olur, heç vaxt dünyaya niyə gəldiyini başa düşmür. Bu cür insanlar qocalanda deyirlər ki, “ömür yuxu kimi keçdi, heç başa düşmədim ki, niyə gəlib-getdim”. Belə deməmək üçün oxumaq lazımdır”.