Son günlərdə psixoloqların böyük sevinc hissi ilə qarşıladıqları birxəbər yayıldı.Bu xəbər Azərbaycan Psixologiya elminin inkişafı üçün parlaq bir fürsət və tarixi bir hadisə haqqındadır. Azərbaycan, 2017-ci ildəAvropa Gənc Psixoloqlarının 31-ci konqresinə ev sahibliyi etmək haqqını qazandı! Bu uğuru Azərbaycana məhz Onlar qazandırdı. Orxan Oruc-zadə və Rövşən Hümbətov! Bugünki həmsöhbətimiz isə, Belçikanın Gent universitetində magistratura pilləsində psixologiya təhsilini davamet dirən Orxan Oruc-zadədir. Orxan Oruc-zadə ilə ölkəmizə qazandırdıqları bu uğur barədə, ümumiyyətlə Avropa Tələbə Psixoloqlar Assosasiyası və bu təşkilatın müxtəlif ölkələrdə təşkil etdiyi konqreslər barədə geniş bir söhbətimiz baş tutdu…
Ölkəmizə qazandırdığınız bu əlamətdar hadisə üçün həm sizi ,həm də özümüzü, həm də bütünlüklə Azərbaycan psixologiya dünyasın təbrik edirik!
Çox sağolun, bu uğuru şəxsi uğurum kimi deyil, bütün psixoloqların və bir az da qloballaşdırsaq vətənimizin uğuru kimi dəyərləndirirəm.
Biraz bizə bəhs edərsinizmi bu necə baş verdi və biz bu ev sahibliyini necə qazandıq?
Lap əvvəldən başlasaq, 2008-ci ildə Gənc Psixoloqlar Birliyi adlı bir birliyin yaradılması ilə bağlı bir neçə tələbə yoldaşımızla birlikdə təşəbbüs irəli sürdük və çox keçmədən bizim kimi öz ixtisasına həvəsli, öyrənməyə və öyrətməyə meyilli bir qrup formalaşdı. Bu qrupda psixologiya ixtisası olan hər bir universitetdən gənclər var idi. Müxtəlif seminarlar, görüşlər, layihələr həyata keçirməyə başladıq. Daha sonra Avropa Tələbə Psixoloqlar Assosasiyası (EFPSA) adlı bir təşkilatla tanış olduq, EFPSA-da aktiv olan Türkiyəli bir gənc xanım bizə bu təşkilata qoşulmağımız üçün köməklik etdi və 2009-cu ildə Türkiyədə keçirilən milli nümayəndələrin görüşündə iştirak edib, müşahidəçi ölkə kimi təşkilata qoşulduq. 2010-cu ildən isə təşkilatın üzv ölkələrindən biri olduq. EFPSA 32 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir. Təşkilatın fəaliyyət istiqamələrinə müxtəlif təlimlər, yay məktəbləri, konfranslar, araşdırma layihələri, mübadilə proqramları və s. daxildir.
Bu günə qədər təxminən 30-dan çox Azərbaycanlı gənc bu təşkilatın müxtəlif tədbirlərində iştirak ediblər. Mən özüm 7 dəfə EFPSA-nın ayrı-ayrı ölkələrdə keçirilən müxtəlif tədbirlərinə qatılmışam. Və hər dəfə düşünürdük ki, niyə də belə bir tədbir bizim ölkədə keçirilməsin, niyə də hər dəfə tədbir keçirilmiş ölkələrlə bağlı məlumat verilən hissədə bizim ölkənin də adı çəkilməsin. Nəhayət, bu il namizədliyimizi vermək qərarına gəldik və 32 ölkənin hər birindən bir milli nümayəndinin iştirak etdiyi gizli səsvermə prosesində EFPSA-nın ən böyük tədbiri olan, 350 nəfər gənci bir araya toplayan illik ümumavropa konqresinin 31-cisinin, yəni 2017-ci ildə keçirilməsi nəzərdə tutulanın ölkəmizdə keçirilməsi haqqını qazandıq.
Sizcə Azərbaycan psixologiya elmi bu konqresə ev sahibliyi etməyə hazırdırmı?
Bu sualın üzərində son iki ildə çox düşündük. Təbii ki , bizdə psixologiya elmi, xüsusilə praktik psixologiya yeni bir sahədir. Ancaq yeni bir sahə olması onun inkişaf sürətinə təsir etməməlidir. Müasir dövr, internet əsri hər bir fərddən inkişafın qanunauyğunluqlarına cavab verməyi tələb etdiyi kimi, hər bir sahədə də bu tələbi bizlərin qarşısına qoyur. Əgər Amerikada istehsal olunan ən müasir mobil telefon iki gün sonra vitrinlərdə bizim alıcılara da təklif olunursa, niyə elm sahəsi də belə olmasın?! Iqtisadiyyatın tələb-təklif prinipini elmi məsələlərdə pozmaq olar. Elmi təkliflər bol olsun, mütləq tələb yaranacaq. Tələb olmasa ölkəmizin mütəxəssis ehtiyacını ödəmək üçün əcnəbi kadrlara üz tutmarıq. Ona görə də, düşünürəm ki, konqresə ev sahibliyi etmək öhdəsindən gəlinə biləcək bir işdir. Kifayət qədər dəyərli mütəxxəssislərimiz , ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən peşəkar həmyerlilərimiz , təşkilatı məsələləri böyük həvəslə yerinə yetirməyə maraqlı olan gənclərimiz var. Bizim üzərimizə düşən təşkilatlanmaq və komanda şəklində işləməkdi. Bir işə başlamaq onun yarısını bitirməkdi, demək ki, artıq yolun ortasındayıq.
Bu necə bir konqres olacaq, iştirakçı olmaq üçün hansı kriteriyalar lazımdır?
Konqres hər hansı bir əsas mövzuya həsr olunur və 1 həftə ərzində keçirilən mühazirələr, seminarlar, qrup işləri bu mövzunun ayrı-ayrı elementlərini özündə birləşdirir. Bundan başqa konqres müddətində təşkilatı məsələlərə həsr olunan toplantılar da keçirilir, yeni idarə heyəti, yeni ölkə təmsilçiləri təyin olunur və onlara təşkilatın idarə edilməsi ilə bağlı təlimlər keçirilir.Əlavə olaraq mədəniyyət gecələri təşkil olunur və asudə vaxtlarda ev sahibi olan ölkənin mədəniyyətini nümayiş etdirən fəaliyyətlər təşkil olunur.
Konqresə qoşulmaq üçün elektron müraciət formasını doldurmaq kifayət edir. Tədbir bizim ölkəmizdə keçiriləcəyi üçün 60-70 nəfər yerli iştirakçının qatılaması şansı var. Xüsusi bir kriteriya olmasa da, psixologiya elmi ilə əlaqəli olmaq, xüsusi marağa sahib olmaq əsas tələblərdən biridir.
Konqres sadəcə tələbə gənclərin iştirakı üçünmü nəzərdə tutulub?
Əsas hədəf kütləsi gənclər və tələbələr olsa da, istənilən şəxs qoşula bilər. Yerli mütəxəssislər, tələbələr istədikləri halda aktiv iştirakçı kimi öz araşdırdıqları mövzu ilə konqresdə istədikləri formada (qrup işi, təlim, kağız təqdimatı və s.) təqdimat edə bilərlər və həmçinin, passiv iştirakçı olaraq dinləyici qismində də qatıla bilərlər.
Xaricdə psixologiya təhsili almağınız sizə hansı üstünlükləri qazandırdı? Ümumiyyətlə , xaricdə təhsil almaq istəyən gənclərimizə nə kimi tövsiyyələriniz olardı?
Ümumiyyətlə ixtisasdan və qazandığın elmi bilikdən asılı olmayaraq, xaricdə təhsil almaq insanın özünü tanıması üçün bir şansdır, xüsusilə də, əgər psixoloqsansa özünü müşahidə və analiz üçün əla fürsətdir. Bundan başqa insanın dünyagörüşünə verdiyi töhvələr kifayət qədərdir.
Verilən dərslərin məzmunu ilə tanış olduqca, Azərbaycanda keçirilən dərslərlə istər istəməz müqayisə aparmaq məcburiyyətində qalırsan. Görürsən ki, burda da Lorensin qazlar üzərində apardığı eyni təcrübələrdən, Maslaounun eyni ehtiyaclar pramidasından, Yunqun eyni arxeotiplərindən danışılır. Yəni sxematik olaraq təxminən eyni mövzular, ancaq təhsil sisteminin mükəmməlliyi eyni mövzulara başqa aspektən və dərkolunabilən bucaqdan baxmağa məcbur edir. Nəzəri biliklər həyatı misallarla əlaqəli formada çatdırılır, tələbənin öz fərziyyəsini irəli sürmə fürsəti yaradılır, ən dahi alimin nəzəriyyəsinə qarşı ən primitiv tələbə fərziyyələri belə müzakirə olunur və bütün bunlar tələbəni öz ixtisasının peşəkar bilicisi edə bilir. Ümid edirəm ki, tezliklə bizdə də bu cür tələbəyə yönəlik təhsil şəraiti yaranacaq, təhsil formal xarakterdən təcrübi formaya keçəcək, tələbə təhsilə diplom almaq üçün vasitə kimi yox, mütəxxəssis olma prosesi kimi baxacaq. Bunun üçün də qərb təhsil sistemində təcrübəsi olan gənclərin çiyin-çiyinə verib işləməsi lazımdır.
Xaricdə təhsil almaq istəyən gənclərə isə yalnız onu tövsiyyə edə bilərəm ki, xaricdə təhsil almağı yalnış motiv üzərində qurmasınlar, yəni, “başımı götürüm qaçım”, “hansı universitet olur olsun”, “hansı ölkə olur olsun”, “əsas odu xarici diplomum olsun” kimi düşüncələr ilə yola çıxmaq vaxt və enerji intkisindən başqa bir şey olmaz.
- Biraz gələcək planlarınızdan bəhs edərsinizmi? Üfüqdə nələr var?
Azərbaycan psixoloji xidmətin və elmi araşdırmaların dünya səviyyəsinə uyğunlaşdırılması istiqamətində edilə biləcək hər bir işi görə bilməkdir əsas planlar. - Həmyaşıdlarınıza baxdıqda qazandığınız uğurlar təqdirəlayiqdir. Bu sahədə sizə kimlər dəstək oldu?
Qismət, taleh məsələlərinə birmənalı yanaşmasam da, ancaq qismətimdən həmişə qarşıma yaxşı insanlar çıxıb. Beynəlxalq tədbirlərdə iştirakım üçün Azərbaycan Republikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu dəfələrlə maliyyə yardımı göstərib. Birgə işlədiyim şəxslər, universitet müəllimləri, hər zaman dəstək olduqlarını hiss etdiriblər. Azərbaycan psixologiya elminin ən dəyərli şəxslərindən biri olan, professor, rəhmətlik Əbdül Əlizadənin isə hər dəfə “bu elm artıq sizlərin əlindədi” deməsinin üzərimdə yaratdığı aşırı məsuliyyətini və bu məsuliyyətdən yaranan motivasiyanı hiss etmişəm.
- Düşüncə jurnalı azərbaycanda ilk elmi-publisistik psixologiya jurnalı olaraq psixoloq Elnur Rüstəmovun rəhbərliyi və psixoloq Vüsalə Ələkəboravın baş redaktorluğu altında fəaliyyət göstərir. Məqsədimiz Azərbaycanda Psixologiyanın yayılmasına, inkişafına və əhalinin maariflənməsinə xidmət etməkdir. Bizim üçün maraqlıdır, Azərbaycandakı və Belçikadakı psixoloji mərkəzlər və ümumilikdə psixoloji mühiti müqayisə etməli olsaq nə kimi fərqli nüansları qeyd edə bilərsiniz?
- Kifayət qədər fərqlər var, bu fərqlərin ən başlıcası etnopsixoloji amillərlə bağlıdı. Digər fərqliliklər isə etnopsixoloji fərqliliklərin törəmələridi. İlk növbədə Belçika və digər qərb ölkələrində psixoloji xidməti tənzimləyən xüsusi qanunlar mövcuddur. Psixoloji xidmət dövlətin sosial siyasətinin bir hissəsi kimi qəbul olunur. Hər kəsin tibbi, əmlak siğortası kimi psixoloji xidmətlə də bağlı siğortası var. Bu isə insanlarda psixoloji xidmətdən yararlanmağı bir mədəniyyət formasına çevirir. Psixoloji mərkəzlər xüsusi dövlət nəzarəti altında və lisenziya ilə fəaliyyət göstərir. Lisenziya almaq üçün çox ciddi şərtlər qoyulur. Hansı ki, Azərbaycanda bu cür şərtlərə cavab verən psixoloji mərkəzlərin sayı demək olar ki, yox səviyyəsindədir. Bu cür müqayisə Azərbaycanda psixoloji xidmətin qənaətbəxş səviyyədə olmadığını söyləsə də, bu sahənin bizdə yeni olması yaxın gələcəyə optimist baxmağa əsas verir. Son illərə qədər bizdə psixoloji xidmət yox dərəcəsində idi, ona görə də dövlət səviyyəsində bununla bağlı qanun qəbul edilməsi ehtiyacı yaranmamışdı. Ancaq son onillikdə psixoloji xidmətlə bağlı sürətli inkişaf var. Bəzən bu inkişafdan yararlanmaq istəyən, psixoloji xidmətə biznes marağı ilə yanaşanlar olsa da, bu da inkişafın bu mərhələsi üçün gözyumulandır. Ən azından insanlarda psixoloji xidmətdən yararlanmaqla bağlı vərdişin formalaşdırılmasına köməklik edir. Və əminəm ki, yaxın illərdə psixoloji xidmətin tənzimlənməsi ilə bağlı xüsusi qanun qəbul olunacaqdır. Amma buna qədər də, həmin qanunun tələblərinə cavab verə biləcək psixoloqlar formalaşmalıdır.
Düşüncə jurnalının da fəaliyyəti bu baxımdan çox əhəmiyyətlidir. Bu kimi maarifləndirmə və təbliğat vasitələrinin sayının çoxluğu ümumi inkişafın daha da sürətləndirilməsinə səbəb olar. Bu yolda düşüncə kollektivinə uğur və tükənməz enerji arzulayıram.