Statistikaya görə büdcəsini planlaşdırmayanlar qazanclarının 1/10 hissəsindən 1/4 hissəsinə qədər gözlənilməyən istəklərə xərcləyirlər: “əhval düzətmək” üçün tort, dostlarla gəzinti, xoşuma gələn don və s.
Əgər övladınızın belə bədxərc olmasını istəmirsinizsə, ona uşaqlıqdan pulla düzgün rəftar etməyi öyrətməlisiniz. Kiçik yaşlarda (2-4 yaş) uşaqlarla pul ilə bağlı oyunlar oynayın. “Xüsusi” pullar vasitəsilə uşaqlar həm saymağı, həm hesablamağı daha asan öyrənəcəklər.
Daha sonrakı illərdən (5-7 yaş) başlayaraq uşağınızın doğum gününə mütləq pul qutusu (money box) hədiyyə edin. Uşağa yeni əşyanın funksiyları haqqında danışın. Qarşısına qoyduğu ilk məqsəd üçün pul yığımında uşağa dəstək olun (yaxşı olar ki, baha olmayan əşyalardan başlayasız). Bir müddətdən sonra övladınızla birlikdə nə qədər pulunun olduğunu sayın. “Alacağınız əşya üçün daha nə qədər lazımdır?” sualını cavablandırın. Mütləq pul yığılan zaman həmin əşyanı uşaqla birlikdə almağa gedin. Sonra isə “bu əşyanı sən özün almısan, afərin sənə!”-deyərək tərifləyin.
Nəzərə alın ki, pul qutusu olan uşağa pulu yığa bilməsi üçün cib xərcliyi verilməlidir. Verəcəyiniz pulun həcmi aylıq qazancınızdan və ya uşağın yaşından asılı olaraq dəyişə bilər. Cib xərcliyini siz uşağın evdə gördüyü işə görə verə və artıra bilərsiniz. Uşağa “yaxşı oxusan, bu il 4 almasan” kimi şərtlərlə pul verməyin.* Hətta, daha böyük uşaqları “pulum yoxdur, səndə olsaydı mənə bu dəfəlik kömək edərdin” kimi təkliflərlə pul yığımına həvəsləndirin. Sonra təşəkkür edin və pul verdiyi üçün sizi necə çətin vəziyyətdən qurtardığını növbəti 2-3 gün ərzində təkrar edin.
Uşağı 11-14 yaşlarında, mücərrəd təfəkkür inkişaf etdikdən sonra, virtual pulla tanış etmək olar: plastik kartla necə ödəmələr edildiyini, pulun bankda necə saxlanıldığını, kreditin nə olduğunu izah edin.
Unutmayın ki, uşaqlar maliyyə qaydalarını öyrənən zaman səhvlər buraxa bilər, bu səhvlərə görə uşağı danlamayın və sakit şəkildə vəziyyəti izah edin. Uşağın səhvləri valideyn məsuliyyətidir. Baxmayaraq ki, uşaqlar məktəbdə maliyyə anlayışı haqqında məlumat alırlar, lakin onlarda düzgün maliyyə vərdişlərinin yaranması valideynlərindən asılıdır. Övladınızda sağlam maliyyə vərdişləri yaratmağa çalışın:
- qazandığından çox xərcləmə;
- öz büdcəni tərtib et və ona riayət et;
- gəlirinin 10%-nə “təhlükəsizlik yastığı” kimi bax və o pulu yığ;
- lazım olmayan əşyalara pul xərcləmə.
Bu qaydaları mənimsəyən uşaq pulla daha düzgün rəftar etməyi öyrənəcəkdir.
valideyn.az