- Adamlar öz ixtisaslarına aid mövzuda ehtiyatla danışır. Bilmədikləri mövzularda isə daha ürəkli olurlar və onlara elə gəlir ki, bu – fəlsəfədir. (Əbu Turxan)
- Ağıl-kamal verdi sənə yaradan,
- Çalışıb hər sirri öyrən hər zaman. (Əvhədi Marağayi)
- Anlamadığın şeyə sahib ola bilməzsən. (İohann Volfqanq Göte)
- Başqasından alınan biliyin ancaq özünü istifadə etmək olar; toxumluğa yaramaz. Cücərə bilməsi üçün biliklər hər dəfə yenidən kəşf olunmalıdır. (Əbu Turxan)
- Bildiklərinə əməl etməyən adam əlində çıraq gəzdirən kora bənzər. (Sədi Şirazi)
- Bildiyin şeydən qorxma, bilmədiklərindən qorx. (Əbu Turxan)
- Bildiyini bilənin arxasınca gedin,
- Bildiyini bilməyəni oyandırın,
- Bilmədiyini bilənə öyrədin,
- Bilmədiyini bilməyəndən qaçın. (Konfutsi)
- Bilik alimlərin ümumi sərvətidir. (İbn Xəldun)
- Bilik ancaq o zaman həqiqi bilikdir ki, hafizə yox, düşüncə gücünə əldə edilmişdir. (Lev Tolstoy)
- Bilik düz tətbiq olunanda xeyir, səhv tətbiq olunanda ziyan verir. (Sokrat)
- Bilik gücdür. (Frensis Bekon)
- Bilik iradənin quludur. (Əbu Turxan)
- Bilik məqsəd deyil, alətdir. (Lev Tolstoy)
- Bilik o vaxt bilikdir ki, o hafizə gücünə deyil, ağıl gücünə qazanılmışdır. (Lev Tolstoy)
- Bilik öyrənməyi ar bilən hər kəs
- Dünyada mərifət qazana bilməz. (Nizami Gəncəvi)
- Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir. (Konfutsi)
- Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır. (Onore de Balzak)
- Biliyin iç üzü biliklər sisteminə daxil olanda məlum olur. (Əbu Turxan)
- Bilmədiklərimi onsuz da bilmirəm, bildiklərimə də şübhə ilə yanaşıram. (Sekst Empirik)
- Bir elm öyrənmək istədikdə sən
- Çalış ki, hər şeyi kamil biləsən
- Kamil bir palançı olsa da insan
- Yaxşıdır yarımçıq papaqçılıqdan. (Nizami Gəncəvi)
- Bir neçə prinsipi bilmək yüzlərlə faktı bilməməyi əvəz edə bilir. (Helvetsi)
- Bir şeyi dərk etmək – sadəcə onun özünü deyil, həm də bu şeydə təcəlli edən Mütləqi görməkdir. (Mənsur Həllac)
- Bir şeyi olmadığı yerdə axtarmaq onu axtarmamaq deməkdir. (Cəlaləddin Rumi)
- Bir var əkəndən sonra alaqları təmizləyəsən, bir də var elə əkəsən ki, ümumiyyətlə alaq çıxmaya. (Əbu Turxan)
- Biz çiçək əkirik, amma içərisində alaq otları da bitir. Ən çətini alaqlarsız əkə bilməkdir. (Əbu Turxan)
- Biz işığı görmürük, işıq qaranlığın bətnindəkiləri görməkdə bizə yardımçı olur. (Əbu Turxan)
- Bunların (yəni, canlı varlıqların) hərəsi də ona görə belə kamil yaradılmışdır ki, bütün ağıllı adamları heyran qoysun və onlar öz yaradıcılarının hikmət və qüdrətinə əhsən desinlər (Nəsirəddin Tusi)
- Bütün dünya bədəndir; bilik candır. (Cəlaləddin Rumi)
- Bütün hissələri mənimsəyib bütövdən xəbərsiz qalmaq mümkündür. (Əbu Turxan)
- Bütün insanların mənşəyi eynidir; onları ancaq bilik fərqləndirir. (Balasaqunlu Yusif)
- Cahilliyin üç növü var: heç nə bilməmək, hamının bildiyi şeyi pis bilmək, lazım olmayan şeyi bilmək. (Düklo)
- Çox pulu olan, lakin ondan istifadə etməyi bacarmayan adamlar olduğu kimi, çox biliyi olan, lakin onu düzgün yönəldə bilməyənlər də var. (Əbu Turxan)
- Çox şey öyrənə bilməyin sirri – əvvəlcə az şey öyrənməkdən başlamaqdır. (Con Lokk)
- Çox şeyi bilmək ağıl öyrətmir. (Heraklit)
- Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. (Əbül Fərəc)
- Dünyada məqamı bilməyən bir kəs
- Pərdəli yolları düz gedə bilməz. (Nizami Gəncəvi)
- Əgər biliklər qaydaya salınmayıbsa, nə qədər çox bilsən, təfəkkür o qədər zəif olacaqdır. (Herbert Spenser)
- Ehtiyac əməyi, əmək biliyi doğurmuşdur. (Onore de Balzak)
- Elə əks biliklər var ki, bir-biri ilə qarşılaşdırılanda çaxmaq daşı kimi qığılcım yaradır və bu qığılcımın işığında tamamilə yeni biliklər görünür. (Əbu Turxan)
- Elmi bələkdən qəbrədək öyrənmək lazımdır. (Sədi Şirazi)
- Əsl bilik – bildiyin şeyi bildiyini, bilmədiyin şeyi isə bilmədiyini bilməkdir. (Konfutsi)
- Əsli-nəcabəti bəlli olmayan yeni biliyi heç bir nüfuzlu elmi təlim öz ailəsinə qəbul etmək istəmir. (Əbu Turxan)
- Fəlsəfi diskussiyada daha çox qazanan məğlub olandır, çünki o, biliklərini artırmış olur. (Epikür)
- Formal məntiq fəlsəfi daltonizmdir. (Tur Xander)
- Hafizə iki cür olur: hadisələrin ayrı-ayrılıqda yadda saxlanması və ancaq qaydaların, ümumi prinsiplərin yadda saxlanması. İkinci olanda birinciyə ehtiyac qalmır. (Əbu Turxan)
- Hamı bilir ki, bu şey ola bilməz. Amma bu şeyin ola bilmədiyini bilməyən bir nəfər tapılır və həmin şeyi kəşf edir. (Albert Eynşteyn)
- Hər dəfə biz hadisələrə təkcə başqa tərəfdən yox, həm də başqa gözlə baxırıq – buna görə də bizə elə gəlir ki, onlar dəyişiblər. (Blez Paskal)
- Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır. (Abdulla Şaiq)
- Hər qaranlıqda çırpınır bir nur,
- Hər həqiqətdə bir xəyal uyuyur. (Hüseyn Cavid)
- Hər şeyi bilmək istəyi adamı bütün sahələrdə yarımçıq edər. (Demokrit)
- İdrak – dünyanın mübhəmlərini əqlin işığında görmək cəhdidir. (Əbu Turxan)
- İki cür mürşid var: öz yolunu mənə təlqin edən və mənim öz yolumu tapmaqda yardımçı olan. (Əbu Turxan)
- İki cür qaranlıq var: artıq yanıb külə dönmüşlərin qaranlığı, bir də hələ heç yanmağa başlamayanların qaranlığı! İkinci qaranlıq əslində potensial işıqdır. (Əbu Turxan)
- İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır. (Məmməd Səid Ordubadi)
- İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir. (M. T. Sidqi)
- İnsanın biliyi artdıqca, narahatlığı da artır. (İohann Volfqanq Göte)
- İnsanın zülmət gecədə gizlicə gördüyü bir iş gün işığında onu ələ verir. (Cübran)
- İnsanlar adətən onlara məlum olan şeylərin təbiəti haqqında düşünmürlər. Həddindən artıq orijinal zəka tələb olunur ki, özlüyündə aydın olan şeyi təhlil etməyə başlasın. (Uaythed)
- İnsanların ən çox inandıqlarışeylər ən az anladıqlarıdır. (Mişel de Monten)
- Kim ki bilir, axtarmasına ehtiyac yoxdur, çünki o artıq bilir.
- Amma kim ki, bilmir, onun da axtarması mümkün deyil, çünki nə axtardığını bilmir. (Sokrat)
- Kimin ki, həm zikri, həm biliyi var, o, həqiqətən, Nirvanaya yaxındır. (Dhammapada)
- Kişi bir sənəti bilər xalis,
- Çoxuna meyl edən qalar naqis. (Seyid Əzim)
- Lazım olanı bilmək çox bilməkdən daha vacibdir. (Jan Jak Russo)
- Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim. (Konfutsi)
- Mən-ə gedən yolu göstər,
- Mən-dən gedən yolu özüm seçərəm. (Əbu Turxan)
- Məni onun ayağı altında basdırın, onun ayağı bildiyini mənim başım bilmir. (Hacı Zeynalabdin Tağıyev)
- Məntiq ancaq strukturu açır, daxili məzmuna tətbiq oluna bilmir. (Əbu Turxan)
- Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar. (Mirzə Şəfi Vazeh)
- Nə haqda isə heç nə bilməmək qəbahət deyil, pis mənimsənilmiş bilik daha pisdir. (Platon)
- Nursuz göz kimidir elmsiz ürək,
- Nadan insanlıqdan uzaqdır gerçək. (Əvhədi Marağayi)
- O şey ki, bizlərə lap aşikardır
- Orda gizli bir xəzinə vardır. (Nizami Gəncəvi)
- Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. (Sədi Şirazi)
- Oxumaq insana bilik, söhbət – hazırcavablıq, yazmaq vərdişi isə dəqiqlik aşılayır. (Frensis Bekon)
- Pis müəllim biliyin özünü, yaxşı müəllim onu tapmağı öyrədir. (Disterveq)
- Qabınız kiçikdirsə, dəryanı günahlandırmağa haqqınız yoxdur. (Cəlaləddin Rumi)
- Qoy kül olum yana-yana…
- Mən yanmasam, sən yanmasan, biz yanmasaq,
- Necə çıxar qaranlıqlar aydınlığa?! (Nazim Hikmət)
- Qüvvət elmdədir, başqa cür heç kəs,
- Heç kəsə üstünlük eyləyə bilməz.
- Hər uca rütbədən biliniz, fəqət,
- Alimin rütbəsi ucadır əlbət. (Nizami Gəncəvi)
- Sən ancaq öyrənməklə ucalarsan. (Əvhədi Marağayi)
- Səth xarici mühitlə təmasda cilalanır, işıqlanır; iç qat içəridə – qaranlıqda qalır, ta-a o vaxta qədər ki, güclü bir şüa səthdən keçib dərin qatlara nüfuz etsin. (Əbu Turxan)
- Şeylərin faktiki necə olduğunu bilənlər təcrübəli, şeylərin əslində necə olmalı olduğunu bilənlər ağıllı, bu dəyişikliyi həyata keçirməyin yollarını bilənlər isə müdrikdirlər. (Deni Didro)
- Sonlu olan heç vaxt sonsuz olanı qavraya bilməyəcəkdir. (Yunq)
- Sual da, cavab da bilikdən doğulur. (Cəlaləddin Rumi)
- Şübhə mənə bilik qədər həzz verir. (Dante Aligyeri)
- Tamı mənimsəmək heç də o demək deyil ki, hissəni də mənimsəmişik. (Aristotel)
- Tələbəyə bilmədiklərinə görə yox, bildiyini necə bildiyinə görə qiymət vermək lazımdır. (Tur Xander)
- Yaddaş da anbar kimidir; qoyduğunu sonra tapmaq istəyirsənsə, gərək müəyyən qayda əsasında qoyasan. (Əbu Turxan)
- Yarımçıq bilinən hər nə ki var, bilgiyə əngəl olur. (İohann Volfqanq Göte)
- Yeməyi bölüşəndə azalır, biliyi bölüşəndə – artır. (Əbu Turxan)
- Yeni bilik daxil olduğu sistemdə təməl kimi qəbul olunmuş ənənəvi biliklərlə dil tapa bilmirsə, sistem onu ya kənarlaşdırır,ya da özü dağılır; ən məqbul yol isə dili dəyişməkdir. (Tur Xander)
- testbook.az