Valideynlərdən tez-tez uşaqlarının səbəbsiz yerə ağladığını, bir şeyi ağlayaraq istədiyini və ya ağlamaqla öz istəklərinə nail olmasını istəyini eşidirəm. Və bu uşaqların ağlamağı ilə bağlı siyahının yalnız bir hissəsidir. Niyə bizim uşaq göz yaşlarına münasibətimiz bu cür birtərəfli və qətidir? Niyə uşaqların göz yaşlarını görüb, onları həmən sakitləşdirib, susdurmaq istəyirik? Niyə oğlan uşaqlarının göz yaşları bizdə zəiflik və gücsüzlük əlaməti kimi qəbul olunur?
Biz uşaqların göz yaşlarının əsl səbəbini sona kimi anlaya bilməyəcəyik. Bəli, uşaqlar yorğunluqdan, aclıqdan, yuxusuzluqdan, həyacandan, qısqanclıqdan, sevincdən, narahatlıqdan, ana və ya ata üçün darıxdığından və digər səbəblərdən ağlaya bilər. Amma biz bu səbəbləri anlamaya da bilərik. Balaca uşaq qəlbindən neçə və necə fikirlərin keçməsi heç ağlımıza gəlibmi? Bizim gördüyümüz mənzərə həmişə həqiqi səbəbi təsvir etmir. Ona görə hərdən uşaq ağladığı zaman onu sakitləşdirmək üçün istifadə etdiyimiz üsullar və ya təkliflər mənasız olur. Və bu bizim əsəbləşməyimizə və hətta uşağa cəza verməyimizə səbəb olur.
Təsəvvür edin ki, sizin uşağınız daha ağlamır. Bir anlıq “Nə gözəl!” fikri ağlınıza gələ bilər. Hələ dil açmayan uşaq bəs ağrısını necə bildirsin, ana üçün darıxdığı zaman necə hisslərini ifadə etsin, gecə zamanı qaranlıqda kölgələr görüb necə qorxusunu ifadə etsin? Uşaqlar ağlamasa biz onların tələbatlarını, istəklərini, ağrılarını bilməyəcəyik. Bu üsulla onlar bizim qəlblərimizə yol tapıb, onları anlaya biləcəyimizi ümüd edirlər. Onun əvəzinə isə uşaqlar səbrsiz və anlayış göstərməyən valideyn və digər böyüklərlə rastlaşırlar.
Uşaqlıqdan bir xatirə həmişə yadımdadır. Mən uşaq bağçasındayam. Uşaqlar qaçışır, oynayırlar. Mən isə pəncərədən həyətə baxırdım. Birdən uzaqda məni görməyən, kiçik bacımla dükana gedən anamı gördüm. Təbii ki, həmin an anamın yanında olmağı istəyirdim və bərk ağlamağa başladım. Çox təəssüflər olsun ki, o qədər də mehriban olmayan tərbiyəçilər sakitləşdirmək əvəzinə məni cəzalandırdılar. Özümü çox pis hiss edirdim, tərk edilmiş və atılmış kimi idim. İndi mən uşaqların hisslərini çox gözəl başa düşürəm. Uşaqlar hərdən yalnız rahatlamaq üçün, ana qucağında sakitləşmək üçün ağlamağa hazırdılar. Ağlamaq bir həyacan siqnalı kimidir. Biz həmən an qulaqlarımızı bağlamaq əvəzinə bu həyacan siqnalının nə ilə əlaqəli olduğunu anlayıb, uşağın həyacanını azaltmalıyıq.
Maraqlısı budur ki, uşaqlar valideyn və özlərinə daha yaxın olan insanların yanında ağlaya bilirlər, eyni ilə bizim kimi. Niyə? Bu sualı özünə vermisinizmi? Yalnız doğma insanların yanında insan özünü rahat hiss edir. Başqalara biz sərt, kobud görünə bilərik, amma yalnız doğma və əziz bildiklərimizin yanında yumşalıb, ağlaya bilərik. Uşaqlar bizi doğma bilib, bizə inanıb, öz hisslərini rahat təzahür edə bilirlər. Vaxt gələcək, uşaq böyüdükcə göz yaşları azalacaqdır. Bəlkə də ağlayacaq amma gizlində, ona vaxtı ilə ağlamağa imkan verməyən və inamı itirən böyüklər artıq valideyn kimi öz rolunu itirəcəklər.
Biz övladlarımıza qarşı həssas olmalıyıq. Adətən analar övladlarının nə səbəbdən ağladıqlarını artıq çox gözəl ayıra bilirlər. Hərdən isə, uşaqların heç ağlamağı da ana-atalara təsir etmir. Müəyyən bir müddətdən sonra uşaqların qəlbi elə daşlaşır ki, onlara nə ata sözü, nə ana sözü kar etmir. Bununla bağlı 1969-cu ildə Britaniyada çəkilən məşhur “Con” sənədli filmi yadıma düşdü. Anasının doğum evində müəyyən bir müddət qalmalı olduğuna görə, uşaq evində saxlanılan Con, bu ayrılıq səbəbilə anası üçün çox darıxan və ağlayan uşaq sonunda anasını görəndə üzünə də baxmaq istəmirdi. Ağlamaq uşağa qəlbi yumşaq, həssas olmağa yardım edir, mənfi emosiyalardan azad olub, rahatlanmağa və çətin vəziyyətlərə daha asanlıqla alışmağa imkan yaradır.
Bütün deyilənləri nəzərə alaraq, əziz valideynlər, övladlarınıza qarşı diqqətli olun. Səbrli olub, ilk öncə rahat bir vəziyyət seçib, uşağı qucağa alıb sakitləşdirməyə çalışın. Sizin mülayim, anlayış göstərən səsiniz onun rahatlamasına səbəb ola bilər. Əgər ağlamağının səbəbini bilirsinizsə, mümkün olanı edin (yedizdirin, yatızdırın və s.). Yox əgər bilmirsinizsə, adətən bu hansısa streslə əlaqəli ola bilər. Sizin dəstəyiniz və anlayış göstərməniz kifayət edə bilər. Belə hallarda uşağı qucaqda sakitləşdirib bir oyun təklif etmək olar, və ya başını digər maraqlı bir şeylə qatmaq olar.
Amma əgər uşağın ağlamağı gündən-günə şiddətlənir və səbəbini tapa bilmirsinizsə, bu halda həkimə müraciət etsəniz daha yaxşı olar. Hərdən uşaqlarda kəskin ağrılar dayanmayan göz yaşlarına səbəb olur. Bu hələ dil açmayan uşaqlara aiddir.
AHər bir uşağa fərdi yanaşma mütləqdir. Hətta eyni ailədə tərbiyə alan uşaqlara belə. Övladlarımıza həssas yanaşmaq üçün özümüzdən başlamalıyıq. Əgər uşaqlıqda sizə rahat ağlamağa imkan verməyiblərsə, əgər ağlamağı bir zəiflik kimi qələmə veriblərsə, siz də elə düşünəcəksiniz. Siz də parkda, dükanda və başqa ictimai yerlərdə qəflətən ağlayan övladınıza sərt münasibət bəsləyib, anlayış göstərməyəcəksiniz. Hər şey bizdən başlayır. Ağlamağa öyrənməyincə, qəlblərimizi yumşaltmayınca uşaqlarımıza qarşı digər üsülü seçmək mümkün olmayacaq. Mən isə öz növbəmdə demək istəyirəm: “İzn verin uşaqlar ağlasın!”
Müəllif: Gülarə Rüstəmova
Uşaq psixoloqu, əmizdirmə məsləhətçisi
Kayzen.az