07.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş SAĞLAMLIQ PSİXOLOGİYASI KONFRANSI keçirildi.
Qeyd edək ki, 1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq hər il 7 Aprel tarixində Ümumdünya Sağlamlıq Günü qeyd edilir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan edildi.
Öncə açılış nitqi və “Gözəl düşünən sağlam olar” mövzusunun təqdimatı üçün söz Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmova verildi. O, öz təqdimatında “Sağlam ruhda sağlam bədən olar” fikrindən çıxış edərək insanın ruhi sağlamlığını təmin edən əsas məqamlardan danışdı və sağlamlığın insanın düşüncələrilə bağlı olduğunu önə çəkdi.
Növbəti çıxış üçün söz həkim-dietoloq, ESPEN-in yeganə Azərbaycanlı üzvü Tutu Zeynalovaya verildi. Spiker “Sağlam qidalanma və həyat tərzi” mövzusunda təqdimat edərək öz çıxışında hər kəsi sağlam qida rasionlarından istifadə etməyə və bol su içməyə səslədi. “Sağlam həyat sağlam qidalanmadan başlayır” -deyə əlavə etdi.
Daha sonra çıxış üçün söz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Psixi Sağlamlıq Mərkəzinin psixoloq-psixoterapevti, Azərbaycanda aykido psixoterapiyası ilə məşğul olan yeganə mütəxəssis, “Əli və Nino” filminin baş prodüsseri, hal-hazırda çəkilən “Satılmış ruhlar” psixoloji serialının baş prodüsseri və psixoloq rolunun ifaçısı Rövşən Nəzərova verildi. O, “Sağlam düşüncə – yaşam harmoniyası” mövzusunda təqdimat edərək hər şeyin sağlam düşüncədən başladığını qeyd etdi.
Çay fasiləsi üçün ayrılan vaxt bitdikdən sonra konfrans öz işinə davam etdi.
Neyro-psixoloq, Boğaziçi Universiteti Klinik Psixologiya bölümü üzrə uzman, Türk-Amerika Neyropsixiatriya Dərnəyinin üzvü, Zirvə Psixologiya Mərkəzinin həmtəsisçisi və müdiri, Neyropsixologiya Bakı Mərkəzinin sədri Nuranə Kazımovaya söz verildi. O, sağlamlıq anlayışına neyro-psixoloji aspektdən yanaşaraq, öz çıxışında daha çox yuxunun insan sağlamlığı üçün vacibliyindən danışdı.
Növbəti çıxış üçün söz Azərbaycan Respublikası Təhsil İnstitutunun “Psixologiya və Yaş fiziologiyası” şöbəsinin böyük elmi işçisi və dissertantı, psixoloq, musiqişünas Bahar Bəylərova-Ələkbərovaya verildi. “Sağlam musiqi – sağlam psixo-fiziologiya” mövzunda çıxış edən Bahar xanım musiqinin hələ ana bətnində olarkən insan psixologiyasına təsirindən, düzgün musiqi seçiminin insan sağlamlığı üçün önəmindən bəhs etdi.
Son olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru Elxan Bəylərov ” İnsan ruhu qədər sağlam, gənc və safdır” mövzusunda təqdimat edərək milli-mənəvi dəyərlərimizin ruh sağlamlığımıza təsirindən danışdı.
Çıxışlar bitdikdən sonra məruzəçilərə Psixologiya Elmi-Tədqiqat İnstitutu adından Təşəkkürnamə təqdim edildi.
Bununla da SAĞLAMLIQ PSİXOLOGİYASI KONFRANSININ birinci hissəsi başa çatdı.
Yarım saatlıq fasilədən sonra konfransın ikinci hissəsində Orxan İskəndərlinin təqdimatında Yoqa Master-klassı baş tutdu.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq bu gün bizimlə olan dəyərli spikerlərimizə və tədbir iştirakçılarımıza təşəkkürümüzü bildirir, uğurlar arzu edirik.