27 il…
Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edildi. Xalqımızın yaşadığı bu faciə XX əsrin ən dəhşətli, ən qəddarcasına törədilmiş faciəsidir deyə bilərik. Xocalıda törədilən bu dəhşətli hadisə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermişdir. Və bu gün o soyqırımın, o dəhşətli faciənin üstündən 27 il ötür.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
O gecənin bütün qurbanlarına Allahdan rəhmət diləyirik!
Və bu gün 26 fevral 2019-cu il tarixində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, Narınc Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova və mərkəzin bir sıra əməkdaşları Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.
Bir daha bütün şəhidlərimizə, faciə qurbanlarına Allahdan rəhmət diləyirik!