Kəkələmə nədir? Kəkələmə nitq aparatının əzələlərinin qıc olması nəticəsində nitq tempinin və ritminin pozulmasıdır. Təxminən 5 yaş və ondan biraz tez və ya gec yaşda (2-7 yaş arası) başlayır. Danışarkən hərflərin, hecaların təkrarlanması, tutulmaların olmasıdır. Məsəslən, sa…lam, i…nsan və s. Kəkələmənin 3 əsas növü vardır: klonik. Tonik və qarışıq (klonik və tonik kəkələmə bir yerdə). Klonik kəkələmə hecaların uzadılması şəklində özünü göstərir. Tonik kəkələmə də isə tutulma olur. Xüsusiyyətlərinə görə isə damaq, qırtlaq, nəfəs və düşüncə kəkələməsi vardır. Ən ağır kəkələmə növü qarışıq kəkələmədir.Bəzən kəkələmə ilə pararlel tik, Toretto sindromu, zəka yaşının aşağı olması, diqqət əksikliyi halları da müşahidə olunur.
Kəkələmənin yaranmasının çox səbəbləri vardır. Səbəblər içərisində fizioloji, psixoloji səbəbləri xüsusi ilə qeyd etmək lazımdır.Fizioloji səbəbə beyin yarımkürələr qabığının nitq mərkəzində paroksizimlər, dezorqanizasiya, qıcıq, kəkələmə ocağının olması, psixoloji səbələrə uşağın gərgin, sterssli situasiyadan aldığı travma aiddir. Məsələn avtoritar , mükəmməliyyətci ailə modelinin hökm sürməsi və s.
Kəkələn uşaqlarda özgüvən əksikliyi, həyacan təşviş, stressə davamsızlıq və bunardan yaranan digər problemlər olur.
Həyacan nədir? Bizim üçün əhəmiyyətli, vacib işlərdən əvvəl, işin gedişi zamanı keçirdiyimiz hisslər: narahatlıq, mədəmizdə (bəzən də digər daxili orqanlarımızda ) “döyünmə” halının yaranmasıdır. İnsan həyacanlanan zamamn ona elə gəlir ki, bu saat onun ürəyi “yerindən çıxacaq”. İnsan həyacanlananda tənəffüs prosesi tezləşir, tər vəziləri fəaliyyətini sürətləndirir və s. kimi fizioloji proseslər baş verir. Bəs həyacan təşviş nədir? Yuxarıda qeyd olunduğu kimi konkret hadisədən əvvəl və ya gedişi zamanı baş verirsə bu normal haldır, yəni situativ həyacandır. Lakin həyacan gündəlik olaraq, ən kiçik, xırda, vacib olmayan iş zamanı baş verirsə demək ki, bu həyacan təşvişdir.
Bəs necə olur ki, həyacanlama zamanı yuxarıdakl fizioloji göstəricilər baş verir? İlk öncə hər şey düşüncədən irəli gəlir. İnsan hadisənin və ya işin onun üçün çox vacib əhəmiyyətli olduğunu düşünür, özü üçün bu işi dramatikləşdirir, işi reallaşdıra bilməyəcəyini düşünür. Həmin vaxtı beyindən gələn əmrə əsasən böyrəküstü vəzdən adrenalin hormonu qana ifraz olunur. Adrenalin hormonu isə ürək əzələlərinə təsir edərək ürəyin işini sürətləndirir. Qan –damar sistemi tənəffüs sistemi ilə birbaşa əlaqəli olduğu üçün tənəffüs tezləşir və digər proseslər baş verir. Kəkələyən uşaqlarda həyacanın təşviş fonunda olmasının səbəbi onların öz güclərinə inanmamaları və bu halı dəfələrlə yaşayıb,problemi gözlərində böyütmələridir.
Kəkələyən uşaqlarda diafraqma döş boşluğuna doğru çox meyllidir və bununla əlaqədar ağciyərlərin hava tutumu az olduğu üçün bu uşaqlar nəfəsini tənzimləyə bilmirlər.
Həmçinin daxili orqanların və həycan mərkəzi uzunsov beyində yerləşdiyi üçün bu uşaqlarda kəkələmə problemi yaşanır.
Kəkələmə nitq qüsüru (neyroloqopedik) olduğu üçün həmin uşaqlar öz natamamlıqlarının fərqindədirlər. Ümumi olaraq bütün insanlarda natamamlıq hissi olur və bu hiss insanı fəaliyyətə təhrik edir. Yəni natamamlıq hissi motiv rolunda çıxış edir. Bu zaman insan cəhd edir və bacardığını görür. Lakin kəkələn uşaqlarda bu cür cəhd olmur. Hər dəfə danışanda kəkələdikləri üçün özlərinə olan inamı yox olur. Nəticədə məğlub olduqlarını düşünürlər. Bu səbəbdən də onlar çəkingən, utancaq, insanlarla ünsiyyətə girməyən olurlar, yəni, özgüvən əksikliyi problemi yaşayırlar.
Kəkələyən uşalqar gərgin vəziyyətə düşdükdə kəkələmələri artır. Niyə? Bu uşaqlar öz güclərinə inanmadıqları üçün çətin vəziyyətin öhdəsindən gəlməyəcəklərini düşünürlər və çıxış yolu tapmağa cəhd etmirlər. Nəticə də həyacanlanırlar, özünə nəzarəti itirirlər və kəkələyirlər. Bu hal bir deyil bir neçə dəfə təkrarlandığı üçün stressə davamsızlıq ortaya çıxır.
Kəkələmə problemi olan insanlarla kompleks iş aparılmalıdır. Nevropatoloq dərman müdaxiləsi ilə beyində olan fizioloji prosesi normal vəziyyətə gətirməlidir. Loqoped nəfəs və digər loqopedik təfələrini işləyir. Psixoloq isə uşağın özgüvən əksikliyi, həyacan təşviş, stressə davamsızlıq problemləri üzərində işləməlidir.
Hər şeydən əvvəl özgüvən əksikliyi aradan qalxmalıdır ki, uşağın özünə nəzarəti formalaşıb, çətin vəziyyətdə hayacanlanmasın və çıxış yolu tapsın.
Arzu Ələkbərova
NUPM Gəncə filialının psixoloqu