Uşaqlarda anadangəlmə inkişaf qüsurları – uşaq yaşlarında əlilliyin əmələ gəlməsində və 1 yaşa qədər olan uşaq ölümlərinin ən əsas səbəbi hesab edilir.
Bu qüsurlar müxtəlif zərərli faktorların (xüsusən hamiləliyin erkən dövrlərində) dölə mənfi təsirləri nəticəsində əmələ gəlir.
Həkimlər dönə-dönə təsdiq edirlər ki, uşaqlarda anadangəlmə inkişaf qüsurlarının xeyli hissəsinin qarşısını almaq olar. Bunun üçün gələcəyin ata və anası hamiləliyə qabaqcadan lazımi səviyyədə hazırlaşmalıdırlar.
Anadangəlmə inkişaf qüsurlarını törədən faktorlara teratogen faktorlar deyilir. Teratogen infeksiyalar anadan körpəyə keçən infeksion xəstəliklərdir. Bunlara bəzi virus infeksiyaları – məxmərək, sitomegalovirus, sadə herpes, qrip, epidemik parotiti, suçiçəyi, eləcə də cinsi yolla keçən infeksiyalar – toksoplazmoz, sifilis, xlamidioz, ureaplazmoz və s. aiddir. Beləliklə, uşaq doğulmasına hazırlaşan gələcək ata və ana qabaqcadan tibbi müayinədən keçməli, bütün xroniki xəstəliklərin profilaktik müalicəsini aparmalıdırlar. Hamiləlik zamanı qadınlar öz sağlamlığını qorumalı, infeksion xəstələrlə kontaktdan uzaq olmalıdırlar.
Anadangəlmə inkişaf qüsurlarının əmələ gəlməməsi üçün ən əsas tədbirlərdən biri məxmərəyə qarşı vaksinasiyadır – peyvənddir. Çünki əksər hallarda məhz bu virus, inkişaf qüsurlu körpələrin doğulmasına gətirib çıxarır.
Anadangəlmə inkişaf qüsurlu uşaqların doğulmasında risk faktorlarından biri də çoxsaylı abortlardır (süni uşaqsalma). Abortların sayı çoxaldıqca bu riskin dərəcəsi də artır.
Anadangəlmə inkişaf qüsurlarının əmələ gəlməsində ana tərəfindən qəbul edilən dərman preparatlarının da müəyyən təsiri olur. Ona görə də hamiləlik zamanı dərmanlar, dölə təsiri nəzərə alınmaqla, yalnız müalicə həkimin təyinatı ilə qəbul edilməlidir. Digər tərəfdən, dərmanların mənfi təsirindən ehtiyat edərək (“dərmanlar hamilə üçün zərərlidir” deyərək) anginanı və ya karioz dişi müalicə etməkdən də çəkinmək lazım deyil. Bu xəstəliklərin vaxtında müalicə edilməməsi sonradan daha böyük fəsadlara səbəb ola bilər. Onu da qeyd etmək lazımdır ki, ana özünü tam yaxşı hiss etdikdə döl də rahat olur.
Aşağıdakı dərmanları hamiləlik zamanı qəbul etmək qəti qadağandır:
hormonal kontraseptivlər (onları planlaşdırılan hamiləlik vaxtından heç olmasa 3 ay əvvəl dayandırmaq lazımdır),
bəzi antibiotiklər (streptomitsin, tetratsiklin),
antidepressantlar,
analgetiklər (aspirin, indometasin),
hipotenziv preparatlar (pezerpin, xlortiazid),
10.000 BV – dən (Bəynəlxalq Vahid) artıq dozada vitamin A.
Zərərli preparatların qəbulunu həm ata, həm də hamiləliyə hazırlaşan ana, hamiləliyə qədərki dövrdən etibarən dayandırmalıdırlar. Hətta həkim tərəfindən yazılan hər hansı bir dərmanı qəbul etməzdən əvvəl onun annotasiyasını diqqətlə oxuyun (onun hamiləliyə və ya dölə mənfi təsirinə diqqət yetirin).
Hamilə olan qadın tərəfindən çox miqdarda alkoqollu içkilərin qəbul edilməsi, ağır anadangəlmə xəstəlik hesab edilən alkoqol sindromunun inkişaf etməsinə gətirib çixara bilər. Bir çox hallarda bu hətta dölün ölümünə də səbəb olur.
Hamiləlik zamanı siqaret çəkilməsi zərərli hesab edilir ki, nəticə etibari ilə bu körpənin fiziki inkişafının ləngiməsinə səbəb olur.
Anadangəlmə inkişaf qüsurlarının əmələ gəlməsində toksik kimyəvi maddələr də az rol oynamır. Bu maddələr qadının bədənində yığılaraq cift vasitəsi ilə körpənin bədəninə keçə bilər. İş fəaliyyəti ilə əlaqədar olaraq qadın zərərli aktiv kimyəvi maddələrlə kontaktda işləyirsə, öz gələcək hamiləliyini planlaşdırmalıdır. Hamiləliyə 2-3 ay qalmış və bütün hamiləlik boyu (xüsusilə hamiləliyin 14-16-ci həftəliyinə qədər olan müddətdə) körpədə teratogen effekt verə biləcək aktiv kimyəvi maddələrlə təmasda olmaqdan çəkinmək lazımdır!
Fiziki faktorlar olan vibrasiya, kompüterin elektromaqnit sahəsi və radiasiyanın da hamilələrə mənfi təsirini nəzərdən qaçırmaq olmaz.
Dölun formalaşmasına təsir edən faktorlar içərisində hamilə qadının qəbul etdiyi qidalarınkeyfiyyətini də qeyd etmək lazımdır. Qadının qida rasionunda mikroelementlərin (xüsusən sink, maqnezium, dəmir), vitamin və zülalalların olması çox vacibdir. Hamiləlik baş verənə qədər və hamiləliyin ilk ayları ərzində gündəlik olaraq fol turşusu və polivitaminlərin qəbul edilməsi, gələcəkdə baş beyinin, onurğa beyinin və digər inkişaf qüsurları ilə doğula biləcək körpələrin sayının xeyli azalmasına səbəb olur.
Anadangəlmə inkişaf qüsurlarının əmələ gəlməsində əsas faktorlardan biri də valideynlərin yaş həddidir. Statistik göstəricilərə əsasən valideynlərin yaşı artdıqca qüsurla doğulan körpələrin sayı da artır. Optimal uşaq doğma yaşı 20-dən 30 yaşa qədərdir. Yaşı 35-dən artıq olan valideynlər risk qrupuna daxildirlər; sağlam uşaq doğulması üçün onlar kompleks müayinə və hazırlıq keçməlidirlər.
Valideynlərin sağlam olması bilavasitə uşağın sağlamlığı üçün zəmin yaradır. Şübhə yoxdur ki, ananın bir çox xəstəlikləri körpənin bətndaxili inkişafına mənfi təsir göstərə bilər.
Anadangəlmə inkişaf qüsurlu körpələrin doğulmasından özünüzü sığorta etmək üçün hamiləliyə düzgün hazırlaşmaq, hamiləliyin ilk günlərindən etibarən qadın məsləhətxanasında qeydiyyata düşmək lazımdır. Bu zaman qadın hamiləliyin bütün dövrü ərzində ixtisaslı həkimlər tərəfindən nəzarətdə olacaq, lazımi müayinələrdən keçəcək.
Saglamolun.Az