Sosiopat tip şəxsiyyət pozuntusunun digər adı antisosial (dissosial) tipdir. Sosiopat insanlar qanunlara riayet etməyən, daima qaydaları pozan və heç bir peşmançılıq hissi keçirməyən insanlardır. Onlar bu davranışlarına görə cəzalandırılsalar da heç vaxt nəticə çıxarmırlar və bu vəziyyətdən demək olar ki, zövq alırlar. Başqa insanlara zərər vermək sosiopatlar üçün adi haldır. Belə insanlar adətən uşaq vaxtından sevgi doyumsuzluğu yaşayan insanlardır. Sevgi görməyən, şiddətə məruz qalan uşaqlar gələcəkdə də şiddət göstərməkdən çəkinmirlər Sosiopat insanlarda başqa insanları sevmək və başqa insanlara acımaq hissi olmur. Başqa insanla sosiopatlar üçün sadəcə bir vasitə rolunu oynayır. Çox kinli olan sosiopatlar özünə qarşı səhv hesab etdiyi hərəkətləri heç vaxt unutmur və intiqam almaq üçün uyğun zamanı gözləyirlər. Xarakterik xüsusiyyətlərindən biri etdikləri müqabilində heç vaxt vicdan əzabı çəkməmələridir. Yeni tanış olduğumuz insanlar arasında sosiopatların olma ehtimalı olduqca yüksəkdir. Belə ki, bu insanlar başlanğıcda olduqca normal təsir bağışlayırlar. Lakin hadisələrə verdikləri kəskin reaksiyalardan getdikcə hər şey ortaya çıxır. Sosiopatların başlıca xüsusiyyətlərindən biri yalan danışmaqda sərhəd tanımamalarıdır. Çox xəyalpərəstdirlər. Reallıqda olmayan hadisələri böyük məharətlə danışıb insanları inandıra bilirlər. Yeni tanış olduğu birinə özünü çox önəmli bir şəxsiyyət kimi təqdim edir. Ondan şübhələnib sorğuya başladığınızda sərt reaksiya göstərir, əsəbiləşir. Sosiopatlar özlərini digər insanlardan hər zaman üstün görürlər. Gərçək sevgiyə inanmırlar, insanlara qarşı müsbət emosiyaları yoxdur. Lakin istədiklərini əldə etmək məqsədilə özünü sevirmiş kimi göstərə bilirlər. Belə tip şəxsiyyətlər empatiya qura bilmirlər, başqa insanların nə hiss etdiklərini anlaya bilmirlər. Sözlərdən və cümlələrdən ustalıqla istifadə etməyi bacarırlar. Ətrafındakıları danışığı ilə özünə heyran edə bilirlər. Bu qabiliyyət onlara hadisələri fantastik danışma imkanı verir.Yalan danışdığı sübut olunsa belə heç vaxt qəbul etməz və üzr istəməzlər. Çox dərin xəyal dünyaları vardır. Cəmiyyət qaydalarına uyğunlaşmaqda çox çətinlik çəkirlər. Cinayətə meylli insanlardır. Onlar bütün qayda və qanunlara qarşı əsəbı və sərt reaksiyalar verirlər. Utanmaq hissi onlara yaddır. Günahları qarşısında peşman olmayan və vicdanı sızlamayan insanlardır. Elə bu xüsusiyyətlərinə görə onlar təhlükəli vəziyyətlərdə soyuqqanlı olurlar. Heç bir panika yaşamırlar.
Davranış formaları düzənsiz, dəyişkən xarakter daşıyır.Sosiopatlar qərarsız və kənardan baxıldıqda qəribədirlər. Antisosial olan bu tiplər cəmiyyətə qarşı əsəbidirlər. Onlarla mübahisəyə girmək sadəcə vaxt
itkisidir. Dostları olmur və heç bir plana sadiq qalmağı bacarmırlar. Digər insanı anlamaq, qarşılıqlı münasibət qurmaq sosipatlara yad olduğu üçün dost çevrələri də olmur. Həmçinin digər insanlarda da özlərinə qarşı məhəbbət yarada bilmirlər. Bu tip adamlar məqsədlərinə çatmaq üçün hər yola əl atırlar. Onlar ətrafındakı insanlara qarşı kobud münasibət, fiziki şiddət göstərə bilir. Belə şəxslərin ailə həyatı varsa da uzunmüddətli olmur, çox vaxt ailəsindən ayrı yaşayırlar.
Sosiopatlara impulsiv davranışlar xasdır.Təhlükəli və məntiqsiz hərəkətlər etməkdən çəkinmirlər. Sosyopatların çoxu zəka cəhətdən üstündür. Lakin bu zəkanı insanları aldatmaq üçün istifadə edirlər. Yüksək İQ-lü olanlar cəmiyyət üçün daha təhlükəlidir. Onlar en ağır cinayətləri belə asanlıqla işləməyi bacaran insanlardır.
Müalicəsi olduqca çətindir və bəzən mümkünsüzdür. Çünki, sosiopatlar heç vaxt xəstə olduqlarını qəbul etmək istəmirlər. Onlara məsləhət vermək, problemli vəziyyətdə olduğunu anlatmaq qeyri- mümkündür. Bu vəziyyəti depressiya, maddə istifadəsi daha da ağırlaşdırır. Sosiopatlar narkotik maddələrə və alkoqola meylli şəxslərdir. Psixoloqdan dəstək almaq vacibdir. Həmçinin sosiopatlara çox zaman tibbi dəstək də lazım olur.
ƏDƏBİYYAT SİYAHISI: N.V.İsmayılov, F.N.İsmayılov Tibbi psixologiya və psixoterapiya
Dr.Martha Stout The Sociopath Nex Door
Mənbə: Psikoanaliz.net.
Ülfət Abbaszadə