Albert Eynşteynlə Rabindranat Taqorun söhbətləri

Bu danışıqlar Eynşteynin Berlin yaxınlığındakı bağ evində, 14 iyul, 1930-cu ildə baş tutub. Onlar arasındakı söhbət qeydə alınıb və 1931-ci ilin yanvarında «Modern Review» dərgisində çap olunub.
Birinci danışıq.
14 iyul 1930-cu il.
Eynşteyn: Siz Dünyaya qaynayıb-qarışmayan, ondan ayrı olan tanrının varlığına inanırsınızmı?
Taqor: Dünyadan qıraqda olan tanrı yoxdur. İnsanın özlüyü–mahiyyəti tükənməz, ölümsüz olduğu üçün də o, Dünyanı qavramağı bacarır.
İnsan kimliyinin qavraya bilməyəcəyi bir nəsnə də ola bilməz. Bu isə elə Dünyanın bütün gercəklərinin də özündə insanilik daşıması deməkdir.
Dediklərimi aydınlaşdırmaq üçün bir elmi faktı örnək olaraq göstərmək istəyirəm. 
Materiya elektronlarla protonlardan qurulmuşdur, onların arasında isə başqa bir nəsnə yoxdur, ancaq biz materiyanın törəmələrini – biri-biriylə bağlanan ayrı-ayrı elektronlarla protonların toplusu kimi yox, bütöv gerçəklik olaraq görməkdəyik.
Bunun kimi də, insanlıq dediyimiz gerçəklik ayrı-ayrı kimsələrdən yaranır, ancaq bu kimsələr arasında olan insanlıq bağları–ilişkiləri insanlıq toplumunu, bütöv görünən, yaşarı bir orqanizm biçiminə salır.
Dünyayla insanlığın bağlılığı da elə onların öz aralarında bu sayaq birləşməsindən yaranan bütövlükdür.
Bu, insandan ayrılmaz olan Dünyadır. Dediyim bu ideyanı mən incəsənətdə, ədəbiyyatda, dini inanclarda izləyib, araşdırmışam.
Eynşteyn: Dünyanı qavramaqda biri-birindən seçilib ayrılan iki yanaşma vardır:
Dünyanın varlığı büsbütün insan şüurundan asılıdır.
Dünya insan şüurundan asılı olmayan bir gerçəklikdir.
Taqor: Yaşadığımız Dünya, Ölümsüz İnsanla sürəkli bir harmoniyada olduğundan biz bu Dünyanın gerçəklərini qavraya, gözəlliklərini duya bilirik.
Eynşteyn: Bu dedikləriniz, Dünyaya insan olaraq yanaşmaqdan doğan yozumdur.
Taqor: Başqa bir yozum ola da bilməz. Bu dünya insanın dünyasıdır. Dünyaya elmi baxış – hansısa bir alimin baxışıdır. Dünya bizdən ayrılıqda var ola bilməz. Dünya bizdən asılıdır, onun gerçəkliyi bizim şüurumuzdan asılıdır.
Doğruluğun, gözəlliyin bəlli ülgülərinin-standartlarının olması, bu dünyanı güvəncli–etibarlı eləyir, – bu standartları isə Ölümsüz İnsan yaratmışdır, onun qavradıqları, duyduqları isə, getdikcə, bizim qavramımıza, duyumumuza çevrilir.
Eynşteyn: Sizin dediyiniz bu Ölümsüz İnsanı – insanın özlüyü-mahiyyəti də adlandırmaq olar.
Taqor: Elədir, bu–insanın ölümsüz, tükənməz olan özlüyü-mahiyyətidir. Biz onu yaşadığımız duyğularla, bir də çəkdiyimiz əməklərlə qavraya bilərik.
Bununla da bizim adlaya bilmədiyimiz çevrələrdən qırağa çıxmağı bacaran Üstün İnsanı anlamağa başlayırıq. Elmi baxışlar, ayrı-ayrı kimsələrin qavramlarında qapanıb qalmır, Dünyanın – ayrıca kimsələrdən yox, hamıdan asılı olan gercəklərini arayıb-öyrənir.
Din isə ayrı-ayrı kimsələrdən asılı olmayan gerçəkliyi qavrayaraq, bizim bir az da dərində olan gərəklərimizlə bu gerçəklik arasında bağlılıq yaradır; dini inancların yardımı ilə qavradığımız gerçəklik, təkcə bizim yox, bəlli bir çoxluğun inandığı dəyərlərə çevrilir.
Eynşteyn: Onda belə çıxır, həqiqət də, gözəllik də, insandan asılı olan gerçəklərdir.
Taqor: Elədir.
Eynşteyn: Birdən insanlar yoxa çıxarsa, onda Belvederli Apollon1 öz gözəlliyini itirərdimi?
Taqor: İtirərdi!
Eynşteyn: Mən gözəlliyin bu sayaq yozulması ilə barışıram, ancaq həqiqəti belə yozmağı yanlış sayıram.
Taqor: Nə üçün? Həqiqəti insandan başqa da bir qavrayanmı var?
Eynşteyn: Bu dediklərimi doğrultmağa söz tapa bilməsəm də, ancaq mənim inandığım din elə budur.
Taqor: Gözəllik – bitkin bir harmoniyanın ideala yaxınlaşmasından doğur, bu özünün örnəyini Universal İnsanda göstərməkdədir; həqiqət isə bu Universal İnsanın şüurunun qavradıqlarıdır.
Biz, ayrılıqda götürülmüş kimsələr olaraq, kiçikli-böyüklü yanlışlıqlar eləyərək, sınaqlardan keçərək, şüurumuzu aydınladaraq, bu doğruluğu qavramağa yaxınlaşırıq, yoxsa, biz doğruluğu başqa necə qavraya bilərik?
Eynşteyn: Mən elmin doğru saydıqlarının, doğrudan da elə insandan asılı olmayan doğruluqlar, gerçəkliklər olduğuna sizi inandırmaq üçün söz tapa bilməsəm də, buna ürəkdən inanmaqdayam.
Götürün elə Həndəsədəki Pifaqor Teoremini, bu, insandan asılı olmayan bir gerçəkliyin, gözəyarı da olsa, doğruluğunu göstərmirmi?
Elə isə, insandan asılı olmayan reallıqlar varsa da, onda bu reallıqlara uyğun olan doğruluqlar da olmalıdır, bunlardan birinin danılması, elə o birinin də danılması deməkdir.
Taqor: Universal İnsanın qavradığı gerçəklər, insanca olan gerçəklər olmalıdır, yoxsa bizim, yəni ayrı-ayrı kimsələrin, qavradıqlarımızı da gerçəklik saya bilmərik, onlara ən azından elmi gerçəkliklər deyə bilmərik, ancaq elə insanın düşünmək bacarığı yaradan orqanlarından doğulan bu məntiqi düşüncələrin yardımı ilə qavradığımız elmi gerçəklər də, bizi addım-addım doğruluğa sarı aparır.
Hind fəlsəfəsinə görə, Brahma adlanan mütləq bir gerçəklik vardır, onu yalnız istəməklə qavramaq olmaz, onu sözlə anlatmaq olmaz. Onu qavramaq istəyən kimsə, büsbütün sonsuzluğa dalmağı, qovuşmağı bacarmalıdır.
Bu isə sözsüz, elmi həqiqət sayıla bilməz. Bizim bayaqdan söz açdığımız gerçəklər isə bəlli görünüşü olan gerçəklərdir, yəni onlar insan şüuruna gerçəklik təki görünürlər, ona görə də, bunlar ancaq insanca olan gerçəklərdir. Onu biz, Mayya2 da, ilğım da adlandıra bilərik.
Eynşteyn: Sizin, ola bilsin, hind fəlsəfəsindən doğan yozumunuza görə, bu ilğım dediyiniz yalnız ayrı-ayrı kimsələrin yox, bütün insanlığın qapıldığı bir ilğımdır.
Taqor: Elmdə biz bəlli bir düzənə uyaraq, öz şüurumuzun dar çevrəsindən qurtuluruq, ona görə də Universal İnsanın anladığı gerçəkləri qavraya bilirik.
Eynşteyn: Bu gerçəklik bizim şüurumuzdan asılıdırmı? Başlıca problem də elə budur.
Taqor: Bizim doğru adlandırdığımız, – gerçəkliyə subyektiv yanaşma ilə obyektiv yanaşmanın ağlabatan harmoniyasından yaranır, elə Universal İnsan da gerçəkliyə bu sayaq yanaşır.
Eynşteyn: Ona qalsa, biz gündəlik yaşamımızda belə, işlətdiyimiz predmetlərin varlığının insandan asılı olmadığını sanırıq.
Biz bunu, duyğu orqanlarımız arasında anlaşılmazlıq yaranmasın deyə eləyirik.
Örnək üçün, bu gördüyünüz stol, evdə bir kimsə olmayanda belə, öz yerində dayanıb-duracaq, yox olmayacaqdır.
Taqor: Elədir, dediyiniz durumda stol hansısa bir kimsə üçün görünməz olacaqdır, ancaq o universal şüurdan gizli qala bilməyəcəkdir. Mənim stol kimi qavradığım nəsnəni, mənim kimi şüur yiyəsi olan bütün kimsələr də belə qavrayacaqlar. 
Eynşteyn: Gerçəkliklərin varlığının insandan asılı olmadığını sözlə anlatmaq, doğrultmaq olmur, ancaq demək olar, yer üzündə yaşamış ilkin insanlardan tutmuş bugünəcən, bütün insanların hamısı buna inanmaqdadır.
Biz gerçəkliyi qavraya bilməyi, ancaq Universal İnsanın obyektivliyinə bağlayırıq, yalnız onun bacaracağı bir iş sayırıq.
Yəni bizim varlığımızdan, sınaqlarımızdan, anlağımızdan, istəklərimizdən asılı olmayan gerçəkliklər vardır, ancaq biz bunun nədən belə olduğunu sözlə anlatmaq gücündə deyilik.
Taqor: Elmin anlatdığına görə, stolun bərk bir predmet olması yalnız bir görünüşdür, elə bunun kimi də, insanın şüuru olmasaydı, onda onun stol təki anladığı predmet də olmayacaqdı.
Bununla yanaşı, stolun elementar fiziki varlığının, – elektrik yüklü, ara vermədən fırlanan, kiçik dənəciklərdən qurulduğu da artıq bəllidir, ancaq bunu bilməyimiz də elə insanın şüurlu olmasınna görədir.
Gerçəkliyi qavramanın gedişində Universal İnsanın şüuru ilə, ayrı-ayrı kimsələrin şüuru arasında arasıkəsilməz bir çəkişmə gedir.
Elmdə, fəlsəfədə, etikada, sürəkli bir qavrama prosesi getməkdədir. Məncə, insandan asılı olmayan hansısa müləq gerçəklik olsaydı belə, o bizim üçün büsbütün gərəksiz olardı.
Biz düşüncəmizi gücə salıb, baş verən olayların ardıcıllığını yalnız zamana görə dəyərləndirən, ancaq onların baş verdiyi məkanı gözardı eləyən bir düşüncə tərzi, başqa sözlə desək, başqa bir şüurlu yanaşma qondara bilərik, onda Dünyada baş verən olayların ardıcıllığı da yalnız zamandan asılı olar, haradasa not yazılarının ardıcıllığına görə çalınan musiqiyə oxşayardı.
Belə bir şüur üçün gerçəkliyi qavramaq, musiqi gerçəkliyini qavramaq kimi baş verəcəkdir, burada artıq Pifaqor Teoreminin azacıq da olsa anlamı qalmayacaqdır.
Tutalım, kağız adlanan gerçəklik var, o özü-özlüyündə ədəbiyyat adlanan gerçəklikdən çox-çox uzaqdır.
Kağızyeyən köstəbəyin qavramında ədəbiyyat adında bir predmet yerli-dibli yoxdur, ancaq insanın şüurunda ədəbiyyat adlı gerçəklik var, özü də o, kağız adlanan gerçəklikdən qat-qat dəyərlidir.
Ona görə də insan şüurundan, duyğularından asılı olmayan hansısa bir gerçəklik olsa belə, biz özümüzün insan şüurumuzla yaşadıqca, o, bizim üçün büsbütün gərəksiz, dəyərsiz olaraq qalacaqdır.
Eynşteyn: Onda belə çıxır, mən dinə sizdən çox inanmaqdayam.
Taqor: Mənim dinim – Ölümsüz İnsanı, Universal İnsan ruhunu öz varlığımda axtarıb tapmaq, onu qavramaqdır. Mən bütün bu dediklərimi geniş olaraq, “İnsanın dini” adlı hipotetik mühazirələrimdə göstərmişəm.
1 Belvederli Apollon–Burada, əski çağlarda yunanların Günəş, işıq tanrısı sayılmış Apollonun Vatikanın Belveder bağçasındakı mərmər heykəli anılır.
2 Mayya–induizmlə buddizmdə bir termin olaraq işlənməkdədir, bu inanclara görə, insanın öz qavramı ilə öyrənib bildikləri, gerçəkliyin ötəri-keçici görüntüləri–mayyalardır.
 

Ruscadan tərcümə: Araz Gündüz

azadliq.org 

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər