Hər bir ölkənin sağlam gələcəyi onun vətandaşlarının keçmiş tarixini unutmamasındadır. Sağlam gələcək naminə uşaqlarımıza uşaqlıq dönəmindən vətənpərvərlik duyğusu aşılamalıyıq. Vətən hər zaman “Ana Vətən” kimi simvolizə olunur. Çünki hər bir insan üçün onun valideynləri xüsusən anasının onu dünyaya gətirməsi, bəsləməsi, qoruması vətən ilə eyni mənanı kəsb edir. Sağlam ailədə böyüyən, valideynləri ilə sağlam münasibətdə olan hər bir uşaq böyüyəndə vətənini sevəcək, onu bütün müstəvilərdə qoruyacaqdır. Bu məsələni çox xırdalamaq istəmirəm. Sözümün canı odur ki, uşaq artıq bağça dönəmindən vətəninin tarixi günləri ilə tanış olur. Onun əlamətdar adətlərini öyrənir. Gözəl, sevinc dolu bayramlar (novruz, qadınlar, həmrəylik və s.) uşaqlara ailə və ətrafı daha rahat anlamağa kömək olur.
Ağır, acılı günlərimizi necə?! Bax burda hər kəs tərəddüt yaşayır. Necə edək ki, uşağımızda vətənpərvərlik duyğusunu aşılayaq, tarixini tanıdaq və bununla paralel onun psixikası zədə almasın?! Şəhidlərimizin fotogörüntüləri göstərilsinmi?
İlk öncə onu qeyd edimki, uşaqlar ölümü 7yaşa qədər anlamırlar. Onlar bu yaşa qədər ölümü sonlanmış proses kimi yox, gedib sonradan gələcək bir hal kimi anlayırlar. Ona görə də bu günü bağça dönəmlərini yaşayan uşaqlara mütəxəssislər anladarkən hadisələri detallı şəkildə fotogörüntülərlə anlatmamalı, orda olan şiddəti sözlü şəkildə qismən izah etməli, daha çox vətəni sevmək, onu qorumaq, ağır günündə yanında olmaq və s. kimi gözəl, güvənverici duyğulara fokuslanmalıdırlar. Bu əlamətdar gündə uşaqların himni bilməsi, onlara vətənlə bağlı şerləri öyrədilməsi, səhnələşdirməsi məqsədəuyğundur.
Məktəb dönəmində isə artıq uşaq ölümü dərk edə bilən yaşdadır. Burda mütləq müəllim- pedaqoq diqqətli olmalı, məktəb psixoloqunun iştirakı və ya nəzarəti altında məlumat verilməlidir. Emosional sferası davamsız olan uşaqlar hələ də ölümü anlamamış ola bilər. Bu uşaqlar xüsusi seçilməli, izahatda onlar da nəzərə alınmalıdır. Cinsi yetişkənlik yaşına (9 yaş sonrası) kimi uşağın işgəncə video və fotoşəkilləri izləməsi məqsədəuyğun deyil. Bu zaman uşaqlar artıq bu acı günə, bu günün niyə qeyd olunduğuna deyil, görüntüdəki işgəncələrin təsiriylə hadisələri öz üzərinə köçürüb yaxınlarını itirmə və ya məktəb qorxusuna çevirə bilər. Bunun nəticəsində onlarda yuxuda sayıqlamalar, yuxuya gedərsə hadisələrdən xəbərsiz olacaq və pis bir şey baş verəcək düşüncəsinə qapılaraq yuxu pozuntusu, səbəbsiz hərarət, qarın ağrısı və s.fobik əlamətlər baş verə bilər. Bəzən pedaqoq elə düşünür ki, uşağa şəkilləri göstərərsə bu hadisəni daha dərindən anlayacaq. Əslində özlərini bir az əziyyətə salıb hadisələri nağıl edərək danışsalar heç bir uşaq qorxunu nifrət şəklində yaşamadan hadisələri gözləri önündə canlandıracaq. Təsirlənəcək, qəzəblənəcək, məsuliyyət hissinin verdiyi qeyrət onda hər zaman vətəni qorumaq instiktini oyaq saxlayacaq. Kimisi seçdiyi idmanla, kimisi yaxşı bildiyi fənnlə önə gedib vətənimizin adını uca zirvələrdə daşımaq istəyəcək. Nəinki məktəbdən qorxacaq, səhərisi gün ağlayaraq məktəbə getmək istədiyini dilə gətirəcək.
Şəhidlərimizə verilmiş işgəncələri hər uşaq öz təxəyyülünə uyğun olaraq canlandıracaq. Onları necə qaz balonunda kilidli saxlandığı, soyuq qarlı havada əliyalın meşədə qalmaları, bütün bu hadisələrin hər biri müəllimin dilindən incəliklə, böyük həssaslıqla izah edilməlidir. Soyqrım mütləq sükutla yad edilməlidir. Hər bir kiçik yaşlı uşaq artıq 9yaşından sonra bu görüntüləri gizlətsəniz belə axtarıb tapacaq,bütün sənədli filmləri izləyəcəkdir.Əks təqdirdə uşağa erkən yaşda bunu doğru formada izah etməsək, əsl şəxsiyyət kimi formalaşmağa başlayan, yəni yeniyetməlik dönəmində bu proseslərdən qaçacaqdır. Soyqrım övladlarımızda ruh düşgünlüyü yox, daha mətin, daha Mübariz olmağı formalaşdırmalıdır.
Faciə hamımızın faciəsidir. Bunu gələcək nəsillərə övladlarımız çatdıracaq bu günün uşaqları, sabahın Mübarizidir. Həyatını dəyişənlərə rəhmət, Xalqımıza səbir arzulayıram.
Narınc Rüstəmova
NARINC UPM-nin rəhbəri, klinik psixoloqu