“Son zamanlar insest hadisələri artıb…” – Psixoloqdan hər cür suala CAVAB

narinc.az Teleqraf.com saytına istinadənPsixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun müsahibəsini təqdim edir.

  • Elnur müəllim, ilk öncə intiharlardan danışaq. Qeyri-rəsmi məlumata görə, 2017-ci il başlayandan Azərbaycanda 40-a yaxın intihar hadisəsi baş verib. Niyə intiharların sayı artır?
  • İntihar hadisəsi yalnız Azərbaycanda deyil, bütün dünyada baş verir. Avropada intihar göstəriciləri daha böyükdür. İntiharların formaları müxtəlifdir. İndi biz intihara klassik formada – kimsə özünü asdı, hardansa özünü atdı kimi baxmalı deyilik. Öz intiharına müxtəlif don geyindirənlər də olur. Məsələn, dini təsir altında Yaxın Şərqə müharibəyə döyüşməyə gedirlər. Əslində, bu da intihardı. Çünki gedən bilir ki, bu gedişin sonu yoxdur…

İntihara təsir göstərən faktorlar, məqamlar da cürbəcürdür. İlk növbədə qlobal prosesləri diqqətə almalıyıq. Biz informasiya və qloballaşma dövrünün insanlarıyıq. Bu gün hər kəs informasiya basqısı altındadır. Telefonunun şarjı bitəndə adama daha çox gərginlik keçirir, nəinki ac olanda. Bu, artıq şüuraltı infeksiyadır.

Əlbəttə, çoxsaylı informasiyalar insanın ruh halına təsir göstərir, gərginlik yaradır və canlı ünsiyyəti məhdudlaşdırır. Bu da şübhəsiz, həssas insanlarda pessimist duyğular doğurur və bəzən intihar hallarına gətirib çıxarır. İntiharlarda narahatlıq yaradan məqamlardan biri də belələrinin sırasında üzün sürən xəstəlikdən əziyyət çəkən, zərərli vərdişləri olan insanların yox, yeniyetmə və sağlam gənclərin daha çox olmasıdır. Bu da göstərir ki, artıq intihar birfaktorulu hadisə deyil. Diqqətdə saxlanmalı çox məqamlar var.

  • Bəzən intihar edənləri dəli adlandıranlar da olur…
  • Məncə, bu, doğru yanaşma deyil. İnsan birdən-birə özünə qəsd etmir, ani intiharlar çox az hallarda baş verir. İntihar edən şəxs zaman-zaman özünü buna hazırlayır. Bu gün insanlar biri-birinə biganədirlər. Hər kəs çəkilib öz mağarasına. Əvvəllər canlı ünsiyyət daha çox idi, problemlə qarşılaşanlar biri-birilərinə dəstək verirdilər. Məsələn, 20 il əvvəl bir adam rəhmətə gedirdisə, 40 gün onun evinə gedib-gələn olurdu. Azı bir il müddətdə də həmin ailəyə baş çəkirdilər.

Bu gün ölüm halları o qədər artıb ki, yalnız dəfnə gedirlər. Bu, bir misaldır, demək istəyirəm ki, insanlar arasında yadlaşma var. Özünə qəsd edənə zamanında dəstək verilsə, bəlkə də, onun problem həll olunar, o da bu yolu seçməz.

  • Elnur müəllim, intihar düşüncəsində olan kimsə sizə müraciət edibmi?
  • Bu cür müraciətlər çox olub. İntihardan geri qaytardıqlarımız da az deyil. Mən bir müddət işdə seanslar zamanı telefonlarımı təhvil verirdim. Bir dəfə seans zamanı qəbul otağından xanım telefonumu qaça-qaça gətirdi ki, bir nəfər zəng vurub ağlayır, sizinlə təcili danışmaq istəyir. Adam özünü dənizə atmaq istəyirdi.

Telefonda söhbətləşdik, razılığa gəldik. Daha sonra görüşdük, bizdən psixoloji dəstək aldı. Artıq həmin şəxs real həyata qayıdıb, işləyir. Düzü, ondan sonra mən vərdişimi dəyişdim. İndi telefonları yanımda saxlayıram. Çalışıram zənglərə cavab verim. Telefonumu isə heç vaxt söndürmürəm…

  • Bəs bir insanın intihar etmək fikrinə düşdüyünü necə anlaya bilərik?
  • Bunun konkret resepti yoxdur. Resept tapılsaydı, həyatda intihar edən olmazdı. Gəldiyim qənaət odur ki, müəyyən psixoloji pozuntu zamanı, yaxud elə sahələr var ki, orda çalışan insanlar intihara meylli olurlar. Mən o sahələrin adını çəkmirəm ki, bu özü mənfi təbliğat rolu oynayar. İnsanlar arasında canlı ünsiyyət nə qədər çox olsa, intiharlar da o qədər azalacaq.
  • Bu yaxınlarda Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylı açıqlama verdi ki, bəziləri psixiatrla psixoloqun fərqini bilmir. Bu açıqlamaya münasibətiniz necədir?
  • Psixiatr tibb təhsilli, klinik problemlə məşğul olan mütəxəssisdir. O, dərman yazır, daha çox klinik problemlərlə məşğul olur. Psixoloq isə dərmanla işləmir, psixoloji narahatlıqla üzləşmiş insanlara yardım göstərir. Amerikanın bir sıra ştatlarında psixoloqlara bəzi dərmanları yazmağa da icazə verilir.

Yaxınlara kimi bizim cəmiyyətdə psixoloqla psixiatrı fərqləndirməkdə çətinlik çəkirdilər. Zənnimcə, hazırda əvvəlki çətinlik yoxdur. Cəmiyyət xeyli maariflənib. Dərk edirlər ki, psixiatr təkcə şizofreniya xəstəliyindən əziyyət çəkən insanlarla məşğul olmur. Yəni psixiatr təkcə el dili ilə desək, dəliləri müalicə eləmir. Psixoloq da o cümlədən…

Ancaq bəzi insanlar nevropatoloqla psixiatrın fərqini bilmir. Psixi problemi olan insanlar nevropatoloq yanına gedir, ya da əksinə… Əslində stiqma ilə bağlı problemimiz də var. Psixoloqa, psixiatra getsəm mənə dəli deyərlər fikrindən əl çəkmək gərəkdir.

  • Bəzən deyirlər ki, insan yuxusunda yaxın qohumu ilə bağlı erotik yuxu görürsə, bu, həmin adamdakı psixoloji problemlərdən xəbər verir. Düzgündürmü?..
  • İnsest hadisələrinə hərdən rast gəlirik. Ola bilər, hansısa insanın şüuraltısında elə bir meyl gizlənsin. Mən demirəm ki, o, anası, bacısı, xalası ilə cinsi əlaqədə olmaq istəyir. Amma səbəbsiz də ortaya heç nə çıxmır. Bu onu göstərir ki, yuxu görənin şüuraltısında o düşüncələr var… Çox zaman o yuxular da başa çatmır, yarımçıq qalır. Son zamanlar ana ilə övlad arasında insest hadisəsi baş verir. Əvvəllər belə hallar ictimailəşmirdi. Amma indi ictimailəşir.
  • Bayaq siz də qeyd elədiz. İnsanlar arasında belə bir fikir formalaşıb ki, psixoloqa gedirsənsə, dəlisən. Nədən irəli gəlir bu yanaşma?
  • “Psix” sözü insanları çaşdırır. Gəlin məsələyə bu aspektdən yanaşmayaq. Bu gün cəmiyyətdə sorğu aparsaq ki, filan rəngli içki, filan yemək necədir, cavab verəcəklər ki, insana ziyandır. Halbuki onu içir də, yeyir də. İnsanlarımız da psixoloqa gedirlər, amma gizlədirlər. Dəfələrlə qohumlar psixoloji seansa gələn zaman qeydiyyat şöbəsində rastlaşıblar.
  • Sizə daha çox hansı problemlərlə müraciət edirlər? Bir insan həftədə neçə dəfə psixoloji seansa gələ bilər?
  • Çox problemlərlə bağlı müraciət edirlər. Mən əsasən yeniyetmələrlə və ailələrlə işləyirəm. Ailədaxili, təşviş-həyəcan pozuntusu olan problemlərlə müraciət edənlər çox olur. Əgər seansa gələn insan ağır depressiyadadırsa, həftədə 3 dəfə psixoloq qəbulunda ola bilər. Bəzən onlayn psixoloji dəstək də göstəririk.
  • Psixoloji seansların bahalığından şikayətlənənlər də var. İnsanların psixoloqlara az müraciət etməsinə qiymətlərin yüksək olması səbəb ola bilərmi?
  • Psixoloq bir xidmət sahəsidir, onun ödənişi var. Fikrimcə, bizdə psixoloji dəstək baha deyil. 10 ildir eşidirəm ki, psixoloqun qəbulu bahadır, ancaq bu qiymət dəyişməyib. Bir insan ildə 10 dəfə xəstəxanaya gedir, kifayət qədər pul xərcləyir, amma psixoloqa gedəndə deyir, bahadır.
  • Səhiyyə Nazirliyi nəzdində psixoloji xidmət göstərən Psixi Sağlamlıq Mərkəzi də var. Orada xidmət ödənişsizdir, insanlar müraciət edib, dəstək ala bilərlər.
  • Sizcə, niyə xaricə psixoloq yanına gedirlər? Yerli psixoloqlara inamsızlıq varmı?
  • Müxtəlif səbəblər ola bilər. Bəzən psixoloqlardan qaynaqlanan səbəblər də olur. Xaricə gedənlər müəyyən qədər maddi imkanı olan insanlardır. Onlar bəzən yerli psixoloqlara etibar etmirlər. Düşünürlər ki, ailəsinin problemini niyə psixoloqa danışsın… O da kiminsə yanında danışar. Nəticədə ailə sirri ortaya çıxar. Halbuki psixoloq üçün anonimlik müqəddəsdir. Bir müddət əvvələ kimi xaricə gedən vətəndaşlarımız çox idi. Artıq azalmağa başlayıb.
  • KİV-də kriminal hadisələr üstünlük təşkil edir. Sizcə, kriminal informasiyalar hansı qaydada verilməlidir?
  • Dünyada bu cür xəbərlərin verilməsi üçün qəbul olunmuş müxtəlif qaydalar var. Avropa ölkələrin kriminal xəbərlərin verilmə saatları müəyyən edilir.

Kriminal olay həmişə olub və olacaq. Fikrimcə, belə hadisəni xəbər kimi yox, maarifləndirici mövzuda hazırlamaq lazımdır. Çünki hər kəsin psixologiyası eyni deyil. Hərə özünə görə xəbərdən nəticə çıxarır. Bu gün Azərbaycanda kriminal xəbərlər yox, iqtisadi xəbərlər üstünlük təşkil edir. Bu da bir dönəmdir. Keçib gedəcək…

Zaman-zaman müəyyən mövzular gündəmdə olur. İnkişaf etmiş ölkələr həmin mərhələləri keçiblər. Biz də o mərhələləri keçməliyik.

  • Elnur müəllim, statistika açıqlandı ki, 2016-ci ilin 11 ayı ərzində Azərbaycanda 60,8 min nikah və 12 min boşanma halları qeydə alınıb. Az rəqəm deyil. Niyə bu qədər boşanmalar baş verir?
  • Filmlər, kitablar, mahnılar insanların şüuraltısına təsir göstərir. Onlar “ruhsal uyğunsuzluq”, “elektrik ala bilməmək” kimi fikirlərə düşürlər. Cütlüklər biri-biri ilə dil tapmalıdırlar. Bu gün bizim işləyən qadınlarımız var. Onlar çalışır və diqqət istəyirlər. Deyirlər ki, evin kişisi ilə hər ikimiz evə gəldiksə, biri-birimizə köməklik etməliyik. Bəzən də kişi işdən çıxır gedir çay evinə, qadına deyir ki, sən get evdə otur. Bu, düzgün deyil. Yanaşmalarda problem var. Ailədə bərabərlik olanda problemlər azalır.
  • Ötən il məktəblərdə müxtəlif zorlanma hadisələri baş verdi. Təhsil ocağında şagirdlərin bu kimi halların şahidi olurlar. Bu, onların psixologiyasına necə təsir edir?
  • Əvvəllər oxşar xəbərləri xarici mətbuatdan alırdıq, amma indi öz ölkəmizdə baş verir. Bu gün orta məktəbdə oxuyan şagirdlər mühit, bilik və ailədaxili problemlər baxımından əvvəlki illərdən fərqli düşüncə və yükə sahibdirlər. Orta məktəblərdə baş verən xoşagəlməz hadisələr ürək açan deyil. Azərbaycanda məktəblərdə psixoloji dəstək peşəkar səviyyədə qurulmayıb. Düşünürəm, bir müddətdən sonra bu hallar tənzimlənəcək.
  • Bu yaxınlarda valideynləri evlənmələrinə icazə vermədiyi üçün iki gənc biri-birini sevdiyi üçün qoşulub qaçmışdı. KİV-dən kömək istəyirdilər. Bizim cəmiyyətdə hələ də bu cür problemlər qalmaqdadır. Niyə hələ də gənclərə valideyn müdaxiləsi var?
  • Bu cür problemlər əvvəllər də olub. Bu gün isə dərinləşib. Qeyd etdiyiniz məsələyə hüquq baxımdan yanaşmayaq. Mənəvi tərəflər daha çox diqqətdə saxlanmalıdır. Bununla belə, heç kim zəmanət vermir ki, iki gəncin qurduğu o ailə sabah doğurdan da xoşbəxt olacaq. İnsan ailə qurmağa yetişməlidir.
  • Psixoloji yardım haqqında qanunun qəbul olunması gözlənilir. Bu qanunu necə dəyərləndirirsiz?
  • Çox müsbət haldır. Bu qanun qəbul olunandan sonra psixoloji dəstək təkmilləşəcək və axarına düşəcək.
  • Bu gün insanların real həyatdakı dostu virtual dostundan dəfələrlə azdır. Biri-birini tanımayan insanlar sosial şəbəkələr vasitəsi ilə tanış olur, dostlaşır, gizli sirlərini bölüşürlər. Niyə virtual münasibət real münasibətdən önə çıxır?
  • Virtual münasibətləri üstün tutanlar real həyatdakı insanlara ümidsiz yanaşırlar. İnternetdə ünsiyyət isə dolayısı ilə onların təsəvvüründə ideal insanla ünsiyyətdir. İdealdakı insana hər sirri etibar etmək mümkün sayıldığı üçün bunu virtual aləmə keçirirlər. Ünsiyyət virtualdan real həyata keçəndə, yəni onlar görüşəndə yenə özlərinə qapılırlar…

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər