İnsanı sosiallaşdıran başlıca amil ünsiyyətdir. İlk baxışdan sadə görünən bu qavram əslində incəliklərlə dolu çox çətin bir bacarıqdır. Ünsiyyət təlabatı bütün canlılarda – heyvan, bitki və insanlarda mövcuddur. Amma bizi digər canlılardan fəqləndirən ən mühüm xüsusiyyət ünsiyyəti şüurumuzla mükəmməl şəkildə ifadə etməyimizdir.
Sual olunur; Ümumiyyətlə ünsiyyət deyəndə nə başa düşürük? Gəlin bu məsələyə birlikdə aydınlıq gətirək. İnsan bir fikri başqasına çatdırmaq, hər hansı bir fikrə münasibət bildirmək və ya münasibəti öyrənmək üçün ünsiyyətə girir. Dolayısı ilə özünü ifadə etməyə, aktuallaşdırmağa çalışır. Bu səbəbdən də ünsiyyət bizim cəmiyyətdə mövqemizi təyin edən ən mühüm faktordur. İnsan ifadə edilə bildiyi qədər insandır. Çünki bu keyffiyəti ilə o, gözəl valideyn və dost, yaxşı işçi və ya heç kim tərəfindən sevilməyən bir şəxs ola bilər.
Psixologiyada ünsiyyət hər zaman aktual olan bir problem olmuşdur. Bütün psixoloji məktəblər zaman-zaman problemə diqqət ayırmışlar. Bu məktəblərdən biri də keçən əsrin 70-ci illərində yaranmış NLP (Neyro Linqvistik Proqramlama)-dir. Bu istiqamətin nümayəndələri ünsiyyət prosesini geniş şəkildə izah edirdilər. Onlar ünsiyyəti sözlü (nitq) və sözsüz (bədən dili – jest və mimikalar) deyə 2 növə ayırırdılar.
Biz fikrimizi təkcə sözlə deyil, onunla paralel bədən dilimizlə də ifadə edirik. Bunlar üst-üstə düşməyəndə ünsiyyət əksər hallarda uğursuz hesab edilir. Çünki, müasir psixologiya müəyyən etmişdir ki, ünsiyyət prosesində söz 7%, səs tonu 38%, bödn dilimiz isə 55% iştirak edir. Ona görə də ünsiyyət prosesinə kompleks yanaşma tələb olunur. Qarşınızdakının yalan söyləməyini də biz çox zaman onun bədən dilinə nəzərən aşkar edirik. Çünki bədən dilini idarə etmək böyük təcrübə tələb edir.
Ünsiyyət prosesində eyni zamanda alıcı (qəbul edən) və ötürücü (mənbə) tərəflər mövcuddur. Ötürücü tərəf, mövzu haqda məlumatlı, alıcı ilə ünsiyyətdə maraqlı, lazım gəldikdə həm də alıcı olmalıdır. Alıcı tərəf isə almağa həvəsli, seçici olmamalı, qaynaq olmağa istəkli olmalıdır ki, onların ünsiyyəti uğurlu alınsın. Yəni biz həm dinləməyi həm də fikrimizi düzgün şəkildə çatdırmağı bacarmalıyıq. Deyəcəksiniz ki, bəzən qarşımızdakı elə boş danışır ki, nəinki onu dinləmək istəyi hətta kəskin münasibət bildirməyimiz gəlir. Amerika siyasətçisi E. Marks yaxşı deyir – boş danışanın danışdıqlarında belə özünə götürəcəyin çox şey var. Ən azı danışdıqlarının insanlara nə zaman boş gələcəyini bilmək nöqteyi-nəzərindən.
Psixologiyanın ayrı bir qolu – transakt analiz deyilən nəzəriyyədə insanın rolları və bunların uzlaşması məfhumu irəli sürülür ki, burada da əsas məqam bizə doğru ünsiyyət qurmağa kömək etməkdir. Bu nəzəriyyəyə əsasən hər bir insan 3 başlıca rolu həyata keçirir: yaşlı, valideyn, uşaq. Məsələn, bəzən özümüzdən kiçiklərə və ya dostlarımıza bir sözlə nəyin doğru nəyin yalnış olduğunu başa salırıq (valideyn rolu), bəzən isə məsləhət verir (yaşlı rolu), bəzən isə özümüzü dəcəl və şıltaq aparırıq (uşaq rolu). Bunların hamısı bir insanda mövcuddur. Sadəcə bunlardan biri hər insanda üstünlük təşkil etdiyindən, insan onda hansı rolun aparıcı olduğunun fərqinə varmalıdır. Bu insana digərləri ilə ünsiyyətdə mühüm fayda verə bilər. Biz rolları doğru zamanda doğru yerdə istifadə etsək ünsiyyətimiz də uğurlu alınar. Bu istiqamət əsasən ailə münasətlərində korreksiya aparılmasına çox böyük yardımçı olur.
Əgər qarşımızdakı ilə ünsiyyət prosesində eyni roldan çıxış etsəniz ünsiyyət uğurlu alınacaqdır. Məsələn, sevdiyiniz insan sizinlə uşaq kimi danışır və ya oynayırsa, çalışın sizdə onunla bu şəkildə rəfdar edin. Və ya sizi danlayırsa sizdə ona “çalışaram olmasın” və ya “səni nə narahat edir? Nədən narazısan?” və s. kimi stiuasiyaya uyğun cavab vermək gərəkir. Əgər siz uşaq rolundan çıxış edərək cavab versəniz münasibətləri daha da gərginləşdirə bilərsiniz. Tolstoyun yaxşı sözü var: “Xoşbəxt o insandır ki, özü başa düşdüyü kimi başqasını da başa salır”. Xüsusən cütlüklər arasında yaranan problemlərin kökündə özünü düzgün ifadə edə bilməmək durur. Biz əgər qarşımızdakının başa düşəcəyi dildə danışsaq fikrimiz aydın, münasibətlərimiz arzuolunan səviyyədə olar. Bunun üçün yuxarıda qeyd edilənlərdən faydalanmaq heç də pis olmazdı.
Beləliklə “qısa” misallarla da olsa ünsiyyətinizdə çətinlik çəkdiyiniz məqamlara yardımçı olmağa çalışdıq. Ümid edirəm ki, toxunduğumuz məqamlardan düzgün istifadə etsəniz sizə çox faydalı olacaq. Bunları həyata keçirmək üçün sabahı gözləməyin. Məqaləni oxuyub bitirdiyiniz ilk andan sonra həyatınıza tətbiq etməyə başlayın. Sonda onu qeyd etmək lazımdır ki, hər cür ünsiyyətdə qarşılıqlı hörmət, dinləməyi bacarmaq və səbirli olmaq ən əsasdır. Bunların hamısı öz yerində olsa, ünsiyyətin uğurlu olacağına əmin ola bilərsiniz.
Mənbə: PCC jurnalı
Narınc Rüstəmova