Bir çox insanlar qışı, soyuq havanı, qarı xoşlayır. Lakin digərlərinə soyuq hava heç bir sevinc gətirmir.
Söhbət soyuğa qarşı allergiyası olan insanlardan gedir. Bu insanların bir çox hissəsi öz vəziyyətlərində olan dəyişiklikləri allergiya ilə əlaqələndirmir və bu dəyişiklikləri digər pozulmalarla izah edir. Nəticədə onlar uzun müddət ərzində həkimləri “gəzir”, lazım olmayan müalicələr alırlar.
Soyuq tibbi elmində yalnız bu yaxınlarda allergen kimi qəbul olunmağa başladı. Soyuğa qarşı olan allergiyanı həkimlər daha tez-tez hallarda allergiya yox, “psevdoallergiya” adlandırırlar. Adətən “allergen” dedikdə biz müxtəlif maddələri (toz, yun, heyvanların tükü, bitkilərin tozcuqları, bəzi qidalar və s.) nəzərdə tuturuq. Lakin soyuq “maddə” deyil. Onda niyə soyuq allergik reaksiyalara səbəb olur? Həkimlərin fikirinə görə, soyuq insan orqanizmində müəyyən prosesləri “qoşur” ki, nəticədə allergiyaya bənzər reaksiya inkişaf edir.
Soyuğa qarşı allergiyası olan insanlarda zökəm, burunun tutulması, asqırma baş verir. Lakin isti yərdə bu simptomlar birdən itir və insan sanki “sağalır”. Əgər Siz özünüzdə bu kimi simptomları müşahidə etmisinizsə, bu soyuğa qarşı allergiya ola bilər.
Bu allergiya növünün digər simptomu insanın dərisində inkişaf edən müxtəlif pozulmalardır – dəri səpir, qaşınır, quruyur, qabıq verir, onun üzərində açıq və ya tünd qırmızı ləkələr, çatlar əmələ gəlir. Ağır vəziyətlərdə dəri ödemləşə bilər. Bu adətən dərinin açıq hissələrində (əllər, üz, qulaqlar) baş verir. Bəzən isə dizlərin və budların iç hissəsinin dərisi də zədələnir. Bu soyuğun təsirindən inkişaf edən dermatitdir.
Belə dermatit kompleks şəkildə müalicə olunmalıdır. Müalicə zamanı periferik qan dövranını yaxşılaşdıran preparatlar, vitamınlər, antihistamin preparatlar və s. istifadə olunur. Agır vəziyyətlərdə həkim müəyyən hormon preparatları təyin edə bilər.
Qış aylarında çölə çıxdıqdan əvvəl dərinin açıq hissələrinə xüsusi kriokremlər (apteklərdə satılır) çəkmək, havaya uyğun geyinmək lazımdır.
Bəzi insanlarda soyuq havada dodaqların dərisi qızarır, dodaqlar çatlayır, qabıq verir, dodaqların qıraqlarında yaralar əmələ gəlir. Bu da soyuğa qarşı allergiyanın əlamətidir. Əgər Sizdə belə simptomlar inkişaf edirsə, profilaktik olaraq evdən çıxdıqdan əvvəl dodaqlara gigiyenik dodaq boyasını və ya kriokrem çəkin. Vəziyyət ağırlaşdıqda həkimə müraciət edin. Lazım olduqda həkim xüsusi müalicə təyin edə bilər – vitamin preparatları, antihistamin preparatlar və s.
Nadir hallarda olsa da soyuq hətta ən ağır allergik reaksiyası sayılan anafilaktik şokun səbəbi ola bilər. Bu güclü soyuqlama nəticəsində baş verə bilər. İnsanın arterial təzyigi kəskin düşür, nəfəsalma çətinləşir, bayılma ola bilər. Bu halda lazım olan tibbi yardım göstərilməzsə, insan məhv ola bilər.
Soyuğa qarşı alleryiyası olan insanlara kriosaunadan (arıqlamaq və digər müalicəvi məqsədlərlə istifadə olunan prosedura) istifadə etmək olmaz. Əks halda insanda hətta anafilaktik şok inkişaf edə bilər.
Bütün digər allergiya növləri kimi soyuğa qarşı allergiya insanlarda daha tez-tez hallarda immunitetin zəifləməsi zamanı inkişaf edir. Bu səbəbdən profilaktik məqsədi ilə daim immunitetinizi möhkəmləndirin. Bunun üçün düzgün qidalanın, kifayət qədər yatın və dincəlin, stres vəziyyətlərindən uzaq olun, idmanla məşğul olun, tez-tez havada olun, orqanizminizdə olan xroniki infeksiya ocaqlarını (karies, haymorit və s.) vaxtında və düzgün müalicə edin.