BACARIQSIZ İNSAN YOXDUR.!

Hər hansı bir işin uğursuz neticələnməsinin, müvəffəqiyyətsizliyin əsas səbəblərindən biri də insanın bacara bilməmə qorxusudur.Əslində bu hiss çox böyük bir qüvvədir.Belə ki,insanı müəyyən bir işin astanasındaykən,bacara biləcəyi halda belə həmin işdən dərhal uzaqlaşmağa vadar edə bilər.Odur ki,özümüzü bu hissin əsiri etməməliyik.Önəmli olan insanın öz gücünə,bacarığına inanmasıdır.                                                                             Həyatda bacarıqsız insan yoxdur!Sadəcə özünü düzgün sahədə sınamamış,düzgün istiqamətə yönləndirilməmiş,öz bacarığını üzə çıxara bilməmiş və ya bacarıqları boğulmuş insanlar vardır.Hər kəs özünü bacarıqlarını göstərə biləcəyi sahədə tapmalıdır.Bacarıqlarımızı kəşf edənə qədər özümüzü bir neçə sahədə sınaya bilərik.Ola bilər ki,bu yolda hər hansı bir uğursuzluqla qarşılaşaq və ya müəyyən səhvlər edək.Amma unudulmamalıdır ki,uğura gedən yol uğursuzluqdan keçir və bir çox hallarda nəyisə əldə etmək üçün nəyisə əldən vermək lazımdır.Yetər ki,biz bacarıqlarımızı aşkar edək.Çünki insanın öz bacarığı əsasında formalaşan fəaliyyəti daha böyük uğurlara yol açar.                               Hansı hissdən danışırıqsa danışaq,mütləq uşaqlıq dövrünə baş vurmaq lazımdır.Buna səbəb bütün hisslərin təməlinin məhz uşaqlıq dövründə qoyulmasıdır.Biz müəyyən bir yaşa çatdıqdan sonra fəaliyyətimizin hər anında,bizim hər addımımızda uşaqlıq dövründə gördüklərimiz,yaşadıqlarımız və ya yaşaya bilmədiklərimiz öz sözünü deyir.Əgər bir insan yetkin yaş həddinə gəlib çatdıqdan sonra özünü bacarıqsız biri kimi qəbul edirsə, biz bunun da səbəbini uşaqlıqda axtarmalıyıq. Ən sadə nümunələrdə belə bunu görmək mümkündür. Əgər 3-4 yaşında bir uşaq bütün günü güzgünün qarşısına keçib uca səslə,qışqıraraq hər hansı bir mahnını oxumağa çalışırsa,-“Bir az sakit ol,səsin başımıza düşdü!” deyib uşağa hirslənmək düzgün deyil.Kim bilir, bəlkə də siz gözəl  bir oxuma bacarığının üstündən xətt çəkmiş oldunuz.Və yaxud balaca bir uşaq böyük bir həvəslə əlinə rəngli karandaşlar ,qələm,kağız götürüb bacara biləcəyi şəkildə cızma-qaralar edirsə süfrə rəngləndiyi üçün,ətraf bulaşdığı üçün valideyn qəzəblə onun əlindən qələmlərini,kağızını alıb,-“sən hələ yazı yaza bilmirsən,şəkil çəkməyi bacarmazsan.”deyib sərt qadağalar qoyursa uşağın maraqları ödənilməmiş,həvəsi tamamlanmamış,bacarıqları boğulmuş olur.Axı o uşaq,bəlkə də gələcəkdə gözəl bir rəssam ola bilərdi,əgər bacarığını vaxtında və düzgün kəşf edə bilsəydi…  Hörmətli valideynlər,icazə verin ki,uşaqlarınız öz bacarıqlarını kəşf edərək böyüsünlər,bunu sizin dəstəyiniz,sizin köməyinizlə etsinlər.Əgər sizin övladınız əlində özünün çəkmiş olduğu rəsm ilə yanınıza gəlir,ilk əl işini sizə göstərirsə onun balaca əllərinin yaratmış olduğu bu “rəsm əsəri”ni böyük bir tablo kimi qəbul edin,evinizin gözəl bir guşəsində yerləşdirin.Əməyinin qiymətləndirildiyini görən uşaq həvəslə başqa bir işlərin arxasınca qaçacaqdır,sırf sizin alqışınızı,rəğbətinizi qazanmaq üçün əlindən gələni edib yeni-yeni uğurlarla qarşınıza çıxmağa səy göstərəcəkdir.Hər bir addımlarında uşağınızla birlikdə olun,yeri gələndə uşaqla uşaq olun,bu halda onun böyük dünyasına bələd olarsınız.Önəmli olan valideynin övladının yanında olması deyil,onunla bərabər olmasıdır.Uşağınızla bərabər onun bacarıqlarını kəşf edin və ona bacarığının arxasınca getməyə imkan yaradın.Yerin-göyün sahibi,aləmləri yaradan Rəbbimiz bizi şüurlu yaratdı.Bizə şüur verdi,bizi bununla digər canlılardan üstün yaratdı,ali varlıq kimi yaratdı-insan yaratdı.Biz ona görə şüurlu yaradıldıq ki,özümüzü,gücümüzü,bacarıqlarımızı dərk edə bilək.Allah heç kəsi bacarıqsız yaratmayıb.İnsan sonsuz güc,qüvvətə malikdir.                                                                             İçinizdə bir insan yetişdirin.O insan ki,susuz səhraları belə çeşmə bulaqlar kimi təsvir edəcək gücə sahib olsun.Belə bir insan yaşadın içinizdə,hər yolun əvvəlində yolun uğurlu sonunu görməyi bacarsın.O, səni heç bir zaman gücsüz,bacarıqsız etməz,uğurlarında sənə yardımçı olar.       Bir çox hallarda biz insanların ən böyük problemlərimizdən biri ,hər hansı bir işdən tez soyumağımız,tez həvəsdən düşməyimiz olur.Məsələn,hər hansı bir işin əvvəlində kiçik uğursuzluqla qarşılaşdıqda bir qisim insanlar “mən bacarıqsızam,bunu da bacara bilməyəcəm”deyib həmin işdən tez  əllərini çəkirlər.Belə bir fikir vardır:Həyatda ən azı yüz dəfə uğursuzluqla qarşılaşmayan insan tapa bilməzsən. Qarşılaşdığın hər hansı bir uğursuzluq sənin bacarıqsız olduğun mənasına gəlməz. Unutma, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəs bacarıqlı yaradılıb. İradəli olmalı,bacarıqlarımızı təkmilləşdirməliyik. Hər birimizə məlumdur ki,dünyada fiziki qüsurlu insanlar vardır,hansı ki,öz bacarıqları ilə hər kəsi heyran edirlər.Bu halda sen nece öz bacarığına şübhə ilə yanaşa bilərsən???  İnsan əldə edəcəyinə inanmadığı hədəfə heç bir zaman çata bilməz,öz gücünə hər kəsdən əvvəl sən inanmalısan,özünü buna inandırmalısan.Belə olduqda ətrafındakı insanlar da sənə və sənin gücünə inanar.  Bəzən insan özünü bacarığının yetmədiyi sahəyə təhrik edər.Buna bir çox amillər səbəb ola bilər.Tutaq ki,hər hansı bir insan xarakteri,  davranışı, intellekti, ən əsası bacarığı baxımından daha çox uyğun olduğu sahədən gəliri az olduğu üçün uzaqlaşır və daha yuxarı statuslu işlə məşğul olmaq istəyir ,buna özünü məcbur edir.Amma nəzərdə saxlamaq lazımdır ki,sənin hansı işlə məşğul olmağındansa, məşğul olacağın sahədə hansı  dərəcədə bacarıqlı olmağın daha önəmlidir. Çalış ki,bacarıqlarının itəcəyi deyil,bacarıqlarının üzə çıxacağı və parlayacağı sahədə özünü tapasan.Sənin addımın bu halda uğurludur.                                           Qarşılaşdığımız bir çox situasiyalarda ise valideynlər övladlarını düzgün istiqamətləndirmirlər. Onlar öz uşaqlarını bacarıqlarının yetəcəyi sahəyə deyil, özlərinin onları görmək istədiyi sahəyə yönləndirirlər. Heç birimizə yad deyil ki,bir çox hallarda valideynlər məsələn, “Bizim ailədə hər kəs həkimdir,sən də həkim olmalısan.”, “Atan səni polis görmək istəyir.”, “Bizim arzumuz sənin jurnalist olmağındır.” və s. bu kimi fikirlər söyləyərək ixtisaslarını seçməkdə olan övladlarını bacarıqlarını nəzərə almadan məhz öz istədikləri sahəyə yönləndirirlər.Bacarıqları düşünülmədən hansısa ixtisasa təhrik edilən şəxslər nəticəsində bacarıqsız həkim,bacarıqsız müəllim,bacarıqsız hüquqşünans, bir sözlə bacarıqsız kadr yetişə bilər. Onlar bacarıqsız kadr ola bilərlər, lakin bacarıqsız insan deyillər. Sən əgər zərgərin əlinə balta versən, o,bundan düzgün istifadə etməyə  bilər, barmağını doğrayar.Bu onun bacarıqsızlığını ifadə etmir.O, əslində öz işində bacarıqlıdır.Çörək çörəkçinin,balta odunçunun,qızıl da zərgərin əlində daha qiymətlidir,daha məqsədəuyğundur. Hər kəs bacarığının yetdiyi sahədə işinin ustasıdır,müvəffəqiyyət sahibidir.Heç kəsə sizin bacarıqsız olduğunuzu söyləməsinə imkan verməyin.Bunun üçün hər şeydən əvvəl sən özün özlüyündə bacarıqlı olduğunu təsdiq et.Əgər sən hər gün özünə “mən bacarıqsızam”desən sonda bütün varlığınla buna inanarsan və insanların sənə ünvanladıqları bacarıqsız damğasını qəbul etməli olarsan.                                           Qarşılaşdığım bir çox vəziyyətlərdə tanıdığım və ya tanımadığım insanların kiməsə bacarıqsızdır deməsi ilə çox rastlaşıram və hər zaman bu fikirlə mübarizə aparıram.Sən də heç bir zaman kiməsə “bacarıqsızsan” demə,özünün də bacarıqsız olduğunu qəbul etmə.Yaddaşında saxla,hər kəsin daxilində bacarıqlı insan mövcuddur.Kimisi həmin bacarıqlı insanı aşkara çıxardar,özünə və ətrafa tanıdar,kimisi də bacarıqlarını boğar və daxilindəki bacarıqlı insanı məhv edər.      Ayağa qalx! Kiminsə bacarıqlarının qarşısını almasına imkan vermə.Və özün də özünü doğru sahədə sına. Bacarıqsız insan yoxdur, hər kəs bacarıqlıdır, eləcə də Sən!

ABUŞOVA SEVİNC LATİQ QIZI.

Azərbaycan Dövlət Pedaqoji Universiteti. IV kurs. Təhsildə sosial-psixoloji xidmət.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər