UŞAQLARIN UŞAQLIQLARINI ADAM KİMİ YAŞADIĞI ÖLKƏ…

“Xəyallara dalmaq işsizlərin gördüyü ən faydasız işdir” Rey Bredberi, “Qaymaqlı dondurma rəngli misilsiz əlbisə” “Biz Avropada çox şeylər gördük. Biz orda torpaq yola rast gəlmədik. Asfalt yollar Almaniyanı əriş-arğac kəsirdi. Yolların kənarında ağaclar cərgələnmişdi. Evlər səliqəli idi… Mətbəxi, hamamı da öz yerində. Həyətlər də səligəli idi. Odunlar doğranıb səliqə ilə düzülmüşdü. Almaniyada ilk günlər mətbəxə girəndə çaşıb qalırdıq. O qədər qab-qacağa, çəngəl-bıçağa və cürbəcür qədəhlərə, içkilərə rast gəlirdik ki? İndi serjantla birlikdə bunları yada salır və bizim kəndlərdə belə səliqə yaratmaq haqqında düşünürdük… Larionov xəyala dalıb deyir ki, adamın gücü ola, bütün bu yolları, evləri, bağları götürüb bizim yerlərə aparasan, bircə anda hər yeri cənnətə döndərəsən. Mən də öz aləmimdə bunları birbaş Azərbaycana aparıram”. İsmayıl Şıxlı, “Cəbhə gündəlikləri” Atam bu sətirləri müharibəboyu apardığı gündəliyində 1945-ci ilin 29 sentyabrında, faşist Almaniyasının süqutundan sonra yazıb. Düz 71 il bundan əvvəl… *** Bu günlərdə Finlandiya məktəblilərinin nüfuzlü PİSA təşkilatının reytinqində dünya üzrə birinci yerdə olduqları barədə oxudum. Üç ildə bir keçirilən həmin araşdırmanın nəticələrinə görə, onlar həm də ən oxuyan, yəni mütaliə edən uşaqlarmış. Təbiət elmlərində ikinci, riyaziyyat üzrə isə dünyada beşinci imişlər. Finlandiya təhsil sistemi barədə mümkün mənbələri araşdırmağa başladım və oxuduqca heyrətləndim. Finlandiya təhsili bu yüksəlişə ötən əsrin 60-cı illərindən başlayıb. O zamanlar amerikalılar kimi finlər də 30-cu yerlərdə idilər. İndi isə ABŞ 29-cu, Finlandiya isə 1-cidir. Finlandiyanın 5,5 milyon əhalisi var, ərazisi 338.430 kv.km-dir. Əhali sixlığı:1kv.m 16 nəfərdir. 1919-cu ildən müstəgildir, Avropa Birliyi üzvüdür. Ölkədə təhsil pulsuzdur. Orta ümumi təhsil icbari olmaqla iki pillədən – ibtidai (1-6-cı siniflər) və yuxarı (7-9-cu siniflər) ibarətdir. Biliklərini təkmilləşdirmək istəyənlər əlavə 10-cu sinfə də gedə bilərlər. Növbəti mərhələ isə peşə kolleci, ya da liseydir. Deyəcəksiniz ki, burda qeyri-adi nə varki? Elədir, amma fin təhsilinin sirri bunda deyil – təhsilə münasibətdə və müəllimə verilən qiymətdədir. Gəlin təhsildən, yəni məktəbdən başlayaq. Birnövbəli dərs həftəsi 5 günlükdür. V gün məktəblər qısaldılmış iş rejimində çalışır. Həftə ərzində dərs həcmi 20 saatdan artıq olmur. Tənəffüslərə xüsusi diqqət yetirilir. İbtidai sinif şagirdlərini hər dərsdən sonra mütləq şəkildə ən azı 10 dəqiqəliyinə təmiz havaya çıxarırlar. Hava xoş olanda isə dərslər məktəb həyətində də keçirilir.
Hökümət hər uşağa görə, ailəyə ayda 95 avro ödəsə də, dərs ilinin əvvəlində hər bir məktəbliyə hədiyyə olaraq, yəni PULSUZ, isti gödəkcə və qış ayaqqabısı, hovuz üçün rezin çəkələk və qurulanan, oyuncaqlar, dərsliklər və nəhayət İPAD verilir! Doqquzillik məktəb proqramı imtahan nəzərdə tutmur. Yalnız sonda, ümumi test qaydasında məktəblinin biliyi qiymətləndirilir. Ev tapşırığı da, demək olar ki, verilmir, çünki fin təhsilində məcburiyyətə yer yoxdur. Əsas məqsəd müstəqil şəkildə oxumaq, yəni təhsil almağı öyrətməkdir. Müəllim yalnız məsləhətçidir. Dərsini oxumayanın valideynini məktəbə çağırmaz, uşaqdan şikayət etməzlər. Oxumasa, sinifdə qalar. Finlər bunu faciəyə çevirmirlər, çünki uşaq dərk etməlidir ki, təhsil heç kimə deyil, yalnız onun özünə lazımdır. Dərk etdimi – oxuyacaq. Görün bir, nə alınır – ev tapşırığı yox, qiymət yox, gündəlik yox, pul yığdı yox, ümumi məktəbli forması yox, imtahan yox, rayon təhsil şöbələri yox, yoxlamalar yox. Məktəblər arasında tədris baxımından fərq də yoxdur. Ən yaxşı məktəbin bilik göstəricisiylə ən geridə qalanın arasındakı fərq ən pis halda 6 faizdir. Ona görə də “Yeni Günəşlidə yaşayan” valideyn uşağını şəhərin mərkəzindəki “adli-sanli” məktəbə gətirmir, elə məhəllədəki məktəbə verir. Məktəb 2 kilometrdən uzaqda olanda isə, yenə də pulsuz məktəb avtobusu var. Daha heç kim işini-gücünü buraxıb övladını şəxsi maşınında məktəbə aparmır. Məktəblərin qabağında tıxac da yaranmır. İndi də müəllim peşəsi haqqında. Finlandiyada müəllim işləmək istəyənlərin sayı iş yerlərindən 10 dəfə çoxdur. Helsinki Universitetinin pedagoji fakültəsinə konkurs bir yerə 20 adamdır. Müəllim peşəsi həkim və hüquqşünas qədər şərəflidir. İbtidai məktəb müəlliminin orta əmək haqqı 3500 avro, peşə məktəbində isə 4500-dür. Halbuki, 2014-cü ildə Finlandiyada orta əmək haqqı 3094 avro olub. Digər mənbələrə görə isə, orta məktəb müəllimi 5000, onun yardımçısı isə ayda 2500 avro məvacıb alır. Bir xüsusat da var – müəllimlərlə əmək müqaviləsi bircə illiyinə bağlanır. Bununla yanaşı, dərslik seçimini nazirlik yox, müəllim özü edir. Daha bir məqam, Finlandiyada repetitor axtarsanız, tapa bilməzsiniz. Ona ehtiyac yoxdur, çünki məktəb məktəbdir, müəllim də müəllim… Finlandiyada orta məktəb təhsilinin 7 prinsipi var: 1.Bərabərlik — məktəblər arasında (ən böyük məktəbdə 790, ən kiçiyində isə 11 uşaq oxuyur. Buna rəğmən, dövlət maliyyəsi proporsional qaydada bölünür); — fənlər arasında; — valideynlər arasında (valideynlərin iş yerləri haqqında anket və sorgu-suallar yasaqdır); — şagirdlər arasında (nə pis var, nə də yaxşı. Şagirdləri müqayisə etmək qadağandır. Xüsusi istedadı olan da, fiziki qüsurlusu da bir sinifdə olur); — müəllimlər arasında; — böyüklər və uşaqlar arasında; 2.Ödənişsizlik Təhsildən başqa naharlar da, ekskursiyalar və muzeylərə giriş də pulsuzdur. Valideynlərdən hər hansı bir məqsədlə pul toplanması qəti qadağandır; 3.Fərdilik Hər bir şagird üçün fərdi tədris planı tutulur. Elə buna görə də repetitora ehtiyac qalmır. Hərənin öz tədris planı olur, “zəif”in də, “güclü”nün də; 4.Praktiklik Finlər “biz uşağı ya həyata hazırlayırıq, ya da imtahana” deyib, həyatı seciblər. Ona görə də məktəbdə imtahan yoxdur. Məktəbdə yalnız həyati əhəmiyyətli şeyləri öyrədirlər; 5.İnam
Həm müəllimə, həm də şagirdə; 6.Könüllülük Təhsil almaqda; 7.Müstəqillik Həyatda müstəqil şəkildə uğur qazanmaqda. Bilirəm ki, yazdıqlarım xeyli sual doğurur, amma fakt faktlığında qalır. Finlandiya təhsildə birincidir, çünki anladığım qədər orada uşaqlar məktəbə biyara gedən kimi getmirlər. Orada uşaqlar məktəbdən canları qurtarsın deyə, tez böyüməyə can atmırlar, imtahan qabağı gecələr yuxuları ərşə çəkilmir, valideynlərini dərd almır. Uşaqlar uşaqlıqlarını adam kimi yaşayırlar…
Bizim təhsil mütəxəssislərimiz Finlandiya sisteminə maraq göstərsələr, çox şey öyrənə bilərlər. Eşitdiyimə görə, finlər təcrübələriylə böyük həvəslə bölüşürlər. *** Atam İsmayıl Şıxlı 71 il əvvəl məğlub etdikləri Almaniyanın səliqə-səhmanlı kənd və evlərini, asfalt yollarını, nizamını və intizamını qucağına alıb Azərbaycana gətirmək istədiyi kimi, indi mən də 71 il sonrakı Avropanın ən yaxşı tərəflərini anlatmağa çalışıram… Alınacaqmı, bilmirəm, amma mən bu daşı ətəyimdən tökməyəcəm!

http://ayna.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər