Alışverişə çıxdığım zaman seçim etməkdə çətinlik çəkirəm, həyatımla bağlı önəmli qərarları qəbul edərkən mütləq birinə ehtiyac duyuram, hətta sosial paylaşımlarımı edərkən belə tərəddüt içində qalıram. Bu düşüncələrə sahibsiniz və həyatınızın getdikcə çətinləşdiyini düşünürsüz?
Bəli, insanın seçimlər arasında qərarsız qalması çox çətin bir vəziyyətdir. Əlbətdəki, qərarsızlıq sərhəddi keçmədiyi təqdirdə iş həyatımızda, insanlarla münasibətimizdə, eləcə də digər sahələrdə düzgün istiqamətlənməyimiz üçün vacibdir. Ancaq, bu artıq bizə stress və narahatcılıq yaradacaq vəziyyətdədirsə, mütləq bir mütəxəssis fikri almaq lazımdır.
Daim seçimlər arasında qalmaq, doğru olanı tapmaq və alınan qərarı son nöqtədə bir rahatlıq içərisində yerinə yetirmək, əslində böyük bir məsuliyyət duyğusu tələb edir.Bütün bunlar hal-hazırda günümüzün əsas problemlərindən biridir, deyə bilərəm. İnsanlar seçim etməyə çalışarkən özlərini böyük bir qarışıqlığın içində tapırlar. Yanlış qərar almaqdan, daha sonra bunun gətirəcəyi peşmanlıqdan, əlindən qaçan fürsətlərdən irəli gələn mənfi duyğulardan qorxurlar. Daima a,b,c,d variantları arasında qalırlar.
Əlbətdə ki, bunun bir çox səbəbləri var. Ən əsas səbəblərdən biri isə, uşaqlıqdan gəlir. Valideynlər daim övladlarının həyatını istədikləri kimi planlayır və bu zaman övladlarına düşünüb, qərar verməsi üçün şans yaratmırlar. Bu həyat qəlibinə öyrəşən uşaqlar böyüdükcə çətinlik çəkməyə başlayır və hər problemdə valideynlərinə yönələrək, onların qərarları ilə həyatlarını davam etdirməyə çalışırlar.
Gələcəkdə övladınızın tək başına, bir fərd olaraq öz seçimləri ilə həyata tutunmasını istəyirsizsə,bunlara mütləq diqqət yetirin;
- oyuncaq alarkən onun da fikrini soruşun və birlikdə qərar verin.
- yemək verərkən doyduğu zaman seçimi ona buraxın, təkidlə daha çox yemək yeməsini istəməyin.
- dostlarını özünün seçməsinə icazə verin.
- birlikdə vaxt keçirmək istədiyiniz zaman onun da hara gemək istədiyi haqqda düşüncəsini alın.
- paltarlarını özünün bəyənib, almasına imkan yaradın
Qərar qəbuletmə davranışı uşaqlıqdan başlayır və bu yolda valideynlər övladlarına düzgün yanaşmalıdırlar. Yuxarda qeyd etdiyim, zamanında heç də önəmsənilməyən davranışlar uşağın gələcək həyatını düzgün formalaşdırması üçün çox vacibdir.
Niyə qərarsız qalırıq və bu niyə son zamanların əsas problemlərindən birinə çevrilib ?
İngiltərədəki Bristol Universitetinin Sosiologiya professoru Harriet Bradley’e görə bu vəziyyətin tək səbəbi , günümüzdəki çeşid çoxluğudur. Bu qədər variantın qarşısında hərkəsin başı qarışır. Biz, insan olaraq daim yeniliyin və mükəmməlliyin arxasınca qaçırıq. Bütün bunlar isə, öz növbəsində, stress və narahatcılıq yaradır, getdikcə qərar qəbul etmək bizim üçün daha da faciəvi bir vəziyyət halına gəlir.
Əgər bu vəziyyət sizi narahat edəcək bir səviyyəyə çatıbsa, bunun üzərində işləməyə çalışın, tək başına öhdəsindən gələ bilmədiyiniz təqdirdə isə, bir psixoloqa müraciət edə bilərsiniz.
İlk öncə bu problemin səbəblərini tapmağa çalışın.
Mən nə üçün qərar qəbul etməkdə çətinlik çəkirəm ? Və, mənim qorxduğum şey nədir?
Qərarsız qalmanın səbəbləri:
Özünə inam əskikliyi
“Xeyr” deyə bilməmə
“Başqaları nə deyər?” qorxusu
Böyüdülmə tərzi
Gələcək qayğısı
Bədəl ödəməkdən qorxma
Məsuliyyətdən qaçma
Daha sonra, səbəbi tapdığınız təqdirdə,başverəcəkləri analiz edin; qərar qəbul etdiyiniz zaman keçirəcəyiniz hisslər, ətrafınızdakı insanların reaksiyası, bütün bunlara qarşı sizin hansı duyğuları keçirə biləcəyiniz. Və son nöqtədə, aldığınız qərarın nəticələri doğru və ya yanlış olmasına baxmayaraq, bütün məsuliyyəti öz öhdənizə götürə bilmə potensialınızın nə dərəcədə olduğunu aydınlaşdırın.
Unutmayın ki, heç bir insanın həyatı düz, problemsiz və sıxıntısız keçmir. Həyat bəzən bizim önümüzə seçimlər qoyur. Biz isə, saatlar,günlər bəlkə həftələrcə düşünüb doğru qərarı verməyə çalışırıq.Nəticələr necə olursa olsun, ən əsası etdiyimiz seçimlərlə yaşamağı bacara bilməyimizdir.
Psixoloq İsmayılova Qədəmli
pcc.az