Gənc Psixoloq:Psixoloqlar hər tip insanla qarşılaşırlar, bəzən təhqir olunurlar, bəzən də… – MÜSAHİBƏ

Rublikamızın bu dəfəki qonağı yəqin ki, hamınıza tanışdır. Daha öncə də həmsöhbətimiz olmuş, xoşauralı, istedadlı və savadlı gənc psixoloq, Gənc Psixoloqlar İctimai Birliyinin baş katibi Rövşən Hümbətov! Bu dəfə də gənclərimiz üçün maarifləndirici söhbətimiz baş tutdu!
Başlayaq Gənc Psixoloqlar İctimai Birliyindən! Necə olduki belə bir birlik yaratmaq
qərarına gəldiniz?

Təxminən 2008 ci ilin oktyabr – noyabr ayları idi, universitetin 2 ci təhsil ili yenicə başlamışdı. Artıq birinci ilin sonlarından etibarən qrup daxilində özünü və gələcəyini psixologiyada görənlər ilə görməyənlərin ayrılması prosesi demək olar ki, tamamlanmaq üzrə idi. Bizim bir araya gəldiyimiz dostlar daima universitet təhsilinin yetərsizliyindən, praktik təhsilin aşağı səviyyədə olmasından şikayət edir və bu boşluğu doldurmaq üçün bizimlə birgə daimi axtarışlar edirdilər. Bundan başqa universitet daxilində psixoloji məktəb ənənəsinin olmaması və psixoloji mühitin əksikliyi tələbələrdə oxumaq həvəsini aşağı salırdı. Bütün bu faktorlar yeni axtarışlar içərisinə girməyimizə səbəb olaraq, təşkilatın yaranmasına baza hazırlamış oldu. İlk öncə universitet daxilində fəaliyyət göstərəcək psixologiya klubu yaratmaq qərarına gəlmişdik və bunun üçün hətta universitet rəhbərliyi ilə danışıqlar da aparmışdıq. Lakin rəhbərlik bu ideyaya qarşı çıxdığına görə klub ideyasını reallaşdırmaq mümkün olmadı və nəticədə biz universitet daxili psixologiya klubu əvəzinə bütün psixologiya sferasını və universitetləri əhatə edən “Gənc Psixoloqlar” İctimai Birliyini yaratmaq qərarına gəldik. Lakin o zamanlar təcrübəmizin az olması, dövlət səviyyəsində və vətəndaş cəmiyyətində kifayət qədər tanınmadığımıza görə birliyin qeydiyyata alınması prosesi biraz ləngidi və 2015 -ci ilin oktyabr ayında Ədliyyə Nazirliyi tərəfindən müraciətimizə baxılaraq, dövlət qeydiyyatına alınma prosesi rəsmi şəkildə tamamlanmış oldu. Bütün bu müddət ərzində təşkilat Azərbaycanda psixoloji fikrin yayılması və inkişaf etməsində xüsusi bir rol oynamışdır. Həm beynəlxalq səviyyəli layihələrdə iştirak ilə, həm də yerli miqyasda aparılan maarifçilik işləri ilə gənc psixoloqların mütəxəssis kimi yetişməsində və xalqa yüksək səviyyəli xidmət etməsində müstəsna işlər görülmüşdür.
Bu birliyin vəzifə və öhdəlikləri nədən ibarətdir?
Gənc Psixoloqlar İctimai birliyinin nizamnaməsini hazırlayarkən Azərbaycanda psixologiya sahəsində olan problemləri əsas tutub, işimizi bu istiqamətdə qurmağı komanda olaraq qarşımıza məqsəd qoymuşduq. Birlik olaraq əsas amalımız Azərbaycanda psixoloji fikrin yayılması işinə töhfə vermək, gənc psixoloqların ixtisaslı kadr kimi yetişməsini təmin edərək, psixoloji xidmət sahəsində inkişaf tempinin sürətlənməsinə nail olmaq və psixologiyada olan etik prinsiplərin psixoloqlar tərəfindən daha yaxşı qavranılmasına və onların gündəlik praktik fəaliyyətində istifadə olunmasına yardım etməkdən ibarət olmuşdur. Bundan başqa bildiyiniz kimi təşkilatımız “Avropa Tələbə Psixoloqlar Assosiyası”nın Azərbaycan üzrə rəsmi təmsilçisidir və həmin təşkilatın bütün xidmətlərindən yararlanmaq hüququna malikdir. Təşkilat olaraq yaxın zaman üçün əsas hədəflərimizdən biri 2017 -ci ilin Aprel ayında Azərbaycanda baş tutacaq “Avropa Tələbə Psixoloqlar Assosiyası”nın (EFPSA) illik qurultayının Azərbaycanda yüksək səviyyədə keçirilməsini təşkil etməkdir. Ümumavropa miqyasında tanınan bir tədbir keçirməklə ölkəmizlə Avropa psixoloqları arasında həm elmi həm də mədəni mübadilə prosesi daha fərqli bir müstəviyə keçmiş olacaqdır.
Gənc və yaradıcı bir psixoloq kimi ölkəmizdə psixologiyanın inkişaf tempini necə dəyərləndirirsiniz?
Bilirsiniz həyatda baş vərən hadisələrə həmişə müsbət istiqamətdən baxmağa, hadisələrin yaxşı tərəfini görməyi sevən xarakterdə olduğum üçün Azərbaycanda psixologiyanın vəziyyətini bir çox kolleqalardan fərqli olaraq çox pis vəziyyətdə olduğunu deməzdim. Düşünürəm ki, Azərbaycanda bu dəqiqə ən sürətli inkişaf edən, həm dövlət? həm də özəl sektor tərəfindən yeni layihələrinə qarşı maraqla yanaşılan və sərmayə qoyulan sahələr içərisində psixologiya qabaqcıl yerlərdən birini tutur. Psixologiya üzrə təhsil alan tələbələrin demək olar ki, çox hissəsi öz üzərində işləyərək, təhsildən əlavə özəl mərkəzlərdə kurslara gedir, müxtəlif layihə və idarələrdə könüllü psixoloqlar kimi çalışırlar. Bütün bunların bəhrəsini biz indi olmasa da hardasa bundan 5 – 10 il sonra daha qabarıq şəkildə görəcəyik. Eyni zamanda artıq tələbə və gənc psixoloqlarımız beynəlxalq səviyyəli konfrans və tədbirlərdə daha aktiv şəkildə iştirak edirlər. Öz təşkilatımızdan nümünə göstərə bilərəm ki, bundan 4-5 il öncə EFPSA tədbirlərinə ən yaxşı halda Azərbaycandan il ərzində 4-5 hətta bəzən daha az gənc psixoloq qatılırdısa, hazırda bu rəqəm bir neçə dəfə artmışdır. Hətta Portuqaliyada keçirilən son illik konqresdə Azərbaycandan 34 nəfər müraciət etmiş və rekord sayda olan iştirakçı yəni, 17 nədər Portuqaliyada keçirilən konqresdə aktiv iştirak etmiş hətta bəziləri öz tezisləri ilə də konfransda çıxışlar etmişdilər. Təbii ki, bütün bunlar sevindirici hallardır, ama bununla yanaşı bəzi problemlərin olmadığını demək də sadəlövhlük olardı. Azərbaycanda hal hazırda psixologiya sahəsində fəaliyyət göstərən bütün mərkəzlər, klinikalar, təşkilatlar, psixoloqlar, hətta psixatrlar bir birinin fəaliyyətində xəbərdardılar. Ama bu mərkəzlər arasında əməkdaşlıq demək olar ki, yox səviyyəsindədir, hətta bəzən əməkdaşlıq əvəzinə düşmənçilik belə edə bilirlər. Bu problem yəni psixoloqların bir birinin işlərini bəyənməməsi və dəstək verməməsi, inkişafın qarşısında duran ən böyük maneədir. Ümüd edirəm ki, arada olan sıxıntılar ortadan qalxacaq və psixologiyanın inkişafı naminə ortaq şəkildə hərəkət edən, eyni nöqtəyə vuran bir psixoloqlar nəsli tezliklə formalaşacaqdır.

Praktik psixologiyaya nəzər salsaq Sizcə hansı daha çətindir,yetişkin insanlarla işləmək ya uşaqlarla?
Bu suala cavab vermək o qədər də asan deyil çünki həm öz təcrübəmə əsasən, həm də digər psixoloq kolleqaların fikirlərinə əsasən həm uşaqlarla, həm də yetişkinlərlə işləyənlərin necə ciddi problemlərlə qarşılaşıldığının şahidi oluruq. Azərbaycanda uşaq psixologiyası son 10 il ərzində yaranmağa və inkişaf etməyə başlayıb. Bu vaxta qədər uşaq psixologiyası unudulmuş geri plana atılmış bir sahə idi. Amma son dönəmlərdə kütləvi informasiya vasitələrində propaqandanın getməsi və eyni zamanda uşaqlarla işləyən mərkəzlərin sürətli şəkildə yayılması uşaq psixologiyasının ölkə daxilində inkişaf etməsinə səbəb oldu. Uşaqlarla işləyən psixoloqlar bir növ öz eqoistik düşüncələrindən azad olaraq, gün ərzində bir neçə dəfə bir neçə saatlığına uşaq olurlar və uşağın daxili dünyasının bu yolla açmağa cəhdlər edirlər. Yetkin insanlarla işləyən psixoloqlar isə hər tip insanla qarşılaşırlar, bəzən təhqir olunurlar, bəzən onların işlərinə laqeyd yanaşılır, ailə problemləri ilə məşğul olan zaman bəzən ailə üzvlərindən biri narazı olduğu üçün psixoloqa qarşı aqressiya göstərir və s bu kimi problemlərin olması müqayisəni çətin edir. Amma onu deyə bilərəm ki, psixoloq özünün hansı sahədə daha faydalı olacağını düşünürsə, o istiqamətə yönəlməli və psixoloji fəaliyyəti bu perspektivdə qurmalıdır.
GPB-nin yeni layihəsi olan Fəlsəfi Söhbət layihəsi elə ilk dəfədən gənclər tərəfindən olduqca maraqla qarşılandı. Bir az bu layihənin qısa təsvirini verərdinizmi? Layihənin təməl amalı nədir?
Müasir dövrdə sosial elm sahələrinin inkişaf etməsi və cəmiyyətdə öz yerini möhkəmlətməsi bu kimi elmlərə olan marağın daha da artmasına gətirib çıxarmışdır. Son dövrlərdə gənclər fəaliyyətinin daha da mütəşəkkil hal alması və gənclər təşkilatlarının fəallaşması nəticəsində intelektual gənclik yetişməsi prosesi sürətlənmiş və nəticədə gənclərin fəlsəfə, psixologiya, və s bu kimi sahələrə olan marağı dəfələrlə artırmışdır. Azərbaycanın qədim dövlərdən gələn elm yuvası olması, tarix boyunca düşünən, yaradan və fəlsəfi fikirə böyük töhfələr vermiş insanlar yetişdirmiş olması, hər bir vətəndaşın üzərinə bu ideyaları yaymaq və dünyada təbliğ etmək kimi bir məsuliyyət qoyur. Bizlərdə bu məsuliyyəti nəzərə alaraq fəlsəfi söhbət layihəsini başladıb, Azərbaycanda fəlsəfə, psixologiya, din, elm, texnologiya, mədəniyyətşünaslıq kimi elm sahələrinin düşünən gənclərə çatdırılması işinə töhfə verməyi özümüzə borc bildik. Onu da qeyd etmək yerinə düşər ki, bu layihəni Binəqədi Rayon “Yeni Azərbaycan Partiyası” Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Gənc Psixoloqlar İctimai Birliyi birlikdə həyata keçirir.​
Layihə çərçivəsində gənclərlə görüşünü keçirəcəyiniz şəxsləri seçərkən hansı kriteriyalara üstünlük verirsiniz?
Mütəxəssis seçimi bu işin bəlkə də ən çətin mərhələsini təşkil edir. Layihə özlüyündə fəlsəfi psixoloji cərəyanları ehtiva etdiyi üçün gərək dəvət olunan qonaqlar, bu kriteriyalar üzrə kifayət qədər məlumatlı və təmsil etdiyi sənət növünün fəlsəfi – psixoloji tərəfini mükəmməl mənimsəmiş olsun. Bu səbəbdən də “Fəlsəfi Söhbət” layihəsində qonaq kimi iştirak edən şəxslərin öz sahələrində Azərbaycanın qabaqcıl elm adamları, mədəniyyətşünasları, psixoloq, filosof və yazıçıları olmasına diqqət edilir. Burda əsas məqsəd gənclərin intelektual təfəkkürü yüksək olan və öz sahəsində sözünü demiş olan sənət və elm adamları ilə eyni mühitdə olmasını təşkil edərək, informasiya mübadiləsini həyata keçirməkdir. Layihə başladığı andan indiyə qədər 5 görüş keçirilmiş və bu görüşlərdə müxtəlif qonaqlar, psixoloq Elnur Rüstəmov, filosof Mail Yaqub, ritm ustadı Natiq Şirinov (Natiq Ritm Qrupu) gənc yazarlardan Aqşin Yenisey və Cəlil Cavanşir, səyyah Azər Qərib iştirak etmişlər. Bir görüş isə qrup terapiyası formasında Badamdar qəsəbəsi ətrafında yerləşən Nəbatat bağında açıq havada keçirilmişdir. Bundan sonra da layihədə qonaq qismində müxtəlif peşələrdən olan dəyərli ziyalılarımız iştirak edəcək və gənclər ilə öz təcrübələrini bölüşəcəklər.
Sizcə bugün gənclərimizin sadəcə psixologiya deyil eləcə də elmin digər sahələrində göstərdikləri aktivlik, elmimizin dünyada tanınması üçün kifayətdirmi?
Bugünki dövrdə elm texnologiya o qədər sürətlə irəliləyərək inkişaf edir ki, yeniliklə ayaqlaşmaq nə qədər çalışsaq da mümkün olmur. Hətta bəzi alimlər texnologiyanın son mərhələdə insanoğlunun sonunu gətirəcəyini, məhvə səbəb olacağını belə iddia edirlər. Bu qədər dinamik inkişafın və irəliləyişin olduğu dünyamızda bizim insanların, xüsusilə də gənclərimizin dünya elm sahəsində daha çox aktivlik göstərmələri vacibdir. Hazırda Azərbaycan elminin dünyaya inteqrasiya səviyyəsi kifayət qədər ürəkaçan səviyyədə deyil. Gənclər arasında oxumağa, təhsilə, yeniliyə olan maraq nə qədər çox artmış olsa da bununla kifayətlənmək olmaz. Bugün gənclərimizn əsas problemi vaxtlarını düzgün dəyərləndirməmək və gündəlik məişət söhbətlərindən kənara çıxa bilməməkdir. Həmin bu məişət söhbətləri insanların üzərinə əlavə məsuliyyətlər qoyaraq, rahat və istədikləri kimi yaşamalarının qarşısını alır. Hətta bəzən şahidi oluruq ki, burda hər cür şəraiti olan, uğur qazanmış gənclər bu səbəblərdən ölkəni tərk edərək, qırağa getməyə özlərini məcbur hiss edirlər.
Dushunce.az Psixologiya Saytının izləyiciləri üçün bir psixoloq nöqteyi nəzərindən nə demək istərdiniz?
Düşüncə jurnalı özlüyündə Azərbaycanda psixologiya elminə hazırda praktik olaraq töhfə verə bilən bir neçə yazılı mənbədən biridir. Elə təkcə buna görə jurnalın kollektivinə səmimi minnətdarlığımı bildirərək, bu yolda daha möhkəm olmağa və psixoloji fikrin, ideyanın Azərbaycanda ən ucqar nöqtələrə qədər yayılmasını təmin etməyə səsləyirəm. Konfutsinin dediyi bir söz bunu açıqlamaq üçün lap yerinə düşür: Yolunu dəyişdirmədən davam etdiyin müddətdə, nə qədər yavaş getdiyinin heç bir önəmi yoxdur. Sizə də bu yolda istiqamətinizi dəyişmədən həmişə irəli addımlamağınızı arzulayıram…

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər