Reallıqda qorxu yaratmayan obyekt, fəaliyyət və ya situasiyaya qarşı qorxu hissi və qaçma davranışına fobiya deyilir. Fobik insanlar müəyyən vəziyyət, obyekt və ya fəaliyyətlə qarşılaşdıqda hədsiz təşviş hissi keçirirlər. Fobik insanlar qorxularının mənasız olduğunun fərqindədirlər, lakin onlara məntiqi yolla mane ola bilmirlər. Bu qorxular fobik insanların həyat keyfiyyətlərində problemlərin yaranmasına gətirib çıxarır.
Fobiya cəmiyyətdə tez-tez müşahidə olunur. Tədqiqatlara əsasən cəmiyyətin 10%də bu problemlərə rast gəlinir. Faiz göstəricilərinin aşağı olma səbəbi isə bir çox insanın xəstəliyinin fərqində olmaması və psixooji dəstək üçün müraciət etməməsidir. Qadınlarda kişilərlə nisbətdə daha çox müşahidə olunur. Fobiyanın bir növü də günümüzdə geniş yayılmış sosial fobiyadır. Sosial fobiya əsasən yeniyetməlik dövründə, xüsusilə də qarşı cinsə marağın formalaşdığı dönəmdə ortaya çıxır.
Səbəbləri:
Fobiyanın real səbəbləri tam olaraq müəyyənləşdirilməmişdir. Aşkarlanmış səbəblər fobiyanın növlərinə əsasən dəyişməklə yanaşı, eyni fobyia növü fərqli insanlarda fərqli cür təzahür edir. Mental narahatlıqların bir çoxunda olduğu kimi fobiyada da səbəblər bioloji, genetik və sosial olmaqla 3 qismə bölünür.
Genetik faktor – bəzi spesifik fobiyalarda genetik faktorlar üstünlük təşkil edir. Məsələn: qan analizi və ya inyeksiya fobiyası olan insanlarda ailədə bənzər xəstəliyin olması digər ailələrə nisbətən daha çoxdur. Lakin bunun genetik və ya sosial faktorlara bağlı olması tədqiqatlarda hələ də öz əsasını tapmamışdır.
Neurokimyəvi faktorlar – bəzi insanlarda adrenalin və noradrenalin ifrazının normadan artıq olmasının və ya təsir göstərdiyi orqanların bu maddələrə normal insanlara görə daha həssas olmasının bu xəstəliyə səbəb olduğu irəli sürülür. Verilən dərman terapiyaları da bu maddələrin ifrazını və ya orqanizmin həssaslığını azaltmaya istiqamətlənmişdir. Klinik psixologiyada fobiaların keçmişdə yaşanmış hadisələrə bağlı olaraq inkişaf etdiyi ilə bağlı sübut olunmamış müxtəlif nəzəriyyələt mövcuddur. John Brodaus Watson öyrənmə nəzəriyyəsində fobiyaların şərti refleksin nəticəsində yarandığı irəi sürülür. Bu nəzəriyyəyə əsasən daha əvvəl təşviş yaratmayan stimul təşviş yaradanla birlikdə olduqda öyrənmə yolu ilə stimulatora çevrilir. Məsələn: lift qorxusu olmayan biri işıq söndüyü üçün liftdə qalsa, nəticədə onda lift qorxusu yarana bilər. Bu hadisədən əvvəl rahatlıqla liftə mindiyi halda hadisənin nəticəsində liftə mindiyi anda təşviş yaranır. Freydə görə fobiyalar şüuraltı konfliktlərlə bağlıdır və edip kompleksi ilə bilavasitə əlaqəlidir. Basdırılmış, şüuraltına yönəldilmiş bəzi qorxular yer dəyişdirərək normalda təşviş yaratmayacaq obyekt və ya situasiyaya sublimasiya olunur və bu yolla fobiya yaranır. Mütəmadi stressə məruz qalan uşaqlarda həyatın irəli mərhələlərində generalizə olunmuş fobik davranışların sərgiləndiyi tədqiqatlar nəticəsində müəyyən olunmuşdur. Mütəmadi stress yaradan səbəblər arasında erkən yaşda valideynlərdən birinin və ya hər ikisinin itkisi, boşanma, şiddətə məruz qalma hadisələri əsas səbəb hesab olunur. Bəzi orqanik xəstəliklər, nevroloji və psixiatrik xəstəliklərdə fobik simptomlar görülə bilər. Bu narahatlıqların differensial (fərqləndirici) diaqnostikası diqqətə alınmalıdır.
Simtomları:
Nevrotik pozuntularda müşahidə olunan simptomların bir çoxu fobiya zamanı da qeydə alınır.
- Ürək döyüntüsünün artması
- Üzün qızarması
- Titrəmə
- Tərləmə
- Bulanıq görmə
- Nəfəs darlığı
- Ağız quruluğu
- Udma problemi…
Sosial fobiyanın panik pozuntudan yeganə fərqi simptomların müəyyən situasiyalarda ortaya çıxmasıdır. Panik pozuntu olan insanlar nə vaxt panik atak keçirəcəklərini bilirlər və atak keçirməmək üçün fobik vəziyyətdən qaçırlar. Məsələn: lift qorxusu olan insanlar liftə minərkən panik atak keçirə bilərlər və bundan qorunmaq üçün üst mərtəbələrə pilləkənlə çıxıb-düşməyə üstünlük verirlər, beləliklə də atak keçirməyin qarsşını alırlar. Təyyarə qorxusu olan insanlar təyyarənin əvəzinə digər vasitələrdən istifadə edərək səyahət etməyə üstünlük verirlər. Fobiyası olan insanlar bu cür qaçma davranışını istifadə edərək atakın artmasının qarşısını alırlar.
Panik pozuntu olan insanlarda fobiyalardan fərqli olaraq panik atakların nə vaxt, harada olacağı bəlli deyil və adətən atakın qarşısını almaq qeyri-mümkündür.
Aqorafobiya
İnsanın rahatlıqla qaça bilməyəcəyi mühitə daxil olduğu anda ortaya çıxan generalizə olunmuş təşviş duyğusudur. Tək küçəyə çıxmaq, izdihamlı sahədə olmaq və ya maşın, avtobus, təyyarə kimi vasitələrlə səyahət etmək bu yerlərə aid oluna bilər.
Mütəmadi rastlanılan fobiyadır. Küçədə narahatlıq yaşayacağını düşünən bu insanlar evdən çıxmaq istəmir. Panik atak keçirən insanlarda aqorafobiya tez-tez rastlanılır.
Spesifik fobiya
Müəyyən obyekt və situasiyaya qarşı hədsiz qorxu hissi keçirmək spesifik fobiya adlandırılır. Qorxu yaşanılan obyekt və durumla real həyatda qarşılaşma, televizor və qəzet kimi informativ yolla qarşılaşma eyni şəkildə qorxu yarada bilər. Spesifik fobiya adətən uşaqlıq dövründə başlayır, lakin 20 yaş dönəmində daha çox müşahidə olunur.
Daha çox görünən spesifik fobiyalar bunlardır: heyvanlar (ilan, it, quş), böcəklər (hörümçək, arı), yüksəklik qorxusu, lift qorxusu, təyyarəyə minmək və ya maşın istifadə etmək, qan görmək və ya inyeksiya…
Terapiyası
Fobiyalar terapiya olunmadığı təqdirdə uzun müddət davam edə bilir, əslində müalicə olmadan düzələn pasiyentlərin sayı azdır. Fobiyanın müalicəsində məqsəd insanın qaçma davranışının qarşısını almaq və müəyyən vəziyyətlərdə ortaya çıxan təşvişi azaltmaqdır. Farmakoterapiya ilə psixoterapiya mütləq şəkildə paralel aparılmalıdır. Təşvişi aradan qaldırma istiqamətində rahatlama texnikaları və koqnitiv-bihevioral terapiyadan istifadə olunur. Terapiya qrupları, ailə terapiyası və fərdi psixoterapiya tətbiq olunan digər terapiyalara aiddir.
Müalicənin müddəti xəstəliyin şiddəti, yayılması və pasiyentin xüsusiyyətlərindən asılı olaraq dəyişir. Farmakoterapevtik təsir ilk bir neçə həftə ərzində əldə olunur. Lakin tam korreksiya üçün daha uzun zaman lazımdır.
Fobiya ilə əlaqəli alkoqol asılılığı varsa, fobiyanın aradan qaldırılması ilə asılılığın terapiyası asanlaşır. Lakin əgər fobiya simptomları aradan qaldırılmazsa asılılığın korreksiyası çətindir.
Elnur Rüstəmov
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq
Nərmin Quliyeva
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
pcc.az