İşləyən analar, BUNLARI BİLİN: vicdan əzabından xilas olun

Mütəxəssislər bildirir ki, 1-2 yaş arası uşaqların əlaqə və ünsiyyəti inkişaf etdiyi üçün itirmə və ya ayrılıq qorxusu yaşayır. Əsasən də ana, ata, nənə, baba və ya dayəsindən ayrılmaq qorxusu yarana bilər. Uşağın əlaqə yaratmasına bağlanma deyirik. Bağlanma – uşaqla yetkin fərd (çox vaxt ana) arasındakı müsbət əlaqəni ifadə etmək üçün istifadə olunan termindir. Doğuşla birlikdə bağlanma inkişaf etməyə başlayır. Əsasən bütün həyatı boyu – körpəlik, uşaqlıq, yeniyetmə və hətta yetkinlik dövründə belə, bağlanma az qala ilk gündəki kimi qalan əlaqədir.

Dushunce.az Aile.lent.az a istinadən türkiyəli psixoloq Rıdvan Üneyin bu haqda fikirlərini təqdim edir. Psixoloqun sözlərinə görə, 1-2 yaşlı uşaqlarda itirmə və ayrılıq mövzusu doğuşdan bu yana yaranan bağlanma formasının hər hansı səbəbdən problemli bir hal alması ilə meydana gəlir: “Hamiləlik zamanı körpənin qidalanmasını təmin edən göbək bağı ana və körpə arasında əhəmiyyətli bir bağdır. Doğuşdan sonra bu bağ yerini ananın körpəsini əmizdirərək qidalandırmasına verir. Bu əlaqə də ananın körpəsinə göstərdiyi sevgi və şəfqətlə birlikdə davam edir. Bütün bunlar körpənin özünü etibarda hiss etməsini təmin edir. Ananın bu yanaşması sayəsində 1-2 yaş arası uşaqda anasına və dünyaya güvəninin ilk təməlləri atılır”.

1-2 yaşında uşaq artıq özü hərəkət etməyi bacarır. Əvvəl iməkləməyə, sonra yeriməyə və danışmağa başlayan uşaq, eyni zamanda istəmədiyi şeylərə “xeyr” deyir. Ancaq hər şeyə baxmayaraq, valideynlərindən asılıdır. Uşaq ona güvən verən anasını bir mərkəz kimi istifadə edərək, ətrafı kəşf etməyə başlayır: “Təhlükə qarşısında güvənəcəyi bir liman olaraq ananı görür. Onun mühitinə və dünyasına yad, tanımadığı biri gəldikdə anasının yanında qorxmur. Ancaq anası olmasa, narahatlığı və qorxusu artır. Lakin əgər ana yeni gələn adamla söhbət edirsə və yaxın davranırsa, ana mühitdən uzaqlaşdıqda belə, o adamdan artıq qorxmur”.

Araşdırmalardan biri sübut edib ki, körpənin ilk üç ayında ağlamalarına uyğun cavab verilsə, uşaq 12 aylıq olduqda etibarlı bağlanma inkişaf edər: “Müasir qadınlar istər iqtisadi səbəblər, istər karyera hədəfləri baxımından doğuşdan qısa müddət sonra işləmək məcburiyyətində qalır. Buna görə də uşağını qısa müddətə də olsa, başqa birinə əmanət etməli olur. Ana ilə körpə arasında sağlam bağlanma olduqda uşaq üçün bu ayrılıqlar dözümlü bir hal alır. Nənəyə, dayəyə, bağçaya əmanət edilən uşaqların problem yaşamaması olduqca əhəmiyyətlidir. Hər şeyə rəğmən, bu cür hallarda analar vicdan əzabı çəkirlər. Balaca körpəsindən ayrı qalmaq ananı kədərləndirir. Lakin çalışmaq lazımdır ki, bu cür hallar uşaqda qalıcı psixoloji iz buraxmasın”.

Mütəxəssis bildirir ki, 1-2 yaş arası uşaq ayrılıq qayğısı yaşaya bilər. Əslində bu, təbii haldır. Bu dövrdə uşaq ananın müəyyən bir müddət uzaqlaşmasını onun itməsi və ya yox olması kimi qəbul edə bilər. Lakin ilk dövrlərdən etibarlı bir bağlanma olmadıqda uşaq üçün bu dövr daha ağır keçir. R. Üney həddindən artıq ayrılıq narahatlığı yaşayan uşaqların xüsusiyyətlərini bu cür izah edir:

  1. Uşaq anaya yapışıqdır. Davamlı bədən təması içindədir.
  2. Ana evdən bir müddət ayrıldıqda ağlama krizləri keçirir, sakitləşmir.
  3. Ana yanında olsa da, yad adam yaxınlaşdıqda həddindən artıq kəskin reaksiyalar verir.
  4. Ananın digər otağa getməsinə belə, dözə bilmir.
  5. Bəzi uşaqlar ananın evdən ayrılmasına və ya dönməsinə tamamilə reaksiyasız davrana bilər.
  6. Uşaq daim narahat ola bilər.
  7. Tək yatmır.

R. Üney işləyən və ya hər hansı bir səbəbdən uşağından bir müddət ayrı qalan analara bu tövsiyələri verir:

  1. Evə qayıtdıqda mütləq onunla zaman keçirin. Evdə işləriniz varsa da, uşağınıza mütləq qısa bir vaxt ayırın.
  2. “Mən işlərimi görərkən sakit dursan, səninlə oynayaram”, – deyərək ona olan sevginizə şərt qoymayın.
  3. Evdən çıxarkən gələcəyiniz saatı ona söyləyin. Uşağınızda saatla əlaqədar məlumat inkişaf etmədiyi üçün bunu onun oyun və ya yemək saatına görə izah etmək daha uyğun olacaq.
  4. Evə eyni saatda gəlin və ya çıxın. Bu zaman uşağınız sizinlə əlaqədar narahat olmayacaq.
  5. Evdən çıxarkən gələcəyiniz saatla əlaqədar yalan söyləməyin.
  6. Evdən ayrı qaldığınız üçün hər dəfə ona hədiyyə (rüşvət) verməyin.
  7. Gün ərzində onunla görüntülü danışma imkanınız varsa, onu da həmişə eyni saatda edin.
  8. Əgər işləmirsinizsə, uşağınızı bir müddət bağçaya qoyun. Bu üsul onun sizinlə ayrı qalmasına öyrəşməsini təmin edəcək.
  9. Uşağınızdan ayrı səyahət etmək, harasa uzaq yerə getmək məcburiyyətindəsinizsə, bu müddət 1-2 həftəni keçməməlidir.
  10. Uşağınızdan ayrı olduğunuz dövrdə vicdan əzabından xilas olmaq üçün onu həddindən artıq əzizləyib ərköyünləşdirməyin.

Ümidə QƏHRƏMAN

aile.lent.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər