Bipolyar-affektiv pozuntu nədir?
Bipolyar pozuntu, əvvəlki təsnifatda manik-depressiv psixoz olaraq adlandırılırdı. “Bipolyar” sözünün təcüməsi iki qütblü deməkdir və affektiv xəstəliklər qrupuna aiddir. Bipolyar pozuntu diaqnozu qoyulan insanda maniya, depressiya, hipomaniya kimi xəstəliyin mərhələləri müşahidə olunur. Qeyd olunan mərhələlərdən yalnız depressiya müşahidə olunduğu təqdirdə bipolyar pozuntu diaqnozu qoyulmur. Əgər depressiya ilə yanaşı həyatı boyu ən azı bir dəfə maniya keçiribsə, DSM-V diaqnoz kriteriyalarına əsasən birinci tip bipolyar pozuntu, yalnız bir depressiya və hipomaniya keçiribsə, ikinci tip bipolyar pozuntu diaqnozu qoyulur. Sadəcə təkrarlanan depressiya keçirən insanlara isə unipolyar depressiya (bir qütblü pozuntu) diaqnozu qoyulur.
Affektiv xəstəliklərə həmçinin, major depressiya, tsiklotimiya, distimiya da aid olunur. Affekt, insanın davamlı şəkildə, müəyyən bir zaman daxilində (əsasən 1 həftə müddətində) hiss etdiyi əhval durumudur. Depressiya zamanı əhvalın enməsi (qəmginlik, kədər), maniyada isə yüksəlməsi qeyd olunur.
Bipolyar pozuntu hansı yaşdan başlayır, hansı tezlikdə görülür?
Bipolyar pozuntu, bütün yaş dövrlərində başlamasına baxmayaraq, ən çox erkən yeniyetməlik dövründə, 15-35 yaş arası müşahidə edilir. Kişilərdə başlanğıc yaşı təxmini olaraq 18, qadınlarda isə 20 yaşı əhatə edir. Bipolyarların yarısı xəstəliyin ilkin fazasını 20 yaşından əvvəl keçirir. Uşaqlıq və digər yaş dövrlərində başlanmasına nadir hallarda rast gəlinir. Ailəsində bipolyar diaqnozu olan insanlarda bipolyar pozuntu daha erkən yaşdan başlayır.
Cəmiyyət rastlanma tezliyi 1-2% arasında dəyişir. Belə demək mümkünsə, bipolyar pozuntu heç də nadir görülən narahatlıq deyil. Bipolyarın generalizasiyasında (yayılması) heç bir irqi, dini və coğrafi fərqlilik yoxdur.
Qadın və kişilər arasında fərq var?
Unipolyar depressiya qadınlarda kişilərə nisbətdə iki dəfə daha çox müşahidə edilsə də, bipolyar pozuntunun faiz göstəriciləri hər iki genderdə eynidir. Bipolyar pozuntunun alt tiplərinə nəzər saldıqda, ikinci tip bipolyar pozuntuda depressiv fazanın çoxluğu ilə müşahidə olunan vəziyyət qadınlarda kişilərə nisbətən daha çox, manik fazanın üstünlüyü ilə qeyd olunan alt tip isə kişilərdə qadınlarla müqayisədə daha çoxdur.
Bipolyar pozuntunun növləri hansılardır?
Bipolyar pozuntunun ən çox 4 alt tipinə rast gəlinir:
- Birinci tip bipolyar pozuntu: manik, depressiv və hipomaniakal fazanın müşahidə olunduğu alt tipdir. Bu diaqnozun qoyulması üçün manik fazanın qeydə alınması mütləqdir. Birinci tip bipolyar pozuntu digər növlərə nisbətən daha ağır gedişlidir və birmənalı şəkildə stasionar (xəstəxanada yatış) müalicəyə göndərilməlidir.
- İkinci tip bipolyar pozuntu: hipomaniakal və depressiv fazaların müşahidə olunduğu alt tipdir.
- Tsiklotimiya: 2 il müddətində mütəmadi şəkildə davam edən yüngül dərəcəli depressiv (major depressiya səviyyəsində deyil) və hipomaniakal dərəcələrin ardıcıl yaşandığı, 2 aydan çox davam edən müsbət göstəricilərin olmadığı alt tipdir. Xroniki gedişli olmasına görə borderline (sərhədi) şəxsiyyət pozuntusu ilə qarışdırıla bilər.
- Yuxarıda qeyd olunan alt tiplərin hər hansına uyğun gəlməyən tip: bu növ DSM-V-də “digər adla adlandırılmayan bipolyar pozuntu” kimi adlandırılır.
Bipolyar pozuntu diaqnozu necə qoyulur?
DSM-V kriteriyalarına əsasən diaqnozun qoyulması üçün maniakal və ya hipomaniakal fazadan biri mütləq olmalıdır. Depressiv faza ola bilər, lakin I tip bipolyar pozuntu diaqnozu üçün depressiv fazanın olması əsas deyil. Əlamətlərin dərəcəsi, narahatlığın davametmə müddəti (neçə müddətdir ki, müşahidə olunur) və daha əvvəllər xəstəliyin mövcudluğu diaqnoz qoyularkən nəzərə alınmalıdır. Bu mərhələdə depressiyanın olması, daha əvvəl maniya və ya hipomaniya fazasının mövcudluğunun qeyri-dəqiqliyi bipolyar pozuntu diaqnozunun qoyulmasını çətinləşdirir. Çünki maniya və ya hipomaniyanın mövcudluğu dəqiq deyilsə, unipolyar depressiya diaqnozu qoyula bilər. Əgər depressiyanın mövcudluğunu da müəyyənləşdirmək qeydi-mümkündürsə, ailə üzvlərində bipolyar pozuntunun olub-olmaması araşdırılır.
Bipolyar pozuntu diaqnozunun qoyulması üçün testlər var?
Bipolyar pozuntu diaqnozu psixiatrik müayinə və keçmişlə bağlı məlumatların doğru şəkildə toplanması ilə qoyulur. Klinik müayinə, ətraflı anamnezin toplanması, xəstəliyin başlanğıcı, gedişatı, uşaqlıq və yeniyetməlik dövrünün araşdırılması, məktəb, iş və duyğusal həyatının sorğulanması, yaxın ailə fərdləri ilə görüşmə vasitəsilə aparılır. Diaqnozun qoyulması üçün psixoloji test, beynin müxtəlif cihazlarla yoxlanılması (MRT, tomoqrafiya) və ya EEG-nin (elektroensefaloqrafiya) çox zaman faydası olmur.
Bipolyar pozuntu ilə bağlı risk faktorları nələrdir?
Ən böyük risk faktoru, ailədə bipolyar pozuntunun olmasıdır. Genetik təsirləri olduqca əhəmiyyətlidir. Lakin ailədə və ya genetikada bipolyar bozuntu rastlanılmayan insanlarda da xəstəlik ortaya çıxa bilər. Narkotik maddələrin (kokain, marixuana, amfetamin, efedrin), hədsiz dərəcədə qəhvənin, enerji içkilərinin istifadəsi də risk faktorlarına aiddir. Stress, yuxusuzluq da xəstəliyin yaranmasına səbəb ola bilər. Uşaqlıq dövründə diqqət əksikliyi və hiperaktivlik sindromu olan uşaqların bipolyar pozuntu diaqnozu ilə qarşılaşması riski digərlərinə nisbətdə daha yüksəkdir.
Bipolyar pozuntunun yaranmasına səbəb nədir?
Bipolyar pozuntunun səbəbləri ilə bağlı uzun illər tədqiqatlar aparılmışdır və nəticədə genetik faktorun üstün olduğu sübut edilmişdir. Nəticələrə əsasən qeyd olunur ki, ailə üzvlərinin bir qismində meyillilik olduğu üçün bir qismində xəstəlik yaranır, digər bir qismində qeydə alınmır. Bipolyar pozuntu necə başlayır və gedişatı necədir?
Əsasən 20 yaşda başlayan bipolyar pozuntunu depressiv faza ilə ilkin mərhələyə başlayır. Depressiya ilə başlama, bipolyar pozuntu diaqnozunun qoyulmasını çətinləşdirir. Bipolyar pozuntu təkrarlanan xarakterlidir; bipolyarların 10%-dən azı sadəcə bir mərhələni keçirir. Yaşadığı müddətdə xəstəliyin mərhələlərinin sayı hər insanda fərqli olur.
Amerikada bipolyarların 33%-də xəstəliyin 15 yaşından əvvəl, 27%-də 15-19 yaş arası, 39%-də isə 20 yaşdan sonra başladığı qeyd olunmuşdur (Hirschfeld RM Lewis L. 2003).
Araşdırlmalara əsasən, bipolyar pozuntu fazalarının təkrarlanma riski 10 illik müşahidədə I tip bipolyar üçün 2.5 dəfə, 27 il müddətində müşahidə olunan bipolyar insanlarda ildə 0.4 dəfə təkrarlanma riski müəyyənləşdirilmişdir. II tip bipolyarın təkrarlanma riski I tip bipolyara nəzərən daha yüksəkdir.
Bipolyar pozuntu və intihar
Bipolyarların həyat müddətində 50%-də intihar cəhdi, 15%-də tamamlanmış intihar olduğu müəyyənləşdirilmişdir. İntihar cəhdi daha çox depressiv fazada müşahidə olunur. Terapiyaya cəlb olunanlarda isə intihar cəhdi qeydə alınmır.
Bipolyar pozuntuda xəstəliyin mərhələləri arasında intermissiya (tam sağalma) müşahidə olunurmu?
Klassik məlumatlarda, bipolyar insanların böyük bir qisminin xəstəliyin mərhələləri arasında sağaldığı qeyd olunur. Lakin son illərdə aparılan tədqiqatlar zamanı müəyyən olundu ki, bəzi bipolyarlarda mərhələlər arasında müəyyən problemlər müşahidə olunur. Bu problemlər xüsusən, interpersonal münasibətlərdə və işlə bağlı sahələrdə qabarıq şəkildə müşahidə edilir. Major depressiya və bipolyar pozuntu müqayisə edildiyi təqdirdə, bipolyarların il ərzində iş qabiliyyətini itirməsi, depressivlərə nisbətdə daha çoxdur.
II tip bipolyar pozuntu daha yüngül gedişli pozuntudur?
II tip bipolyar pozuntu, I tip bipolyarla müqayisədə maniakal fazanın olmaması, psixotik əlamətlərin (sayıqlama, hallüsinasiya kimi) olmaması və daha az dərəcədə stasionar müalicəyə göndəriş olduğu üçün yüngül gedişatlı pozuntu kimi dəyərləndirilir. Lakin xəstəliyin davam etdiyi müddətdə mərhələlərin daha uzun və xroniki olması, ağır depressiv fazanın qeydə alınması, intihar cəhdinin yüksək qiymətləndirilməsi, əlavə digər psixiatrik pozuntuların müşahidə olunması səbəbindən çox da yüngül xəstəlik kimi qiymətləndirilmir. Xüsusən də, II tip bipolyarda depressiv faza daha uzun müddəti əhatə etdiyi üçün diaqnozun dəqiqləşdirilməsi çətindir. Çünki tədqiqatlara əsasən bu əlamətlərin müşahidə olunduğu insanların 40%-i unipolyar depressiya diaqnozu qoyulduğu üçün yanlış korreksiya aparıldığı və bipolyar diaqnozun qarışdırıldığı müəyyən olunmuşdur.
Maniya və hipomaniyanı necə bir-birindən fərqləndirmək olar?
Hər iki pozuntunun sərhəddi bəzi hallarda çox da dəqiqliklə qeyd olunmur. Lakin hipomaniyada psixotik əlamətlərin olmaması, statisonar müalicənin tətbiq olunmaması, insanın həyat və funksionallığında dəyişikliyin olmaması maniakal fazadan fərqli olaraq pozuntunu daha yüngül xarakterli edir. DSM-V-ə əsasən maniaya diaqnozunun qoyulması üçün əlamətlərin ən azı 7 gün, hipomaniya üçün 4 gün müşahidə olunması tələb edilir.
Bipolyar pozuntunun terapiyası
İlk əvvəl pozuntunun yaranmasına səbəb olan faktorlar araşdırılmalıdır. Daha sonra mərhələlərin hansı zaman müddətində əvəz olunmasına diqqət yetirilməldir (maniakal və depressiya və ya hipomaniya və tsiklotimiyanın əvəzlənməsi). Lakin diaqnozun dəqiqləşdirilməsi üçün mütləq şəkildə psixiatra yönəldilməli və lazım olduğu təqdirdə psixoterapiya ilə yanaşı farmakoterapiya tətbiq olunmalıdır.
Psixoterapiya vasitəsilə xəstəlik əlamətlərinə uyğunlaşdırılır və cəmiyyətə yenidən adaptasiya olunur.
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi Nərmin Quliyeva
pcc.az