Əgər bir gün biriləri gəlib mənə “xoşbəxtsənmi və ya yaşadığın istədiyin həyatmıdır?” -deyə bir sual versəydi, cavabım hə və ya yox olmayacaqdı. Sadəcə o an özümü o sualı düşünməyə tərk edəcəkdim.
Səhər oyanırsan, güzgüyə baxdiqda, təbii olaraq, özünü görürsən. Bir gün eyni güzgüyə baxdıqda özünü deyil, başqa birisini görsən, yaxud sənin yerinə yaşayan birini gördükdə ağlına nə gələcəyini və ya nə reaksiya verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Çünki çoxları bununla qarşılaşır, sadəcə, seçimlərini bu işin fərqində olmadan edirler. “bəs gənclərin həyatlarını yaşayanlar kimlərdir” sualının cavabı, əksər halda, valideynlər olduğu kimi, gənclərin məsulliyətini də daşıyan böyüklər olduğunu çoxları təxmin edər. Misal olaraq bir gün mən ailəmlə məsləhətləşib bir ixtisas seçimi etmişdim və ya məsləhətləşib seçimi onlara buraxmışdım, fərq etməz nə də olsa hər ikisi eyni qapıya çıxır. Bu vəziyyətin çox ailədə özünü biruzə verdiyindən əmin olun. Ətrafımızda bəlkə də çox az insan sevdiyi işi görür və ya olmaq istədiyi şəxsi özündə əks etdirir. Bəs geridə qalanlar? Onlarsa ya olmaq istəmədiyi biriləri olur, ya da kimlərinsə olmalarını istədiyi biriləri. Bir sözlə, ikisindən biri. Sən isə öz şəxsiyyətin olmadıqdan sonra bunun bir önəmi yoxdur.
Bu gün gənclərin ya valideynləri, ya da onların məsuliyyətini daşıyan şəxslər onlar üçün seçim edirmiş kimi görünür. Olan isə valideynlərin yaşayabilmədikləri həyatı uşaqlarının həyatlarında yaşamaq istəmələri və təəssüf ki,bunu gerçəkləşdirmələridir. Bu hal zamanında onların istədikləri arzuları reallaşdırmaq üçün yetərli imkana sahib olmamaları və ya indiki ssenarinin eynisi olan, onların da öz valideynlərinin həyatlarını yaşamaq məcburiyyətində olmalarından qaynaqlanır. Başqa bir fikir bucağından baxdıqda isə gənclər üçün edilən seçimləri ata-analarının gəncliyinə olan nifrəti, həmçinin keçmişindən aldığı intiqam kimi də düşünmək mümkündür. Yalnız, hər şeyə baxmayaraq,onlar uşaqları üçün hər zaman ən yaxşı və ən məntiqli seçim edirlər. Amma bu fikir özü ilə birlikdə bu sualı doğurur: kimə və nəyə görə? Belə olduqda isə bu mövzu artıq müzakirəyə açıq olanlar siyahısına keçir. Mövzuya qayıdası olsaq,“bu başverənlərin qarşısını almaq üçün nə cür addım atılmalıdır?” - deyə bir sual meydana gəlir. Əslində, problemi sistemin üzərinə yıxsaq, ən asanı olardı. Amma, zənnimcə burada əsas xətanı ən yaxşı seçimi etməyi arzulayan valideyn edir: gələcəyin yüzlərlə insana həyat verə bilmə bacarığında olan bir həkim namizədini zorla mühəndis və ya müəllim olmağa məcbur edir.Sizinlə bir reallığı bölüşmək istəyirem. Türk əsilli alman vətəndaşı olan və diş həkimliyi ixtisasını oxuyan bir tanıdığım oğlan var idi. Bir gün onunla söhbət edərkən dediklərinden məlum oldu ki, Almaniyanın təhsil sistemi məktəbdə son illərini oxuyan uşaqlara (böyük ehtimal ki, tətil zamanında) çalışmaq istədikləri peşədə staj keçmək imkanı verir. Bu oğlana da diş həkimliyi peşəsi maraqlı gəlib və atasının dostunun klinikasında işləmək, işi yaxından görmək və özünü yansıdan sənətin bu olub-olmadığını bilmək imkanını əldə edib. Bu gün o insan, həqiqətən, sevdiyi işi görür və hər halda o işi sevərək görür. Əslində, digərləri də öz seçimlərini özləri düşünərək etsə, yaranan problemlər də aradan qalxar. Və son olaraq, Konfutsinin də dediyi kimi, “sevdiyin işi etsən, ömrün boyu işləməzsən”.
İbrahim Bədəlov