Yaşam naminə – XƏYALƏ MURAD

O axşam qəfil çaxan ildırım səsinə oyanmışdı. Pəncərəyə çırpılan yoğun ağac budağı Qulikonu qorxutdu. Yataqdan qalxıb asta addımlarla pəncərəyə yaxınlaşdı. Əsən külək sərinliyi ilə aprel ayını xatırladırdı. İyun ayının tən ortasında bu soyuq küləyin ayrı ləzzəti olsa da, Qulikonu sevindirmədi. Qaranlıq küçəyə boylanıb uzaqdan gələn yoldaşının maşınını sezdi. Yağış yağmağa başlamışdı. Ara bir ildırım çaxır, göy guruldayırdı. Sol əlini uzadıb otağının pəncərəsini bağladı.“Budaq sərt dəysə, pəncərəni qıracaq!” deyib, çarpayısına yaxınlaşdı. Yenidən uzanırdı ki, qolundakı küt ağrı “oyandı”. “Bircə bu çatmırdı” sol əlini yastıq ucuna qoyduğu dərmana uzatdı. Üç həftədən çoxdur ki, ağrıkəsici içmədən ağırıya dözə bilmirdi. Ancaq bu həblər də, ağrılar da nəvaxtsa bitəcəkdi. Sağ əlini isə heç nə geri qaytara bilməzdi. Zamanla bu fikrə alışmalı, bununla sülh içində həyat sürməli idi. Üç sibir pələnginin dişləri olmasaydı, həkimlər sağ əlini kəsmək məcburiyyətində qalmazdılar. Qeyri-ixtiyari sol əlini üzünə apardı. Alt çənə və üst dodağındakı tikişə toxundu. O dəhşəti yenidən yaşamış kimi xatırladı:

  • Xanım, bizə kömək edərsiz?-soruşan ata ağlamaqdan hıçqırıqlara tutulmuş körpəni qucaqladı.
  • Demişdim, axı ehtiyyatlı olun. Heç pələngə oyuncaq atarlar?
  • Uşaqdır, bilmədən atıb. İndi də sakitləşmir. Oyuncağı götürəcək adam lazımdır. mümkünsə, uşağı üzmədən götürün oyuncağı.
  • O uşaqdır, sizə nə gəlib? Həm… bu pələngləri mən böyütməmişəm.
  • Xahiş edirəm. Ən azından onlar sizi bizdən çox görürlər.-uşaq yenə ağlamağa başladı. Sevimli oyuncağını iri pişiklərin parçalayacağını düşünüb ağlayırdı.
  • Yaxşı. Siz uşağı sakitləşdirin. Görüm nə edirəm. –Quliko telefonunu açıb nəzarətçiyə zəng etdi. –Bir uşağın oyuncağı sibir pələnglərinin qəfəsinə düşüb. Uşaq oyuncağını istəyir…İcazəlidi… Götürməyə çalışacam. Yenə nə olar, nə olmaz, işini bilirsən. …. Narahat olma, ilk dəfə deyil!

Quliko dəmir barmaqlıları açıb üç sibir pələnginin yerləşdirildiyi qəfəsə keçdi. Onlardan biri uzanmışdı, hər an yuxuya gedə bilərdi. Digəri görnümürdü:“Bəlkə də yatır”deyə düşündü. Üçüncüsü isə düz Qulikoya baxırdı. Ağır və qısa addımlarla oyuncağa doğru getməyə başladı. Gözünü pələngin gözlərindən çəkmədən, yavaş-yavaş oyuncağa tərəf əyildi. Sağ əlini uzatmışdı ki, yerdə yuxulayan pələng qəfildən durdu. Onun cəld durması digər pələngi də yerindən tərpətdi. Quliko sağ əlini uzadıb oyuncağı götürməyə, digər əli ilə heyvanları sakitləşdirməyə çalışırdı. Oyuncaq əlinə keçdiyi anda pələnglərdən biri qolundan yapışdı. Ətinə batan iti dişlərin ağrısından qışqırdı. Digər pələng sol ayağından yapışdı. İçərdəki üçüncü pələng də çölə çıxdı. O hər iki pələnglə şikar üstündə mübahisə etməyə başladı. Qulikonun bədənini özünə tərəf dartır, ara bir ayaqdan yapışmış pələnglə didişirdi.

Uşaq bu səhnəni görməsin deyə, atası onu qucağına alıb nəzarətçiləri səslədi. Ara döngədən əlində yuxu silahı olan iki nəfər gəldi. Quliko al qan içində yerə sərilmişdi. Ara bir iniltili çığırtısı hələ yaşadığından xəbər verirdi. Pələnglərin hərəsinə bir yuxu iynəsi atıb qan içində yerə sərilmiş Qulikonu qəfəsdən çıxartmışdılar. Təcili yardım gəldiyində Quliko bayılmışdı. Əvvəlcə hər şey qaydasına düşər deyə ümid edirdi, amma sən saydığını say, gör fələk nə sayır… Ayaq həyati fəaliyyətini itirmədiyindən onu xilas etmək mümkün oldu. Lakin sağ qol təcili kəsilməli idi. Bu qərar Quliko üçün çox çətin idi. Bu qollarda böyütdüyü sevimli heyvanlarını xatırladı.

“Ölmədiyinizə şükr edin!” bu sözü eşidib qolunun kəsilməsinə ürək ağrısıyla razılıq vermişdi. Mayın son həftəsini xəstəxanada, iyun ayının ilk on gününü isə evində keçirdi. Ayağı üstündə hər gün daha çox dayanırdı və beləcə tez zamanda sağalmağı hədəfləmişdi. Qısa zamanda işinə, sevimli heyvanlarına qovuşmaq istəyir, onlara can atırdı. İyirmi beş ildə bir dəfə olsun heyvanlardan ayrı düşməmişdi. Həkimdən məzuniyyətinin qısaldılmasını xahiş edəndə yaxınlarının, dostlarının narazılığına səbəb olsa da, Quliko fikrindən dönmədi.

İyirmi iki yaşında qəzetdə gördüyü elan sayəsində heyvanxanaya xidmətçi kimi gəlmişdi. Xadimə olmaq, heyvaların təmizliyinə riayət etmək onun üçün utancverici deyildi, əksinə sevdiyi heyvanlara yaxın olmaq üçün könüllü gəlmişdi. İlk iş günü heyvanlara baxıcı kimi işə götürüldüyünü eşidəndə sevincinin hədd-hüdudu yox idi. İlk təcrübə topladığı aylarda meymunlardan biri sağ qaşı ilə gözü arasını cırmışdı. Bəxti gətirdiyindən kosmetik tikişlə göz nurunu qorumuşdu. Ancaq can qorxusu işinə olan sevgisini bir an belə azaltmamışdı.

Heyvanlara qarşı sevgisinin nənəsinin ispan əsilli olmasına bağlayırdı. Hələ uşaqkən çörəyinin birini yeyib, digərini hər kəsdən gizli saxladığı itlərə aparar, it balaları ilə oynayardı. İyirmi beş il ərzində heyvanxanada baxıcı da işlədi, xadimə də, dayə də…

90-cı illərin aclığı heyvanxanadan da yan keçməmişdi. Quliko maaş aldıqca heyvanların aylıq dərmanlarını, qidalarını təmin edirdi. Öz ehtiyaclarına yetəcək pulu qalmazdı. Zamanla maddi sıxıntılar yoluna düşdü və maaşını yalnız özünə xərcləmək lazım gələndə Quliko yenə ilk fürsətdə heyvanlarını düşünür, onlara meyvələr alardı.

  • Quliko, ağrımırsan ki?-az əvvəl evə girən Malxaz səsləndi.
  • Yoldaşının səsi fikrini dağıtmışdı.
  • Daha ağrımıram. Bu günkü kimi sabah da evə tez göndərsən, səndən möhkəm inciyəcəm.
  • İki gündü işə çıxmısan, bir az özünə gəl, sonra əvvəlki iş rejiminə dönərsən.
  • Mən aciz deyiləm! Heyvanlara baxa bilərəm.
  • Sənə acizsən demirəm. Bir heyvanxana nəzarətçisi kimi yox, yoldaşın kimi xahiş edirəm. Quliko, bir müddət qısa iş rejiminə keç. Ən azından ayağın tam sağalsın..
  • Bu gün evə saat üçdə gəlmişəm. Heç gəncliyimdə işdən belə tez qayıtmazdım. Bekarçılıqdan yerimdəcə yatıb qalmışam. Külək budağı pəncərəyə çırpmasaydı, oyanmazdım da.

O yağışlı günləri çox sevirdi. Çünki həmin günlərdə heyvanxanaya kimsə gəlməzdi və Quliko bu yolla sevimlilərinin dincəldiyini düşünürdü. İnsanların amansızlığına yaxşı bələd idi. Heyvanxanada işlədiyi illər ərzində ziyarətçilərin kobud rəftarına az rastlamamışdı. Bir gün meymun ağzında mismar, bir gün fil ayağına atılmış oyuncaq dəmiri… Quliko insanların heyvanları incitdiklərini düşünür, onlara sevgi və qayğı ilə yaxınlaşanların azlığından şikayətlənərdi.

Yoldaşıyla işdə tanış olub ailə qurmuşdular. Malxaz ən az Quliko qədər heyvansevər idi. Bəzən hansının daha çox heyvansevər olduğunu düşünər, aralarında yüngül mübahisə edərdilər. İlk illər çox xoşbəxt idilər. İki yaşlı övladının ani ölümündən sonra həyatları ağ -qaradan ibarət olmuşdu. İllər ərzində bir daha övlad sahibi olmağa cəhd etsələr də, uğursuz hamiləliklərlə, göz yaşları ilə nəticələnərdi. Son uğursuzluqdan sonra heyvanlara öz doğma övaladları kimi baxmağa başladılar. Ana-ata sevgisini onlara yönəldib, beləcə təsəlli alırdılar.

  • Nəsə ürəyim heç rahat deyil!-Malxaz pərdəni çəkib küçəyə baxdı.
  • Heyvanlara baxmışdın? Bəlkə hansınısa, unutmusan?
  • Yox! Bir-bir nəzarət etmişəm. Dolu yağır!

Quliko pəncərəyə yaxınlaşıb sol əli ilə açdı. Külək az qala pəncərəni qıracaqdı. Kiçik buz parçaları sərt və sürətlə yerə can atırdı. Yerə zərblə toxunduğundan hoppanıb kənara düşürdü. Bir neçə saniyə sonra dolunun sıxlığından qarşı küçəni görmək mümkünsüz oldu.

  • İlahi, bu nədir belə?-Malxaz pəncərəni bağlamağa çalışdı.
  • Heyvanlar!-Quliko dəhşət yağan baxışları ilə Malxazı silkələdi.
  • Yəni, nəsə ola bilər? –alnını ovuşdurdu.
  • Getmək lazımdır! Bir an gözləmək olmaz!-Quliko var gücü ilə dəhlizə tələsdi. Malxaz da ardınca küçəyə çıxdı. Buz parçaları az qala baş deşirdi. Maşına çatar-çatmaz dolunu leysan yağış əvəzlədi. Göz qırpımında yağan yağış asvaltı yumağa başladı. Küçənin nisbətən hündür hissəsindən yağış suları kiçik arx şəklində asvalt boyu üzü aşağı axmağa başladı.
  • Tələs, Malxaz! Tələs!-Quliko qışqırdı. Maşını işə salıb yolu güclə seçə-seçə heyvanxanaya çatdılar.

Yağış yüksək ərazilərdəki suyu sel kimi ən alçaq küçələrə axıdırdı. Heyvanxananın ərazisi nisbətən alçaqda olduğundan su axınının çatacağı ilk yer də bura idi. Quliko az əvvəl heyvanların boğulacağı qorxusu ilə yol gəlmişdi. Bu kabus bir qədər sonra gerçək ola bilərdi. Qorxudan səs-səsə vermiş heyvanları xilas etmək üçün bir-bir qəfəslərə açmağa başladı. Sel onları qabaqladı. İlk zərbə ilə Malxozu hasara çırpdı. Quliko qapıları açdıqca irəliyə gedirdi. Heyvanların su üzündə üzərək dəmir barmaqlıqlar arasından çıxdığını görüb, digər cərgəyə tərəf getdi. Malxaz özünü ələ alıb Qulikonun əksi istiqamətindəki heyvanlara tərəf getdi. Bir-birinin ardınca yağış suyu sel kimi heyvanxananı yuyurdu. Suyun səviyyəsi yüksəldikcə Quliko irəliyə üzməkdə çətinlik çəkirdi. Su üzündən çaqqal, tülkü, timsah, ayı, şir, pələng və bir neçə heyvanları gördükcə, xilas ediləcək hələ çox heyvanın qaldığını xatırladı. Gücünü toplayıb sol əlini və ayaqlarını hərəkət etdirdi. Pinqivinləri, ardınca meymunları, sonra dəvəquşunu, ardınca da canavarların qəfəsini açdı. Sevimli “albino”larının qəfəsinə yaxınlaşmışdı ki, arxadan gələn yağış suyu Qulikonu lələk kimi havaya qaldırıb, amansızcasına dəmir barmaqlıqlara çırpdı.

Külək yağışla deyişməyə, sanki “üstünlük kimdədir?” deyirmiş kimi mübarizə aparmağa, biri digərindən güclü olduğunu, daha sərt və üstün olduğunu sübut etdirmiş kimi savaşmağa başladılar. Saatlarla davam edən savaş onlarla insanın, yüzlərlə heyvanın ölümü ilə, onlarla sakinin evsiz-eşiksiz qalması, daşqından xilas olmuş heyvanların şəhər boyu qida axtarışına çıxması, silahlarına qoyulacaq yuxu iynələri bitdikdə barıt güllələri ilə əvəzlənməsi ilə başa çatdı. O gecə gülüşü ilə ətrafına xoşbəxtlik və müsbət aura bəxş edən, heyvanları canından çox sevən Quliko ömür gün yoldaşı Malxaz və xilas edə bilmədiyi yüzlərlə heyvanlarla birgə can verdi…

30.06.2015

Tbilisi

XƏYALƏ MURAD

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər