Qadın olmaq… Bəzən dünyadakı ən müqəddəs varlıq ANA olmaq, bəzən əzilmək, döyülmək, aldadılmaq, heç nəyə baxmadan həyatına davam etməyə çalışmaq, bəzən də heç kimə möhtac olmadan, öz ayaqları üstündə duraraq möcüzələr yaratmaq.. Bəzən erkən nigahın qurbanına çevrilərək dərk etmədiyi halda uşaq sahibi olmaq, seçim hüququ olmadan qarşısına qoyulan qaydalarla həyatı yaşamağa çalışmaq, bəzən də bütün çətinliklərə baxmayaraq, cəmiyyət üçün yararlı övlad, şəxsiyyət yetişdirməyə çalışmaq, bəzən təhsil ala bilməmək, bəzən də müəllim olub savad vermək, bilgi paylamaq, arzuya çatmaq üçün əziyyət çəkmək, hər cür zəhmətə qatlaşmaqdır…
Birdə Azərbaycanda qadın olmaq var… Burada qadın olmaq həm də “namus” anlayışının tək daşıyıcısı olmaq deməkdir. Əslində bu anlayış insana xasdır, cinsə ayrılmadan yaranıb. Lakin nədənsə, cəmiyyətimizdə “namus” və bunun ağır yükü qadınların çiyninə düşür. Yəni, bəzən kişinin namusuna çevrilməkdir “qadın olmaq”.
Və sərhədlər var; insan beynindəki sərhədlər. Bu gün qadına “əxlaqsız” , “namussuz”, “tərbiyəsiz” damğası vurmaq çox asandı: “çox gülür – tərbiyəsizdi” , “geyimi qısadı – əxlaqsızdı”, “oğlanla göründü – namussuzdu” və s. gündəlik həyatımzda bu tip çox misallar görürük əfsuski… İşin əslini bilmədən haqqında artıq-əksik danışanların sayı çoxdur. Əslində isə gülümsəmək insanı cavan saxlayır, müsbət enerji verir. Geyimin isə əxlaqi keyfiyyətlərə aidiyyatı yoxdu, geyim zövq məsələsidir. Ən azından hər birimizin nəslində əks cinsin nümayəndəsi var və biz onlara qohum deyirik, görüşürük, münasibət qururuq.Yəni yanında oğlan gördün deyə “namussuz” deyə bilməzsən! Bəzən adına söz gətirmədən yaşamaq mübarizəsidir “qadın olmaq”.
Azərbaycanda qadın hüquqlarını tapdayan bəzən elə qadınlar özləri olur. Bəlkə bunun fərqinə belə varmadan… Erkən yaşda nigaha daxil olmuş ana qızını da bu tərbiyə də böyüdür. Ona elm, təhsil, savad yox, cehiz verir və bunların qızının xoşbəxt olması üçün etdiyini, analıq vəzifəsini yerinə yetirdiyini düşünür. Çünki, özü də belə görüb, ona bu öyrədilib. Deməli,bu nəsildən-nəslə keçən mental qaydadır.
Düşünün: öz adını yazmağı bacarmayan məktəbyaşlı qızlar mahiyyətini anlamadığı halda ailə qurur. Bəzən övlad sahibi olmağa hazırlaşanda və ya doğum zamanı həyatlarını itirirlər. Hətta savadsızlıq ucbatından bunun bioloji səbəblərini bilmirlər təəssüfki…
Bunun əvəzinə qızlarınıza deyin: Xoşbəxt olmadıqları yerdə dayanmasınlar! Dəyər görmədikləri zaman özləri haqda şübhəyə düşməsinlər! Boyun əyməyi, səssiz qalmağı, döyülməyi, istənəndə sahib olunmağı, istənməyəndə kənara atılmağı, kobudluğa göz yummağı, yalana bəhanə axtarmağı sevilmək üçün şərtlərdən saymasınlar! Necə gözəl, qiymətli olduqlarını unutmasınlar! Qızlarınızın gözünü açın, qorxu ilə böyütməyin! Haqsızlığa susmağı öyrətməyin!
Bir də tərk edilən qadınlar var sədaqətiz kişilərlə rastlaşan. Ailəsini heç sayaraq, keyfini seçən “kişini” isə qınayan yoxdu. Lakin hər fürsətdə qadını günahlandıran cəmiyyət anlamalıdır ki, günah qadın üçün nədirsə, kişi üçün də eynidir! Axı “kişiyə olar” – deyə bir ayə enməyib… Təəssüf ki, qadınların çoxunun bəxti olmur; ömürlərinin yarısını cehiz sandıqlarına xərcləyirlər, digər yarısını isə “kişi” sandıqlarına.. Bəzən həyatın ağır yükünü tək başına daşımaqdır “qadın olmaq”.
Bəzən də xəyanətə məhkum olmaqdır qadın olmaq… Bu hər zaman əks cins tərəfindən olmur. Bəzən rəfiqə dediyimiz, dost bildiyimizin xəyanəti ilə qarşılaşırıq ki, bu əks cinsin xəyanətindən daha ağırdı… Əgər mən “oğru” olsaydım, qadınlardan bu xüsusiyyəti “oğurlayardım”. Çünki bir-birimizə qarşı paxıllıq, qısqanclıq, xəyanət kimi mənfi keyfiyyətləri görmək istəmirəm! Ən azından ona görə ki, eyni cinsin nümayəndəsiyik, yaşadığımız , başımıza gələn oxşar hadisələr var, hətta bəzən eyni dərdləri paylaşırıq. Bir – birimizə dəstək olmaq üçün bu səbəblər belə yetərlidir, məncə. Həyatda heç bir şey illərin dostluğunu itirməyə dəyəcək qədər dəyərli deyil! Amma nələrinsə yolunda dostluğu tapdayanlara səslənirəm ki, çalışın itirdikləriniz qazandıqlarınıza dəysin! Dostluğu dəyərlidir qadının, münasibətini, səmimiyyətini itirdinizsə, çox şey itirdiniz deməkdir…
Allah qadını zərif, incə, eyni zamanda güclü və dözümlü yaratdı. Cak Lemmonun belə bir fikri var: “Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv etdi”.
Fikrimcə, qadınlar haqqında düşüncəni kişi təfəkküründə qadın özü yaratmalıdır. Öncə ailədə ana-oğul, bacı-qardaş münasibətlərində ilkin təsəvvürləri valideyn verməlidir. Mükəmməl kişi axtarmaqla tapılmaz. Kim itirdiki biz tapaq?! Məncə, mükəmməl kişini formalaşdırmaq lazımdır. Bunu bacaran qadınlar var , deməli, qadın heç də “zəif” deyil, “zərifdir”. Qadını zəif göstərən fiziki gücünü onun üzərində tətbiq edən “kişi”dir. Bəzən sevilməyə, xoş sözə, diqqətə ehtiyac duymaqdı “qadın olmaq”.
Tarixə də nəzər salsaq görərik ki, müxtəlif sahələrdə uğurları olan qadınlarımız var. Sadəcə məqsədli, planlı və inadcıl olmalıyıq. Fikrimcə, cinslər sosial, siyasi və iqtisadi cəhətdən bərabər olmalıdır. Bu zaman qadınlar da hər hansı sahənin peşəkarı və uğurlu karyeranın sahibi ola bilər. Əsas odur qadının istəklərinə məhdudiyyət qoyulmayan cəmiyyət olsun. Bəzən istədiyində hər şeyi bacarmaqdır – “Qadın olmaq”.
Bu fikirlərimə görə feminist hesab oluna bilərəm bəlkə də, amma mən qadın olmağın çətinliklərinə baxmayaraq, heç vaxt kişi olmaq istəməmişəm! Həmçinin, qadın olmaq həyatında nə yaşanırsa yaşansın, incə hisslərə, zərif duyğulara, mərhəmətli qəlbə, sonsuz sevgiyə və fədakarlığa sahib olmaq , ən əsası ANA olmaq deməkdir. Və ANA olmaq günah dolu dünyada işlənən ən gözəl savabdır! Dinimizdə qadına verilən dəyər özünü aşağıdakı sözlərlə ifadə edir :
“CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR.” Bizləri yaradan Allah qadına bu qədər dəyər vermişkən, qadını incitmək, aldatmaq, şiddət göstərmək?! Ən azından günahdır! Bəzən günahkarların Cənnətə daxil olması qədər əlçatmazdır “qadın olmaq.”
Hər bir insanın əbədi dünyada daxil olmaq istədiyi yerdir Cənnət! Allah isə Cənnəti Anaların ayaqları altına sərir! “Qurani – Kərim” də qadın olmağı dəyərli edən belə bir fikirdə var: “Qadının ərini aldatmasını sübut etmək üçün beş şahid tapmalısan.” Yəni, Tanrı qadın namusunu bu qədər yüksək qiymətləndirdi və şərdən qorudu. Bəzən ən gözəl lütfdür “qadın olmaq”.
Bu gün ölkəmizdə kifayət qədər qadınların hüquq və azadlıqlarını təmsil edən, qoruyan qurumlar, qadın cəmiyyətləri, qadın klubları var. Təklif edirəm ki, kişilər üçün belə qurumlar yaradılsın və onlara ” Qadını necə xoşbəxt yaşatmaq olar?” mövzusunda təlimlər keçirilsin. Çünki bir kişinin uşaqlarına verə biləcəyi ən dəyərli və ömür boyu yadda qalan hədiyyə onların anasını sevməsi və hörmət etməsidir. Belə ailədə tərbiyə alan oğlan və qız psixoloji travmadan uzaq, qayğısız uşaqlıq illəri keçirir. Gələcəkdə uğurlu və xoşbəxt ailə qura bilir.
Evində qız uşağı dünyaya gəlmiş ata körpəsinə Allah tərəfindən göndərilmiş pay, hədiyyə kimi baxsa, təhsilsiz qızlarında, erkən yaşda nigaha sürüklənmə hallarının da sayı azalar. Və “Qadın olmaq” əsl xoşbəxtliyə çevrilər.Çünki doğurdan da, təhsilli qadın savadlı nəsil deməkdir.
Bəzən dünyada Cənnəti yaşamaq qədər möcüzəlidir “qadın olmaq”…
Sima İsmayılzadə