Bu yaxınlarda ötən il Türkiyədə zorlanaraq öldürülən 19 yaşlı Özgəcan Aslanın anım günü idi. Hadisə baş verəndə nəinki Türkiyədə, həmçinin, Azərbaycanda kifayət qədər səs-küy doğurmuş, müzakirələrə səbəb olmuşdu. Hətta sosial şəbəkələrdə etiraz əlaməti kimi müxtəlif aksiyalar baş tutmuşdu. Bəzi qadınlar bir az da irəli gedərək öz başlarına gələn seksist hadisələri danışmış, sosial şəbəkələrdə yazmışdılar.
Açığı, istənilən məsələ və halda şiddətə əl atmağı çıxış yolu hesab etmirəm. Xüsusən, şiddət obyekti zərif cinsdirsə… Zəif yox haa, zərif. Qadınları qətiyyən zəif hesab etmir, xor görmürəm. Ümumiyyətlə, ayrı-seçkiliyə qarşıyam. Məncə, qadınlar bir çox məsələlərdə kişilərdən daha dözümlüdürlər. Feminist səslənsə də etiraf etmək lazımdır ki, qadınların yeganə günahı bu kiçicik Yer kürəsini bizimlə bölüşmək məcburiyyətində olmaları… Qadınları kölə, ikinci növ insan kimi görməksə bir qədər də maksimalist yanaşmanın, kainatın mərkəzinin bu başıbəlalı mavi planetin olması düşüncəsidir.
Çox təəssüf ki, gender bərabərliyindən nə qədər dəm vursaq da cəmiyyətimizdə qadınların hüququ hər gün hər saat, hər an pozulmaqdadır. Onları bürüb-büküb qoz qabığına dürtmüşük. Qadınların da zövqləri, seçimləri, hissləri, yanlışları, doğruları, rahat yaşama haqq və hüquqları olduğunu qəbul etməyi keçin, eşitmək belə istəmirik. Qadın işləməz, qadın gəzməz, oxumaz, söz hüququ olmaz, olmaz, olmaz, olmaz!.. Belə davam etsə “qadın” sözü “tabu” anlamında işlənməyə başlayacaq. Əgər “olmaz”ların siyahısını uzatmaq istəyiriksə bir dəfəlik qadınlara yaşamağı qadağan edək, bitsin bu işgəncə. Nə bizim üstündə əsmək kimi məsuliyyətimiz olsun, nə onların kölə kimi sürünmələri. Qaldı çoxalmağa, təbiətdə çoxalmağın o qədər alternativ yolu, üsulu var ki. Türklər demiş, “kafamıza görə takılırız”. Bir məsələni unuduruq, cəmiyyət anlayışı formalaşmazdan əvvəl, hələ qəbilə formasında yaşarkən dominant cins biz yox, qadınlar idi. İnsanın gen laboratoriyasının tədqiqi sübut edir ki, y xromosomu x xromosomundan daha yaşlıdır. Bu da öz növbəsində insanın inkişaf yolunun hansısa mərhələsində tək cinsli, üstəgəl dişi/qadın olaraq yaşamını sürdürüb anlamını daşıyır. Yəni, alçaq dağların yaradıcıları kişilər deyil.
Kişi şovinizminə daha bir misal kimi 17 yaşlı Aytac Babayevanın qətlini göstərmək olar. Məhkəmə işi hələ də davam edir. Yekun qərara varılmayıb. Qısa olaraq, məğz budur ki, qızın ayrılmaq istədiyini eşidən sevgilisi “ya mənimsən, ya qara torpağın” deyib Aytacı şəhərin ortasındaca qanına qəltan etmişdi. Vikipediyadakı məlumata diqqət edək:
İzzət Hüseynov (Aytac Babayevanı öldürən şəxs, sevgilisi) ifadəsi zamanı Aytac Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib: “Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.
Belə vəhşilik bir kənara, cəmiyyətin ciddi narahatlıq doğuracaq dərəcədə çox hissəsi qızı günahkar bilir, “Görən aralarında nə olubmuş” kimi debil arqument irəli sürürlər. Bu məsələni iyrəncliyə varacaq tərzdə qabardan media orqanlarını da unutmaq olmaz. Tamamilə intim görüntüləri tirajlamaq hesabına İP, reklam ovuna çıxan “IV hakimiyyət” mənsubları bütün jurnalistika qaydalarını çeynədiklərinin fərqinə belə varmadılar, ya da daha pisi, fərqinə varmaq istəmədilər. Sözügedən situasiyada əsas günahkar yenə cəmiyyətdi düşüncəsindəyəm. İnsanları stereotiplərə boğan mühafizəkar qaydalar, “camaat nə deyər”lər, yenə də “olmaz”lar, qadını televizorun üstünə sərilən işləməli ipək örtük sayan çürük dəyərlər…
Taa uşaqlıqdan qadınlara acımışam – lütfən, qadınlar sözümü qəribçiliyə salmasın, – ağlım kəsəndən, daha doğrusu sosiallaşma yaşımdan qadınlara olan seksist münasibətdən iyrənmişəm. Bir gözəl, xoşagəlimli qız görən kimi təkcə ağla gətirilməsi iyrənc olan fikirlər, arxasınca fit çalmalar, söz atmalar, çiyin vurmalar, əl-qol açmalar, nömrə bağırmalar, guya kompliment demələr, yaxud əksinə, qıza çirkin deyib diqqət cəlb etmələr, bir təbəssümdən bütün seksual fantaziyalarını işə salıb sabahı gün rast gəldiyi adama edilən söhbətlər. Demədiyim, bildiyiniz, bilmədiyiniz əclaflıqları edənlər, kimlər, kimlər rast düşüb indiyə qədər, bir Allah bilir. İş o yerə çatıb, yolda qarşıda bir qadın gedirsə, tez-tələsik ötüb keçirəm ki, birdən özünü narahat hiss edər, elə bilər arxasınca düşmüşəm.
Uşaqlıqdan tək olmuşam, bacım, qardaşım yaşca böyük olublar, mənimlə oynamayıblar. Evimiz qəsəbənin lap sonundadır, sonra çöllük (Kür-Araz ovalığı C.Q.) başlayır. Qonşuluğumuzda yaşıd uşaqlar olmayıb . Öz yaşıdlarımı görəndə zəncirdən açılmışa dönürdüm, yadımdadır. Atam, anam işdə olurdu günün əksər hissəsi. Ona görə həmişə tək oynayırdım, olmayan oyunlar uydururdum. İki nəfərlik oyunları da təkbaşına oynayırdım. Özümlə danışmağa vaxtım çox olurdu. Bu səbəblərdən empatiya hissim hədsiz güclüdü. Başqasının xoşbəxtliyini, acısını özümünmüş kimi duya bilirəm. Dediyim odur ki, qadınların biz kişilərin ucbatından nələr çəkdiyini çox gözəl anlayıram. Həmişə tanış qadınlarla bu barədə söhbət edəndə səbrlərinə heyranlığımı bildirirəm.
Keçən il baş verən daha bir məsələni xatırlayaq. Gənc qızla oğlanı cərəyan vurmuşdu. Təfərrüat təxminən belə idi ki, hadisə transformator tikilisində baş vermişdi. Təfərrüarlara baxaq: “APA-nın məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonunun Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və 18 yaşlı Pərvanə Hüseynova (ad və soyad şərtidir) 6 min voltluq transformatorun içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub. Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib”.
Çox keçmədən “çay gəlmədən çırmanan” mediamız meydan sulamağa, gəncləri ağ yuyub, qara sərməyə start verdi. Hər iki gəncə əxlaqsız damğası vuruldu. Sular durulandasa məlum oldu ki, sən demə, oğlan ora intihar etmək, qızsa sevgilisini xilas etmək üçün giribmiş. Arxadan atılan daş topuğa dəyər misalı mediamız iki gəncin həyatını qaralda, psixikasını poza bilmişdi. Hadisədə əsas maraqlı məqam odur ki, ağzından köpük axa-axa bu barədə danışanlardan/yazanlardan heç biri yüksək gərginlik transformatorun qapısının qıfıllı olmaması məsələsini qabartmadı, ağlınızda olsun dedim.
Bu sadaladıqlarım nə əvvəldi, nə də son. Çalışaq insan olaq qarşımızdakını cins deyil, insan kimi dəyərləndirək.
Əziz qadınlar, qadın adını doğrulda bilən, uca tutan qadınlar, bütün bu əclaflıqlara dirənə bildiyinizə görə sizə çox az saylı seksizim əleyhinə olanlar adından təşəkkür edirəm. “Sizsiz dünya çox əmin və sıxıcı yer olardı” – deməkdən də özümü saxlamıram. Həyatınızı sizi mələk edəcək, mələkliyinizi qorumağınıza yardımçı ola biləcək kişilərlə bağlamağı arzu edirəm. İnsanlığı sevgi, qarşılıqlı hörmət, inam xilas edəcək.
Bizim ən böyük çatışmazlıqlarımızdan biri önyarqı, digərisə başqa baxışları, prizmaları öz baxış bucağımızla eyniləşdirmək, ümumiyyətlə, məsələyə birtərəfli nəzər nöqtəsi sərgiləməkdir. Əgər bu iki mənfini bir-birinə vurub, müsbət nəticə ala bilsək inanın ki, hər şey yoluna düşəcək. Ola bilsin, heç nə düzəlməsin, amma hər şey yaxşı olacaq. Lazım da gələcək, Qarabağı da alacağıq, İsa bulağında kabab da çəkəcəyik, bu dediklərimizi Cıdır düzündə də deyəcəyik. Bir az inanmaq lazımdı. Həyat gözəldi axı, yaşamağa da dəyər. “Ürəyimdən vur, Kələntər dayı, ağrıdır axı”. Buna fikir verməyin, inanmağınızda olun. O-p-i-um.
P.S. Bu yazının nöqtəsini qoyduğum dəqiqələrdə təsadüfən internetdə rastıma çıxdı; keçən bazar günü (fevralın 8-i) Adanada platonik (!) aşiqi tərəfindən vəhşicəsinə döyülən Türkan Sarıqaya 7 gün komada qaldıqdan sonra dünyasını dəyişib.
Cavid QƏDİR