İnsanların qarşılıqlı şəxslərarası münasibətləri öz reallığını ünsiyyət prosesində tapır. Ünsiyyət informasiya mübadiləsi prosesidir. Bu ünsiyyətin kommunikativ tərəfidir.
Kommunikasiyanın iki tipini-verbal və qeyri-verbal kommunikasiyanı fərqləndirirlər. Verbal kommunikasiyanın vasitəsi nitqdir. Qarşılıqlı münasibətlər nəinki ünsiyyət prosesində əks olunur, həm də məhz bu prosesdə formalaşır.
Ünsiyyət sözlə əlaqədar olan məsələdir. L.Tolstoy yazırdı: “Söz böyük işdir”.
Böyükdür ona görə ki, sözlə insanları birləşdirmək olar, sözlə onları ayırmaq, sözlə məhəbbətə, həm də düşmənçiliyə və nifrətə qulluq etmək olar.
“İnsanları ayıran sözlərdən qorunun”.
Söz – ünsiyyətin və mehribanlığın əldə edilməsidir, deməli, xoşbəxtlik və firavanlıq üçün şərtdir.
Sokrat deyirdi: “Gözəl danışanlar xeyirxah və gözəldir”. İnsana heç nə onun sözü qədər hörmət və məhəbbət gətirə bilməz.
Cəmiyyətdə hörmət və nüfuz qazanmaq əsl xoşbəxtlikdir, xoşbəxtlik isə məhz ünsiyyətdə qazanılır. Bəzən deyirlər ki, mənim dilimdə kobudluq var, özüm qəlbən insanları sevirəm. Başdan-başa riyakarlıqdan başqa bir şey deyildir. Zira dil və qəlb bir-birindən fərqli şeylər deyildir.
Psixoloqlara hal-hazırda müraciət olunan ən aktual problemlərdən biri də, ünsiyyət maneələrinin çoxluğu və bununla əlaqədarinsanların yaşadıqları sıxıntılardır.
İnsanlar bir-birilərindən qaçır, problemlərini bölüşməkdən daha çox virtual bağlılığa və dostluqlara üstünlük verirlər.
Hansı virtual ünsiyyət real münasibəti əvəz edə və eyni effekti verə bilər. Get-gedə virtuallaşan cəmiyyətdə insanlar artıq demək olar ki, bir-birlərinin üzündən daha çox telefon və kompüterlərə baxırlar. Və nəticə etibarilə yaxınlıqlarında olan insanların duyğu və narahatlıqlarından xəbərsiz qala bilirlər.
Son dönəm psixoloqlara müraciətlərin bu qədər artmasının başlıca səbəblərindən biri də “Məni heç kim eşitmir, mənim nə hiss etdiyim önəmli deyil, mən olmasam belə bunun fərqində olmazlar, qorxularımı belə deyəcək kimsəm yoxdur” kimi özünü izahdakı çətinliklər.
İnsanlar get-gedə danışacaq və problemlərini bölüşəcək, dərdləşəcək birini belə tapmadıqları üçün onu dinləyəcək insana hədsiz ehtiyac duymağa başlayırlar.
Bu cür narahatlıqlarda da psixoloqlar tam alternativ tərəf olduqları üçün ailə və şəxsi problemlərin həllində insanlara doğru yolu göstərən mayaka çevrilirlər. Bunun sayəsində neçə-neçə ailələr ayrılmaq təhlükəsindən, valideyn-övlad münasibətlərindəki bir çox xoşagəlməz hallardan qaçınmaq mümkün olur.
Psixoloji araşdırmalar özü belə göstərir ki, bəzi pasiyentlərimizdə üzdə görünən xəstəliklərin uşaqlıq yaş dövründə valideyn, müəllim və dostları tərəfindən eşitdikləri xoşagəlməz davranış və sözlərin şüur altında hopması gələcəkdə onların həyatında bu cür narahatlıqların fonunda üzə çıxır. Məsələn: valideyn övladına “Sən ağılsızsan, qorxaqsan, xəstəsən, dəlisən” və s. bu kimi bənzətmələr deməsi illər sonra uşaqlarda və böyüklərdə sosial fobiya, ipoxondriya, özgüvən yetərsizliyi, həyəcan-təşviş pozuntusu, sarışan nevrozun bəzi növləri şəklində üzə çıxa bilir.
Övladlarımız bizim gələcəyimizdir. Boş yerə demirlər ki, uşaq ailənin güzgüsüdür. Demək bu güzgünü təmiz saxlamaq valideynlərin, pedaqoqların daha çox üzərinə düşür.
Həyatda bütün çətinliklərin dəf edilə biləcəyini, hər bir problemdən çıxış yolu olduğunu biz əslində övladlarımıza öyrədirik. Deməli onlarla daha çox ünsiyyətdə olmaz, problemləri ilə maraqlanmaq valideynin bir başqa vəzifəsidir.
Maddi cəhətdən övladını təmin etməklə kifayətlənməməliyik, çünki bəzən bir çox problemin həlli üçün sadəcə dinləyici olmağımız belə yetərli ola bilir.
Ona görə də sevdilərimizə daha çox zaman ayıaq və xoş ünsiyyətdən qaçınmayaq.
Lalə Əhmədova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
pcc.az