“Axı bu günahsız uşaqların dünyaya gəlməsində səbəbkar elə biz özümüzük. ” – PƏRVİN ƏSGƏRLİ

İşə tələsdiyimdən cəld və çevik addımlarla yol boyu addımlayırdım. Bir neçə metr aralıda yol keçərkən ucadan qışqıran 10 yaşlı autizmli qızın atasının onu cilovlamaq istəyinə qarşı gəlməsi və atanın sankı övladından utanırmış kimi kobud şəkildə, itələyib qüsurlu uşaqlar üçün məktəbin qapısından içəri salma çabasını gördükdə həm üzüldüm həm də ataya qarşı hiddətli baxışlarımı ala bilmədim bu səhnədən. Ayaq saxlayıb müşahidəmi davam etdirdim. “sənə nə var öz uşağımdır özüm bilərəm” cavabını eşitməmək üçün ataya yaxınlaşa bilmədim. Həqiqətən çox təsirləndim. Təkcə jurnalist kimi yox, vətəndaş kimi, ana kimi, ən əsası bir insan kimi.

P.S.

Autizmli qızın atası görəsən övladının vəziyyətindənmi utanırdı yoxsa yoldakı insanların qızının səsini eşidib ona baxmasından? Cavabı oxucularımın öhdəsinə buraxıram.

Bəli düzdür, onlar bizim kimi deyillər, fərqlidirlər. Baxır amma dərk etmir, eşidir amma bəzən cavab vermir, nitqləri rabitəsiz və qırıq olur, təsəvvür etmə qabiliyyətləri olmur. Hətta bəzən səbəbsiz yerə ağlayır və qışqırırlar. Bütün bu sadaladıqlarım autizm sindromlu uşaqlara aiddir. İstəməzdim ki, xəstə sözünü işlədim. Bilmirəm nə qədər alınacaq amma çalışacam məqalədə istifadə etməyim.

Autizm nədir ?

Autizm XXI əsrin ən aktual psixoloji problemidir və autizm sindromlu uşaqlar dünyada olduğu kimi ölkəmizdə də çoxluq təşkil edir. Çünki autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Onun əsas simptomlarına sosial münasibətlərdə pozğunluq, nitq və ünsiyyətdə pozğunluq, təxəyyüldə pozğunluq daxildir: Autizmli uşaqlarin xüsusiyyətlərinə gəlincə, onlar başqalarına qarşı maraqsızdır. Onlar göz təmasından qaçırlar. Başqaları ilə ünsiyyət qurmur. İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edirlər. Digər uşaqlarla oynamırlar. Uzun müddət ərzində eyni mövzu üzərində danışırlar. Səbəbsiz olaraq ağlayırlar, gülürlər və səbəbsiz davranışlar nümayiş etdirirlər. Mənasız sözləri ardıcıl təkrarlayırlar. Belə xəstələrin predmetləri davamlı olaraq çevirməkdən xoşları gəlir. Yaradıcılıq tələb edən oyunları oynaya bilmirlər. Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verirlər. Hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olurlar. Davamlı olaraq eyni oyunları oynayır, əşyalara bağlanırlar. Ağrıya qarşı laqeyddirlər. Səslərə qarşı həddindən artıq həssasdır və ya həddindən artıq laqeydirlər. Tək qalmağı xoşlayırlar. Təmasdan və qucağa alınmaqdan xoşları gəlmir. Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışırlar. Belə xəstə uşaqlarda həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur.

Autizmin səbəbləri

Ümumiyyətlə, əsas səbəbin genetik faktorlar olduğu düşünülür. Ancaq bu sahədə araşdırmalar hələ də davam edir. Beyin quruluşu və funksiyalarını tədqiq edən təcrübələrdə beynin müəyyən hissələrindəki funksiya fərqliliyi olması qeyd edilir. Autizmin ailənin uşağa yaxşı baxmamasından irəli gəlmə ehtimalı da var. Autizm təkcə yaxşı baxıb-baxmamaqdan asılı deyil, uşaq bu barədə ağır hallara məruz qalanda autizmə bənzər hallar ola bilər, bəzən uşaqda özünə qapanma və gec danışma halı olur və ailə də diqqət etmir, bu vəziyyətdə nitq gecikməsi yaşana bilər. Son illərdə autizm diaqnozlu uşaqların bir qisminin uyğun təlim proqramları ilə tam düzəldiyini və autizmin xüsusiyyətlərininin yox olduğunu görürük. Düzəlməyənlərin isə nitq inkişafı yaxşıdırsa, zəkaları normaldırsa müstəqil-yarı müstəqil həyat yaşayırlar, ancaq nitq inkişafı olmayan, zəka qüsurlu uşaqlar isə, təəssüf ki, böyüklərdən asılı həyatlarını davam edirlər.

Autizmin müalicəsi

Mütəxəssislərin fikrinə əsasən autizmli uşaqları vaxtında müalicə etdirmək lazımdır. Bu xəstəliyin müayinəsi və müalicəsi ilə həkim psixiatr məşğul olur. Autizmin müalicəsi qismən çətin və uzunmüddətli prosesdir. Uşağın valideynləri ağır və hər zaman müsbət nəticəni verməyən mübarizəyə hazır olmalıdırlar. Əsas müalicə üsulu psixoterapiya və sosial adaptasiyadır.

Aşağıdakı qaydalara əməl etmək lazımdır?

  1. Təcrübəli psixiatrı seçin. Həkimi dəyişməyin, bu yalnız xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər
  2. Autizmi olan uşağın müalicəsi yalnız həkimin deyil, bu uşağın bütün ailəsinin işidir. Müalicə evdə, çöldə, uşaq bağçasında və s. davam etməlidir .
  3. Autizm sindromlu uşağın müalicəsi daim təkrarlanmaqdan ibarətdir. Hər gün eyni hərəkəti (məsələn, köynəyi düymələmək) təkrar etmək lazımdır. Hətta uşaq hər hansı vərdişi öyrəndikdə, vaxtaşırı olaraq onu təkrarlamaq lazımdır ki, uşaq bu vərdişləri unuda bilər.
  4. Uşağın gününü dəqiqliklə planlaşdırmaq lazımdır. Uşaq hər zaman hər hansı işi və s. bitirdikdən sonra nə ilə məşğul olduğunu (növbəti iş və s.) bilməlidir. Belə dəqiq plan olmadıqda, uşaq özünü itirir.
  5. Uşağı əhatə edən mühit dəyişilməməlidir. Bütün əşyalar daim eyni yerlərdə qalmalıdır.
  6. Uşağın diqqətini cəlb etməyə çalışın. Bunun üçün uşağı bir neçə dəfə çağırın. Səsinizi qaldırmayın. Uşağın adını eyni intonasiya ilə o vaxta kimi təkrarlayın, ki uşaq sizə fikir versin. Uşağı vurmaq və ya zorla sizə fikir verməyə məcbur etmək olmaz.

Hər bir konkret halda müalicənin müddəti və nəticəsi fərqlidir. Müalicə başlayan zamanı dərhal möcüzə gözləmək doğru deyil. Gözləməyin ki, 1 aylıq müalicədən sonra uşağınız tam normal olacaq. Autizmli uşaqların müalicəsi onların ömrünün sonuna kimi fasiləsiz davam edir. Bəzi uşaqlarda müsbət dəyişikliklər 2-3 həftədən sonra müşahidə olunmağa başlayır, 6-8 aydan sonra uşaq artıq kontakta girir, suallara cavab verir. Bəzi hallarda isə bir neçə illik müalicə heç bir effekt verməyə bilər.

Hal-hazırda müalicəsi əsasən erkən başlanmış təlim-tərbiyə proqramları mövcuddur. Bu proqramlar intensiv olmalı, evdə ailələr də tətbiq etməlidirlər. Həftədə 20-40 saatlıq sosial bacarıqları dəstəkləyən proqramlar daha təsirlidir.

Məqaləmin sonunda tövsiyyə olaraq bildirmək istərdim ki, autizmlə mübarizədə ilk olaraq autizm sindromlu uşaqlardan yox elə onların valideynlərindən başlamaq daha məqsədə uyğun olardı. Əgər valideyn autizm sindromu və onun müalicəsi haqqında məlumatlı deyilsə aparılan müalicənin müsbət nəticə vermə ehtimalı yüksək ola bilməz. Bunun üçün ilk növbədə valideyn psixoloji dəstək almalı və özlərini hazırlamalıdırlar. Nəzərə alsaq ki, autizmli uşaqlar özlərindən asılı olmayaraq valideynləri və ətrafdakıları gözlənilmədən xoşagəlməz situasiyalara sala bilirlər. Valideynlər də qəfildən rastlaşdıqları xoşagəlməz situasiyalardan autizmli uşaqlarla düzgün davranma qaydalarını peşəkarlardan öyrənməklə çıxa bilərlər. İkinci bir təklifim isə odur ki, ölkəmizdə autizm məktəbi yaradılmasıdır. Autizm sindromlu uşaqların sayına nəzərə salanda görürük ki, dünya əhalisinin bir faizi yəni 70 milyon nəfər autizmin qurbanı olub. Respublikamızdakı statistikaya görə, təxminən 4500-ə yaxın uşaq autizm sindromundan əziyyət çəkir.

Bu sahə ilə bağlı bir sira həll olunmamış məsələlər var. Sistemləşdirilmiş autizm məktəbinin açılması bu problemlərin həllində açar rolunu oynaya bilər. Autizmli uşaqların cəmiyyətə inteqrasiyası məsələsi də gündəmə gətirilməli və həlli yolları araşdırılmalıdır.

P.S: Məqaləmin əvvəlində qeyd etdiyim valideynin timsalında bütün autizmli uşaqların valideynlərini peşəkar mütəxəssislərdən yardım almağa çağırıram. Axı bu günahsız uşaqların dünyaya gəlməsində səbəbkar elə biz özümüzük.

Bakı Dövlət Universitetinin

Jurnalistika fakultəsinin Radio

Televiziya Kafedrasının doktorantı,

Azərbaycan Dillər Universitetinin

“AUL channel” onlayn televiziyasının

Jurnalisti Əsgərli Pərvin Səfa qızı

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər