Autizm son zamanlar geniş şəkildə yayılmaqda olan və yaranma səbəblərinə, əlamətlərinə görə bir çox mütəxəssislərin diqqət mərkəzində olan mövzulardan biridir. Gündəlik həyatımızda tez-tez Autizm termini ilə rastlaşmağımıza baxmayaraq bir çoxlarımız hələ də autizmin nə olduğunu bilmirik və yaxud da bu sahədə olduqca az biliyə malikik. Bəs Autizm nədir? Necə yaranır? Müalicəsi varmı? suallarına cavab olaraq məqaləmi sizlərə təqdim edirəm.
Autizm nədir?
Autizm- ətrafdakılarla ünsiyyət yaratmaqda və onları anlamaqda çətinlik yaradan neyro-psixiatrik bir pozuntudur. İlk dəfə 1943-cü ildə Amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən “Erkən uşaqlıq autizmi” olaraq adlandırılmışdır. Autizmdən əziyyət çəkən uşaqda beynin müxtəlif hissələri birgə işləyə bilmir və bu da onların ətrafdakılarla münasibətində çətinliklər törədir. O, özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizmli uşaqlar bir-birindən fərqlənirlər. Belə ki, “Tipik” autizmli insan mövcud deyil. Autizmin formasından asılı olaraq onlarda müxtəlif davranışlar müşahidə olunur. Statistikaya görə autizm sindromu daha çox oğlanlarda rast gəlinir və hər 4 autizmli uşaqdan 1-i qızdır.Autizmin simptomları 3 ilə qədər müddətdə özünü göstərir və əsas simptomlar aşağıdakılardır.
- Sosial münasibətlərdə pozğunluq
- Nitq və ünsiyyətdə pozğunluq
- Təxəyyüldə pozğunluq
Əgər 18 aylığında uşaq:
1) Nə isə istəyəndə sizə baxmırsa və istədiyi əşyanı barmağı ilə göstərmirsə
2) Əşyalarla xəyali oyunlar oynamırsa
3) Sizin göstərdiyiniz yerə baxmırsa , bu zaman autizmdən şübhələnmək olar.
Autizmin yaranma səbəbləri:
Autizm- anadangəlmə bir pozuntudur və yaranma səbəbləri hələ də araşdırılmaqdadır. Bəzi mütəxəssislər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edirlər.Başqa alimlərin fikrincə isə autizmin yaranmasında əsas genetik faktorlar özünü göstərir. Məsələn: tək yumurta əkizləri genetik baxımdan bir-birilə eynidir. Əgər tək yumurta əkizlərindən biri autizmlidirsə, digərinin autizmli olma riski 35-70% ola bilir. Fərqli yumurta əkizlərində isə bu risk 0-23%-dir. Əgər ailənin ilk uşağı autizmlidirsə, sonrakı uşağın autizmli olma riski 5-15%-dir. Hal- hazırkı dövrdə alimlər öz tədqiqatlarında hansı genlərin ailələrdə autizmin ötürülməsində rol oynadığını aydınlaşdırmağa çalışırlar.
Autizmdə davranış simptomları:
Autizmin formasından asılı olaraq onlarda müxtəlif növ davranış formaları özünü göstərə bilər və bunlar aşağıdakılardır:
Qəribə və ya ritual davranış
- işığı söndürüb-yandırmaq
- durduğu yerdə öz ətrafında fırlanmaq
- özü-özünü yırğalama
- xətt boyunca düzmə
Sosiallaşma problemi
- Bacı- qardaşına münasibətdə qəddarlıq göstərmək
- aşqa uşaqların oyunlarına maraq göstərməmək
- valideynləri onu qucaqladıqda buna hər yolla mane olmağa çalışmaq
- çarpayıda tək qaldıqda anasını çağırmaq əvəzinə qışqırmaq
Kommunikativ
- ətraf şəraiti hiss etmir
- vizual əlaqədən yayınır
- Böyüklərin əlindən isifadə edir, onu yönəldir
Motorika
ayaq barmaqlarının ucunda yerimə
- xırda motorika problemləri
- üçtəkərli velosiped və ya uşaq maşınını idarə edə bilməmək
- fəza qavramının defisti
Sensor problemlər
•u prosedurlarından imtina edir
- musiqi səsinə güclə tab gətirir
- saçının qırxılmasına imkan vermir
- paltar dəyişməyi sevmir
Özünə xətəryetirmə
- başını çırpır
- özünü dişləyir
- öz dərisini qaşıyıb cırmaqlayır
Təhlükəsizlik
- təhlükə anlayışı yoxdur
- əzilə və ya yaralana biləcəyi situasiyanı hiss edə bilmir
- yüksəklik qorxusu yoxdur
Autizmin spektor pozuntuları:
Autizmin spektor pozuntularına aşağıdakılar daxildir:
Rett pozuntu- erkən mərhələdə normal inkişafla xarakterizə olunan, sonradan əldə edilmiş fiziki və əqli bacarıqların itirilməsi kimi meydana çıxan beynin pozuntusudur. İlk dəfə olaraq pediatr Andreas Rett 1964-cü ildə 22 qız uşağında 6 aylıq normal inkişafdan sonra inkişafın birdən-birə dayandığını və bundan sonra sürətlə geriləməsini müşahidə etmişdi. Rett sindromu əsasən “qız xəstəliyi” kimi qəbul edilir.Xəstəliyə çox nadir hallarda rast gəlinir və çox zaman irsiyyət ilə ötürülmür. Əsas əlamətləri baş ölçüsünün kiçik olması, əqli cəhətdən geridəqalma, ataksiya, tənəffüs pozğunluğu, nitq inkişafı və sosial bacarıqların 2-3 il geri qalmağa başlaması və s.
Asperger sindromu- Autizmin bir forması hesab olunur. Asperger sindromlu insanlar intellekt və dil baxımından inkişaf edirlər, onlar həmçinin digər uşaqlar kimi ətrafdakılarla maraqlanırlar, özünə inam hissləri yaşa uyğun olur. Bu tip uşaqlar gələcəyə daha perspektivdir və çoxları böyüyəndə müstəqil və məhsuldar həyata başlayırlar.
Dezinteqrativ pozuntu- bu pozuntu zamanı ünsiyyət və dil bacarıqları, düşüncə itir. Bu 3-4 yaşda baş verir. Bu vaxta kimi inkişaf normal müşahidə olunur. Pozuntunun səbəbi naməlumdur.
Klassik autizm- bu qrupdan olan uşaqlar nitqin ciddi pozuntusundan əzab çəkir, emosiyalara nəzarət etmə qabiliyyəti olmur. Bu qrupdan olan uşaqlar əlavə xəstəliklərə, məsələn, epilepsiyaya meyilli olurlar.
Autizmin müalicəsi:
Hal-hazırda müalicəsi əsasən erkən başlanmış təlim-tərbiyə proqramlarıdır. Bu proqramlar intensiv olmalı, evdə ailələr də tətbiq etməlidirlər. Müalicənin uğurlu olması üçün övladı autizm olan valideynlər ilk öncə uşaqlarının autizmli olduqlarını qəbul etməli və onları o şəkildə sevməlidirlər. Autizmin müalicəsində əsas məqsəd simptomların azaldılmasıdır. Uşaqda hansı simptomun olmasından asılı olaraq müalicənin üsulu təyin edilir. Çünki tipik autizm yoxdu və autizmdən əziyyət çəkənlər bir-birində çox fərqlənirlər. Müalicədə əsasən davranış terapiyalarından (davranışın pozitiv dəstəyi, reaksiyaların cəldliyinin təlimi və s.) və müxtəlif terapiya növlərindən (art terapiya, əmək terapiyası, idman terapiyası, musiqi terapiyası və s.) istifadə edilir.
Dəniz Umarova
Bakı Dövlət Universiteti
Sosial Elmlər və Psixologiya fakultəsi, III kurs