“Mən belə böyüdüm; körpələşən atamla yaşlanaraq…” – AZADƏ BAYRAMOVA

Mən atamın küncünə qısılaraq böyüdüm. Atam isə elə hey uşaqlaşdı. Mən hər artan yaşımın arxasında gizlənən atamın enən yaşını görürdüm. Kövrələrək yanağına düşən hər damla yaş öz uşaqlığımı xatırıladırdı mənə. Hər atama baxışımda özümü görürdüm. Beləcə, onun tez-tez nəm olan qara piqmentlərlə zəngin olan qıyıq gözünü silməyə adətkar oldum. Mən belə böyüdüm; körpələşən atamla yaşlanaraq. Bəzən sərt atamla. Amma hər sərtlikdən boylanan məsumluqla…Əyilən beli, bükülən dizləri, qırışan sifəti, əsən əlləri qocalıqdan xəbər verən simvollardı əslində. Ancaq yaşlı yanağı, sulu gözləri, saf siması demirdi bunları. Xətt çəkirdi o simvollara. Xətt çəkirdi qocalıq qırışlarına. Tez-tez əlinin əsməsi, ayağının büdrəməsi, dodağının titrəməsi acmış körpənin gecikmiş süd içməsinə görə yaranmış qıcıq təəssüratını verirdi. Zahirən yaşlanan atam, daxilən körpə daşıyırdı cismində. Onun ritmlə vuran ürəyi hər atışında, hər döyüntüsündə daha da kiçilirdi. Kiçilən ürəyi böyük məsumluqla yüklənmişdi. Həm də elə yüklənmişdi ki, onu ancaq özü daşıya bilərdi. Ciyərlərinə çəkdiyi hər nəfəs titrədirdi böyük yüklü kiçik qəlbini. Təzadlı fikirləri məhv etmiş və ya heç olmamışdı sanki. Hər istəyimin qarşılığı sözsüz “hə” olurdu. Buna görə həyatımın formulasına dönüşdü bu “hə “lər. Bu “hə “lərlə mən həmrəy böyüdüm. Səbəbsiz nəticələrin xoşluğuna vərdiş oldum. Mən heç kəsi sevmədiyim qədər sevdim atamı. Ona qısınmadığım qədər kölgəsinə belə həsrət yaşadım. Əslində istəmək və onu edə bilməməkdi ən böyük xəstəlik. Əlləri ən isti ocaq olduğu halda, onu tuta, bağrıma basa, ocağında qısına bilmirdim. Və ən böyük xəstəlik bu deyilmi? Amma mən başqa xəstəliyi daşıyırmışam çiyinlərimdə. Sən demə, autizm. Bəli, Autizm

Məhz bu xəstəlik arxasınca bir sıra xəstələr də gətirdi. Anam əzablarıma dözə bilməyib gözlərini yumdu

Həm də elə yumdu ki, atamın belə əzizləyici həzin melodikası anamın gözlərinin parlaqlığını unutdurmadı mənə. Yumulan gözlər, həsrətimin qapılarını taybatay açdı. Mən belə böyüdüm; anamın yumulan göz qapaqlarından sezilən iki cüt şəfqətli bəbəklərin həsrətiylə. Sanki öz öhdəliklərini atama verirmiş kimi müqavilə bağlamışdı. Və heç qüvvədən düşməyən müqavilə. Limiti bitməyən müqavilə. Nə kağız , nə də söz üzərinə. Sadəcə qəlbin divarlarına göz yaşlarının süzdüyü mürəkkəblə yazılmış olan müqavilə. Atam heç yorulmadı məndən. Yorulmaq nə ki? Heç ayrı qalırdımı məndən? Atam tək ata deyildi. O müqəddəs adın arxasıda çox məna vardl. Gecələr əlləri ilə yumurlaq başımı sinəsinə dayayaraq pıçıltıyla deyərdi:”mən inanıram, gözəl qızım “. Bax mən atamın “sənə inanıram deməsiylə böyüdüm. Böyüyərək də dərk etdim. Dərk etdim İnsanın gücünü. Dərk etdim hisslərin qüvvəsini. Dərk etdim varlığın əsrarəngliyini. Mən inamın qüdrətini dərk etdim. Amma bunu mənə dərk etdirən daha bir gücün fövqəlliyini də anlamış oldum. Bu gücü uşaqlaşaraq mənə göstərən atam oldu. Bu gücü mənimlə birgə və bəlkə də məndən də artıq daşıyan atamla öyrəndim. Necə tab edirdi görəsən? Bu yükün ağırlığı qəlbini göynədə-göynədə dözürdü. Və bu azmış kimi gülərüz çöhrəsiylə “sənə inanıram” deyirdi. Bəl atam, sən mənə həmişə inandın. Çox inandın. Tək özünü deyil, məni də inandırdın. Sən tək ata deyilsən deyə düşünürdüm. Haqsız da sayılmazdım. Çünki sən ən böyük həkim, inamın isə ən böyük dərman oldu mənə. Görəsən, sənsiz bunun öhdəsindən gələrdimmi? Yox! Mənim keçmişimi xatırladan, ötən hisslərimi soyuq otaqdan bugünkü mənzilimə yetirən sən oldun. Yoxsa mən əqli zəiflik damğası ilə boğularkən,tərs -tərs baxışların əhatəsində qıvrılarkən, mərhəmət hissləriylə coşan göz bəbəklərin nəzərində sıxılarkən sən demə yazıq görkəmi alırmışam. Bunu görən atam xəstəliyimə şərik oldu. Saçlarımı tumarlayaraq “gözəl qızım” dedi həmişə. Mənimlə bərabər uşaqlaşdı. Və mən böyüyərkən belə o, əl çəkmədi rolundan. Və beləcə, həyat tərzinə dönüşən zərurətlə məni sağaltdı atam. O, tək ata olmadı, heç tək həkim də olmadı. Mənim atam, ən uca zirvədə olan müəllimiydi. Mənə öyrədəcəkləri əzbərlənəcək dərslik deyildi. Mən dərsliyi sözbəsöz oxudum, səsbəsəs dinlədim. Amma görərək. Və heç yorulmadan. Nə bir gün dərsdən qaçdım, nə də nə vaxtsa partamı dəyişdim. Yox, mən bunları etmədim. Amma bir şeyi etdim. Səni çox üzdüm atam. Xəbərsiz quş kimi oxudum qəfəsimdə. Heç kim dinləməsə də sən dinlədin məni. Heç bezmədin, küsmədin həyata. O qəfəsdən sən azad etdin məni atam.

İndi bu gülləri sənə və anama gətirmişəm, ancaq bir zamanlar mənə göstərdiyin qayğına xəstəliyindən dolayı etinasız olan qızın indi əlini ovcuna alıb bərk-bərk sıxmaq istəyir. Həm də elə qucaqlamaq ki, heç bir xəstəlik ayırmayacaq qədər. Atam, indi məni düşündürən tək sualım var: “ Atam sən mənimlə körpələşdin, görəsən, mən də səninlə yaşlana bilərəmmi?”.

Qızlarına laqeyd atalara ithaf olunur…

AZADƏ BAYRAMOVA

Bakı Slavyan Universiteti, Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin

3 – cü kurs tələbəsi.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər