Psixoterapevt Orxan Fərəcli : “BİR XƏSTƏM DEYİRDİ Kİ, PUTİN ONA İNFORMASİYA ÖTÜRÜR” – müsahibə

Psixoterapevt Orxan Fərəcli Azərbaycandakı dəlilərdən, depressiyaya düşənlərdən, psixoloji problemlərdən…. danışır: “Müasir dövrün dəlililəri daha sakitdir”

Yolda öz-özünə danışan insanlar, nəqliyyatdakı adi bir narazılıqda səni parçalayacaq kimi baxan sürücülər, qışqıra-qışqıra danışanlar…. Onlarla hər gün qarşılaşırıq. “Müasir insanların əsəbi yerində deyil” klişəsini də unutmasaq, hamımızın yolu psixoloq, psixoterapevt, nevropotoloq yanına düşə bilər.

Biz də mənzərəni professionalın gözü ilə görmək istədik. Psixoterapevt, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının həkimi Orxan Fərəcli ilə Azərbaycan insanının kef-əhvalından danışdıq. Niyə əsəbiləşirik, depressiyaya düşürük və sonucda dəliyə dönürük? Həkimin bir saatını özündən və pasiyentlərindən “oğurlayıb”, belə demək mümkünsə, sonuncuların qeybətini qırdıq.

Doktor, birinci geyiminizdən başlayaq. İndi əyninizdə ağ xalat var. Maraqlıdır, pasiyentləriniz sizi ağ xalatda görəndə özlərini daha rahat hiss edirlər, ya adi geyimdə?

Adi geyim formasında daha səmimi olurlar. Bu geyim onları qorxudur. Amma xəstəxana şəraitində olsam, mütləq xalat geyinməliyəm. Bu, normadır. Xəstəxanada gecə növbəsində olanda dəfələrlə belə olub ki, polis əli qandallı ruhi xəstəni gətirib. Biz onlara demişik ki, qandalını açın, danışaq.

21-ci əsr Azərbaycanında psixoterapevtinin yanına insanlar niyə gəlir? Bir az bəsit dillə desək, insanımızı dəli edən nədir?

Bizim ən çox gördüyümüz xəstəliklər depressiya və nevrozdur. Bu, artan bir tendensiya ilə gedir. Şizofreniya, psixoz və sair kimi xəstəliklərdə ilk ağla gələn psixoterapevtdir. Bu xəstəliklərin statistikası illərdir stabildir, artmır, azalmır. Avropada da, Amerikada da bu, belədir. Cəmiyyətlərdə bu, 1 faizi təşkil edir. Kişi-qadın, təhsil fərqi yoxdur.

Şizofreniyanın əlamətləri nədir? Bir nəfərin şizofren olduğunu necə müəyyənləşdirmək olar?

Şəxsin düşüncələri dəyişir. Xüsusən bizim “özünü böyütmə sayıqlamaları” dediyimiz hallar tez-tez yaşanır. “Mən peyğəmbərəm”, “mənə vergi verilib”, “qulağıma səslər gəlir”, “yeni din yaratmışam”… Hansısa bir hərəkət edir və bu hərəkət həmin səslər tərəfindən müzakirə olunur. Məsələn, oturur və dərhal deyir ki, “ayıb olsun sənə, niyə oturdun?”. Hər bir hərəkəti o səslər tərəfindən müzakirə olunur.

Bizim milli şizofrenlərin spesifik cəhətləri nələrdir?

“Dəlixana sizin düşündüyünüz kimi bir yer deyil…”

Bu, təkcə bizə, azərbaycanlılara aid məsələ deyil, etnopsixoloji xüsusiyyətlərə aiddir. Tutaq ki, alman xəstənin sayıqlaması öz intellektual səviyyəsinə uyğun olur. Məsələn, o, Angela Merkellə görüşdüyünü, onunla bir çox məsələləri müzakirə etdiyini iddia edəcək. Bizimkilər isə özünə uyğun, tanıdığı adamlar səviyyəsində uydurmalar edir. Tutaq ki, yüksək vəzifəli şəxslərlə əlaqəsi olduğunu deyir. Bir xəstəm vardı, deyirdi ki, Putinlə əlaqəm var, mənə informasiya ötürür. O adam bütün gün otaqda oturub gözləyirdi ki, Putin ona nəsə informasiya ötürəcək. Şizofreniyanın bir əlaməti də var ki, onlar iddia edir ki, uzaqdan onlara təsir var, beyinlərinə çip yerləşdiriblər və sair. Çox spesifik şeylərdən biri də odur ki, onlar beyinlərindəki fikirlərin yayıldığını, hamı tərəfindən oxunduğunu düşünürlər. İntellektual səviyyəyə görə sayıqlama da dəyişir. Səviyyəsi nisbətən aşağı olan adam deyir ki, mənə qurd yağı sürtüblər, dua ediblər. Amma intellekti olan xəstə isə deyəcək ki, mənə xüsusi ultrabənövşəyi şüalar göndəriblər və sair. Bizimçün intellektual xəstələrlə danışmaq, onun fikirlərini korreksiya edib, inandırmaq daha çətindir. Halbuki cadu, dualılarla işləmək daha asandır.

Adama elə gəlir ki, əcnəbilərlə bizimkilərin depressiyaya düşmə səbəbi də fərqli olmalıdır. Məsələn, azərbaycanlı kasıblıqdan, ədalətsizlikdən və gördüyü işin nəticəsizliyindən dolayı depressiyaya düşə bilər. Əcnəbini isə bəzən hədsiz komfort da bu duruma sala bilər. Əslində mənzərə necədir? Azərbaycanlılar niyə depressiyaya düşür?

Bütün dünyada depressiyanın üç səbəbi var: bioloji, sosioloji və psixoloji. Bioloji səbəb həmişə olur. Beyində xoşbəxtlik hormonu deyilən maddənin miqdarı aşağı düşən kimi depressiya başlanır. Psixoloji səbəb isə cəmiyyətdə onu qane etməyən şeylərin çoxluğu və sairlə bağıdır. Sosial səbəb isə özünə qarşı haqqını tələb edə bilməməsidir. Son dövrlər kredit borclarına görə insanların gərginlik yaşaması da səbəblərdən biridir. Amma bu, hər adamda olmur. Kim ki, bu cür situasiyaya meyllidir, depressiya da onda baş verir.

“Azərbaycanda şizofrenlər daha çox vəzifəli şəxslərlə əlaqələrindən danışırlar”

Bir çox psixoloji pozğunluqların səbəbi də uşaqlıq travması ilə bağlıdır. Məsələn, tanıdığım bir universitet müəllimi var. Halvanı sevmir, halvadan qorxur. Psixoloqdu deyə izahını verə bilir. Deyir ki, uşaq vaxtı həyətdə oynayan vaxt görüb ki, kimsə ölüb, tabutu aparırlar. Evə gələndə görüb ki, anası evə həmin qonşudan halva gətirib. O, həmin vaxt elə düşünüb ki, halvanı ölünün ətindən bişirirlər. Adamın 50-dən çox yaşı var. Amma hələ də halva yeyə bilmir. Bu cür travmalar var, bəzən aylar lazım gəlir ki, onu üzə çıxarasan.

Freydin nəzəriyyəsi var ki, “tiqrovı” paltar geyinən qadınlar cəmiyyətin qınağı olmasa, çoxkişiliyə meyllidir. Freyd deyirdi ki, yuxular simvollaşdırılır. Məsələn, yuxuda ağac, karandaş görmək kişi cinsiyyət üzvünün simvoludur. Qapıdan girmə, bir mağazadan girmə isə qadın cinsiyyət orqanını assosiasiya edir. Bu yuxunu görən adamın da bu sahədə travması var. Mənim Türkiyədəki hocam deyirdi ki, insan niyə dayısına əmisindən daha çox güvənir? Çünki adam düşünür ki, dayım anama heç nə etməz, amma əmim edər. Mədəniyyətdən mədəniyyətə fərq var. Bax, bu cür incə nüanslar var ki, pasiyenti dinləyəndə diqqətli olmalısan.

Belə bir stereotip var ki, psixoloq yanına getmək varlıların şakəridir, onların lükslərindən sadəcə biridir. Yəni, kasıbın o qədər dərdi olur ki, o, bəzən heç depressiyaya düşdüyünün də fərqinə varmır. Bu qənaətdə gerçəklik payı nə qədərdir?

Azərbaycan üçün bu klişe keçərli deyil. Avropada bu, elit bir şey sayılır ki, mənim şəxsi psixoloqum var, psixoterapevtim var… Ən kiçik situasiyanı belə psixoloqları ilə müzakirə edirlər. Azərbaycanda isə nəinki şəxsi psixoloqu, şəxsi vəkili olan ailələr belə çox azdır. Bizdə insanlar ehtiyac hiss etmədikcə bizim yanımıza gəlmirlər. Azərbaycana özəl, standart bir sxem var: insanlar birinci falçı yanına gedir, sonra mollaya, ardınca terapevtə, bu kömək etməsə nevropotoloqa, ən sonda isə psixiatrın yanına (gülür). Bu sxem də bilavasitə insanın intellektual səviyyəsindən asılıdır. Savadlı adam birbaşa həkim yardımından istifadə edir, o birilər isə molla-falçı ilə yola başlayırlar.

“Ruhi xəstələrin qohumları Təcili Yardımı axşam saatlarında çağırtdırırlar ki, qonşular görməsin”

Məşhur bir lətifə var: bir həkimin qəbuluna bir azərbaycanlı, bir rus, bir amerikan yazılır. Köməkçisi növbədəkilər barədə həkimə məlumat verəndə həkim həyəcanlı şəkildə deyir ki, azərbaycanlını növbədən kənar burax, çünki azərbaycanlı ancaq ölüm ayağında həkimə gəlir. Bu durum psixoterapevt qəbuluna gələnlər üçün də keçərlidi? Azərbaycan insanı hansı mərhələdə psixoterapevtin qəbuluna gəlir?

Bizim rayonda bir kardioloq vardı. Deyirdi ki, bizim camaat həkim lazım olanda molla, molla lazım olanda isə həkim axtarır (gülür). Bu, bizim peşəmizdə də belədir. Xəstə bizə qulağına “get, filankəsi öldür” kimi səslər gələndə müraciət edir. Halbuki yuxudan əziyyət çəkən xəstə dərhal həkimə müraciət etməlidir. Bu halda bizim müdaxiləmiz daha asandır, nəinki qulağına səs gələn mərhələdə. Ya da depressiv xəstəlik. İntihar həddinə çatanda, bir dəfə sui-qəsd cəhdi edəndən sonra yaxınları onu psixoterapevt yanına göndərirlər. Çünki kompleks var ki, “mən dəliyəm dəli həkiminin yanına gedim”? Çox elementar bir şey: hətta ruhi xəstələrin qohumları belə Təcili Yardımı axşam saatlarında çağırtdırırlar. Gecə qonşular görməsin deyə. Axı psixiatrik briqada tamam fərqlidir, dərhal bəlli olur. Ya da aparırlar başqa bir qohumun evinə.

Bəlkə bir qayda olaraq, axşamlar xəstələrin vəziyyəti kritikləşir, ona görə?

Xeyr, bu, bəzi xəstəliklər üçün keçərlidir. Amma psixiatrik xəstələrlə bağlı durum dediyim kimidir. Yaxınlarının kompleksi.

Siz eyni zamanda 1 saylı Ruhi Dispanserdə çalışırsınız və əqli cəhətdən natamam insanları müalicə edirsiniz. Görüşləriniz maraqlıdır: Azərbaycanda dəliliyə gedən yol hardan başlanır?

İndi xəstələr daha sakit olublar. Əvvəllər dərmanlar az idi, aylarla əl-qolu bağlı, zəncirli saxlanırdı… İndi durum fərqlidir.

İndi dəlilərin əl-qolu bağlanmır?

Qanunda da var ki, əgər şəxs özünə və ətrafına zərər verəcək səviyyədədirsə, 4-5 dəqiqə olmaq şərtilə əl-qolu bağlana bilər. Amma bu halda da öncədən onun özünə bu barədə məlumat verilməli və bu hadisə aktlaşdırılmalıdır.

Doktor, bizim filmlərdə gördüyümüz dəlixana həyatı ilə real mənzərə bir-birindən çoxmu fərqlidir?

Çox. Ora sizin düşündüyünü kimi yer deyil. Orda oturuşmuş nizam-intizam var. Yemək, dərman saatları, yeməkdən sonrakı yatış saatları var. Sizin təsəvvür etdiyiniz kimi dava-dalaşlar, gülməli hadisələr… yoxdur orda. Kişi şöbəsində davalar olur, amma bu da o qədər geniş yayılmayıb. Təbii ki, siz ora getsəz, ilk baxışda xaotik görünə bilər, qəribə gələ bilər hər şey. Amma orda hər şeyi tənzimləyən adamlar var. Səhər saat 8-də oyanırlar. Səhər yeməyi, sonra idman keçirlər. Xəstələr üçün əmək terapiyası var. Həvəsi olan şəkil çəkir, teatr səhnələri işləyirlər. Günorta yemək yeyir, dərman içirlər, 5-ə qədər yatıb dincəlirlər. 5-dən sonra isə yenə də televizora baxmaq, istirahət etmək mərhələsi var.

“Son illər qadın xəyanətləri kişi xəyanətlərini üstələyib”

Ora xəstə girib, tam sağlam vəziyyətdə çıxmaq mümkündürmü?

Mümkündür. Belədə isə tibdə tam sağalma anlayışı yoxdur. Sadəcə bəzi əməliyyatlar və bəzi infeksion xəstəliklərin müalicəsinin sonunda tam sağalmadan danışmaq mümkündür. Eləsi də var ki, bir dəfə yatıb, müalicəsini alıb, daha sonra zərərli vərdişlərdən uzaq dayanıbsa, sağalmış sayılır. Yox, əgər, zərərli vərdişlərə yenidən yiyələnibsə, bu halda əvvəlki halına qayıdacaq.

Dəlilərlə ünsiyyət qurmaq çoxmu çətindir?

Soruşmaq istədiyimiz şeylər var, amma bunu həssaslıqla soruşmaq lazımdır. Məsələn, xəstədən heç vaxt “intihar etməyi düşünürsüzmü” sualını soruşmaq olmaz. Tələbələrim də deyirlər ki, bu, “dəlinin yadına daş salmaq”dır. Ona görə də bu sualı “heç özünüzdən bezdiyiniz, “ölsəydim, canım qurtarardı” deyə düşündüyünüz olubmu” şəklində qoymaq daha doğrudur.

Dəlilik kağızı… bir çox cinayətlərdən qurtulmaq üçün çıxış yoludur. Çoxmu müraciət olur bu kağızı almaq üçün?

Əslində psixotriyadan sui-istifadə tarixin bütün dövrlərində olub. Konkret Azərbaycan üçün danışsaq, son dövrlərdə bu məsələyə o qədər ciddi nəzarət var ki. Bundan başqa, kimsə dəlilik kağızı əldə edib, cinayətdən boyun qaçıra bilməz. Prosedur o qədər çoxdur ki. Ümumiyyətlə, qəsdən adam öldürmə motivi ilə törədilən bütün cinayətlərdə qatil psixiatrik müayinədən keçməlidir. Psixiatrın ekspertlər isə illərin təcrübəsindən keçiblər. Onları aldatmaq, yayındırmaq mümkün deyil. İki-üç il əvvəl deputat Hüseynbala Mirələmovun qardaşı oğlu ilə bağlı ciddi plenium oldu. Xəstə olmayan adam bu cinayətdən boyun qaçıra bilməzdi. Ən pis vaxtlarda, pulla hər şeyin mümkün olduğu illərdə belə cinayət törətmiş adamı Maştağadakı Ruhi Dispanserdə, xüsusi müalicə şöbəsində saxlayırdılar. Orda rejim türmədən daha ağır olur. Xüsusi qapalı rejim – iynəsi, dərmanı ilə…

“Bizim camaat həkim lazım olanda molla, molla lazım olanda isə həkim axtarır”

Hesab edək ki, cinayət törətmiş və buna görə ciddi depressiyaya düşmüş biri sizə psixoloji yardım üçün müraciət edir. Bu halda necə davranmalısız? Bu cinayət barədə polisi dərhal məlumatlandırmaq lazımdır? Hippokrat andı, qanunlar və siz… Necə davranmalı?

Pasiyentlər gələn kimi mən onlara öncə özümü təqdim edirəm. Sonra isə deyirəm ki, danışdıqlarımız öz aramızda qalacaq, amma başqasına bu danışdıqlarımızdan nəsə çatdırmalı olacamsa, bunu edəcəm. Etik kodeksdə belə bir şey var. Məsələn, söhbət zamanı müəyyən oldu ki, pasient bu yaxınlarda intihar etməyi düşünür və ya kiminsə onu zəhərləyəcəyindən ehtiyat etdiyi üçün həmin şəxsi öldürəcək. Eləcə də cinayət edib. Bu halların hər üçü barədə xəbərdarlıq lazımdır. İntihara hazırlaşan şəxsin ailəsinə məlumat verilir. Digər hallarda isə polis məlumatlandırılmalıdır.

Yola getməyən, boşanma ərəfəsində olan cütlüklər də sizdən yardım istəyirmi? Məsələn, bəzi ölkələrdə boşanmağa hazırlaşan cütlükləri məhkəmə ailə psixoloqunun yanına, terapiyaya göndərir…

Mənim təcrübəmdə bu hal olmayıb. Amma “Psixoloji yardm haqda” qanun qəbul olunmalıdır. Orda da qeyd olunur ki, boşanma ərəfəsində olan cütlüklər psixoloqa yönləndirilməlidir. Ailə problemləri ilə çox işləmədiyim üçün bu hallar mənim təcrübəmdə azdır.

Xəyanət görən, diqqətsizliklə qarşılaşan qadın-kişilər çoxmu gəlir yanınıza?

Bunu çox görürəm. Son vaxtlar bu tendensiya yayılıb ki, kişi xəyanətləri arxa plana keçib, qadın xəyanətləri öndədir. Sanki adiləşib. Bəlkə də bu, həmişə belə olub. Qadınlar arasında siqaret çəkmə və xəyanət etmə halları çoxalıb.

Qadınlar xəyanət etdikdən sonra depressiyaya düşüb sizə müraciət edirlər, yoxsa…?

Xeyr. Qadın gəlir, öz problemindən, məsələn, nevrozdan danışır. Danışdıqca altdan çıxır ki, nə vaxtsa belə bir şey də olub. Məsələn, mənim yanıma bir ər-arvad gəlmişdi. Qadın ərinə xəyanət etmişdi və kişi depressiyaya düşmüşdü. 50 yaşında bir kişi idi, həyat yoldaşı da deyirdi ki, bu hərəkətinə görə peşmandır. Bir dəfə gəldilər yanıma, ikinci dəfə kişi dedi ki, artıq bu depressiv halı keçib.

“Xəstə cinayət törədibsə və ya buna hazırlaşırsa, polisə xəbər veririk”

Sizin sahə çox rəngarəngdir. Fərqli insanlar, talelər, hekayələr… Yəqin ki, unudulmaz hallar çox olub fəaliyyətinizdə.

2-3 il əvvəl bir qadın pasiyentim bir ispan serialındakı aktyoru oğlu hesab edirdi. Düşünürdü ki, həmin aktyorla nə vaxtsa görüşəcək. Sırf ona görə də ispan dilini öyrənmişdi ki, onunla söhbət edə bilsin. Bu, psixoz idi. Ya da başqa bir hekayə. Bir oğlan gətirmişdilər yanıma. Qəbzlik problemi ilə. 4-5 mədə-bağırsaq həkiminə aparıblar, müalicə fayda verməyib. Adam sadəcə ayaqyoluna gedəndə heç nə edə bilmirdi. Son çıxış yolu kimi psixoloqun yanına gətirdilər. 2-3-cü seansdan sonra üzə çıxdı ki, bunun beynində fərqli fikir formalaşıb: evdəki ayaqyoluna getmir ki, orda anam da, bacım da oturub, bədənləri ora dəyib. Düşünüb ki, mən də eyni yerdə otursam, məndə onlara qarşı cinsi fikirlər yarana bilər. Buna görə yeməyi az yeyir, bayıra çıxmırdı.

Azərbaycanda psixoloq yanına gəlmək məsrəfli işdirmi? Tariflər necədir?

Tariflər çox dəyişkəndir. Məsələn, sadəcə söhbətdirsə, bir seans minimal 30 AZN-dir. 50 dəqiqə – 1 saat çəkir. Ciddi problem deyilsə, 8-10 seans bu problemin aradan qalxmasına kömək edir. Məndə müayinə 60 AZN-dir. Amma ikinci dəfə ödənişsiz baxıram. Əgər xəstə narahatdırsa, 6-7 dəfə çağırdığım olur. Məsələn, özünü öldürmə fikrinə düşən xəstəni iki gündən bir, amma ödənişsiz çağırıram. Bu, çox enerji aparan işdir. Mən intellektual səviyyəsi yüksək olan xəstələri seçirəm.

Müalicə aylarla davam edə bilər. Bunun zərərli tərəfləri də var. Asılılıq, öyrəşmə verir. Məsələn, pasiyent həkimə öyrəşə də bilir. Biz dəfələrlə pasiyentlərdən sevgi etirafları eşitmişik. Ya da həkim də pasiyentə bağlana bilər. Bu, terapiyanın ən qorxulu yeridir – hisslər köçürülür. Pasiyent həkimə və ya həkim pasiyentə vurulur. Professionallıq o hissləri düzgün istiqamətləndirmədir. Hiss olmasa, pasiyent sizə güvənməyəcək. Amma hislər də düzgün istiqamətə getməlidir.

Bu qədər psixoloji problemi olan şəxslərlə, dəlilərlə işləyəndən sonra insanın öz psixologiyasında nələr baş verir? Dərzi öz söküyünü tikə bilir?

“Bir xəstəm ispan serialındakı aktyoru oğlu hesab edib, ispan dilini öyrənmişdi”

Bizə məclislərdə iki cür baxış var. Bizimlə eyni məclisdə olan adam ya baxır ki, özümü yığışdırım, birdən mənə dəli deyər. Ya da baxırlar ki, görsünlər məndə hər şey qaydasındadırmı? (gülür) Bu təsəvvürü də güllü yaylıqlar bağlayan, qəribə ədalı psixoloqlar yaratdı. Cəmiyyət də düşündü ki, onun özündə hər şey qaydasında deyil. Bizim sahə olduqca rəngarəngdir. Bax, indi pasiyent gözləyir, siz çıxandan sonra o, gələcək. Mən bilmirəm ki, o nə danışacaq, dərdi nədir… Çox maraqlı şeylər çıxa bilər. Hər gün fərqli hekayələr çıxır ortaya. Mənim ər-arvad olan pasiyentlərim vardı. Qadının çantasında daim təzyiqölçən aparatı, dərmanı, iynəsi…

Depressiv vəziyyətdə idi. İranda həkim onun ərinə demişdi ki, ağa, kefdəsən, başıxarab arvadı idarə etməyə nə var ki? (gülür). Onlar yanıma gəlir, danışır, sonra dalaşır, barışırdılar. O qədər qəribə insanlar, talelər çıxır ki adamın qabağına. Bəzən ciddi problemi olan adama “iradəni topla, düzələcəksən” deyə məsləhət verirlər. Ya da dindar kəsim hansısa psixoloji problemi olan şəxsə “imanın zəifdir, ondan baş verib bunlar” deyirlər. Əlavə günahkarlıq duyğusu yükləyirlər insanın çiyninə. Bütün bunları tarazlamaq, düzgün istiqamətləndirmək bizim boynumuza düşür.

Sevinc TELMANQIZI

Fotolar Məhəmməd Türkmənindir

http://musavat.com/news/musahibe/bir-xestem-deyirdi-ki-putin-ona-informasiya-oturur_298572.html?welcome=1

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər