Turan klinikasının həkim-nevropataloqu, psixoterapevt, Avropa nevropataloqlar cəmiyyətinin üzvü Qalib Əsədovla olan müsahibəmizi sizlərə təqdim edirik!
Cəmiyyətimizdə aqressiya halları nədən yaranır?
Gəlin əvvəlcə müəyyənləşdirək ki, ümumiyyətlə aqressiya nədir? Başqasına qarşı qərəzli münasibət, hiddət, nifrət, müxtəlif neqativ münasibətlər və hislər aqressiv göstəricilərdir. Son zamanlar insanlarda olan aqressiya dərəcəsi son dərəcə artıb. Burda birinci olaraq onu deyim ki, əsas günah məhz uşaqların tərbiyəsində baş vermiş səhvlərdir. İndiki uşaqlar heç bir əziyyət görmürlər. Ata-anaları onların hər istədiklərini yerinə yetirir. Hətta bu o həddə çatıb ki, uşaq gecə yarısı ayağını yerə döyüb məsələn nəsə istəyirsə valideynləri dərhal gedib onun arzusunu yerinə yetirir. Nəticədə uşaqda belə bir fikir formalaşır ki, problemini həll etmək üçün, istədiyinə nail olmaq üçün qışqırmaq, haray-həşir salmaq lazımdır. Məhz onların ərköyün böyüdülməsi, hər istədiklərinin yerinə yetirilməsi nəticəsində onlar elə formalaşırlar ki, kiçik bir problemi faciə kimi qəbul edirlər. Cəmiyyətə, bu problem yaradan insanlara qarşı hiddət, qəzəb yaranır və arzularına çatmaq üçün bəzən şiddətə əl atırlar.
İkinci olaraq, məktəblərdə təlim tərbiyə işlərinin düzgün təşkil olunmamasını demək olar. Bildiyimiz kimi bütün məktəblərdə psixoloq var. Bəs onlar vəzifələrini düzgün yerinə yetirirlərmi? Müxtəlif konfranslar, tədbirlər, tematik işlərin keçirilməsi, çətin tərbiyə olunan uşaqlarla, onların valideynləri ilə fərdi söhbətlər nə dərəcədə aparılır? Keçmişdə pionerlər, komsomol təşkilatları var idi. Uşaqlarla iş aparır, onlar yaxşılıq, dostluq etmək, vətənpər olmaq təbliğ olunurdu. Amma indi məktəblərdə bu iş aparılmır və hər kəs öz eqosuna xidmət edərək sadəcə öz həyatını yaşayır.
Xüsusən də indi aqressivliyi yayan kütləvi-informasiya vasitələridir. İndiki, gənc nəsildə Rembolar, Rocky Balbolar, Brus lilər, Polad Alemdarlar və Mematilər yetişir və onların idealları məhz bu personajlardır. Onlar isə problemi, ancaq öldürməklə, döyməklə və müxtəlif aqressiv üsullarla həll edirlər. Buna baxan gənclər də problemlərini məhz bu yolla həll etməyə çalışırlar. Düzdür keçmişdə də döyüş filmləri var idi. Amma orada düşüncə, məntiq, intellect ön planda göstərilirdi. Çox təhlükəli haldır ki, yeniyetmələr özlərini kriminal aləmin avtoritetlərinə bənzədir və bunula da fəxr edirlər.
Bu gün idmanın döyüş növləri daha çox reklam olunduğu halda elmlə bağlı olan və intellektual verilişlər efirlərdə yox dərəcəsindədir. Bu gün bizim ölkəmizdə 700 bal yığan və ya Oksford, Kembric, Harvard kimi universitetlərdə təhsil alan tələbələr var. İdmançılarımızı hamı tanıdığı halda, bu tələbələri, bu savadlı gəncləri heç kimə məlum deyil. Amma mən deyərdim ki, həmin gənclər hansısa olimpiada çempionundan daha üstün və ölkə üçün də daha gərəklidir. Bu intellektlərin lazımi səviyyədə təbliğ olunması uşaqlarda oxumaq həvəsini daha da artırar, savadlı adam isə heç vaxt aqressiv ola bilməz.
Aqressiyanı yaradan səbəblərdən biri də dinin radikal qoludur. Hansı din olmasından asılı olmayaraq radikalizm aqressiya ilə əks qardaşdır.
Aqressiya ilə əsəbiləşməyin nə fərqi var?
Ümumiyyətlə əsəbləşmək hər bir insana xas olan keyfiyyətdir. Sadəcə, müdrik insan əsəblərini cilovlamağı bacarır. Müdrik olmaq üçün də oxumaq lazımdır. Təhsilin səviyyəsi aşağıdırsa, belə cəmiyyətdə cahil insanların sayı artır. Bu cür insanlar da əsəblərini cilovlaya bilmir, əsəbləşdikdə çılğın, emosianal reaksiya verir. Baxın, məsələn toylarda hansısa bir bəhanə ilə, adətən, kim dalaşır? Savadsız, mədəniyyəti, təhsili aşağı olanlar. Ziyalı isə nəyin bahasına olursa olsun əsəblərini cilovlaya bilir. Və yaxud da balaca uşaqlar həmişə dalaşırlar. İnsan yaşa dolduqca, kamilləşdikcə daha ağıllı olur. Müdrik insanlar isə problemlərini sakit yolla həll edirlər.
Deməli cəmiyyətimizdə aqressiya savadsızlıqdan yaranır.
- Bəs insanın öz həyatında olan psixi travmalar və zərbələr onun aqressiv fərd kimi yetişməsində nə dərəcə rol oynayır? Bildiyimiz kimi insan həyatdan çox zərbə aldıqda da bumeranq effekti ilə cəmiyyətə o cür cavab verir.
Məncə psixi travmalar, çətinliklər insanı sadəcə müdrikləşdirir. İnsan həyatda nə qədər çətinlik görsə bir o qədər də müdrikləşir. Aqressiv gənclər adətən tam təmin olmuş ailələrdən çıxır. Uşaq evlərindən çıxan uşaqlar adətən çox sakit olurlar və güzəştə getməyi bacarırlar.
Amma bir məsələdə var ki, uşağa qarşı həddindən artıq sərt reaksiya verəndə də o aqressiv olur və ona göstərilən münasibəti o da cəmiyyətə qaytarır. Məsələn manyak-qatil Çikatilo. Ali təhsil almasına,müəllim olmasına baxmayaraq aqressiv idi. Çünki uşaqlıqda insanlardan çox sərt münasibət görüb və ümumiyyətlə çox çətin bir uşaqlıq keçirib. Bəs buna nə deyərsiniz?
Mən ona sağlam insan kimi baxmıram. O psixi xəstə idi. Bir var hansısa psixi xəstəlik, məsələn, şizofreniya. Bir də var psixi cəhətdən adekvat olan insanlarda baş vermiş davranış pozğunluğu. Manyak və ya digər psixi xəstəliyin təhsilə, savada heç bir aidiyyatı yoxdur. Söhbət cəmiyyətin sağlam hesab etdiyi insanlardan gedir.
Aqressiyaya qarşı necə mübarizə aparmaq olar?
İlk növbədə təhsil. İnsanlar maarifləndirilməlidir. Elm insanları təbliğ olunmalıdır. Bizim Azərbaycan televiziyasında bircə dənə də olsun elmi-kütləvi veriliş deyə bilərsinizmi? Ancaq ailə məişət problemləridir efirlərdə. Düzdür bu cür sosial verilişlər də lazımdır, amma elmi də unutmamaq lazımdır. Gəncləri oxumağa, təhsilə həvəsləndirmək lazımdır. Valideynlər uşaqlara qarşı daha diqqətli davranmalıdırlar. Heç bir halda uşağa nəzarəti itirməməlidirlər. Qalmaqallar, şou xarakterinə təşkil olunan, insanlarda aqressiv fikirlər aşılayan verililişlərdən imtina olunmalıdır.
Son olaraq nə deyərdiniz?
Sizə işlərinizdə uğurlar arzulayıram. Çox böyük iş görürsünüz bu cəmiyyəti maarifləndirməklə. Çünki həqiqətəndə həyəcan təbili çalmaq vaxtıdı, hansı ki, bunu hiss eləmisiniz.
Hazırladı: Fuad Əsədov