Bəzi insanlarda günəş şüalarının təsirindən dəridə səpgilər, qızartı əmələ gəlir, dəri qaşınır, qabıq verir.
Əksər hallarda belə səpgilər və s. üzdə, bəzən bədəndə (əsasən sinədə, qollarda) əmələ gəlir. Bu hal “fotodermatit” və ya “fotodermatoz” adlandırılır. Belə hesab olunur ki, fotodermatit insanların 20%-də bu və ya digər formada özünü büruzə verir.
Baxmayaraq ki, fotodermatit allergik reaksiyaya bənzəyir, amma bu, allergiya deyil – gün şüalarında allergik komponent yoxdur. Bəs belə reaksiyanın səbəbi nədir? Əksər hallarda bunun səbəbi insanın dərisinin üzərində olan hər hansı maddə ilə günəş şüalarının qarşılıqlı əlaqəsidir. Bunu izah edək.
- Çiçəklənmə zamanı çəmən bitkiləri xüsusi maddələr ifraz edir. Bu maddələr dəriyə oturur və sonra ultrabənövşəyi şüaların və bu maddələrin qarşılıqlı təsirindən dəri qızarır, səpir və qaşınır.
- Əgər insan günə çıxdıqdan əvvəl dərisinə krem və ya məlhəm çəkibsə, ətir və ya dezodorant istifadə edibsə, bu da fotodermatitin inkişafına səbəb ola bilər. Kremlərin, ətirlərin, dezodorantların, kosmetikanın tərkibində olan bəzi maddələr ultrabənövşəyi şüalarla reaksiyaya girərək allergiyaya səbəb olur.
- Bəzi dərman preparatlarının qəbulu fotodermatitin inkişafına təkan verə bilər. İlk növbədə bu, tərkibində çoxlu miqdarda estorogen hormonları olan hamiləlik əleyhinə preparatlara aiddir. Sulfanilamid preparatları (biseptol), bəzi antibiotiklər, ürək preparatları, ibuprofen, aspirin və s. kimi preparatlar insanda günəş şüalarına olan həssaslığı artırır.
- Fotodermatit daha tez-tez dərisi ağ olan insanlarda və kiçik yaşlı uşaqlarda inkişaf edir.
- Pilinq, tatuaj və bəzi digər kosmetik prosedurlar dərinin gün şüalarına olan həssaslığını artırır.
- İnsanda olan immun sistemi xəstəlikləri, bəzi qaraciyər və böyrəküstü vəziləri xəstəlikləri də fotodermatitin inkişafına təkan verə bilər.
Əgər siz özünüzdə fotodermatitin simptomlarını müşahidə edirsinizsə, mütləq dermatoloqa və ya allerqoloqa müraciət edin. Müayinədən sonra həkim yerli və ümumi müalicə təyin edir.
Fotodermatit mütləq müalicə olunmalıdır. Əks halda bu, gələcəkdə ağır dəri xəstəliyi olan ekzemanın inkişafına səbəb ola bilər.
Müalicədən əlavə fotodermatitdən əziyyət çəkən insanlar gün şüaları altında mümkün qədər az olmalı, qaralmamalı, solyariuma getməməli, çölə çıxdıqda kosmetikadan, ətirdən, dezodorantdan, kremlərdən istifadə etməməli, bağlı paltar geyinməli və şlyapa taxmalıdır.
saglamolun.az