Bağlanmaq qorxusu münasibətdə qadın və kişini narahat edən əsas məsələlərdəndir. Bunu uzun münasibət, yaxud da evlənmək qorxusu da adlandıra bilərik. Psixoloq Larissa Varol bağlanmaq qorxusunun səbələrini aşağıdakı kimi sıralayıb:
1.Tərəflərin azadlıqlarını itirəcəklərindən qorxmaları.
2.Tək güllə bahar olmaz prinsipi. Başqa dillə desək, yalnız bir nəfərlə münasibətdə olmaqdan, cinsi həyatın monotonlaşmasından qorxmaq.
3.Böyük bir yükün altına girməkdən çəkinmək.
Psixoloqun sözlərinə görə, insan həm qarşısındakının onun azadlığını məhdudlaşdıracağını düşündüyü, həm də münasibət bitdiyi zaman bu vəziyyətin onu incidəcəyini fikirləşdiyi üçün sevməkdən qorxur.
Qadın niyə bağlanmaqdan qorxur?
Qadınlar arasında aparılan sorğu nəticəsində belə məlum olub ki, onların evlənməkdən qorxmalarının əsas səbəbi boşanmaq və atasız uşaq böyütməkdir. Bu da qadınların neqativ fikirlərə daha geniş yer ayırması ilə bağlıdır. Psixoloqların sözlərinə görə, qadınlar hər bir işə başlamazdan öncə onun pozitiv tərəflərindən, nəticələrindən daha çox neqativ sonluqları barədə düşünürlər.
Bağlanmaq qorxusunun öhdəsindən necə gəlməli?
Psixoloqun sözlərinə görə, bağlanmaq qorxusundan qurtulmaq üçün hər şeydən əvvəl insan empatiya qurmağı bacarmalıdır. “Hər xırda məsələni böyütməzdən əvvəl özünüzü qarşınızdakı şəxsin yerinə qoyub, məsələni onun tərəfindən düşünün. Bu zaman münasibətinizin daha səmimi və uzunömürlü olmasına şərait yaradacaqsınız. Ən əsası isə qarşınızdakı şəxsə inanın. Onun hər sözünə şübhə ilə yanaşmayın. Əks təqdirdə əsaslı səbəb olmasa belə, sizin içinizdəki şübhələr tez zamanda bu münasibətə son qoyacaq.