Son zamanlar ölkədə artan zorakılıq halları hamını narahat edir. Bəzən gün ərzində 2-3 zorlama, təcavüz hadisəsi baş verir. İnsanlar qohum, bacı, doğma, yad düşünmədən öz nəfslərinin qurbanına çevrilirlər. Psixiatriyada bu hal cinsi azğınlıq – parafili adlanır ki, bu da uzun müddətli müalicə tələb edən ağır bir xəstəlikdir.
ABŞ-da aparılan araşdırmalar zamanı müəyyən edilib ki, hər 10 min adamdan 300-ü cinsi azğınlıq xəstəliyindən əziyyət çəkir.
Cinsi azğınlıq təkrarlanan və adama kədər verən xüsusi cinsi fantaziyalar, sıx cinsi impulslar və tətbiqlərlə xarakterizə edilən cinsi pozuntulardır. Fantaziyanın təsirləri və onun davranışlarda nümayişi xəstənin bütün həyatını zəbt edir.
Cinsi azğınlıq kişi xəstəliyidir və 50 faiz xəstələrdə əlamətlər 18 yaşından əvvəl özünü göstərməyə başlayır. Parafilik davranışların meydana gəlməsi 15-25 yaşlarında pik nöqtəyə çatır, şəxsin və ətrafındakıların həyatını təhlükə altına alır.
Psixiatr İkram Rüstəmov xəstəliyin əlamətləri barədə Aile.lent.az-a danışıb. O bildirib ki, klassik psixoanalitik modeldə heteroseksual uyğunlaşma üçün normal inkişaf müddətini tamamlaya bilməyən şəxslərə parafilik xəstə deyilir: “Bu gün cəmiyyətdə cinsi azğınlığın bir çox əlamətləri müşahidə edilir. Bunlar nümayişçilik, fetişizm, fortçuluq, pedofiliya, mazoxizm, sadizm, voyerizm və transvestik fetişizmdir. Qeyd edim ki, bütün əlamətlər ən çox kişilərdə özünü göstərir. Qadınlarda 50 xəstədən birində azacıq ola bilər. Cinsi azğınlığın nümayişçilik əlamətini daşıyan insanlar özlərini, hisslərini nümayiş etdirməklə həzz alırlar. Nümayişçi soyunmaqdan zövq alar və beləcə, cinsi doyuma çata bilər. Bu hal ən az 6 ay müddətində davam edir və təkraredici şəkildə ortaya çıxırsa, xəstənin vəziyyəti xronikiləşir, ağırlaşır. Kişi bu hisslərlə yaşayır. Bu hisslər bütün duyğuları üstələyir. Ümumiyyətlə, bütün cinsi azğınlıq davranışları 6 ay müddətində davam edirsə, bu, artıq xəstəlik deməkdir. Və bütün davranışlar şəxsin öz həyatına böyük təsir edir”.
Cinsi azğınlığın ikinci əlaməti fetişizmdir. Fetişizm şüuraltı qayğılardan qaçmaq üçün cinsi impulsları uyğun olmayan obyektlərə köçürmə səyidir. Bu da kişilərdə özünü göstərir. Tarixdə bu günə qədər heç bir qadında fetişizm müşahidə edilməyib. Fetişizm zamanı cinsi fokuslanma insan bədəni ilə yaxından əlaqəli obyektlərə (ayaqqabı, əlcək, corab, başmaq və s.) yönəlir. Ümumiyyətlə, bu duyğu uşaqlıq dövründə yaransa da, yetkinlik dövründə ortaya çıxır və xronikiləşir. Fetişizm dəhşətli pozuntudur. Bu zaman fetişin duyğuları bədənin bir hissəsinə (sinə, omba, göz, saçlar və s.), bir geyimə (köynək, büstqalter, corab və s.), bir cismə (çətir, ləl-cəvahirat və s.), bir fiziki xüsusiyyətə (zənci qadınlar, qırmızı saçlar və s.), bir şikəstliyə (axsaq ayaq, kəsilmiş bir üzvün qalan parçası və s.) istiqamətlənə bilər.
Psixiatrın sözlərinə görə, fetişizm ağır duyğu olsa da, belə insanlar zərərsizdir və onlar çox zaman evlənməyi düşünmürlər.
Müsahibimiz metro və ictimai nəqliyyatda baş verən kiçik təcavüz hallarına da aydınlıq gətirdi: “Tez-tez sosial şəbəkələrdə bu halla bağlı videolara rast gəlirik. Metro və ictimai nəqliyyatda basabas zamanı baş verən təcavüzlər – sürtünmə, əl hərəkətləri cinsi azğınlığın fortçuluk əlamətidir. Belə insanların cinsi həyatı passiv olduğu üçün onların tək təmin olma yolu sürtünmədir. Yəni onlar öz hisslərini bundan ala bilirlər”.
Uşaqlara qarşı baş verən cinsi istismar halları isə pedofiliyadır. Pedofillər ancaq uşaqlara qarşı maraq hiss edirlər. Bu hiss qadınlarda da ara-sıra müşahidə edilsə də, əsasən kişilərdə müşahidə edilir. Pedofillər adətən 13 yaşından kiçik uşaqlara üstünlük verirlər. Pedofillərin 95 faizi heteroseksual insanlardır. Və uşaqlara qarşı cinsi istismar hadisələrinin 50 faizində pedofil spirtli içki qəbul etmiş halda olur.
Cinsi azğınlığın növbəti əlaməti mazoxizimdir: “Mazoxist insanlar döyülən, alçaldılan zaman cinsi hisslərin pik nöqtəsini yaşaya bilir. Mazoxistin zövq alması üçün qurban olması lazımdır. Mazoxist insanlarda ağrının cinsi təminatı ödəməsi kimi təcrübələr vardır. Və 30 faiz mazoxistlərdə sadist hisslər də görülür. Sadizm qarşısındakı insanı vurmaqla, alçaltmaqla hisslərin pik həddini yaşamaq deməkdir. Sadist işgəncə verər və yaratdığı ağrılardan həzz alar. Qurbanın qışqırığı ona həzz verər. Sadizm çox zaman cinayətə qədər gedib çıxa bilir. Sadist verdiyi əzabdan həzz aldığı üçün qarşısındakını öldürə biləcəyini düşünə bilmir”.
Bəzən yolda, küçədə qısa geyimli, cazibəli xanımlar kişilərin baxışları və ya atmacaları ilə də qarşılaşırlar. Müsahibimiz bildirir ki, bu, cinsi azğınlıq xəstəliyinin rentgençilik növüdür. Belə ki, rentgençi cinsi azğınlar gözləri ilə qarşısındakı insanları soyundurub-geyindirir və bununla cinsi təminatlarını ödəyə bilirlər.
İkram Rüstəmovun sözlərinə görə, cinsi azğınlıq xəstəliyi uşaqlıqdan formalaşır. Burada valideynin rolu olduğu qədər uşağın yetişdiyi cəmiyyətin, məktəbin, ətrafdakı insanların da böyük rolu var: “Uşağın götürmə, təqlid qabiliyyəti böyük olduğu üçün ətrafında nə görürsə, götürür, bu, zamanla şüuraltında böyüyür və bir müddətdən sonra özünü büruzə verir. Düzdür, bu, psixoloji xəstəlikdir. Amma uşaqları fərqinə varmadan biz özümüz xəstələndiririk. Ana, atanın qeyri-etik davranışları, müəllimlərin geyimi, davranışı, dostların davranışı, onlardan böyük olanların davranışı zəif uşaq psixologiyasını zədələyir. Qısası, bu gün baş verən təcavüz hadisələrinin baş qəhrəmanını elə özünüz yetişdirirsiniz. Uşaqlar doğulduqları ailənin, yaşadıqları cəmiyyətin güzgüsüdür”.