Təhqirə qarşı antitəhqir – PSİXOLOJİ METODLAR

“Səni təhqir edənin əhvalı qarşısında məğlub olma və səni istiqamətləndirmək istədiyi yola da üz tutma.”
Mark Avreliy

Əvvəlcə, gəlin görək təhqir nədir? Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən , yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini aşağı salmaqdır.

Təhqir olunan insan cavab verməyə tələsmədən əvvəl düşünməlidir. Niyə, qarşımdakı məni təhqir edir? Bu sual ətrafında düşünmək, həqiqətən də təhqirə qarşı düzgün “cavab” verilməsini meydana gətirəcək. Düşünsəniz görərsiniz ki, yəqin çox vaxt təhqirə qarşı səbr etməyərək, təhqir edənin səviyyəsinə enib cavabını vermisiniz. Bununla nə əldə etmiş oluruq? Əlbəttə ki, qanqaraçılıq və təhqir edənin səviyyəsinə endiyimiz üçün yaranan ruh düşkünlüyü.

Qayıdaq niyə təhqir etdi sualına? Burda bir neçə variant ola bilər.

  1. Təhqir edənin özünüqiymətləndirməsi aşağı olduğuna görə sizi alçaldıb özünü yüksəltməyi nəzərdə tutub. Bu yolla təhqir edən özünü təsdiqləmiş olur.
  2. Sizə bu yolla bir şəkildə zərər vermək istəyir, öz qıcığını təhqirlə ifadə edir.
  3. Təhqir vasitəsilə sizdən üstün olduğunu isbatlamağa çalışır.

Həyatımızda çoxumuz təsadüfi və ya qəsdən edilmiş təhqirlərə məruz qala bilirik. Kimsə təhqir edilməkdən sığortalanmamışdır. Bu elə bir hissdir ki, əvvəlcə əsəb və aqressiya, ardından depressiya , unudulmayan, düzəldilməsi illər sürən bir acı verə bilir.

Keçən yüzillərdə hesab edilirdi ki, təhqiri qanla yumaq olar, ya özünün, ya da düşməninin qanı ilə. Təhqir olunmuş birisi ilə evdə danışmırdılar, əgər rütbəli idisə, təhqirə qarşı özünü müdafiə etməyib, heç bir tədbir görməyibsə, dərhal istefa verməli idi. Buna misal olaraq, zabit Martınovun rus şairi Mixail Yuryeviç Lermontovu dueldə öldürməsini göstərmək olar. Lermontov zabit Martınovu zarafata salaraq , xüsusən xanımlar arasında (“мартышкa”) meymun deyə adlandırırdı. Bu halda Martınovun iki çıxış yolu vardı. Ya rütbəsindən əl çəkib, arxasına baxmadan hər şeydən imtina edib çıxıb getməli, ömür boyu bu alçalmanı qəbul etməli , ya da həyatını riskə ataraq Lermontovu duelə çağırmalı idi. Belə hallar müasir zəmanəmizdə də var. Heç uzağa getməyək, öz ölkəmizdə milli mentalitet dəyərləri çərçivəsində bu cür təhqirlər ucbatından baş verən cinayət hadisələri azdırmı? Neçə- neçə başı alovlanmış gənclərin və ya spirtli içki, narkotik maddələr təsiri altında olan insanların həyatına təhqirə qarşı özünümüdafiə “cavabı” son qoyub.

Bəs belə hallarda təhqirə qarşı necə reaksiya verməliyik? Bu cür psixoloji sarsıntılara qarşı nələr edilməsi lazımlıdır? Bu suallar sizi düşündürürsə, məqalənin ardında cavab tapacaqsınız.

Təhqir olunmağa qarşı susmaq doğrudurmu? Hətta qanuni olaraq şəxsiyyətin təhqir olunması müdafiə edilirsə, təhqir qarşısında müdriklərin bizə tövsiyyə etdikləri kimi “cavab verməmək”, “susub getmək”, “düşmənin səviyyəsinə enməmək”, “bağışlamaq” bu kimi “düzgün” davranmaq , həqiqətən də düzgündürmü? Bu gün təhqir etdilər, sabah zərbə endirdilər, ta o birisi gün öldürdülər və s. Əlbəttə, müqəddəs hesab etdiyimiz insanlar , müxtəlif müdriklər olub ki, təhqir onlara necə deyərlər “vız gəlib”. Amma biri də var , adi insanlar, hansı ki, təhqir onlarda adrenalin effekti yaradaraq, təzyiqin qalxmasına səbəb olur, ürək-damar sisteminə təsir edir və sonra da orqanizmdə digər kimyəvi reaksiyaların getməsinə gətirib çıxarır. Bunu hətta psixofizioloqlar da təsdiq ediblər. Misal olaraq, yəhudi əsilli rus sovet şairi və yazıçısı Boris Leonidoviç Pasternak (“Doktor Jivaqo”nun müəllifi) qəzetlərin onu “хain”, “bədхah”, “obıvatel”, “İuda”, “böhtançı”, “düşmən əlaltısı” adlandırması səbəbindən əvvəlcə infarkt keçirib, daha sonra ağciyər xərçənginə tutulub. Eləcə də bu kimi xəstəliyə gətirib çıxaran psixoloji zədə alan nə qədər insan var.

Məşhur psixoanalitik Ziqmund Freyd həm də çox mədəni davranan bir insan olub. Amma təhqir ondan da yan keçməmişdir. Dediyim kimi təhqirdən heç kim sığortalanmayıb. Bir dəfə qatarda gedərkən, içərinin boğanaq olması səbəbindən pəncərəni açır, buna qarşı qatarda olan antisemist sərnişinlərdən biri onu təhqir edir və hətta hədələyir. Freyd təəccüblənmiş sərnişinlər arasında elə bir qəzəb nümayiş etdirir ki, təhqir edən vaqonu tərk etməli olur, həm də üzr istəyərək. Əlbəttə, mən özüm psixoloqun hərəkətini comərdcə qiymətləndirirəm. Bu hadisədə daha uyğun hərəkətdir. Bundan başqa həkim – psixoloq Freyd gözəl bilirdi ki, reallaşdırılmamış aqressiya depressiyaya çevrilir ki, bu da sonrakı dövrlərdə müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.
Təhqirə qarşı cavab verilməsi insanın orqanizmi ilə bağlı bir şeydir. Şiddətli biokimyəvi və psixofiziloloji reaksiyalar bizdən az asılı olur. Cinayət hüququnda “affekt” deyilən bir anlayış var ki, ölüm hadisələrində cinayətkarın cəzasının yumşalması üçün istifadə edilir. Bu, şəxsiyyəti dözülməz təhqir edilməsi hallarında həyata keçirilir. Belə çıxır ki, hətta soyuq və sərt olan hüquqşünaslıq elmi də təsdiq edir ki, bəzən insan özünün biokimyəvi reaksiyalarına sahib ola bilmir. Ona görə də dözülməz təhqir anında fəlsəfi kəlamlar və aforizmlər öz aktuallığını itirir. Bununla yanaşı təhqir edən özü də sizin beyninizin nə cür reaksiya verəcəyini bilmədən riskə girmiş olur.

Təhqirə məruz qalmısınızsa, ilk növbədə “məni niyə təhqir etdi?” sualına cavab tapıb, ona uyğun cavab modeli hazırlamaq lazımdır. Bu o demək deyil ki, təhqir edənə mütləq sözlə və ya yazılı cavab verilməlidir. Bu, hərəkətlə də ola bilər. Təhqir edənin niyyəti sizdən cavab almaqdır. Unutmayaq ki, təhqirə cavab verməklə özümüzü alçaltmış oluruq, çünki dəyərimizi aşağı salaraq təhqir edənin söylədiklərinə tabe oluruq. Təhqir edən sizdən cavabı almış olursa, qələbə çalmış deməkdir.

Bəzən gözlənilmədən elə təhqirlər ala bilirik ki, onlara qarşı pozitiv reaksiya verməkdə gecikirik, emosiyalara qapılaraq təhqir edənin səviyyəsinə enir və cavablarımızı qaytarırıq. Çünki, qəsdən yönləndirilmiş acı sözlər bizi incidir, “ürəyimizi deşib keçir.” Belə hallarda “savaş”dan sonra hətta intiqam haqqında da düşünə bilirik. Amma intiqam almağa, hadisələri dava-dalaş, cinayət səviyyəsinə gətirməyə gərək varmı? Bu zaman ən yaxşı çıxış yolu yaranmış situasiyaya kənardan baxa bilməkdir. Lap elə olduğunuz yerdən deyil, fərz edin ki, hadisəyə kosmosdan baxırsız. Bəlkə də sizə verdiyiniz cavab reaksiyaları axmaqcasına və gülməli gələcək. Düşünəcəksiz ki, bu qədər qiymətli həyatı boş şeylərə sərf etməyə dəyərmi? İntiqam haqqında düşünmək isə təmamən lazımsızdır. Belə hisslər insanı daxildən yeyib bitirir. Bu hallardan qaçinmaq üçün ən gözəl hərəkət dayana bilməyi bacarmaqdır. Peyğəmbərlər səbrin ən böyük nümunələri olublar. Müqəddəs kitabımız “Qurani-Kərim” də də bu haqda ayələr var.

Pis söz yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. (İbrahim surəsi, 26)

“Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.” (İsra surəsi, 53)

“Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

Peyğəmbərimiz bu barədə öz ümmətinə hədisdə belə buyurur:

“Səbrdən daha xeyirli və geniş bir nemət heç kimsəyə verilməmişdir.”
(Tirmizi, Birr, 76)

Keçək müdriklərdən də bir nümunə gətirək:
Şagirdlərindən biri Buddadan soruşur:

  • Əgər biri məni təhqir edib, alçaldarsa ona necə cavab verməliyəm?
  • Budda cavab verir:
  • Əgər sənin başına ağacdan bir quru budaq düşərsə, buna necə reaksiya verərsən?
  • Şagird deyir:
  • Nə etməliyəm ki, bu sadə bir təsadüfdür ki, mən quru budaq düşərkən ağacın altında olmuşam.
  • Budda deyir:
  • Deməli, eyni şeyi etməlisən. Kimsə qəzəbli halı ilə dağınıq hissləri ilə, dəlilik edərək səni təhqir etmiş və ya alçaltmışsa, hesab et üzərinə ağacdan quru budaq düşmüşdür. Bu səni narahat etməsin, öz yolunla getməyə davam elə.

“Heç vaxt düşmənlərinizlə­ hesablaşmağa (qisas almağa) cəhd göstərməyin, bu onlardan daha çox sizə ziyan gətirəcək”.
Deyl Karnegi

Təhqirə qarşı sadaladığım tövsiyyələr müqəddəs kitabımızdan , müdriklərdən gələn fikirlərdir.
Bunlara əməl etməkdə təbii ki, fayda var.

Son olaraq öz tövsiyyələrimi də bildirim.

Tam əminliklə deyirəm , sizi təhqir edənə qarşı ən böyük cavab zərbəsi sizin sağlamlığınız və rifahınızdır! Hələ uşaq yaşdaykən özümüz üçün müdafiə düsturu olaraq, məsələn, “Filankəs baxar güzgüyə, adını qoyar özgəyə” cümləsini yaratmamız əbəs deyilmiş . Unutmayaq ki, qəsdən deyilmiş pis , yaralayıcı sözlər və ya hərəkətlər mütləq bumeranq kimi sahibinə qayıdacaq. Ona görə də sizi təhqir edənə qarşı cavab vermək sizin üçün faydalı olmaya da bilər. Ən yaxşı variant cavabı düşüncələrlə ötürmək və ya bir kağız qələm alıb bu haqda fikirlərinizi və cavablarınızı ora yazmaqdır. Yetər ki, sizi incidən hisslər daxilinizdə qalıb sizə əziyyət verməsin və bədənimizin içdən dağılmasına şərait yaratmasın.

Məqalə təhqirə məruz qalmış, narahatlıq keçirən, özünü , beynini yeyib-bitirən insanlara bu əziyyətdən qurtulmaq yolarının öyrədilməsi məqsədilə yazıldı.

Hər birinizə sağlam və təhqirsiz münasibətlər arzulayıram !

CEYLAN MUMOĞLU

qadin.net saytının Baş Redaktoru

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər