Psixoloq, psixiatr, psixoterapevt və ya nevropatoloq. İnsanlar bəzən problemləri olduqda bunların hansına müraciət edəcəklərini bilmirlər. Hətta yanlış müraciət etdikləri zamanlar da olur. Mütəxəssislər də bu problemlə üzləşdiklərini bildirirlər. Bəs hansı hallarda hansı mütəxəssisə müraciət etmək lazımdır?
Psixoloq Elnur Rüstəmov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanda psixiatr, nevropatoloqlara müraciət tarixi psixoloqlardan çox illər öncə mövcud olub. Tətbiqi psixologiya, konkret psixoloji seanslar, psixoloqa müraciətlər isə yeni yaranır: “Psixoloq seanslar aparır, konkret psixoloji problemlər üzərində psixoterapiyanın texnikalarından istifadə edərək qarşı tərəfə düşdüyü çətin situasiyadan çıxmaqda yardımçı olur. Psixoloq müraciət edən insanın probleminin nə ilə bağlı olduğuna fikir verir. Əgər nevrolojidirsə, nevropatoloqla, psixiatrikdirsə, o zaman psixiatrla birgə iş aparır. Nəinki psixiatr və nevropatoloqla, eyni zamanda kardioloq, uroloq, terapevtlə də işləyir”.
E.Rüstəmov deyir ki, psixoloji narahatlıqların getdikcə artması tendensiyası gedir və bu da psixoloqların məsuliyyətini artırır: “Bütün dünyada psixoloji problemlər artır. Bu gün sürət əsrində yaşayırıq və hər şey zamanla adiləşir. Problem yüngüldürsə, psixoloq özü, əgər ağırdırsa, psixiatrla paralel iş aparmalıdır. Psixoloqlara müraciətlər getdikcə artır. Bu isə psixoloqların qarşısına yeni tələblər qoyur. İşini daha yüksək səviyyədə qurmaq, məsələyə daha peşəkar yanaşmaq, standartlara riayət etmək psixoloqlar qarşısında öz işlərini daha peşəkar qurmaqda məsuliyyət qoyur. Peşəkar psixoloqlar da bunlara riayət etməyə çalışırlar”.
E.Rüstəmovun sözlərinə görə, peşəkar psixoloq ona müraciət edən şəxsin durumunu təyin edir və necə bir iş aparacağını müəyyənləşdirir. Psixoterapevt həkim sayılmır və onun da dərman təyin etmək ixtiyarı yoxdur: “Psixoloq pasientlə şüur səviyyəsində iş görür. Motivasiya, gündəlik həyat rejimi qura bilməməsi, səhər oyana bilməməsi, kitab oxumaqda çətinlik çəkməsi ilə bağlı psixoloji vəziyyətlərdə kömək edir. Bunlar isə 5-6 seanslıq işlərdir. Psixoterapevt isə şüuraltı ilə işləyən mütəxəssisdir. Onların apardıqları seanslar 6 dəfədən çox olur. Məsələn, depressiya, fobiyaları olan insanlar üçün psixoterapiya təyin olunur. Bizdə yanlış olaraq deyirlər ki, psixoterapevt tibb təhsilli olmalıdır. Psixoterapevtin tibb təhsili alması vacib deyil. Psixiatr psixoterapiya üzrə də ixtisaslaşıbsa, onun seans aparmağa və dərman yazmağa ixtiyarı var. Tibb təhsili olmayan psixoloq psixoterapiya aparırsa, onun dərman yazması cinayətdir. Dərmanın təyinatını bilsə belə, onu yazmağa ixtiyarı yoxdur”.
Nevropatoloq Rima İbadova da deyir ki, bəzən insanlar nevropatoloq, psixiatr və psixoloqa müraciət etməklə bağlı məlumatsız olurlar. O, nevropatoloqa hansı hallarda müraciət etməyin lazım olduğu haqda məlumat verdi. Bildirdi ki, nevropatoloq sinir sistemi və onunla bağlı xəstəliklərlə, daha çox nevroloji problemlərlə məşğul olur: “Bu həm baş, həm də orqanizmdə olan ağrılarla bağlıdır. Ağrıların nədən qaynaqlandığını tapıb müalicə etməlidir.
Nevropatoloqa ən çox müraciət baş ağrıları ilə bağlı olur. Sinir-əzələ, sinirlə bağlı hərəkət xəstəlikləri və yeriş problemlərində, əzələ tonusunun yüksəlməsi, düşməsi, hissi sinirlərlə bağlı olan problemlərdə nevropatoloq səbəbi araşdırmalı, müalicəni təyin etməlidir. Uşaqlarda başın ölçüsünün böyük və ya kiçik olması, başda mayenin toplanmasının səbəbinin tapılmasında və düzgün istiqamətləndirilməsində ilkin müraciət nevropatoloqa olmalıdır. Gözün hərəkət problemləri də nevropatoloqa aid olsa da, müalicə göz həkimi ilə birlikdə dəyərləndirilir. Amma ilkin olaraq nevropatoloqa müraciət etmək lazımdır. İnsanlar göz qapağının düşməsi, bu və ya digər dərəcədə çəpliyin olması zamanı da nevropatoloqa müraciət edə bilərlər. Həm yuxu, həm də adi vaxtda baş verən epileptik tutmalar yuxuda gecə terroru, gecə kabusu, narahat ayaqlar sindromu nevropatoloqa müraciət səbəblərindən geniş yayılanlarıdır. Yuxu problemlərində isə psixiatra da müraciət etmək olar”.
R.İbadovanın sözlərinə görə də, bəzi xəstəlikləri psixiatr və nevropatoloq bir yerdə araşdırmalıdır: “Qəflətən şüurda baş verən dəyişikliklər, normal insanda qəflətən şüur bulanıqlığının olması, huşda aydınlığın itməsi, normal insanda birdən-birə anormal hərəkətlərin mövcud olması psixiatrik olaraq araşdırılır. Amma müxtəlif irsi genetik xəstəliklər nevropatoloq tərəfindən də inkar edilməlidir”.
Psixoterapevt Araz Manuçehri isə bildirdi ki, psixika ilə bağlı problem çox vaxt bu sahəyə uyğun mütəxəssislərin birgə işi nəticəsinə həll olunmalıdır: “Bəzən psixiatr, psixoloq, nevropatoloqla yanaşı, sosial işçi və psixoterapevtin də birgə işi tələb olunur. Konkret psixiatr işi isə psixoz hallarda aparılır. Qulağa səs, gözünün qabağına şəkillər gəlməsi, düşüncə pozuntusu, sayıqlamalar, intihar meyillilik və psixiatrik depressiyalar sırf psixiatrın işidir. Amma elə hallar var ki, psixiatr onun öhdəsindən tək gələ bilmir. O zaman ehtiyac olduğu halda digər əlaqəli mütəxəssislə birgə iş aparır. Xəstəliklərin çoxunun müalicəsində mütəxəssislərin birgə əməyi tələb olunur”.
A.Manuçehri onu da bildirdi ki, yalnız psixologiya fakültəsini bitirən şəxsin resept yazmağa ixtiyarı yoxdur. Psixiatr təhsili varsa, resept yazmağa tam ixtiyarı var: “Xəstədə kardioloji və yaxud başqa nə isə problem varsa, mən onu həkimin yanına göndərirəm. Mənim yalnız ilkin tibbi yardım göstərməyə ixtiyarım var. Ondan artığına səlahiyyətim və biliyim yetməz. Həkimlər psixiatrik ilkin yardımı bilirlər. Əgər onların qarşısına belə bir xəstə çıxırsa, ilkin tibb yardımı göstərib, sonradan psixiatra istiqamətləndirirlər”.
kaspi.az