Əbdül Əlizadənin Azərbaycan Psixologiya Tarixində rolu

Professor Əbdül Əlizadə respublikamızın görkəmli psixoloqlarından biridir. Bütün həyatını elmə həsr edən bu qocaman alim üçün psixologiya sehirli bir dünyadır. Onu tanıyanlar təsdiqləyirlər ki, bu alim heç vaxt məşğuliyyətsiz olmayıb. Hətta xəstə olanda da istirahət nədir bilməyib. Əbdül müəllimin tələbələri, həmkarları onun məziyyətlərini saymaqdan yorulmurlar. Kimi onu qürurlu bir insan, kimi də möhkəm xarakterə malik şəxsiyyət kimi xarakterizə edir. Sadəlik, ziyalılıq, mənəviyyat qanunlarına əməl etmək onun üçün hər şeydən üstündür. Əbdül Əlizadə hələ sovet dövründə ittifaqın müttəfiq respublikalarında məşhur idi. Onun elmi fəaliyyətinin ən çox diqqət çəkən məsələlərdən biri ümumtəhsil məktəbləri və ali məktəblər üçün dərslik və tədris vəsaitlərinin hazırlanmasında yaxından iştirak etməsi olmuşdur. Pedaqoji psixologiya mövzusunda təxminən 200-ə qədər elmi məqalənin və 50-yə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti və kitabçaların müəllifidir.

HƏYATI:

Sənədlərdə Əbdül Əlizadənin Bakıda dünyaya gəldiyi qeyd olunub. Onun haqqında yazılmış bir sıra məqalələrdə də bu “fakt” təkrarlanır. Ancaq özünün yazdığı tərcümeyi-halında Əbdül müəllim Şuşanın Malıbəyli kəndində doğulduğunu, hələ körpəykən ailəsinin Bakıya köçdüyünü göstərir. Nəsil şəcərəsi adlı-sanlı, nüfuzlu Qarabağ bəylərinin kökünə söykənir. Babası Səlim bəy Malıbəyli nahiyəsinin yüzbaşısı olub. Orta məktəbi Bakıda bitirən Əbdül Əlizadə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsində təhsil alıb. Hələ tələbəlik illərindən psixologiya elminə maraq göstərən, onun tədqiqatı ilə məşğul olan Əbdül Əlizadənin üçüncü kursda psixologiya mövzusunda yazdığı məqaləsi onu həm müəllimlərinə, həm də bu sahənin alimlərinə yaxından tanıtdı. Tələbənin istedadlı olması, maraqlı və orijinal fikirləri ilə diqqət çəkməsi hələ o vaxt psixologiya elminə töhfə verəcək böyük bir alimin gələcəyindən xəbər verirdi.

Əbdül müəllim öz davranışına heç zaman süni don geyindirməz, təbiiliyi ilə seçilərdi. O, başqalarında xoş təəssürat yaratmaq meylindən uzaq idi. Diqqət mərkəzində olmaq meyli də ona yad idi, lakin Əbdül müəllimin iştirakı ilə keçirilən bütün elmi, ədəbi və s. məclislərdə o, həmişə diqqət mərkəzində olurdu.

Əbdül Əlizadə fenomeni, hər şeydən əvvəl, öz harmoniyası ilə diqqəti cəlb edir. Bu harmoniyanı onun daxili aləminin və davranışının məzmun bütövlüyü yaradırdı. Həmçinin bu harmoniya onun təbiətinin ülviliyindən xəbər verirdi. Əbdül müəllimin daxili də (mənəviyyatı), xarici də (yaradıcılığı) ülvi bir yüksəklikdə dayanır. Hansının təsir edən, hansının təsir edilən olması sualına cavab vermək də çətindir.

Əbdül Əlizadə pedaqoji fəaliyyətinə 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində başlayıb. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun psixologiya kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. O, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasını bitirib.

ELMİ FƏALİYYƏTİ:

İstedadlı psixoloq “Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri” mövzusunda namizədlik, 1976-cı ildə isə “Cinsi dimerfizm və şəxsi qarşılıqlı münasibətlərin psixoloji problemləri” doktorluq dissertasiyalarını müdafiə edib. Bir psixoloq kimi onun elmi yaradıcılığında şagirdlərin yaradıcı təxəyyül mövzusu xüsusi yer tuturdu. Gənc alim bu mövzunu müxtəlif aspektlərdən tədqiq edərək orijinal elmi-praktik nəticələrə gəlmişdir.

O 1963-cü ildə SSRİ psixoloqlarının ikinci qurultayında xüsusi məruzə ilə çıxış etmiş, sonrakı illərdə də analoji forumların fəal iştirakçısı olmuşdur. Bu dövr onun elmi yaradıcılığının çox məhsuldar bir mərhələsini təşkil edir. Gənc alim bir-birinin ardınca “Uşaqlarda diqqətin tərbiyəsi”, “Uşaqlarda kollektivçilik hislərinin tərbiyəsi”, “Yoldaşlıq və dostluq tərbiyəsi”, “Şagirdlərdə təxəyyülün inkişafı və tərbiyəsi”, “Ailədə uşaqların cinsi tərbiyəsi”, “Şagirdlərin yaradıcılıq fəaliyyətinin psixologiyası”, “İlk addımlar”, “Məhəbbət aləmində” və digər elmi-tədqiqat əsərlərini nəşr etdirir.

Prof. Ə.Əlizadənin pedaqoji psixologiya ilə bağlı araşdırmalarının əsas qayəsi mütərəqqi psixoloji ideyaların, qabaqcıl elmi-nəzəri prinsiplərin təhsil prosesinə, yeni vətəndaş yetişdirilməsi işinə daha dərindən nüfuzunun təmin edilməsidir. Onun elmi-pedaqoji fəaliyyətinin mahiyyətini də həmişə bu amil – elmi ideyalarla əməli iş prinsiplərinin, nəzəri psixologiya ilə praktik pedaqogikanın üzvi surətdə qovuşdurulması təşkil etmişdir. Bu cəhət 1986-cı ildə çap olunmuş “Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi”, həmçinin 1989-cu ildə işıq üzü görmüş “Ailə həyatının etika və psixologiyası” kitablarında xüsusilə qabarıq nəzərə çarpır.

Onun psixoloji sistemində şagird, tələbə ilk növbədə fərdi xarakterə və fərqli təbiətə malik olan, sayğılı yanaşma tələb edən şəxsiyyət kimi dəyərləndirilir. Ümumiyyətlə, Əbdül müəllim özünün həyat tərzi və fəaliyyət prinsipləri ilə bir daha sübut edir ki, insanların hörmətini qazanmağın ən dürüst yolu onlara hörmətlə yanaşmaqdır. Bir pedaqoq və kafedra müdiri kimi də Əbdül müəllimin başlıca iş prinsipi şəxsi nümunə metodudur. Xarakterində, rəftarında nə qədər mülayim, nəzalətli olsa da, elmi məsələlərdə, həyat prinsnplərinə sadiqlikdə bir o qədər inadkar və dönməzdir.

Həyat və fəaliyyətinin ölkəmizin müstəqillik dövrünə düşən yetkin çağlarında prof. Ə.Əlizadə təhsil psixologiyası, xüsusən də etnopsixologiya ilə bağlı tədqiqatlarında xalqımızın klassik psixoloji irsinin öyrənilməsini diqqət mərkəzində saxlayır, bu sahədə böyük Azərbaycan alimi Nəsirəddin Tusinin konseptual ideyalarını dünya elminə dəyərli töhfə kimi qiymətləndirir. “Nizaminin psixoloji görüşləri” və “Xəmsə”də yaş və pedaqoji psixologiya məsələləri” monoqrafiyaları da məhz bu istiqamətli araşdırmaların məhsulu kimi meydana çıxmışdır. Bu mərhələdə prof. Ə.Əlizadənin təhsil psixologiyasına aid tədqiqatlarını təkmilləşdirməklə yanaşı, etnopsixoloji problemlərin araşdırılmasını da ön plana çəkməsi qanunauyğun hal idi. Bütün pedaqoji və elmi fəaliyyəti boyu gənc nəslin milli mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasını vacib hesab edən alimin müstəqil dövlət quruculuğu illərində şəxsiyyətin milli psixologiya zəminində formalaşdırılması ideyasını elmi tədqiqatlarının aparıcı xətti kimi qəbul etməsi tamamilə təbii görünür. Prof. Ə.Əlizadənin mövqeyinə görə, həyatın bütün sahələri kimi milli təhsil sistemini də yenidən quran Azərbaycanda təlim-tərbiyə işinin optimal inkişaf istiqamətlərinin düzgün seçilməsi, şəxsiyyət tərbiyəsinin elmi əsaslarda həyata keçirilməsi, ailədə, məktəbdə və cəmiyyətdə qarşılıqlı münasibətlərin humanist prinsiplərlə qurulması xüsusi əhəmiyyət daşıyır.

90-cı illərdən başlayaraq prof. Ə.Əlizadənin elmi fəaliyyətində aparıcı rol oynayan istiqamətlərdən biri də ölkəmizdə milli təhsil quruculuğunun elmi-nəzəri platfomasının yaradılmasında, eləcə də yeni təhsil konsepsiyasının tələblərinə cavab verən dərslik və tədris vəsaitlərinin hazırlanmasında yaxından iştirak etməsidir. O, həmmüəllifləri ilə birgə “İlk addımlar”, “Ailə”, “İnsan və cəmiyyət”, “Psixologiya” və “Sosial psixologiya” dərsliklərinin müəllifidir. Həmin dövrdə onun pedaqoji psixologiya problemləri haqqında 200-ə yaxın elmi məqaləsi çap olunmuşdur. Əbdül müəllimin “Xalq qəzeti”ndə dərc olunmuş polemik xarakterli “Milli təhsil quruculuğu: problemlər, perspektivlər” adlı məqaləsi ən ciddi mütəxəssislərin iştirakı ilə geniş diskussiyanın başlanmasına yol açmış, ölkəmizdə milli təhsil konsepsiyasının formalaşmasında müəyyən rol oynamışdı.

Həmin konsepsiyanın həyata keçirilməsində Əbdül müəllimin özü də dəyərli elmi əsərləri ilə yaxından iştirak edir. “Yeni pedaqoji təfəkkür”, “İstedadlı uşaqlar: psixoloji məsələlər”, “İdrak prosesi və hisslər”, “Təxəyyül: psixoloji etüdlər” kitablarını bu fəaliyyətin məhsulu kimi qiymətləndirmək olar. 1998-ci ildə nəşr olunmuş “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” adlı fundamental əsəri isə çağdaş psixologiya elminin ən yüksək səviyyədə dayanan bir nümunəsidir.

Dərslik yaradıcılığı sahəsində ümumən 20-dən artıq kitabın müəllifi olan Əbdül müəllimin 2010-cu ildə prof. H.Əlizadə ilə birgə çap etdirdiyi “Pedaqoji psixologiya” dərsliyini mütəxəssislər müasir Azərbaycan psixologiyasının ən böyük nailiyyəti kimi qiymətləndirirlər. Kitab özünün pedaqoji, psixoloji, metodiki göstəriciləri ilə müasir təhsil nəzəriyyəsinin, yeni pedaqoji təfəkkürün prinsiplərinə tam cavab verir.

Fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov: “Böyük insanlar kainatın sonsuz ənginlliklərində parlayan ulduz kimidir. Bu işıqdan hər kəsə pay düşür. Onlar adları və əməlləri ilə yaddaşa əbədi həkk olur, ürəklərdə sevinc, ümid qaynağına çevrilir. Uca Tanrı belə insanlara iti düşüncə, böyük təfəkkür, geniş ürək və sonsuz istedad bəxş edir. Psixologiya elmləri doktoru, professor Əbdül Əlizadənin anadan olmasının 80 illiyini məhəbbət və ehtiramla qeyd etdiyimiz bu günlərdə demək vacibdir ki, o, psixologiya elmi, mədəniyyəti – pedaqoji fikir tarixində ən layiqli yerlərdən birini tutur. Professor Əbdül Əlizadənin yaratdığı “Psixologiya səhifələri” fəlsəfi, pedaqoji, elmi ideyaları ilə psixologiya tariximizdə ən aktual problemlərin həlli yollarına bir cığırdır”. Həmkarlarının da qeyd etdiyi kimi, Əbdül Əlizadə öyrədənlərin öyrədəni şərəfini daşımaqla bərabər, milli-mənəvi dəyərlərə söykənərək yeniliyə səy göstərmiş və “yeniləşək” prinsipindən düzgün bəhrələnmək yollarını dəqiq müəyyənləşdirmişdir. Məhz bunun nəticəsidir ki, bu gün də əhəmiyyətini itirməyən müəyyən məsələlərə aydınlıq gətirməklə tarixilik, varislik və müasirlik triadasına ağılla, hissin vəhdətindən ən ali olan mədəniyyət meyarına xüsusi diqqət vermişdir. Alimin fəaliyyətinin elmi zirvəsi bugünümüzün ən bariz nümunəsi və gələcəyin uğurlu göstəricisidir. Qeyd etmək yerinə düşər ki, dünya təcrübəsində üç komponentli taksonomiya yaradılmayıb. Fəxr edirik ki, bu sahədə ilk uğurlu addım Azərbaycan psixologiyasında atılıb. Bu, böyük alim Əbdül Əlizadənin əvəzolunmaz nailiyyətidir. Həmkarlarının fikrincə, Əbdül Əlizadə fenomeni sözün əsl mənasında “Öyrədənlərin öyrədəni” ilə bahəm, psixologiya tarixində “öyrənənlər” və “öyrədənlər” üçün ən maraqlı sahə, axtarışlar səhifəsində isə dərin məna kəsb edən varlıqdır.

Əbdül müəllim həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən el ağsaqqalıdır. Psixologiya elmləri doktoru Ramiz Əliyev söyləyir: “Alimin yaradıcılığı bir insan ömrünə sığmayan möhtəşəm bir məktəbdir və biz ondan həmişə yararlanırıq. Əbdül müəllim təkcə tanınmış alim-psixoloq deyil, o, həm də mənəviyyat sahibidir”. Elə bunun nəticəsidir ki, gözəl ailə başçısı kimi xalqımız üçün çox dəyərli övladlar tərbiyə edərək yetişdirib. Böyük oğlu Hikmət Əlizadə pedaqoji elmləri doktoru, professordur. İkinci oğlu Səlim Əlizadə rəssamdır, hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Nəvəsi Safurə Səlim qızı Əlizadə müğənnidir. 2010-cu ildə Norveçin paytaxtı Oslo şəhərində keçirilən “Eurovision” Beynəlxalq mahnı festivalında iştirak edərək beşinci yer tutmuş və həmin ildən başlayaraq müxtəlif musiqi festivallarının iştirakçısıdır. Səfurə Əlizadə hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qiyabi təhsil alır. Əbdül Əlizadənin bacısı Məryəm Əlizadə respublikanın tanınmış teatrşünas alimi və sənətşünaslıq doktorudur. Nəsildən gələn bir nəciblik Əlizadələr ailəsinin Azərbaycan mədəniyyətində, elmində öz yerini əbədiləşdirib.

Əbdül Əlizadə olduqca təvazökar bir insan idi. Çox təsadüfi hallarda mətbuata müsahibələr verər, ekranda görünərdi. Onun bir amalı var idi – sən sənətinin ləyaqətli təmsilçisi olmağa borclusan. Bunun üçün kiməsə minnət vurmağa ehtiyac yoxdur. Ömrünün son çağında bu görkəmli alim “Məhəbbətin elegiyası” kontekstində “Qadın psixologiyasına giriş” monoqrafiyası üzərində işləyirdi. Son vaxtlar tez-tez xəstələnməsi, özü demişkən, dərmanlarla “dostluq” etməsi onun müntəzəm işləməsinə mane olsa da, işini sonadək davam etdirəcəyinə əmin idi. O, bir məsələni də özünəməxsus sadəlik və razılıqla qeyd edirdi ki, Pedaqoji Universitetin 90 illik yubileyində Prezident İlham Əliyevin sərəncamı ilə mənə “Əməkdar elm xadimi” adı verildi. Dövlət tərəfindən mənə göstərilən bu diqqət, əslində həyatımda yeni parlaq səhifələr açdı.

Bir alim kimi Əbdül Əlizadə fərəhlə bildirirdi ki, Azərbaycan psixologiyasının uğurları böyükdür: “Bu gün Azərbaycan psixologiyası XX əsrə 20-30-cu, hətta 40-50-ci illərdə nağıl kimi görünən, sanballı, psixologiya elmində önəmli rol oynayan kafedralarla, ən başlıcası isə sayılıb-seçilən qüdrətli professorları ilə daxil olmuşdur. XX əsrdə Azərbaycan psixologiyası üç maraqlı mərhələ yaşadı. Bu mərhələlərin hər birinin öz xüsusiyyəti və uğurları olub. Fikrimcə, bu elmi sahə indi dördüncü mərhələyə daxil olub. Əlbəttə, Azərbaycan psixologiyası ötən əsrin 70-90-cı illərində sosial, hüquq, pedaqoji psixologiya problemləri ilə müəyyən uğurlar qazandı. Bu, əlamətdar hadisədir, amma hələ də bizim dünya miqyasında səsimiz yetərincə eşidilməyib. İnanıram ki, dördüncü mərhələdə bizim psixoloqlar bu məsələni qətiyyətlə həll edəcəklər”.

Dərin təfəkkürə, elmi biliyə malik olan Əbdül Əlizadə həm də həssas təbiətli, vətənini ürəkdən sevən, torpağına bağlı bir insan idi. Oğlu, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə söyləyir: “Mən onu həmişə işləyən görmüşəm. Hətta… xəstə olanda da. İstirahət nədir bilmir. Hamı Əbdül müəllimi qürurlu bir insan kimi tanıyır. Heç mən də onun nə vaxtsa əyildiyinin şahidi olmamışam. Təkcə üç dəfə ağladığını görmüşəm – atasını itirəndə, nənəm dünyasını dəyişəndə, bir də Qarabağ torpaqları işğal olunanda…”.

Əbdül Əli oğlu Əlizadə ömrünün 60 ilini məhz psixologiya elminin inkişafına həsr edib.

Həyatda elə insanlar var ki, onların adları çəkilən kimi işıqlı əməlləri göz önündə dayanır. Əməkdar elm xadimi, əməkdar müəllim, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli, psixologiya elmləri doktoru, professor Əbdül Əli oğlu Əlizadə kimi. Təsadüfi deyil ki, o, ömrünün 60 ilini məhz psixologiya elminin inkişafına həsr edib. Psixologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Səməd Seyidova məxsus fikirdir: “Əbdül Əlizadə sağlığında öz heykəlini yaratmış insandır. Hazırda ömrünün müdrik çağını yaşayır. Bilirəm ki, beynində Azərbaycan psixologiyasını şöhrətləndirəcək yeni orijinal əsərlərin cizgiləri yaranıb. Qoy o cizgilər tezliklə həqiqətə çevrilsin”.

Müəllim adını ömrü boyu ləyaqətlə daşıyan, müəllimlik şərəfini hər şeydən uca tutan Əbdül Əlizadə pedaqoji fəaliyyəti müddətində minlərlə tələbənin, işlədiyi kollektivin, ölkəmizin bütün ziyalı mühitinin dərin hörmət və ehtiramını qazanmışdır. Onların hamısının fikrini Azərbaycanın təhsil naziri prof. Misir Mərdanovun sözləri ilə ümumiləşdirmək olar: “Son dərəcə səmimi, geniş ürəkli, humanist insan kimi tanıdığım Əbdül müəllim istər elmdə, istərsə də həyatda çoxları üçün əlçatmaz zirvələr fəth etmiş xoşbəxt taleli həqiqi ziyalılarımızdandır.” Dəyərli fikirdir, ancaq mən yazını Əbdül müəllimin öz sözləri ilə bitirmək istərdim: “Xalqımızın birliyi, Vətən torpaqlarının azad edilməsi, Azərbaycanımızın daha da çiçəklənməsi mənim ən böyük arzum, istəyimdir. Mən bir psixoloq kimi xalqımın qüdrətinə inanıram və ona övlad məhəbbətimlə fəxr edirəm.”

MÜƏLLİFİ OLDUĞU ƏSƏRLƏR:

  • “Qadın psixologiyası”
  • “Uşaqlarda diqqətin tərbiyəsi”
  • “Uşaqlarda kollektivçilik hislərinin tərbiyəsi”
  • “Yoldaşlıq və dostluq tərbiyəsi”
  • “Şagirdlərdə təxəyyülün inkişafı və tərbiyəsi”
  • “Ailədə uşaqların cinsi tərbiyəsi”
  • “Şagirdlərin yaradıcılıq fəaliyyətinin psixologiyası”
  • “İlk addımlar”
  • “Məhəbbət aləmində”
  • “Ailə həyatının etika və psixologiyası”
  • “Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi”
  • “Yeni pedaqoji təfəkkür”
  • “İstedadlı uşaqlar: psixoloji məsələlər”
  • “İdrak prosesi və hisslər”
  • “Təxəyyül: psixoloji etüdlər”
  • “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri”

HƏMMÜƏLLİF OLDUĞU ƏSƏRLƏR:

  • “İlk addımlar”
  • “Ailə”
  • “İnsan və cəmiyyət”
  • “Psixologiya”
  • “Sosial psixologiya”
  • “Pedaqoji psixologiya”

MƏNBƏ:

  1. R.Əliyev «Psixologiya tarixi» (2006)
  2. Bayramov Ə.S., Əlizadə Ə.Ə., – Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, – 620 səh.
  3. “Psixologiya” (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı – 2007

4.http://525.az/site/?name=xeber&news_id=33922

5.http://news.day.az/society/349850.html

6.http://xalqqazeti.com/az/news/education/30036

7.http://az.wikipedia.org/wiki/%C6%8Fbd%C3%BCl_%C6%8Flizad%C9%99

  1. http://ailepsixoloqu.com/Article/View/4322

Hazırladı: Aytən Eminova

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər