“Hər şeyin insanın öz əlində olduğu”, “Allahın insanı azad yaratdığı” bir dünya var idi…
Şəhər işıqlarından xeyli aralıda, sakit və qaranlıq gecələri olan kəndlərin birində tənha, bədbəxt bir ev yerləşirdi…
Təkcə insanlar tənha, bədbəxt olmurlar, evlərin də tənha olanı var, talesizi var, bədbəxti var. Hər evin digərinin yanında xəcalətli olası məqamı var… Bu ev də həmçinin, çoxdan itirmişdi özünün xoşbəxtliyini, çoxdan itirmişdi özünün ümidlərini… İllər əvvəl bu evi tərk edib getmiş bir ananın ayaq izləri görünürdü həyətində, odunların üstünə sancılmış baltanın sapı laqeyd bir atanın çıxıb getdiyi yolları işarə edirdi sanki…
Onlar evi yox, öz analıqlarını, atalıqlarını tərk edib getmişdilər illər əvvəl, insanlıqlarını da vicdanları ilə yanaşı dəfn etmişdilər içlərində… Birdə, yeganə qızlarını miskin taleyi ilə üz – üzə buraxmışdılar bu evin damları altında, divarları arasında… Həmin qız ki, illər keçəcəkdi və gəlin köçərkən dünyanın ən ağır cehizini aparacaqdı ər evinə, anasının ona bəxş etdiyi yeganə cehizi: anasızlığını. Dünyanın ən ağır dərdini çiyinlərinə alıb daşıyacaqdı ata evindən ər evinə…
Nə edəsən taleyin bu oyunu qarşısında? Adanın sahilinə yenicə yan almış bir gəmi kimi, gözünü açar açmaz həyatın bu hiyləsinə qurban gedən bir qızcığazın günahı nədir axı? “Hər şey insanın öz əlindədir” , “Allah insanı azad yaratmışdır” dedikləriniz budurmu?!
Hamımız bir oyunun oyuncaqlarıyıq. Allahın yazdıqlarını yaşamağa məcbur, icazəmiz və günahımız olmadan atıldığımız ədalətsiz dünyaya məhkumuq…
Cavindan Mirzəzadə