Hər bir kəs zaman-zaman bir narahatlıq, sıxıntı hiss edə bilər. Ancaq həftələrcə sürən hüzn, ümidsizlik, ya da gündəlik fəaliyyətlərə qarşı maraqsızlıq daha ciddi bir problemə işarə edə bilər. Biz hamımız bəzən işdə olan problemlərimizə görə, ailədə olan anlaşılmazlığa və ya maddi cəhətdən çətinlik çəkəndə qısamüddətli stress keçiririk. Elə bilirik ki, bu, depressiyadır və heç də mühüm məsələ deyildir. Öz-özünə keçib-gedəcəkdir. Ancaq qısamüddətli olan bu streslərin heç biri depressiya deyildir.
Bəs, depressiya nədir?
Psixoloqlar hesab edir ki, depressiya insanda olan ruhi anomaliyadır ki, ətraf mühitin və ya fizioloji dəyişikliklərin nəticəsində büruzə verilir. Depressiya, xüsusilə bir itki, ya da xəyal qırıqlığı yaşandıqdan sonra ortaya çıxdığında, normal bir hal olaraq qəbul edilə bilər.
İnsan özünü fiziki və mənəvi cəhətdən lazımsız hiss edirsə, ruh düşkünlüyü yaşayırsa, bu, depressiya halıdır. Depressiyalı adamı yemək-içmək maraqlandırmır, Günəşin çıxması, yağışın yağması, ümumiyyətlə, heç nə ona sevinc gətirmir. O, qəlb sızıntısı, məyusluq, pərişanlıq hiss edir. Depressiya illərlə içimizdə yığılan hiss və narahatlıqlarımızın, sona qədər dəyilməmiş fikir və düşüncələrimizin nəticəsidir. Mütəxəssislərin fikrincə, depressiya çox zaman nevrozun fonunda başlayır.
Depressiyanın ağır forması zamanı insan evə qapanır və heç kəslə göruşmək istəmir, bütün günü hərəkətsiz uzanır və s. İlkin mərhələlərdə isə depressiyalı şəxs məcburi şəkildə də olsa, evdən çıxır, istəməsə belə, işə gedir. “İstəmirəm, lakin bunu etməyə məcburam” arasındakı halın özü də insanı qıcıqlandırır.
Depressiya, infeksiya kimi, başqa bir xəstəliyin simptomu olaraq da görülə bilməkdədir. Ancaq 2 həftədən uzun sürməsi – əhəmiyyətli bir çətinlik və funksional çatışmazlıq səbəbi olan depressiv xəstəlik ehtimalı ağıla gəlməlidir. Depressiv pozğunluq insanların 10-15 faizində həyatlarının bir dövründə görülməkdədir. İnsanların və cəmiyyətin bu xəstəliyi yaxşı tanımaması nəticəsində çox sayda insanlar depressiyadan əziyyət çəkirlər. Hətta iş o yerə çatır ki, bəziləri intihara belə əl atırlar. Elə isə, depressiyanın hansı əlamət və xüsusiyyətlərlə ortaya çıxdığından xəbərdar olaq.
Bu əlamətlər sizdə də varsa, deməli, depressiyaya düçar olmusunuz:
- Yuxu pozuntuları sıxdır. Yuxusuzluq, gecə tez-tez yuxudan oyanmaq, sabah tezdən oyanmaq və təkrar yata bilməmək və yaxud həddən artıq çox yatmaq.
- Yemək problemləri olur. Az yemə və bununla bağlı arıqlama, yaxud çox yemə və buna bağlı olaraq həddən artıq kökəlmək. Xəstələr dietada olmadıqları halda, 1 ayda ümumi çəkinin 5 faizindən çox olmaqla arıqlayır və ya kökəlirlər.
- Lazımsızlıq, ümidsizlik duyğuları. Xəstələr, əsasən, bir işə yaramadıqlarını düşünürlər. Gələcək ümidsiz və qaranlıqdır. Depressiya ilə bağlı ümidsizlik və kədər hissləri o qədər şiddətlidir ki, xəstələr yaşamağa olan marağını itirir, heç nədən zövq ala bilmirlər. Cinsi istəksizlik hiss olunur və xəstələr yataqdan çox zaman çıxmaq istəmirlər. Xəstələr bütün günahın özlərində olduğunu zənn edirlər.
- Kansentrasiya çətinliyi, qərar verməkdə çətinlik ola bilər. Xəstələrdə kansetrasiya və diqqət toplamaq o qədər çətin olur ki, hər hansı bir mətni təkrar-təkrar oxuduqları halda yadlarında heç nə qalmır.
- Enerji azlığı, yorğun hiss etmə, hər şeyə qarşı laqeyd olmaq. Əsasən səhər yorğun halda yuxudan qalxılır və bu yorğunluq halı gün boyu davam edir. Əvvəllər zövqlə etdikləri işi artıq davam etdirmək istəmirlər. Yalnız qalmaq istəyirlər.
- Ölmək istəyi. İntihar etmək və ya intiharı etməyə təşəbbüs ola bilər. Bir çox xəstələr intiharın dində günah olduğu üçün bu yola əl atmırlar, ancaq bəziləri isə buna nail olurlar.
Depressiyanın düzgün dərk edilməməsi…
İnsanlar bu xəstəliyi düzgün dərk etmədiklərinə görə, onun uşaqlarda da ola biləcəyi ehtimalını rədd edirlər. Çox hallarda valideyn və ya müəllim uşağın və ya yeniyetmənin depressiyaya düşməsi xəbərini eşidəndə inanmırlar. Bu xəstəliyin onlar üçün tez olduğunu söyləyirlər. Ancaq depressiya öz mahiyyətinə görə ruha edilən təzyiqə reaksiya vermək olduğundan, yeniyetmələrdə də rast gəlinir. Məsələn, uşaq valideynlərindən birini itirən zaman depressiyaya düşə bilər. Əlbəttə, ətrafındakılar ona məhəbbət göstərərək, bu xəstəliyin daha da şiddətlənməsinə imkan verməyə bilərlər. Ancaq bəzən də mütəxəssisə müraciət etmək lazım gəlir.
Uşaq və yeniyetmələrin depressiyaya düşməsinə nə səbəb olur?
Uşaq, eyni zamanda, ailədə olan çəkişmələrə, ya hansısa yaxınlarından birinin pis xəstəliyə tutulmasına, ailədə kobudluqla rastlaşanda bu xəstəliyə düçar ola bilər. Ali məktəbə imtahana hazırlaşan bir yeniyetmə də depressiyaya düşə bilər.
Ona görə də, uşaqlarda və yeniyetmələrdə depressiyanın olmasını inkar etməyin özü həqiqəti görməməzliyə vurmaq deməkdir. Çünki bu cür uşaqların köməyə ehtiyacı vardır, dərdləşməyə adam axtarırlar. Ancaq bu da kifayət deyildir. Bu xəstəliyin müalicə yolları müxtəlifdir. Bu cür uşaqlar əgər kiçik yaşlarından müalicə olunmasalar, böyüyəndə kobud, məyus və ümidsiz bir insana çevrilərlər.
Uşaq və yeniyetmələrdə depressiyanı hansı əlamətlərinə görə müəyyən etmək olar?
- Qəmgin əhvali-ruhiyyə. Uşaq və ya yeniyetmə bir neçə həftə ərzində əgər qəmgindirsə və günün müəyyən saatlarında və ya müxtəlif günlərdə bu halı bir qədər dəyişirsə, bu, depressiyanın əlaməti deməkdir. Ümumi olaraq, onu əhatə edən mühitin dəyişməsinə baxmayaraq, onun qəmgin və bədbəxt halı hələ də qalmaqdadır. Bəzən bu daimi xəstəliyi müəyyən etmək heç də asan olmur. Bəzən bu cür qız və ya oğlanlar onlarda olan bu dəyişikliyi boyunlarına almaq istəmirlər, onu gizlədirlər. Ola bilsin ki, depressiya bu cür oğlan və qızların ruhiyyəsində özünü başqa cür büruzə versin və qəmgin olmaqları çox da hiss edilməsin. Məsələn, heç kimə yaxınlaşmamaq, heç nəyi bəyənməmək, sözə qulaq asmamaq kimi. Onu da demək lazımdır ki, hər sözə baxmayan və ya problem yaradan uşaq depressiyada deyildir. Ancaq yeniyetmələrin arasında bu xəstəliyə kifayət qədər çox rast gəlinir. Bəzən depressiya nigarançılıqla bir yerdə olur. Bəzən də tibbin müəyyən edə bilmədiyi baş və ya mədə ağrısı kimi özünü göstərir. Bu zaman valideyn çox nigaran olur. Onlar çalışırlar ki, bu xəstəliyi uşağın orqanizmində axtarsınlar. Amma onun qəmgin olmasını heç nəzərə almırlar.
- Ləzzət almamaq və gündəlik fəaliyyətlərdən razı qalmamaq. Uşaqların və ya yeniyetmələrin əksəriyyəti çox hallarda hövsələsiz olurlar. Bu da depressiyanın əlaməti deyildir. O zaman bunu depressiya hesab etmək olar ki, uşağın əvvəllər ləzzət və həvəslə gördüyü işlər indi onun üçün mənasız görünür. Məsələn, gəzintiyə çıxmaq, dostları ilə ünsiyyət bağlamaq. Ancaq indi onun görüşməyə və ya gəzməyə hövsələsi çatmır. Ya, məsələn, əvvəllər məktəbdə idmanı çox sevərdi, ancaq indi idmana qarşı laqeyddir. Əgər bu cür əlamətlər bir neçə həftə uzanarsa, depressiyanın olduğunu bildirir.
- Yuxunun pozulması. Yuxunun pozulması bir neçə cür özünü göstərə bilər. Uşaq və ya yeniyetmə yatmağa getmək istəmir. Bu, onun üçün çətin bir işdir. Gecələr oyanır və bir daha yata bilmir. Səhərlər başqa vaxtda olandan daha tez durur. Təkrar və qəmgin yuxular görür. Ya da yuxuda gəzir və söhbət edir.
- İştahanın dəyişməsi. Depressiyada olan uşaqların əksəriyyəti yemək seçimində çox çətinlik yaradırlar. Yeməyə qarşı meyl göstərmirlər. Bəziləri də rahatlıq tapmaq üçün yeməyi çox yeyirlər. Hər halda, əgər bu adətləri uzun müddətə dəyişərsə, depressiyanın əlaməti deməkdir. Qızlar çox zaman pəhriz saxlayırlar ki, bu depressiya əlaməti deyildir. Ancaq o qız ki, iştahasız yemək yeyir və ləzzət almırsa, onda bu, depressiyanın əlamətidir.
- İntihara meyl etmək. Şübhəsiz, bu fəlakətli hal depressiyanın ən nigaranedici əlamətidir. Ancaq onu da bilmək lazımdır ki, intihara təşəbbüs edən hər yeniyetmə depressiyada deyildir. Bəzən bu cür uşaqlar həyatın dəyərsiz olduğunu fikirləşirlər. Məsələn, valideyni ona televizora baxmağa icazə verməyəndə ayağını yerə vurub qışqırır: “İndi ki, belə oldu, özümü öldürəcəyəm!” Ya da televiziya filmində olanları təqlid edər. Halbuki, yarım saat əvvəl həyətdə uşaqlarla oynayırdı. Bu işə əl atan yeniyetmələrin çoxunda ola bilsin ki, depressiya olmasın. Onlar ola bilsin ki, əsəbi olsunlar və ya bir anlıq meyllərinin dalınca getsinlər. Əlbəttə, şübhəsiz ki, depressiya intiharın səbəblərindən biridir. Xüsusilə də oğlanlar həmişə filmlərdə gördükləri və ya kitablarda oxuduqları şəxsiyyətlərin röyasında olurlar. Əgər bilmək istəyiriksə, bu şəxsiyyətlər depressiyanın əlaməti deyildir, qalan əlamətləri də nəzərə almalıyıq. Hər bir halda intihara təşəbbüs edən yeniyetmələrin bir çoxu depressiyaya düşdüyü üçün bu əmələ əl atırlar. Həyat onların gözlərində mənasız olur.
- Özünü danlamaq. Bəzən depressiyaya düşən yeniyetmələr ailənin və ya dostlarının problemlərini öz boyunlarına götürürlər. Onlar hər şeyin ali olmasını istəyirlər. Onlar ata ilə ananın münaqişə etməsini və ya qardaş-bacı davasında özlərini müqəssir hesab edirlər. Ancaq ətrafındakılar onlara nə qədər bu işdə onların günahsız olduğunu söyləsələr də, özlərini danlayırlar. Onlar özlərinə dəyər vermirlər.
- Uşaq və yeniyetmənin rəftarının dəyişməsi. O uşaq ki əvvəldən hamıdan qaçar və dost olmağı xoşlamaz, ya da ictimai bir uşaq olub, ancaq get-gedə xəlvətə çəkilərsə, dostlarını görməkdən imtina edərsə, bir-birindən çox fərqlənirlər. İkinci halda diqqət etmək lazımdır ki, onun gündəlik rəftarında başqa hansı dəyişiklik baş verir. Əgər bu hallar uzunmüddətli olarsa, depressiyanın əlaməti deməkdir. Qəmli və pərişan halla depressiyanı ayırmaq bəzən çətin olur. Ancaq bu nöqtəyə diqqət etmək lazımdır ki, depressiya xəstəliyinə düçar olan uşaqda bu rəftarlar uzunmüddətli olur.
- Depressiyada olan uşaqlar başqa uşaqlardan fərqli olaraq, daha çox təklikdə qalırlar. Bu cür uşaqlar öz həmyaşıdlarına qarşı səbirsiz və hövsələsiz olurlar.
Depressiyaya düçar olmamaq üçün nə etməli?
Depressiyaya düşməmək üçün mütləq hisslərini, düşüncələrini, narazılıqlarını bilmək lazımdır. Buna görə də, ünsiyyət çox vacibdir. Ünsiyyət mütləq insanlarla ola bilər: dostlarımız, iş yoldaşlarımız, qohumlarımız və s. Ailə münasibətlərində kişi və qadın deyilməmiş sözlərə, yarımçıq fikirlərə görə, depressiyaya düşür. Dialoq bitdiyi yerdə nevroz, daha sonra isə depressiya başlayır. Hiss və fikirlərimizi ifadə edərkən biz özümüzü depressiyadan çıxmağa yardımçı oluruq.
Depressiyanın hansı növləri var?
- Major depressiya. Major depressiyanı hər kəs eyni keçirmir. Buna görə də, major depressiya özü də bir neçə yerə bölünür:
- Xroniki davam edən depressiya;
- Atipik depressiya;
- Melanxolik depressiya;
- Doğum sonrası başlayan depressiya (post partum depressiya);
- Fəsillə əlaqəli depressiya;
- Distim depressiya (uzun və zəif depressiya).
Melanxolik depressiya. Xəstələrin sosial aktivasiyası və öz hobbilərinə qarşı maraqları azalır. Dostlarıyla və ailəsi ilə bir yerdə olmaq istəmirlər. Daha əvvəl maraqla etdikləri işi artıq etmək istəməzlər. Həyatlarında yaxşı seylər olsa belə, bundan xoşbəxt olmazlar. Xəstələr oyanmaları lazım olduğu vaxtdan daha tez oyanmış olurlar və sonrasında da yatmağa çalışsalar belə, yata bilmirlər. Bu depressiya ən çox səhər müşahidə olunur. Xəstələrin hərəkətləri normaldan daha yavaş və ya daha tez ola bilir. İştahasızlıq olur və həddən artıq arıqlayırlar. Hər şeydə özlərini günahlandırırlar.
Post partum depressiya (doğuş sonrası depressiya). Qadınlarda doğuş sonrası depressiya keçirmə halı 10-15%-dir. Depressiya özünü doğuşdan sonra 6 ay içində göstərir. Xəstələrdə, adətən, tez özündən çıxma, birdən-birə ağlamaq, gərginlik ola bilər. İlk dəfə doğum etmiş qadınlarda bu depressiya daha çox görünür. Doğuşdan sonra ani hormon dəyişiklikləri qadına çox pis təsir edir. Uşağın tez-tez ağlaması və ananın onun nəyə görə ağlamasını bilməməsi xəstəni daha da pis vəziyyətə salır.
Atipik depressiya. Bu depressiya digərlərindən fərqlidir, belə ki, xəstələrdə gərginlik, halsızlıq halı həmişə olmaya bilər, bəzən olduqları mühitdən asılı olaraq, çox şən, gülərüz görsənə bilirlər. Xəstələrdə iştahlılıq və kilo artımı ola bilər. Belə xəstələr bütün günü ağrıdan əziyyət çəkirlər, amma onların ağrıları tamamilə psixoloji olur. Ani şəkildə özündən gedə bilər, əsasən də insanların çox olduğu yerlərdə özündəngetmə halları artır. Bu insanlar, əsasən rədd edilməyə qarşı çox həssasdırlar və rədd edildikləri zaman çox əsəbi və dağıdıcı olurlar. Buna görə də, ailəylə, dostlarla və iş yerində bəzi çətinliklərlə qarşılaşırlar.
Distim depressiya (uzun və zəif depressiya). Ən az 2 il davam edən və zəif keçirdilən depressiyadır. Arada 1-2 gün sağalmış kimi görünə bilərlər, ancaq əsasən depressiya halında olurlar. Bu depressiyada olan şəxslər də gərginlik və həssaslıq keçirdirlər, ancaq ağır depressiya ilə müqayisədə çox zəif halda bu proseslər duyulur. Səbəbi bilinməyən bədən ağrıları, halsızlıqlar olur. Bu depressiyanı digərlərindən fərqləndirən cəhət onun daha uzun müddət davam etməsidir.
Fəsillə əlaqəli depressiya. Bəzi xəstələrdə depressiya mövsümi xarakter daşıyır. Təkrarlanan depressiya həmişə eyni fəsilə təsadüf edir. İlin digər fəsillərində isə həmin şəxs özünü çox yaxşı hiss edir. Bütün ağır depressiya halları bu depressiyada özünü göstərir. Əsasən havanın tutqun olduğu payız və qış aylarında bu depressiya özünü daha çox göstərir.
Bəs, depressiyadan necə qurtulmaq olar?
- Valideynlə müalicə. Depressiyanın ən yaxşı müalicə yoludur. Sağlam ailə rabitələri bu xəstəliyi tez bir zamanda üzə çıxarar və onu müalicə etməyə şərait yaradar. Valideyn öz uşağına kömək etməlidir ki, qürurunu bərpa edə bilsin. Onun bütün müvəffəqiyyətlərini təşviq etməlidir. İşlərinə yersiz qarışmamalıdır. Gərək valideynlər icazə versinlər ki, yeniyetmələr inkişaf yolunda möhkəm addımlar atsınlar və onları başqa məsuliyyətlərlə yükləməsinlər. Onlarla söhbət etməyə dəyər verməli və onlarla söhbət etməyi gündəlik proqrama salmalıdır. Mövzu seçimində genişfikirli olmalıdır. Bu yolla yeniyetmənin ruhu və psixoloji çətinliklərinin çoxunu müalicə etmək olar. Əgər depressiyaya düşübsə, onun səbəblərini axtarılmalıdır. Psixoloqa getməmişdən qabaq bu problemləri valideynlər aradan qaldırmağa çalışmalıdırlar.
- Müşavirə müalicəsi. Yeniyetmənin rahatlıqla dərdini söyləyə biləcəyi müəllim və ya canyandıran insan ona nəsihət verə bilər və onunla məsləhətləşərək, bu porblemi aradan qaldıra bilər.
- Ailə müalicəsi. Ailə bir neçə insanların yaşadığı bir mühitdir. İnsan da daima cəmiyyətə meyl etdiyindən, ailə üzvləri tərəfindən diqqət mərkəzində olması onun bir çox problemlərini həll etməyə kömək edəcəkdir. Hər bir ailə üzvü depressiyaya düşmüş bu yeniyetməyə bacardığı qədər yardımı etsə, onun psixologiyasına müsbət təsir edər və onu depressiyadan uzaqlaşdıra bilər.
- Psixoloji müalicə. Elə bir müalicədir ki, psixoterapevtlər tərəfindən yeniyetməyə yardım edilir. Yeniyetmə bu cür həkimlərlə söhbət edərək, dərdlərini üzbəüz onlara söyləyir.
- Tibbi müalicə. Bu müalicə yuxarıda deyilən müalicə növlərindən az təsirlidir. Ancaq bəzən bu növ müalicə də işə yarayır. Əgər psixoloqla söhbət bu xəstəliyə yardım etmirsə, dərmanla müalicə edilir.
- İdman müalicəsi. Əgər uşaq və ya yeniyetmə davamlı olaraq, idman edərsə, bədənini formada saxlayarsa, daha az qəmgin olmuş olar. Psixoloqlar depressiyaya düşmüş iki qrupu bir-biri ilə müqayisə etmişdir. Birinci qrupda olan ağır idman növü ilə, ikinci qupda olanlar isə yüngül idman növü ilə məşğul olurdular. Birinci qrupun stressi ikinci qrupdan az müşahidə edilmişdir. Birinci qrupda olanlar bədənə daxil olan stress hormonlarının sayını azaldır, ancaq ikinci qrupda stress qəbulu azad buraxılır. Nəticədə birinci halda qəlb sağlam olur və stressə qarşı müqavimət daha çox olur. Ona görə də açıq havada idman etmək bu cür xəstəliklərə çox kömək edir.
Leyla Yusibova
Bakı Dövlət Universiteti, Psixologiya fakültəsinin II kurs tələbəsi
pcc.az