Evtanaziya cinayət məsuliyyəti yaratmamalıdır

Evtanaziya – sağalmaz xəstəlikdən dözülməz əzablar, ağrılar çəkən şəxsin həyatına xitam təcrübəsinə deyilir. Evtanaziya sözü ilk dəfə XVII yüzillikdə ingilis filosofu Frensis Bekon tərəfindən işlənilib. O bu sözü “yüngül ölüm” mənasında işlədib, XIX əsrdə isə bu ifadə “kimisə mərhəmətdən öldürmə” mənasını daşımağa başladı. Bu gün dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda evtanaziya qanunla qadağan edilir. Həkim-psixiatr Orxan Fərəcli evtanaziyanın Azərbaycanda tətbiq olunması üçün demokratik inkişaf göstəricilərinin yüksək olmasının vacibliyini vurğulayır.

Orxan Fərəcli:

Yəni biz həkim olaraq praktikamızda tez-tez rastlaşdığımız bir şey var ki, xəstələr həqiqətən çox əzab çəkirlər. Və bəzən onların özləri, yaxınlarının belə bir istəyi olur ki, bu rahat ölsün heç olmasa. Bu tip istəklərlə belə rastlaşırıq. Amma bütün hallarda bu yolverilməzdir.Gələcəkdə bu qanundan sui-istifadə hallarının olmaması üçün hazırda ölkəmizdə bunun həyata keçirilməsi qadağan olunmuşdur.

Psixiatr deyir ki, evtanaziya aktiv və passiv olmaqla iki yerə ayrılır. Aktiv evtanaziya insanın könüllü şəkildə zəhərli dərman, yaxud iynə qəbul etməsidir. Passiv evtanaziya isə xəstənin müalicəsinin faktiki olaraq saxlanılması, onun bağlı olduğu cihazlardan, süni nəfəs aparatından ayrılmasıdır.

Orxan Fərəcli:

Passiv evtanaziya mən sizə deyim ki, nəinki Azərbaycanda , bir çox ölkələrdə tətbiq olunan bir şeydir. Yəni qeyri-rəsmi tətbiq olunur. Çünki yəqin siz də eşitmisiniz ətrafımızda, qohumlarda ağır xəstə olanda hətta həkimlər belə o xəstənin yaxınlarına deyirlər ki, incitməyək xəstəmizi, aparaq rahat dünyasını dəyişsin.

Həkimin sözlərinə görə, bəzən bir insanın evtanaziya olunması, başqa insanın həyatını xilas edə bilər.

Orxan Fərəcli:

Hətta burda işin digər mənəvi tərəfi də var ki, məsələn o cihaza başqa birini qoşsaq, hansı ki, bu cihaza həddən artıq ehtiyacı olan insan bəlkə də onu geri qaytara bilər. Amma bu insanı deyək ki, 2 il 3 il burdan ayırmasaq, yenə də bu cihazla yaşayacaq. Əgər yaşamaq dediyimiz sadəcə nəfəs alıb-verməkdirsə, bəli yaşayacaq. Amma beyin heç nəyə nəzarət etmir, orqanlar, toxumalar, heç bir şey tərpənmir, heç bir şeyə cavab reaksiyası yoxdur. Əgər yaşamaq dediyimiz budursa, onda bunu bu cihazlar vasitəsilə illərlə həyata keçirə bilərik.

Psixiatr evtanaziyanın digər müsbət tərəfini də belə açıqladı.

Orxan Fərəcli:

Evtanaziyanın belə bir üstünlüyü də var ki, evtanaziya qərarı almış şəxs öz orqanlarını ehtiyacı olan şəxslərə bağışlamaq kimi bir tendensiyası da var.Yəni bu əmindir ki, müəyyən bir vaxtda onun həyatına son qoyulacaq və o vaxta qədər öz orqanlarını ehtiyacı olan şəxslərə bağışlaya bilir. Bu xüsusi cərrahi komanda tərəfindən həyata keçirilir ki, bu da evtanaziyanın müsbət tərəflərindən hesab oluna bilər.

Vəkil Anar Qasımlının sözlərinə görə, Azərbaycanda evtanaziya ilə məşğul olanları 3 ilə qədər azadlıqdan məhrumetmə gözləyir.

Anar Qasımlı:

Mən bir hüquqşünas olaraq hesab edirəm ki, evtanaziya cinayət məsuliyyəti yaratmamalıdır. Yenə deyirəm ki, nəzəri baxımdan yanaşanda ki, hər kəsin yaşama hüquq olduğu kimi ölmək hüququ da var. Bu arqumenti gətirənlərə əks arqument gətirirlər ki, get özüvü öldür. Sizi buna görə heç kim məsuliyyətə cəlb etməyəcək. Amma başqası öldürəndə, xüsusilə də, həkim bu artıq cinayət məsuliyyəti yaradır.

Vəkilin sözlərinə görə evtanaziyaya icazə verilsə belə bu kütləvi şəkildə həyata keçirilməməlidir.

Anar Qasımlı:

Amma bunun üçün gərək dövlət yaşamaq hüququnu təntənəli şəkildə təmin edə bilsin. Yəni bu o demək deyil ki, kimsə xəstələndi onu evtanaziya edib öldürmək lazımdır. Dövlətin yaxşı səhiyyə sistemi olmalıdır bunun üçün və dövlətin səhiyyə sistemi çalışmalıdır. İcbari tibbi sığorta olmalıdır. Həkimlər çalışmalıdırlar ki, bu insanı həyata qaytarsınlar. Yəni bu çox nadir hallarda olmalıdır, kütləvi şəkildə olmalı deyil.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu məsələnin birmənalı qarşılanmadığını söyləyir. O deyir ki, cəmiyyət həkimlərdən fərqli olaraq xəstənin çəkdiyi əzabları görmür və evtanaziya istəyini düzgün qərar hesab etmir.

Adil Qeybulla:

Amma əlbəttə evtanaziya belədir ki, bəzən həddən artıq ağır, perspektivsiz, müalicəsi mümkün olmayan xəstələr olur ki, o xəstələrin öz arzusu ilə həyatına son qoyula bilər. Biz tibb işçiləri kimi hesab edirik ki, bu hardasa həmin xəstələri bu cür iztirablardan qurtarmaq üçün yaxşı olardı. Amma ictimaiyyət bunu bu cür qəbul eləmir.

Həkimin sözlərinə görə, Azərbaycanda bu məsələnin qanuni mexanizmi hazırlanmalıdır ki, tibbi işçiləri də qanun çərçivəsində evtanaziyanı həyata keçirə bilsinlər.

Adil Qeybulla:

O ki qaldı Azərbaycanda bu məsələnin həllinə bilirsiniz ki, bura müsəlman ölkəsidir. Və bir çox məsələlərin həlli ictimai refendumdan keçməyə məqsədəuyğundur. Və hesab edirəm ki, Azərbaycan hələ bu mərhələyə çatmaq üçün çox yollardan keçməlidir.

Adil bəy eyni zamanda xarici ölkələrdə sağalmaz xəstəlikdən əziyyət çəkən insanlar üçün xüsusi olaraq hospistlərin fəaliyyət göstərdiyini də vurğulayır. Onun sözlərinə görə hospistlərə ölümünə az qalmış xəstələr yerləşdirilir və xüsusi tibb işçiləri tərəfindən həmin xəstəyə qulluq edilir.

Adil Qeybulla:

Hospistlər xüsusi təyinatlı xəstəxanalardır. Yəni bunun üçün xüsusi avadanlıq lazım olur və peşəkar mütəxəssislər. Amma hospistlər həm də yüksək xərc tələb edən xəstəxanalar olduğu üçün əlbəttə bunun mütləq sığorta təbabəti olduqdan sonra reallaşması daha yaxşı olar ki, kasıb insanlar, imkansız adamlar bundan yararlana bilsin.

Psixaterapevt Dəyanət Rzayev isə deyir ki, evtanaziyaya icazə verilən ölkələrdə ilk növbədə xəstənin psixi vəziyyəti yoxlanılır. Əgər xəstənin psixologiyasında pozuntu varsa, evtanaziyaya icazə verilmir.

Dəyanət Rzayev:

Amma insan könüllü şəkildə, sağlam, ayıq bir halda müraciət edir ki, mən istəyirəm evtanaziya olunum və həkimlərin rəyi ilə, sənədlərlə sübut etməlidir ki, bunun ağır xəstəliyi var, bu artıq ömrünə çox az qalıb və dəhşətli ağrıları var və bundan əziyyət çəkir. O halda evtanaziya edə bilərlər.

Dəyanət bəy hər bir insana seçim hüququnun verilməsini də dəstəkləyir.

Dəyanət Rzayev:

Psixoterapevt kimi mən normal baxıram və bunun əleyhinə heç də deyiləm. Bu normal bir haldır. İnsanda artıq həyat eşqi yoxdur. Məncə, onun öz seçimidir. Hər insana seçmək imkanı vermək lazımdır ki, hər kəs öz seçimini özü etsin.

İlk dəfə evtanaziya 2002-ci ildə Hollandıyada baş tutub. Bu gün həmçinin Belçikada, İsveçrədə, Lüksemburqda, ABŞ-ın Vermont, Oreqana, Vaşinqton və Montana ştatlarında rəsmi şəkildə evtanaziyaya icazə verilir. Onu da qeyd edək ki, 2014-cü ilin aprel ayında Belçikada uşaqların da evtanaziyasına icazə verən qanun qüvvəyə minib. Statistikaya görə könüllü şəkildə ölmək istəyənlərin sayı ildən-ilə artır.

Təkcə 2012-ci ildə 4188 hollandiyalı könüllü şəkildə öldürülüb.

Bu gün həkimlərin and içdiyi Hippokrat tibb etikasında deyilir ki, “Mən heç kimə, hətta bunu xahiş edənə belə ölüm gətirə biləcək dərman verə bilmərəm, hətta bunu məsləhət də görə bilmərəm”. Evtanaziyanın yaradıcısı Frensis Bekon isə öz icadını belə izah edirdi: “Mən tamamilə əminəm ki, həkimin vəzifəsi yalnız xəstəni sağaltmaq deyil, eyni zamanda onun düçar olduğu sağalmaz xəstəlik səbəbindən çəkdiyi əzablardan qurtulmağa kömək etməkdir. Və əgər artıq xəstənin xilasına heç bir ümid yoxdursa, yalnız rahat və sakit ölüm onu bu əzab-əziyyətlərdən qurtarmağa son çarədir”.

Rəna Hüseynova

Cavid Mehdiyev

http://gsr.fm/evtanaziya-cinayet-mesuliyyeti-yaratmamalidir/

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər