“Müsahibələr” rublikamızın budəfəki qonağı çoxlarımıza tanış olan bir isimdir! Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, bir sıra dövlət və özəl klinikalarının həkim-psixiatrı və nəhayət bir neçə universitetdə müəllim kimi fəaliyyət göstərən Orxan Fərəcli! Gənc yaşına baxmayaraq olduqca savadlı, geniş dünyagörüşünə malik olan Orxan doktorla müsahibəmiz maraqlı və səmimi bir abu havada baş tutdu!
Orxan Fərəclini psixiatriya sahəsinə gətirən ən əsas faktor nə oldu?
Uşaqlıdan həkim olmaq arzum idi. İxtisas olaraq isə ya beyin cərrahı, ya da psixiatriyanı arzulayırdım. Psixiatriyanı seçməyim səbəbsiz deyil,ətrafımda psixatr çox idi. Kumirim isə dayım Nadir İsmayilov idi. Tale elə gətirdi ki, ikinci kursda Psixiatriya xəstəxanasında çalışmağa başladım.Və mən nəslimizdəki altıncı psixiatr oldum!
Bu sənəti seçərkən hansısa qınaqlarla rastlaşdınızmı?
İlk qınaq psixiatriya xəstəxanasındakı ilk növbəmdən çıxıb, dərsdə həmin xalatla oturanda qrup yoldaşlarımdan gəldi. Xəstələrin çəkdiyi siqaretin qoxusunua görə heç kim yanımda oturmaq istəmirdi.
Psixologiya və psixiatriya sahəsinə son zamanlarda maraq artmağa başlayıb. Bunu nə ilə əlaqələndirirsiniz?
Populyarlıq qazanmasına başlıca səbəb psixoloq ve psixiatrların efirlərə tez-tez qonaq çağırılması, insanlar arasında bu sahədə geniş təbliğatın aparılmasıdır.
Bugün Azərbaycan cəmiyyətində psixiatr olmaq çətin deyil ki?
Ölkədə rəsmi statsitikaya görə 343 psixiatr var.Çətin olması başadüşüləndir.
İnsanlar nə zaman psixoloqa, nə zaman psixiatra müraciət etmək lazım olduğunu ayırd edə bilmirlər. Bizə qısa bir məlumat verərdinizmi psixatrik xəstəliklər hansılardır?
Bu problemə görə dəyişən bir məsələdir. Məsələn, yüngül dərəcəli depressiyada psixoloq təkcə psixoterapiya ilə problemi həll edə bilirsə, orta dərəcəli depressiyada həm psixiatr, həm də psixoloq paralel işləməlidir.
Psixologiya və Konsultasiya Mərkəzinə ilk gəlişinizi necə xatırlayırsınız?
İlk gəlişimin məqsədi bir dostum üçün psixoloji kurslar ilə maraqlanmağım idi . Amma Elnur müəllim ( Elnur Rüstəmov) məni necə qarşıladısa özüm də kurslara yazılmağa başladım.(gülümsəyir)
Mərkəzə edilən müraciətlərə əsasən ən sıx hansı problemlə müraciət edilir?!
Daha çox depressiya və nevrozlar.
Psixiatrik problemi olan bütün xəstələri kənardan baxaraq tanıya bilərikmi?
Bəzilərini tanımaq mümükün olsa da bəzilərini qətiyyən tanımaq mümkün olmur.
Psixiatrik xəstələri yenidən cəmiyyətə qazandırmaq mümkündürmü?
Əlbəttə, hətta bunun üçün xüsusi reabilitasiya tədbriləri də həyata keçirilir.
Bəzən belə ifadələr işlədirlər, “çox oxumaqdan başına hava gəldi, çox oxumaqdan başı pozuldu”. Bir mütəxəssis kimi deyin, çox oxumaqdan adamın başına hava gələ bilərmi?
Qətiyyən belə deyil.Çox oxumaqla ruhi xəstəlik arasında heç bir əlaqə yoxdur!
Ağır psixi pozuntusu olan xəstələrlə də işləyirsiniz. Müayinə və ya müalicə əsnasında sizin üçün təhlükə törədən nüanslar olubmu?
Bəli olub, bəzən psixozlu xəstələrin hücumları da olub, amma o xəstələr özlərinə gəldikdən sonra bu davranışlarına görə üzrxahlıq ediblər həmişə.
Tənhalıq psixiatrik xəstəliklərə yol aça bilərmi?
Bəli, Tənhalıq depressiya yarada bilər
Insanlar bugün hələ də psixiatr ilə psixoloqu arasındakı fərqi qayırd edə bilmirlər. Onlara bunu qısaca necə izah edərsiz?
Psixiatr kimdir?
Azərbaycan qanunvericiliyinə görə, psixiatrlar müvafiq 6 illik tibb təhsilindən sonra xüsusi imtahan verərək əlavə 2 illik rezidentura təhsili alaraq bu ixtisasa yiyələnə bilirlər. Tibbdə rezidentura sistemi tətbiq olunmamışdan əvvəl 1 illik internatura keçdikdən sonra ixtisas sahibi olmaq mümkün idi. Psixiatrlar psixi problemlərin kökünün beyindəki fiziki, hormonal (serotonin, dofamin, adrenalin və s) dəyişikliklərlə bağlı olduğuna əsaslanaraq problemi dərmanlar təyin etməklə həll edirlər.
Psixoloq kimdir?
Psixoloqlar isə psixologiya ixtisası mövcud olan universitetlərdə 4 illik bakalavr baza təhsili almış mütəxəsiislərdir. Psixoterapiya ilə məşğul olmaq üçün isə bakalavr təhsilindən sonra 2 illik magistr təhsili alaraq klinik psixoloq ixtisasına yiyələnmələri əsas şərtdir. Psixoloqlar problemlerin səbəbini insanın düşüncəsində olduğuna əsaslanaraq öz müalicələrini danışaraq (söhbət) həyata keçirirlər.
Psixiatr kimi fəaliyyətinizdən əlavə , eyni zamanda müəllim kimi də bir neçə universitetlərdə dərs deyirsiniz. Bir müəllim kimi bugünkü tələbələrin səviyyəsinə əsaslanaraq psixiatriya elminin gələcəyini necə proqnozlaşdırırsınız?!
Çox sevindirici haldır ki, tələbələr öyrənməyə hədsiz meyllidirlər. Bu da psixiatriya elminin gələcək inkişafının daha uğurlu olacağının göstəricisidir!
Fəridə Qasımova